Bu gün axır çərşənbədir

 

Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə bağlıdır

 

Novruz bayramı xalqımızın qədimliyini, özünəməxsusluğunu yaşadır. Tarixin çox dönəmlərində, xüsusən sovet hakimiyyəti illərində Novruz bayramı ideoloji basqılara məruz qalıb. Lakin bütün bunlara baxmayaraq xalqımız Novruzu qəlbində, ruhunda yaşadıb, bu günə çatdırıb. Novruzla bağlı müxtəlif qənaətlər var. Bu baxımdan bayram haqqında mərhum alim, məşhur mifoloq Mirəli Seyidovun qənaətlərini nəzərdən keçirməyimiz maraqlı olardı. M.Seyidov yazır ki, zaman-zaman təbiət, çevrədəki hadisələr insanı daim narahat edib və onu irəli aparıb: "İnsanın düşündüyü təbiət hadisələrindən biri və deyəsən, lap ilkini qışla yazın əvəzlənməsi idi. Yazın gəlişi, hər iki fəslin arasında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan, məşğul olan insanı, onun kiçik, böyük toplumunun içindən çıxan müdrikləri, ilkin biliciləri, təbiət hadisələrini az-çox götür-qoy edənləri, filosofları düşündürüb".

Mərhum alim qeyd edir ki, yaz əski insanın həyatında həmişə başlıca rol oynayıb. Buna görə də insan təfəkkürü istər-istəməz onu izləyib: "Bir çox xalqlarda, o cümlədən azərbaycanlılarda yazın qışı əvəz etməsi mifologiyada vuruş kimi təsvir olunub. Vaxt anlayışında bir an qabaq doğulan öz qəniminə, onu əvəz edənə "hamilə" olur. Vaxtın irəli getməsi üçün yaranacaq yaranmışla, mövcud olanla, "hamilə" olmuşlar mübarizə aparır və bu vuruşun keçirdiyi ara vaxtdır. Bu təbii hadisə xalq təfəkküründə özünə ayrıca yer tutub, onunla bağlı törənlər şifahi ədəbiyyatda poetikləşib. Azərbaycan və onunla epik yaxınlığı olan xalqlarda yazla bağlı bir sıra görüşlər, nəğmələr təqvim törənini yaradıb və bu yüz illər boyu yaşayıb, indi də yaşayır. Qışla yazın təbii əvəzlənmələri, onların ölüm-dirim, ölüm-olum vuruşu zamanı elə bil vaxtı irəli aparırdı. Təbiətlə qarşılaşmadan, gündəlik tələbdən doğan yeni-yeni düşüncələr təbiətə daha ayıq baxmaq hissini yaradırdı".

Novruz bayramında keçirilən "Kosa-kosa" törən tamaşasından danışan M.Seyidov yazır ki, bu oyunda keçi - yaz kosanı - qışı öldürür: "Doğulan an mövcud olan vaxtı, anı öldürür. Vaxtlar bir-birini belə əvəz edirlər. Deməli, möcud vaxt ölməsə, yenisi gəlməz. Belə görüşləri xalq təbiəti müşahidə nəticəsində dərk edib. Bunun ən yaxşı örnəklərindən biri qışın yazı doğması və onu yazın (keçinin) "öldürməsi" hadisəsidir".

AMEA-nın Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılov bu qənaətdədir ki, professional mifoloq prinsipləri ilə yanaşıldıqda hər bir bayram öz müasir vəziyyətinə gəlib çatana qədər 4 iri mərhələdən - mif, ritual, mərasim, bayram mərhələlərindən keçib: "Müasir bayram özünün ritual-mifoloji semantikasında bu mərhələlərin özünəməxus xüsusiyyətlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan laylarda yaşatmaqdadır. Şübhəsiz, bir çox türk xalqları ilə yanaşı Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, total bir şəkildə etnik təfəkkürdə daşlaşmış belə bayram Novruzdur. Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi, kulinar atributlarına qədər bu mifloji yolun izləri özünü qoruyub-saxlayıb. Bu yolu bayrama qədərki dörd ilaxır çərşənbə üzrə nəzərdən keçirmək daha çox məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır və öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir".

Bu mənada su çərşənbəsi ilə bağlı ilk öncə danışan tədqiqatçı qeyd edir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə əlaqədar miflərdə suyun bu keyfiyyəti - od, torpaq, hava ilə bərabər yaradışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Mifik planda suyun yaradıcılıq funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən 4 ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, o cümlədən türk xalqlarının folklorunda su ilə bağlı sakral görüşlər də bununla əlaqədardır".

Od çərşənbəsi ilə bağlı danışan H.İsmayılov bildirir ki, Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür: "Qədim türk miflologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk miflologiyasından qaynaqlandığını sübut edir. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın və kişi başlanğıcı türk xalqlarında Ülgen və Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübut edir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir".

Yel çərşənbəsiylə bağlı danışan H.İsmayılov deyir ki, əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir: "Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq müqəddəsliyi türk mifoloji görüşləri ilə bərabər etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gələn sakral mifoloji semantkaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarı ilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır".

Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır. Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Bayram isə hər şeydən əvvəl insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Lakin bu gün Novruzun bir bayram olaraq qeyd edilməsində təəssüf ki, "atüstülük" də müşahidə olunmaqdadır. Belə ki, bayramla bağlı əksər hallarda ümumi, haylı-küylü danışıqlar onun ilahi, insani məzmununun ürəklərə yeriməsinə səbəb olmur. Təşkil edilən kütləvi konsertlərin məzmunu əksər hallarda Novruzdan xəbər vermir. Bir azca dərinə varan tamaşaçı görür ki, belə tədbirlərdə daha çox yenə də gecə-gündüz qulağımızı yağır edən məzmunsuz musiqilər meydan sulayır. Əslində belə tədbirlərin müddətinin uzun olmasına ehtiyac da yoxdur. O halda uzun olsun ki, başdan-başa milli, qədim ruhlu musiqilərimiz üstünlük təşkil etsin. Əsas odur ki, insanlara bayramın mahiyyəti musiqinin dililə necə çatdırılır. Yəni elə etmək lazımdır ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın.

Digər tərəfdən də Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin olması təəssüratının yaradılması ideyası da səhvdir. Təbiidir km, insanlar imkanları çatan səviyyədə Novruz süfrəsi açmağa çalışırlar. Novruzda bişirilən şirniyyatların çoxu qədim türk düşüncəsindən soraqlardır. Məsələn, bayramda bişirilən sarı rəngli qoğal günəşi rəmzi şəkildə ifadə edir.                                                 

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 17 mart.- S.14.