Dünya Böyrək
Günü
Dünyada 500 milyondan
çox insan xroniki böyrək xəstəliyindən əziyyət
çəkir
Elm və texnikanın,
yetərli sayda orqan köçürmə klinikalarının
nə qədər inkişaf etməsinə rəğmən hələ
də orqanlar üçün gözü yollarda qalanlar var. Böyrək xəstələri
daha çoxdur. Dünyada 500 milyondan çox insan xroniki böyrək xəstəliyindən əziyyət
çəkir. Minlərlə
insan böyrək aparatlarından asılı
vəziyyətdədir. Elə
bu səbədən də hər il 12 Mart Dünya
Böyrək Günü
kimi qeyd olunur.
Kütləvi hal alır
Azərbaycanda 1,1 min nəfər
xroniki böyrək çatışmazlığından əziyyət
çəkən xəstə var. Bu xəstələrdən
700-ü dövlət hesabına hemodializ alır. Qardaş
Türkiyənin timsalında da gerçəkliklərə
diqqət yetirək. Bu ölkədə 4 milyon insan xroniki
böyrək çatışmazlığından əziyyət
çəkir. 50 min nəfər hemodializə, yaxud böyrək
aparatlarına qoşulmuş vəziyyətdə həyat
sürür. Gözləyirlər ki, kimsə orqan
bağışlayacaq və o da həyata dönəcək. Bir
xəstənin illik hemodializ və dərman xərci 23 min
dollardır. Xəstəxana xərcləri də üstünə
gələndə, tam olur. Ümumilikdə, bu ölkədə
hemodializə ildə 600 milyon dollar xərclənir.
Qısası, artıq
Türkiyədə böyrək xəstəliyi kütləvi
hal alıb. Türk həkimlərinin hesablamalarına görə,
bu gün 50 min diyaliz xəstəsi 2015-ci ildə 103 mini
keçə bilər. Bununla da büdcənin yükü ikiyə
qatlana bilər. Böyrək əməliyyatları 30-35 min,
qaraciyər əməliyyatları isə 50-55 min dollardır.
İnkişaf etmiş
ölkələrdə də vəziyyət ürək
açan deyid. ABŞ-da böyrək gözləyənlərin
sayı 61-mindir. İldə yalnız 15 faizinə böyrək
köçürülə bilir. İllik xərci 12 milyard
dollardır. Hollandiyada ilk xərcləri dövlət ödəyir.
Xəstəliyə hipertaniya və şəkər səbəb
olur
Böyrəklər əhəmiyyətli
fuknsiyalarını itirdiyi halda belə, son ana qədər bir əlamət
vermir. Gözdən rahatlıqla qaça bilir. Hər yaşda
ortaya çıxa bilər. Kəskin və xroniki olur. Kəskin
böyrək çatışmazlığı xroniki böyrək
çatışmazlığı ilə nəticələnə
biləir. Xroniki böyrək
çatışmazlığı 5 mərhələlidir. Hər
mərhələ böyrəyin yumaqcığında
süzülmənin getdikcə pozulmasını göstərir
və qanda kreatinin səviyyəsi bu pozulmanın göstəricisidir.
Hemodializə və ya böyrək köçürülməsinə
ehtiyacı olanlar xəstəliyin ən ağır
formasını yaşayanlardır. Bu böyrək
çatışmazlığının terminal stadiyası da
adlanır. Dünyada bütün hemodializ mərkəzlərində
müalicə olunan xəstələrin əksəriyyəti də
dializə girmək məcburiyyətində
qaldıqlarını son gün öyrəniblər.
Böyrək
çatışmazlığının dünyada
artımına səbəb hipertaniya və şəkər xəstəliyidir.
Elə bu səbəbdən də "Qan təzyiqini
aşağı tut, böyrəyini qoru" şüarı qəbul
olunub. Çünki böyrəklə qan təzyiqi bir-biri ilə
sıx əlaqədar olduğundan ikisi də normada
saxlanmalıdır. Böyrəyi sıradan çıxaran səbəblərdən ən
dəhşətlisi şəkər
xəstəliyidir.
Böyrəklərin
işi bədəndəki duzu tutub və ya xaric edib, damarlarda
qan təzyiqini nizamlamaqdır. İnsanlar ölümcül xəstəliklərdən
sayılan hipertaniyadan qorunmalı, əsasən gənclər
duzlu yeməkdən çəkinməlidirlər. Ümumiyyətlə,
xroniki böyrək çatışmazlığı olan xəstələrdə
aterosklerozun yaranması ehtimalı böyükdür. Bu,
ürək-damar xəstəliklərinə səbəb olur və
xəstəliyin gələcək gedişini daha da pisləşdirir.
Hemodializ aparatlarına məhkum
olan xəstələrə əgər böyrək
tapılmazsa, 5 il sonra ölürlər. Böyrək
köçürülənlər hemodializlərə nisbətən
2,5-3 qat artıq yaşaya bilirlər.
Çoxlu su içmək
xeyirlidir. Ancaq bəzən su da şəkər, təzyiq və
digər iltihabi xəstəlikləri önləyə bilmir.
Qaraciyər, böyrək,
digər orqanlar gözləyən xəstəniz
gözünüzün önündə əriyir. Gözləməkdənsə,
ciyərinizin bir parçasını, böyrəyinizin birini
verə bilərsiniz. Ancaq həkimlər deyir ki,
dünyasını dəyişənlər əvvəlcədən
orqanlarını bağşılasaydılar, bu, yerinə
düşərdi. O zaman sağlam insanların əməliyyata
girib, böyrəyinin birinin götürülməsi məcburiyyəti
yaranmazdı.
Son illər orqan
bağışlamaqla bağlı keçirilən kampaniyalar
baxımından İspaniya 35 milyonla ilk sıralardadır. Türkiyədə
hər 1 milyon insandan 3-ü orqanlarını
bağışlayır. ABŞ dünyada ən çox orqan
köçürən ölkədir. İldə 16 min
böyrək köçürürlər. Orqan
bağışlayanlar da artır. Ancaq buna baxmayaraq xəstə
sayı da durmadan artır. Hər il köçürmələrin
üstünə 1000 əlavə edilsə də, siyahıya 5
min yeni xəstə adını qeyd etdirir.
Ən çox xərc tələb edən sahə
Ağdəniz
Universitetinin Orqan Bağışı Mərkəzinin
professoru Alpər Dəmirbaş deyir ki, insanlar
sağlamlıqlarına laqeyddirlər. Əksəriyyəti
son gün gəlirlər. Hətta qan təzyiqinin olmasından
belə xəbərləri olmayanlar da olur. Birbaşa diyalizə
qoşulurlar. Avropa və ABŞ-da fərqlidir. Ailə həkimlərinin
məsləhəti ilə şəkər, təzyiq və digər
xəstəlikləri nəzarət altına alırlar. Orqan
köçürmələri iqtisadi baxımdan ən çox
xərc tələb edən tibb sahəsidir. Hazırda ABŞ və Avropa bu barədə
müzakirələr aparılır.
İnsanlarda 2-dən çox böyrəyin olması anomal hal sayılır. Dəmirbaş təcrübəsində hətta
4 böyrəkli insana
da rast gəldiyini
söyləyib. "Artıq böyrək"lərin
orqanizmə xeyrindən
çox ziyanı var.
Məsələn, böyrəkdə
daş olan zaman kanalların bitişik olması yeni problemlər yaradır. Üstəlik də eyni damar sistemindən qidalandıqlarından bu böyrək digər xəstəyə köçürülə
bilməz.
Ucuz böyrək də dərd gətirir
Bir çox xəstələr
ucuz olduğuna görə Misir, İraq, İran, Pakistan və
Hindistan kimi ölkələrə üz tuturlar. Sağlam
böyrəyin qiyməti 25-30 min dollar olduğu halda bu ölkələrdə
5-10 min dollar ucuz başa gəlir. Ancaq oradan qayıdan xəstələr
bu dəfə daha böyük probelmlərlə uz-üzə
qalırlar.
Çünki əməliyyatlar
zamanı xəstələrin Hepatit B, Hepatit C və AİDS
kimi infeksiyalara yoluxma risqi böyükdür. Alınan iki damla
qan stolun üzərində bir-birinə
qarşıdıralaraq, uyğun gəlib-gəlmədiyini
öyrənirlər. Önəmli olan insanın
sağlamlığıdır. Bir canlı insandan əgər
böyrək götürülərsə, həmin şəxs
də son dərəcə sağlam olmalıdır. Tək
böyrək risqli deyil. Həyatını normal davam etdirirsən.
Qan qrupu uyuşmayanlar da böyrəklərini verə bilərlərmiş.
İlk olaraq 1989-cu ildə Yaponiyada təcrübədən
keçirilib. 2001-ci ilin sonuna qədər Yaponiyada 55 orqan
köçürmə mərkəzində qan qrupu uyğun gəlməyənlərə
də böyrəklər köçürülüb. 1989-2001-
arasında böyrək köçürmələrində
10 faizinin qan qrupu uyğun gəlməyib. İlk illər risqli
görünsə də, son 10 ildir Yaponiyada qanı uyğun gələnlə
gəlməyənə fərq qoyulmur. Yaponiyada dini inanclara əsasən,
ölən şəxsin orqanlarını götürmürlər.
Bu ölkənin təməl orqan qaynağı sağlam
insanlardır. 120 milyonluq Yaponiyada diyalizə qoşulan xəstələrin
sayı 219 mindir. Elə buna görə də qanın
uyğun gəlib-gəlmədiyinə fikir vermirlər. Ancaq
ümumən dünyada hemodializə qoşulub böyrək
gözləyənlərin bəzən bəxtləri gətirmir.
Bəziləri həyatlarını itirir, növbəsi hələ
də gəlib çatmır.
Əsas düşməni fast-food yeməkləridir
Türkiyənin Konya
bölgəsində 3 il öncə böyrək
çatışmazlığından həytanı itirən
Doğan ailəsinə bu yaxınlarda növbəsinin
çatdığını xəbər veriblər. Həmin
xəstəyə Türkiyədə böyrək
tapılmayıb, 10 il öncə Hindistanda
köçürülüb. Ancaq qan qrupu uyğun gəlmədiyindən
bədən böyrəyi qəbul etməyib. Gəlib Türkiyədə
yenidən növbəyə yazılıb. İllərlə
gözləyib, böyrək tapılmayıb ki,
tapılmayıb.
Ancaq ikidən çox
böyrəyi olanlar da var. Elə həmin ölkənin Trabzon
bölgəsində 3 böyrəkli bir şəxs böyrəklərinin
birinin bağışlanması üçün gələn
tələblərdən bezdiyini söyləyib.
Böyrəklərinin
biri sağ, digərlərinin isə sol tərəfdə yerləşir
və cüt böyrəklər eyni kanala birləşib. Onu
ayırmaqsa mümkün deyil. Ancaq bunu heç kimə
başa sala bilmir. Yoxsulluq orqanları da satdırır.
Trabzonda 44 yaşlı Mahmut Vural adlı şəxs yerli qəzetlərə
"təcili böyrək satılır" elanı verib. İşdən
çıxarılan Vural uşaqlarına baxa bilmədiyi, 5
aylıq ev kirayəsini ödəyə bilmədiyi
üçün böyrəklərini satışa
çıxarıb.
Bu tip elanlara İnternetdə
də rast gəlmək mümkündür.
"İçki, siqaret yoxdur. Qan qurupum A RH. Təcili pula ehtiyacım var, böyrəyimi satıram.
İstəyən mobil
telefonuma zəng etsin"... "Ailəmin
dağılmasının yalnız
bu yolla qarşısını ala bilərəm.
Təcili böyrək
satılır"... Əksəriyyəti işsizlik, yoxsulluq səbbəbindən böyrəyini
satır. Ancaq araşdırmalara görə,
İnternet üzərindən
orqanlarını satanlar
arasında əsgərlikdən
yayınmaq, asan yolla pul qazanmaq
istəyənlər də
az deyil.
Böyrəklərin ən böyük düşməni fast-food yeməkləridir. Dünyada böyrək
xəstələrinin 15-20 faizi
uşaqlardır. Bu səbəbdən də uşaqlar meyvə-tərəvəz
yeməli, qızartma,
duz və şəkərdən uzaq
durmalıdırlar. Valideynlər fast-food restoranlarında uşaqların
yedikləri, içdiklərinə
fikir verməlidirlər.
Sonda onu da deyək
ki, Azərbaycanda 12 hemodializ mərkəzi fəaliyyət göstərir. Azərbaycanda
ilk böyrək köçürülmə
əməliyyatı 2005-ci ildə
Mirqasımov adına
Respublika Klinik Xəstəxanasında gerçəkləşdirilib.
Artıq Azərbaycanda
7 nəfərə böyrək
köçürülüb...
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 12 mart.- S.13.