Azadlıq və
mübarizə simvolu
Babək Xürrəmdin
Vətənimizi azad görmək istəyirdi və bu amal
uğrunda vuruşurdu
Tarix millət
üçün şərəflə yaşananda tarix olur.
Tariximizin şanlı səhifələrindən biri də Babək
Xürrəmdinlə bağlıdır. Onun qəhrəmanlığı
nəinki bir əsrə sığmır, üstəlik
bütün dövrləri və zamanları aşır. Babək
Xürrəmdinin xəlqi azadlıq uğrunda
apardığı uzunmüddətli döyüşlər hələ
də soydaşlarımız tərəfindən
unudulmayıb. Amma biz tariximizi yaxşı öyrənməmişik,
nəticə çıxarmamışıq. Azərbaycan
tarixində özünəməxsus yeri olan, dünya hərb
tarixində möhtəşəm döyüşkənliyi və
bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək
Xürrəmdinin bu gün kifayət qədər tariximizdə
özünə yer tutmaması
düşündürücü bir məsələdir.
Makedoniyalı İskəndər Zərdüştün
"Avesta"sının əksəriyyətini
yandırdı, məhv etdi. Sonradan ərəblər də
"Avesta"nın başına oyunlar açdılar. Lakin
bütün bunlar "Avesta"nın türk ruhunun məhsulu
olmasını pərdələyə bilmədi. Faktdır ki,
müasir dövrdə mövcud olan dinlər,
dünyabaxışları mahiyyətcə təməlini,
ilkin qaynağını "Avesta"dan götürür.
Babəkin dünyagörüşü Zərdüşt ruhu
ilə sıx şəkildə bağlıdır. 23 il azman ərəb
xilafəti ilə döyüşən, qətiyyən
sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc
kimi Babək Xürrəmdin türkün əzəmətini,
yenilməzliyini sübut edə bildi.
Hər halda çox
düşündürücüdür: türkün
başına bu qədər fəlakətlər gəlib, onu
sözün əsl mənasında zaman-zaman məhv etmək
istəyiblər. Amma türk məhv olmayıb, qalxıb və
Zərdüştü, Babəki, Nəsimini, Səttarxanı
verib. Həqiqətdir ki, hələ də tarixi dəyərlərimizə
yiyə dura bilmirik, bu dəyərlərimizdən istənilən
səviyyədə bəhrələnmirik. Görəsən,
Babək Xürrəmdin ənənəsinin, döyüşkənliyinin,
yenilməzliyinin günümüzün indiki gərgin və
çox hallarda çıxılmaz görünən dönəmində
sözün böyük mənasında örnəyə
çevrilməsi üçün nə etməliyik? Bu
gün Bakıya qədəm basan hər bir əcnəbi
görəsən, Babək Xürrəmdin kimi yenilməz bir qəhrəmanın
Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə
bunu hiss etdirə bilirikmi? Sovet dövründə Babək
haqqında xeyli bədii, musiqi əsərləri yazılıb,
bu yöndə elmi - tarixi araşdırmalar aparılıb, iki
seriyalı bədii film çəkilib. Azərbaycanın sovet
ideologiyasının buxovlarından azad olduğu, müstəqillik
qazandığı yeni dönəmdə Babək mövzusuna
istər-istəməz yeni səviyyədə, daha
yaradıcı yöndə yanaşmağımız olduqca zəruridir.
Babək sadəcə, bir üsyançı olmayıb. O,
sözün böyük mənasında yenilməz türk sərkərdəsi,
fiolosof, həmçinin Xürrəmdinlik inancının
yaradıcısıdır. Ehtimal etmək olur ki, Babəkin həm
də kitabları varmış. Lakin ərəblər Bəzz
qalasını işğal edərkən ondan demək olar,
heç bir soraq qoymayıblar, Babəkə aid olan nə varsa,
hamısını məhv ediblər. Babəkin islam
dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə
qarşı olması təsəvvürünün
yaradılması məntiqsizlikdir, çünki ərəblər
Azərbaycana konkret dini dünyabaxışla gəlirdilər.
Babək isə Vətənimizi azad görmək istəyirdi və
bu amal uğrunda vuruşurdu. Hər halda Azərbaycan
türkü Vətəninin azadlığı uğrunda 23 il
gecə-gündüz döyüşən, yenilməyən
Babəkə qarşı olan ərəb tarixçilərinin
kinini heç zaman unutmamalıdır. Əgər Babəkin təhqiramiz
şəkildə edamı ilə hər şey qurtarsaydı,
o zaman yenə dərd yarı idi. Əslində Babək hərəkatı
faktiki olaraq məğlubiyyətə düçar olduqdan
sonra əsrlər boyunca ərəb tarixçiləri Xürrəmdinlik
Hərəkatının təsirini heç eləmək, Babəki
bir tarixi sima olaraq tamamilə aşağılamaq yönündə
iş görüblər.
Yenilməz qəhrəmanımız
Babək Xürrəmdindən danışırıq. O qəhrəmanımızdan
ki, bu gün də Güney Azərbaycanda yaşayan milyonlarla
soydaşımız hər il onun doğum günündə
gedilməsi çox zaman mümkün olmayan, hər cür
maneələr yaradılan Babək qalasından mənəvi
güc alır. Bu gün biz Babək Xürrəmdin adlı qəhrəmanımızı
ruhumuzun işığında daha yaxşı
tanımalıyıq. Onu hər cür böhtanlardan,
çirkablardan qorumalıyıq.
Babəkin məşhur
"Bir gün azad yaşamaq qırx il rəzil qul kimi
yaşamaqdan daha şərəflidir" kəlamı
çox şey deyir. Babəkə ikili münasibətdən
azad olmağımız gərəkdir, çünki o,
xalqının hər mənada azadlığı uğrunda
döyüşürdü. Qədim dövrün ən
böyük qul üsyanının başçısı
Spartak haqqında tarix kitablarında kifayət qədər təqdiredici
fikirlərə rast gəlmək mümkündür. Ancaq
Spartakın məqsədi quldarlığı məhv etmək
deyildi, o, sadəcə, vətəninə getmək istəyirdi.
Babək isə o boyda xilafəti dəhşətə gətirmişdi.
Babəkin məğlubiyyətinin
bir əsas səbəbi vardı: o da Babəkin böyük
ruhuna bərabər siyasətinin olmamasında idi. Düşmən
güclü idi, soyumuzun biri-birini sevməməsindən məharətlə
istifadə edə bildi. Təəssüf ki, türk
türkü o dövrdə də sevmirdi, türk türkə
qarşı döyüşürdü. Afşinin
(Ağşının) Sasanilər imperiyasının tərkibində
Azərbaycan vədinə Babək aldanmadı: çünki
Babək Azərbaycanın heç kəsdən asılı
olmayan, müstəqil varlığını istəyirdi.
Professor Əjdər
Ağayevin Babəkə münasibəti maraqlıdır:
"Ulu babalarımızın keçdiyi yoldan bizə miras
qalan bir sıra böyük hadisələr var. Həmin hadisələri,
böyük yolu yaratmış insanları daim öyrənməli,
onlarla öyünməliyik. Bu gün yetişməkdə olan
yeni nəslin ruhunda bu şəxslər nümunə kimi yer
tutmalıdır, örnək olmalıdır. Bu prizmadan
yanaşanda Babək Xürrəmd Azarbaycan tarixində,
soydaşlarımızın məninin dərki yönündə
mühüm əhəmiyyətə və mövqeyə
malikdir. Babək böyük qəhrəmandır, şəxsiyyətdir.
O, böyük bir əqidənin, amalın sahibi idi.
Böyük amalı, əzmi, iradəsi olan Babək Xürrəmdin
amalı uğrunda sona qədər döyüşüb. Babək
mənim ürəyimdə, ruhumda həmişəlik heykəlləşib.
Onun bir şəxsiyyət olaraq obrazı insani xüsusiyyətlərin
təcəssümüdür. Babək Xürrəmdin
özünüdərk simvoludur, xəlqi ideal və mübarizə
yönündə əsl nümunədir. İnsan o zaman ürəklərdə
daim yaşaya bilər ki, xalqına, həmçinin bəşərə
yarasın, amalına, əqidəsinə sadiq qalsın. O zaman
ərəb xilafəti ölkələri ala-ala həmin
ölkələrin tarixini, ədəbiyyatını, bir
sözlə, nəyi varsa, hamısını məhv edirdi. Bu,
tarixi faktdır. Babək yenilməz bir qəhrəman olaraq
xalqının ruhunu, mənliyini qorumaq əməlinə sarıldı.
O, torpaq, amal uğrunda mübarizənin ülviliyinə
möhkəm inanırdı. Babək həm də filosof idi. Onun
mübarizəsindən hiss olunur ki, Babək böyük bir təfəkkür
sahibi idi. O, özünün saflıq və alilik mövqeyini
müdafiə etmək uğrunda mübarizəyə
qalxmışdı. O, xalqı arxasınca apara bilən bir qəhrəman
idi. Babək hərəkatının mahiyyəti hələ də
tam açılmayıb. Hər halda sovet dövründə bu
mövzuda yazılmış əsərlərdə birtərəflilik
xüsusi şəkildə hiss olunurdu. Sovet ideoloji qorxusu
xalqımızın öz tarixini həqiqi şəkildə
öyrənməsinə imkan vermirdi. O dövrdə Babək
sadəcə, qəhrəman və ərəb xilafətinə
qarşı duran bir şəxsiyyət kimi təsvir edilirdi. Sovet
ideologiyası dinə qarşı olduğundan islam dininə
qarşı döyüşmüş Babəkdən
danışmaq ona çox sərfəli idi. Əslində Babək
Xürrəmd bir mütəfəkkir, insan, şəxsiyyyət
olaraq xalqın, ideyasının yaşaması uğrunda
dönməz mübariz kimi səciyyələndirilməlidir. Hər
halda görmək olur ki, tarixən Babək kimi şəxsiyyətlərimiz
xalqımızın sabahının necə olacağından
daim narahtlıq keçiriblər, böyük mənada
azadlıq mübarizəsinə sarılıblar. Arzu edərdim
ki, Babək Xürrəmdin mövzusu yenidən tədqiqata cəlb
edilsin, onun şəxsiyyət, məfkurə, mübarizə
istiqaməti müstəqilliyimizin, özümüzü dərkimizin
tələbi istiqamətindən araşdırılsın,
böyük həqiqət ortaya çıxarılsın. Babək
özünün əbədiyaşarlığına şəxsiyyəti
ilə nail olub. Bu cür insanlar qeyrət və mübarizə
simvoludurlar".
Həyatdan vaxtsız
getmiş şair Əli Kərimin "Babəkin
qolları" şeiri məncə, Böyük Qəhrəmanımızın
ruhunu, obrazını gözəl açır:
Qolu
sındırılmış Babək,
Yurdu
yandırılmış Babək,
Qan rəngli arabada,
Şərq boyda bir
xarabada,
Söyə-söyə,
döyə-döyə,
Hamıya görk olsun
deyə,
Kənd-kənd gəzdirilən
Babək,
Ölüb-dirilən
Babək.
Qollarını görməyəndə
Azca rahat olan Babək.
Bir qırmızı
yuxu içrə
Uzaqlara dalan Babək.
Deyən Babək: - Aman,
dostlar,
Hücum çəkin
qoşun-qoşun,
Orda mənsiz
qılınc çalın,
Qollarımla bir
vuruşun.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 14 mart.- S.14.