Tamaşaçısız Teatr
Günümüz...
Bütün dünyada
teatr gülən və ağlayan iki maska ilə təmsil
edilir. Əslində teatr yaşadıqlarımızın səhnədə
əksidir. Dünən ölkəmizdə Milli Teatr
günü idi.
Teatr tamaşaları e.ə
5-ci əsrdə Qədim Yunan şəhərlərində
özünə kütləvi auditoriya toplayıb. Esxel,
Sofokol, Evripiden faciələrindən əfsanəvi qəhrəmanların
obrazları yaradılıb. Yunan teatrında tragediya və
komediya janrından istifadə olunub, drama janrına rast gəlinmir.
Bu dövrdə şəhər və kəndin
aşağı təbəqələrinin həyatından
komik səhnəcikləri ifa edən mim tamaşaları xalq
improvizasiya teatrı kimi meydana gəlib, sonralar yaxın Şərq
ölklərində və Romada geniş yayılıb. Romada
mifoloji sujet əsasında musiqili rəqs tamaşası
yaranıb. Qədim Şərq ölkələrində
(Hindistan, Çin, İndoneziya, Yaponiya və s.) zəngin və
rəngarəng tamaşa formaları mövcud olub. Tamaşalar
ümumxalq bayramı xarakteri daşıyıb, açıq səma
altındakı böyük amfiteatrlarda 10 minlərin
önündə oynanılıb.
Mədəniyyətin ümumi inkişafı teatrın
müxtəlif növlərinin ayrılmasına gətirib
çıxarır. Tədricən bu prosesə söz, dialoq,
pantomima, rəqs, musiqi də əlavə olunub. Qeyd edək ki,
Uilyam Şekspirin əsərlərində teatr dini mahiyyətini
itirib, populyar əyləncə növü kimi diqqət
çəkməyə başlayıb.
Ümumiyyətlə,
teatr inkişafında 7 dövr keçib: antik dövr, Roma
teatrı, orta əsrlər, intibah, orta sinif teatrının
meydana gəlməsi, 19 əsr və romantizm və
çağdaş teatr.
Azərbaycanın teatrı
Azərbaycan teatr tarixi
1873-cü ilə dayanır. Bakı Realnı Məktəbinin
tələbələri tərəfindən M.F.Axundovun "Lənkəran
xanının vəziri" əsəri əsasında səhnələşdirilən
tamaşa ilk dəfə martın 10-da oynanılıb. 10
gün sonra dramaturqun Həsən bəy Zərdabi və Nəcəf
bəy Vəzirovun da rol aldığı "Sərgüzəşti
mərdi-xəsis" tamaşası səhnəyə qoyulub. Azərbaycan
teatr aləmində canlanma 1887-ci ildə olub. Dövrün
maarifçiləri Nəcəf bəy Vəzirov, Sultan Məcid
Qənizadə və Həbib bəy Mahmudbəyovun rəhbərlik
etdiyi teatr truppaları yaranıb. Ancaq bu teatrların da fəaliyyəti
davamlı olmayıb.
Teatr tarixinin təşəkkül
dövrünə ilk aktyorlar Cahangir Zeynalov və Hüseyn Ərəblinsiki
adını yazıb. Sonra Azərbaycanın ilk operası,
Üzeyir Hacıbəyovun "Leyli Məcnun"u səhnələşdirilib.
Orkestrə yazıçı Əbdürrəhimbəy
Haqverdiyev dirijorluq edib.
XX əsrin əvvəllərində
Azərbaycanda maarifçilik məqsədi ilə fəaliyyət
göstərən "Nicat" və "Şəfa" cəmiyyətinin
tərkibində teatr truppaları yaradılıb. Azərbaycan
teatrı milli dramaturgiya ilə yanaşı Qərb
dramaturqlarının da əsərlərini səhnələşdirib.
İlk dəfə 1904-cü ildə Şekspirin
"Otello" əsəri ilə açılış
edilib. 1940-cı ilə qədər Azərbaycanda 40-a yaxın
dövlət statuslu teatr yaradılıb. Hazırda dövlət
statuslu 31 teatr fəaliyyət göstərir. Bu teatrlarda isə
700-dək aktyor çalışır.
Tamaşaçı qıtlığı
İstər
bayramları olsun, istər adi günləri teatr xadimləri ən
azı 15 ildir tamaşaçı qıtlığından
gileylənirlər. Düzdür, kliplər, konsert
proqramları və s. məşhurlaşandan sonra teatrlara həvəs
azalıb. Lap əvvəllər mahnısını təqdim
edən böyük ustad-müğənnilər yalnız bir
royalın və ya orkestrın qarşısında
mahnısını canlı-canlı oxuyurdu. İnsanlar həm
mahnını dinləyirdi, eyni zamanda teatrı da gözdən
qaçırmırdı. Yay aylarında hər axşam olmasa
da, günaşırı üstü açıq teatr
salonlarına, kinoteatrlara bədii zövq almağa gedirdilər.
Get-gedə müasirləşməyimiz deyəsən, bircə
teatra düşməyib.
Digər ölkələr
də tamaşaçı qıtlığından əziyyət
çəkir. Ancaq onlar ən azı tamaşaçı
toplamaq üçün nələrsə etməyə
çalışırlar. Məsələn, bu günlərdə
Türkiyədə məşhur aktyor, həm də
rejissorlardan biri tamaşaçının oyuna gəlməsi
üçün bəzi kampaniyalara əl atıb. Biletlər
ya kredit kartı ilə satılıb, ya da ikisini alana biri
pulsuz, hədiyyə verilib. Məqsəd yalnız insanları
teatra həvəsləndirməkdir.
Həm də dünya
teatrları tamaşaçıları yalnız maraq dairəsinə
görə ətrafına toplayır. Yəni kütləvilik
teatrdan uzaqlaşır.
Əslində biletlər
elə də baha deyil. İstər dünya şöhrətli,
istər də özümüzün (o da ancaq son illərin gənc
müğənniləri) müğənnisi konsert verəndə
biletin qiyməti minimum 20 manatdan başlayır. Sarayda iynə
atsan yerə düşmür.
Müğənni daha üstün tutulur
Kiçik bir
araşdırma aparsaq, yeni yola saldığımız 8 Mart
Qadınlar Bayramında paytaxt teatrlarının səhnələrində
bir neçə teatr nümayiş olunub. Eyni zamanda Türkiyənin
məşhur müğənnisi Sibel Can Bakıya təşrif
buyurub. Məsələn, Rus Dram Teatrında "Arvadımın
adı Morisdir", Pantomima Teatrında "Pantomim buketi",
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Yeddi məhbusə
anası" əsərləri səhnələşdirilib.
İnanın ki,
qadınların böyük qismi Sibel Canın konsertini nə
"Arvadımın adı Morisdir", nə "Pantomim buketi",
nə də "Yeddi məhbusə anası" teatrlarına
dəyişməzlər. Heç dəyişməyiblər də.
Teatrlarda biletlərin qiyməti 10 manatdan yuxarı deyil.
Uşaqlar üçün daha ucuzdur. Ancaq...
Dövlət Statistika
İdarəsinin məlumatına görə, 2000-ci ildə
ümumiyyətlə, teatra gələnlərin sayı 925 nəfər
olubsa, bu, 2007-ci ildə 529 nəfərə qədər enib. Bu
da əhalinin hər min nəfərinə 62 nəfər deməkdir.
Ən çox tamaşaçı Musiqili Komediya və Pantomim
teatrına üstünlük verir. Bütün
rayonlarımızda kinoteatrlarımız fəaliyyət
göstərir. Son 5-7 ildə həmin kinoteatrlar əsaslı
təmir olunub.
Pərdələr salınır...
Onu da deyək ki, əhalinin
teatra getməməsinin səbəbləri arasında təkcə
maddiyyat dayanmır. Onların əksəriyyəti
teatrların maraqsızlığından da
danışırlar. Təbii ki, indiki tamaşalar "Hicran",
"Əliqulu evlənir" və digər belə
tamaşalara çatmaz. Məsələn, ətrafımızda,
internet forumlarda teatrla bağlı müxtəlif fikirdədirlər.
Kimisi istirahətsiz, məzuniyyətsiz işlədiyindən
teatra gedə bilmədiyindən gileylənir, kimisi
maraqsızlıqdan danışır. Dekorasiya deyirsən, o da
zəif. Hamısı Sovet dövrünün qalıqları.
Məsələn,
forumda iştirak edənlərdən birinin bildirdiyinə
görə, dostlarının teatra marağını
artırmaq üçün onları bir gün "Mənim ərim
dəlidir" tamaşasına dəvət edib. Ancaq tamaşa
o qədər maraqsız olub ki, həmin dostlar bir daha teatra
ayaq basmayıblar.
Əslində formuda
iştirak edənlər teatralarımızın səviyyəsinin
aşağı olmasında elə özümüzü
günahlandırırlar. Onların fikrincə, əgər cəmiyyətimizdə
teatra tələbat olsaydı, aktyorlar da öz peşələrini
çörək pulu qazanmaq xatirinə yola verməyəcəklərdi.
Hər dəfə tamaşaçını daha da cəlb etmək
və təəccübləndirmək üçün yeni
layihələr axtarışında olacaqdı.
Uşaq teatrları da
heç fərqli deyil. Yalnız Rus Dram Teatrı bir qədər
uşaqların qəlbini oxşaya bilir. Əslində nəinki
iternetdə, ən azı bayıra çıxıb 1000 nəfər
arasında teatrlarımız, rejissorlarımız, milli filmlərimiz
deyib, sorğu keçirsək, böyük əksəriyyəti
onları tanımayacaq.
Yeri gəlmişkən,
sovetlər dönəmində yaxşı teatr
tamaşaları xüsusən bayram günlərində AzTV-də
nümayiş olunub və teatra gəlməyən qism də
onlara baxıb, mənəvi zövq alıb. Günümüzdə
efiri doldurmaqda çətinlik çəkən, əvəzində
bayağı verlişlərə, xarici dillərdə
proqramlara üz tutub, sonradan Milli Teleradio Şurası ilə
üz-göz olan özəl telekanallarımız niyə
kommersiya əsasında həmin teatr tamaşalarının
alıcısına çevrilmir? Axı bu halda həm teatrlar
maddi gəlir mənbəyi əldə edər, həm də
telekanallarda tamaşaçılar zövqlü əsərlərə,
səviyyəli aktyor oyunlarına baxa bilərlər!...
Hər halda üzərində
düşünüləsi sualdır.
...Əgər müasir
olmaq istəyirsənsə ilk öncə özünü
maarifləndirməlisən. Söhbət həm də elə
teatrdan gedir...
Nuranə Tofiqli
Xalq Cəbhəsi.-2009.- 11 mart.- S.13.