"Ruhumuzun
sərhədləri hara
kimi gedirsə, oranı Vətən hesab edirik"
Ağalar Mirzənin ölümündən bir
il keçir...
Azərbaycan
tamaşaçısı onu maraqlı, orijinal televiziya
verilişlərindən yaxşı tanıyırdı.
Xüsusən də Güney Azərbaycanın, Dəmirqapı
Dərbəndin, Borçalının folkloru, etnoqrafiyası,
tarixi, incəsənəti ilə bağlı verilişlərində
Bütöv Azərbaycanı sevməyə haraylayırdı.
Son verilişini elə bu boz günlərdə hazırlamaq istəyirdi,
yarımçıq qalmışdı.
Şairliyi, müəllimliyi
vardı. Ömrünün son günləri yadımdadır.
Gözlərindən dəhşətli bir nisgil sezilirdi.
Ölümü də qəfil olmuşdu. Ağalar Mirzənin
ölümündən ötən bir ildə xüsusən
onun itirilmiş yurd yerlərimizdən
hazırladığı verilişlərin dəyəri bir
daha bilindi. Vətən obrazı yaratmaq çətin
işdir. Ağalar Mirzənin səsində, təqdimatında
doğmalıq vardı, bu səbəbdən ən qəliz
mövzuda belə doğma danışa bilirdi. Milli ruhumuzun zəngin
soraqları ilə bağlı dəsti-xəttinə uyğun
verilişlərində həmçinin şair ruhu, ürəyi
döyünürdü. Onun aqibətində bir neçə sənəti,
cəhəti birləşdirmək, publisistliyi ilə
yanaşı elmi fəaliyyəti də vardı.
Danışardı ki, şairlik, jurnalistika və elmi fəaliyyət
əslində onun üçün borcdur, bu, mənəvi
borcun müxtəlif istiqamətlərdə təqdimatıdır:
"Jurnalistika əslində şairliyimə bir qapı
açmalıydı. Şairlik deyilənin ifadə vasitəsi
mənim üçün jurnalistikadan keçirdi. Şair kimi
doğulmuşam, bu, yəqinimdir".
Jurnalistikaya radionun ədəbi-bədii
proqramlar redaksiyasından - "Bulaq" verilişindən
başlamışdı. "Bulaq" xüsusilə o vaxtlar
üçün milli yaddaşın ifadə vasitəsi idi.
A.Mirzə jurnalistlik fəaliyyətini elmi fəaliyyətə
yaxın bir sahə sayırdı. Özü demişkən,
sonradan mövzu olaraq götürüb müdafiə etdiyi
"Xaltanlı Tağının həyatı və
yaradıcılığı" jurnalistikada ilk fəaliyyəti
oldu: onun yaradıcılığından nümunələri
toplayıb "Bulaq" proqramı üçün
hazırladı, bu da sonradan elmi fəaliyyətinin əsası
oldu. Yüzlərlə belə yaradıcı insanların həyatını,
yaradıcılığını efir süzgəcindən
keçirdi. Sonradan ömrünün müəyyən bir
çağında bunların elmi sistemini, təqdimatını
yaratmaq istəyi baş qaldırdı. Onun aləmində istər
jurnalistika, istər alimlik, istərsə də şairliyin
biri-birini tamamladığına möhkəm inanırdı.
Ağalar Mirzənin
doktorluq dissertasiyasında aşıq sənətinə daha
geniş yanaşma öz ifadəsini tapmışdı. Həyata
gözlərini yumarkən müdafiəsinə çox az
qalmışdı. Ölümündən az əvvəl
söhbətləşmişdik. Yadımdadır, deyirdi:
"Məsəl var ki, ağac səmtinə yıxılar.
İnsan da torpağına, suyuna çəkir,
doğulduğu torpağın, suyun bir ağacıdır,
dağıdır. Elmi yaradıcılığımın
sonrakı mərhələsi də doğulduğum Şirvan
mahalının folklor mühitinin, aşıq
yaradıcılığının öyrənilməsinə
həsr olundu. "Şirvan aşıq mühiti" adlı
doktorluq dissertasiyasını yazmağa qərar verdim.
"Şirvan" geniş anlamdır, bugünkü
tarixi-coğrafi ərazi konteksində çox yığcam
şəkildə təqdim olunur. Amma tarixi baxımdan
Şirvan - Dərbənd, Dərbənd ətrafı rayonlardan
da öz gücünü götürüb, ta indiki
Ağdaş da daxil olmaqla Göyçay ərazisinə kimi
böyük bir Azərbaycan ərazisidir. Hətta Şəki,
Qax, Zaqatala ərazisi bir mənəvi mühit kimi yaradıcılıq,
etnomədəni, kulturoloji sistem baxımından
Şirvanın əhatəsində olub. Tədqiqatımda təkcə
Şirvan - Şamaxı, o ətrafdakı rayonlar deyil, dediyim ərazilər
geniş şəkildə əhatə olunur".
Molla Qasımla Yunus Əmrə
arasında müəyyən bağların olması barədə
bilgilərə, rəvayətlərə, əfsanələrə
diqqəti çəkən A.Mirzə deyərdi ki, təxminən
13-cü yüzildə Yunus Əmrə ilə bir vaxtda
yaşayıb-yaratmış Molla Qasım Şirvaniyə aid
maraqlı rəvayətlər var. Əmrənin divanında bu
faktı təsdiq edən işarətlər var: "Bu faktlar
təsdiq edir ki, Şirvanda aşıq şeiri təcnisi, gəraylısı,
qoşması ilə Molla Qasımın timsalında var
imiş. Bu, təkcə aşıq
yaradıcılığını deyil, türkdilli, Həsənoğlu
ilə başlayan Azərbaycan poeziyasının tarixini bir daha
təsdiqləmiş olur. 13-cü yüzildə Şirvanda
aşıq mühitinin olması, eyni zamanda bu mühitin
16-cı yüzildə Dərbəndə yayılması orada
aşıq mühitinin olması faktını təsdiq
edir"
Güney Azərbaycandakı
aşıq sənətinə daha çox Şirvan
aşıq mühitinin təsir etməsi ilə bağlı səslənən
fikirlərə münasibətini bildirən Ağalar Mirzə
deyirdi: "Bu təsir məncə, iki məsələdən
qaynaqlanır. Şah İsmayılın Şirvana
yürüşləri zamanı özü ilə gətirdiyi
sənətçilər, musiqiçilər, aşıqlar
qarşılıqlı inkişafa təkan verdi. Sonradan ötən
yüzildə isə səsgücləndiricilər, audiovizual
vasitələrlə aşıq sənətinin nümunələri
Güneydə geniş yayıldı. Xətayi Şirvana gəlişi
zamanı burada yetkin bir aşıq mühitinin olduğunu
görmüşdü. Düzdür, onun gətirdiyi sənətçilər
tamam başqa bir yaradıcılıq üslubunu yaymağa
çalışsalar da, qarşılıqlı təsir,
xüsusən də birinci tərəfin - Şirvanın təciri
daha güclü olmuş, şübhəsiz, Təbriz məktəbinə
də təsir göstərmişdi. Təbrizdə Şirvan
aşıq üslubunun yayılması sonradan geniş spektrdə
özünü göstərdi. Bu gün Təbriz ətrafı,
Ərdəbil, Qaradağ və başqa mahallar ikili
üslubları yaşadırlar: həm Göyçə,
Miskin Abdal məskənindən gələn bir qanad ora təsir
edib, həm də Şirvanın təsiri özünü
göstərib. Sıralanmasına görə 4 aşıq məktəbi
var - Anadolu, Şirvan, Təbriz, cavanı və ən qüdrətlisi
isə Göyçə aşıq məktəbidir.
Çünki yeni olan özündən əvvəlkilərdən
bütün incəlikləri əxz etməklə daha əsaslı
bir məktəb yaradır. Bunun da ən böyük nümayəndəsi
Aşıq Ələsgərdir. Göyçə məktəbi
əsasən 18-ci yüzildən sonra formalaşıb.
Maraqlı bir fakt ki, tanınmış tədqiqatçı
alim, professor Hüseyn İsmayılovun tədqiqatlarında bu,
xüsusi araşdırılıb: Miskin Abdal övliya,
böyük fikir, düşüncə adamı olub. Bu fakt hələ
16-cı yüzildə Göyçədə böyük ədəbi
mühitin mövcudluğunu göstərir".
Ağalar Mirzənin publisistikasında
Dərbənd mövzusu
aparıcı yer tuturdu. Dərbəndin çağdaş
dövrdə hansı
özünəməxsus cəhətlərini
qoruyub saxlaması onun jurnalistlik fəaliyyətində həmişə
xüsusi əhəmiyyət
daşıyırdı: "1987-88-ci illərdə "Araz"
adlı proqram açmışdım. O zaman
verilişin təsirilə
həyatını risqə
qoyaraq sərhəddi keçib gələn insanlar vardı. Əslində bu, gələcək
milli proqramların əsasının qoyulması
demək idi. Əslində bu milli hiss, düşüncə,
mücadilə "Bulaq"la
başlanmışdı. 1986-cı
ildə "Ozan" adlı milli proqramın redaktoru oldum. Bunlar publisistikamın qanadları
idi. Həmçinin "Araz"la paralel
olaraq "Karvan" proqramı yaratdım.
Əslində bu, "milli
mədəniyyətimizin, xalq
yaddaşımızın karvanı"
oldu. Azərbaycan
televiziyasında "Xalq
yaradıcılığı" adlı baş redaksiya yaratdım, burada onlarla veriliş xalqın yaradıcılığını əks etdirməyə həsr olunmuşdu: "Buta", "Sandıqça",
"Qala", "Aşıq
Pəri məclisi"...
Məqsədim o idi ki,
"Dərbənd", "Borçalı" adlı
proqramlar açım.
Bunlardan bəzilərini həyata keçirmək mümkün
olmadı, amma "Dəmir qapı Dərbənd" proqramını
yaratdıq. Ruhumuzun sərhədləri
harayacan gedirsə, oranı Vətən hesab edirik. Üstəlik də bu, bizim təkcə ruhumuzun yox, həm də millətimizin sərhəddidir.
Çünki Dərbənddə kompakt halında 150 mindən artıq soydaşımız yaşayır.
Bunların maraqlarını əhatə etmək, folklorunu, dilini yaşatmaq lazım idi. "Dəmir
qapı Dərbənd"
verilişi çox böyük əks-səda
doğurdu. Dərbəndlə
bağlı proqramlarda
oradakı soydaşlarımızın
adət-ənənələri, bayramları və s. barədə dəfələrlə
çəkilişlər olub.
Deyərdim ki, Azərbaycanın
bəzi bölgələrindən
fərqli olaraq Dərbənddə adət-ənələrimiz
daha mühafizəkar şəkildə qorunur.
Görünür, assimilyasiya prosesi
gedəndə insanların
müqaviməti də
bir o qədər artır. Biz Dərbənddəki soydaşlarımıza
arxa, yaddaş olmasaq, onlar təbii olaraq əks tərəfə meyllənəcəklər".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.-11 mart.- S.14.