1918-ci il
Şamaxıda mart qırğınları
91 il əvvəl
Şamaxıya 3 minlik erməni qoşunu yeridilmişdi
Bu ay 1918-ci ildə ermənilərin
Azərbaycan Türklərinə qarşı həyata
keçirdikləri soyqırımdan 91 il ötür. 1918-ci
ilin yazında ermənilərin törətdikləri
qaniçənlikdən ən çox zərər çəkən
şəhərlərdən biri Şamaxı və onun kəndləri
olub. Bu barədə arxiv materiallar əsasında ciddi,
ardıcıl tədqiqatlar aparan Azrbaycan Milli Arxiv İdarəsinin
rəisi, tanınmış tədqiqatçı Ataxan
Paşayev bildirir ki, uzun müddət 1918-1920-ci illərdə
ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən
bəhs edərkən, nədənsə onların
Şamaxıda törətdikləri soyqrımla bağlı
demək olar, danışılmayıb: "Ermənilərin
toplu halda yaşadıqları yerlərdən tamamilə
uzaqda, yüzlərlə azərbaycanlı kəndinin əhatəsindəki
cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki
azlıqda qalan bir ovuc erməni əhalisinin bu ərazidə
soydaşlarımızın başına
açdığı müsibətlərlə tanış
olduqda adam dəhşətə gəlir. Ancaq təkzibolunmaz
faktdır ki, bu bir ovuc erməni onlarla Azərbaycan kəndlərini
tar-mar etmiş, on minlərlə günahsız türk əhalisini
qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir
ki, ermənilər olduqca təhlükəli düşməndirlər.
Onlar həmişə
zərbəni gözlənilməz
yerdən vurmağı
çox gözəl bacarırlar".
Ermənilərin 1918-ci
ilin mart və aprel aylarında Şamaxı şəhəri və
Şamaxı qəzasının azərbaycanlı kəndlərində
törətdikləri cinayətləri ifşa edən
çoxlu arxiv sənədləri qorunub saxlanılır. A.Paşayev
qeyd edir ki, bu sənədlər arasında 1918-ci il noyabrın
22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri
Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə
Nazirliyinə Şamaxı şəhəri və
Şamaxı qəzasının azərbaycanlı kəndlərinin
talan edilməsi və müsəlman əhalisi üzərində
ermənilərin zorakılıqları haqqında məruzəsi
diqqəti cəlb edir: "Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri
vəhşiliklər arasında 7 cild, 925 vərəqdən
ibarət təhqiqat işlərində toplanmış
materiallar ermənilərin burada törətdikləri cinayətlər,
erməni rəzaləti haqqında ətraflı məlumat
verir. Burada toplanan yüzlərlə zərərçəkmiş
və şahid ifadələri, dindirmə protokolları ermənilər
tərəfindən yandırılmış,
dağıdılmış tikili, mədəniyyət abidələrinə
baxış protokolları, aktlar, siyahılar və digər sənədlər
ermənilərin Şamaxı şəhəri və
Şamaxı qəzasının azərbaycanlılar
yaşayan kəndlərində törətdikləri vəhşilikləri
əyani şəkildə ifşa edir".
O dövrdə Ə.Xasməmmədovun
ədliyyə nazirinə təqdim etdiyi məruzəyə diqqət
çəkən A.Paşayev bildirir: "Komissiyanın ilkin
istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin
məruzədə şərh olunurdu. Məruzədə deyilirdi
ki, Şamaxı şəhəri 2 hissədən ibarətdir:
yuxarı və ya erməni hissəsi, aşağı və
ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər
və malakanlar, müəyyən qədər də müsəlmanlar,
ikincidə isə yalnız müsəlmanlar
yaşayırdılar. Şamaxı qəzasında əhalinin
əksəriyyəti müsəlmanlardır. Erməni və
malakanlar hərəsi 6 kənddə yaşayır. Həm
şəhərdə və həm də kəndlərdə
olan müsəlmanlar ermənilər və malakanlarla
keçmiş zamanlardan sülh şəraitində
yaşamış, onlara heç bir ziyan vurmamış, incitməmiş,
daim mehriban qonşuluq əlaqələri saxlamağa
çalışmışdılar. 1918-ci il martın 18-də
qaliblər kimi şəhərin müsəlman hissəsinə
soxulan ermənilər qışqırırmışlar:
"Biz bu günü 12 ildir ki, gözləmişik. Bu,
Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə
heç kim kömək edə bilməyəcək. Köməyə
siz özünüzün müqəddəs Həzrət
Abbasınızı çağırın". Həkim
Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri
müsəlmanlar üzərində rəhmsiz
zorakılıqlar işlətməkdə
günahlandırdıqda o, ermənilərdən belə bir
cavab alır: "Müsəlmanlara heç bir rəhm etmək
yoxdur. Onların hamısı
məhv edilməlidir".
A.Paşayev daha sonra
bildirir ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin
düşmənçilik hərəkəti hələ I
Dünya Müharibəsi başlandığı vaxtlardan
özünü büruzə verib. Ermənilər azərbaycanlılara
qarşı özlərini çox təkəbbürlü
aparır, onların milli və dini heysiyyətlərini
açıqca təhqir edirdilər. 1917-ci il fevral
çevrilişindən sonra ermənilər daha cəsarətlə
hərəkət etməyə başlayırlar. Ermənilər
çar hakimiyyəti orqanlarının yerli komandası oradan
getdikdə gizli surətdə silah anbarını ələ
keçirib bu haqda nə qəza komissarına, nə də
yerli müsəlman Milli Şurasına heç bir məlumat
verməmişdilər. Onlar ermənilərdən və
malakanlardan ibarət hərbi qarnizon təşkil edib, ora
müsəlmanları buraxmamışdılar: "Azərbaycanlılar
qarnizona girməyə nail olduqda isə erməni əsgərləri
onlara qarşı düşmənçilik edir, təhqir edir
və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə
müxtəlif yollarla silah-sursat gətirib sürətlə
silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən
qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi
özü ilə bəzən 3 tüfəng gətirmişdilər.
Ermənilərin bu hərəkətləri azərbaycanlıları
bərk vahiməyə salır. Həm Şamaxı şəhərində,
həm də qəzanın kəndlərində azərbaycanlılar
görürdülər ki, ermənilər onlara qarşı
sürətlə silahlanırlar. Müsəlmanlar
bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə
dil tapsınlar və yaxınlaşmaqda olan
qırğının qarşısını alsınlar. Altdan-altdan
sürətlə silahlanan ermənilər üzdə özlərini
belə göstərirdilər ki, guya müsəlmanlara
qarşı heç bir düşmənçilik hissləri
bəsləmirlər. Şamaxı şəhərindən 6
verst aralı Mədrəsə erməni kəndində gizli
surətdə Zaqafqaziyanın digər qəzalarından erməni
əsgərləri sürətlə toplanmağa
başlayırlar. Martın birinci yarısında məlumat
alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi
sursat, top və pulemyotlarla silahlanmış 3 minədək
Bakıdakı Bolşevik hakimiyyəti adından erməni
qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin
qabağına müsəlman və ermənilərdən ibarət
nümayəndə heyəti göndərilir. Nümayəndə
heyətinin dəstə ilə görüşü Malakan kəndi
Qozlu-Çayda (Xilmili) olur. Dəstəyə silahı
Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar
bundan qəti imtina edir və bildirirlər ki, başlıca məqsəd
Şamaxı qəzasını quldur dəstələrindən
təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı
bərpa etməkdir. Dəstənin rəhbərləri
Şamaxı şəhərindən yan keçərək Mədrəsə
kəndinə gedəcəklərinə söz verirlər. Martın
15-də dəstə Şamaxının yanından keçərkən
şəhərin kənarında öz evlərini qoruyan
müsəlmanlar dəstənin şəhərə hücum
etdiyini güman edib atəş açırlar. Dəstə də
cavab atəşi açır. Tezliklə bütün şəhəri
atışma bürüyür. Bu atışma nəticəsində
hər iki tərəfdən tələfat olur. Lakin axşama
yaxın şəhərdə tam sakitlik yaradılır. Elə
həmin gün erməni yepiskopunun təşəbbüsü
ilə Şamaxıdakı bütün millətlərin və
onların ruhanilərinin nümayəndələri bir yerə
yığışaraq and içirlər ki, sülh şəraitində
yaşayacaq və qayda-qanunu pozmayacaqlar".
Lakin ermənilər vədələrinə
çox az sonra xilaf çıxırlar: "1918-ci il
martın 18-də Şamaxının azərbaycanlı sakinləri
top atəşlərinin sədaları altında oyanırlar. Görürlər
ki, şəhər Cənub tərəfdən ermənilər,
şimal-şərqdən isə malakanlar tərəfindən
mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan
ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə
tutulur, şəhərin yuxarı hissəsində yaşayan
ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri
tüfənglərdən atəşə tuturlar. Bu hücum
soydaşlarımız üçün tam gözlənilməz
idi".
Ermənilər azərbaycanlıların
evlərini talan edir, yandırır, mülki əhalini qəddarlıqla
öldürür: "Ermənilər evlərə soxulur,
onların sakinlərini qətl və qarət edir, sonra isə
yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq
barədə ermənilərin yanına nümayəndələr
göndərir və sülh xahiş edirlər. Lakin atəş
dayandırılmır, yanğınlar bütün bölgəyə
yayılır və o biri günün səhərinə qədər
şəhərin ən zəngin məhəlləsindəki
evlərdən yalnız xarabalıqlar qalır.
Ermənilər
insanları evlərdə, həyətlərdə,
küçələrdə qətlə yetirirlər. Şəhərin
küçələrində meyidlərdən qalaqlar
yaranır. Qaniçən ermənilər azərbaycanlı əhalinin
qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq,
işgəncə ilə həyata keçirirlər. Küçələrdə
əzab verilərək öldürülmüş
qadınların meyidləri atılmışdı. Onların
döşləri kəsilmiş və ən çirkin
üsullarla təhqir olunmuşlar. Küçələrdə
pazlarla diri-diri yerə mıxlanmış uşaq meyidləri
də atılıb qalmışdı. Azərbaycanlıların
evlərindən qarətlə talan olunmuş əmlak araba və
furqonlarla erməni və malakan kəndlərinə
daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki
vəhşilikləri bir neçə gün davam edir. Ermənilərin
Şamaxı şəhərinə birinci və ikinci
hücumları zamanı bir neçə min
soydaşımız qətl edilib".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 13 mart.- S.14.