"Ocağ"ın 20 yaşı tamam oldu

 

Rusiyanın paytaxtı Moskva şəhərindəki Mərkəzi Ədiblər Evində "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyi qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, tədbirdə çıxış edən cəmiyyətin sədri, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rəyasət Heyətinin üzvü, professor Tofiq Məlikli bildirib ki, Azərbaycanın milli-mədəni cəmiyyətinin yaradılması ideyası ilk dəfə ötən əsrin 60-cı illərində ortaya çıxıb. 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin yaradılması barədə qərar verilib. Bununla da Moskvada yaşayan 22 min azərbaycanlı öz mədəniyyətilə təmasda olmaq, ana dilini, tarixini öyrənmək, milli mənafelərini müdafiə etmək imkanı qazanıb. "Ocaq" Ukraynanın "Flavutiç"i və yəhudilərin "Şalom"u ilə yanaşı, Moskvada qeydə alınmış ilk üç təşkilatdan biri olub. Tofiq Məlikli bildirib ki, "Ocaq" fəaliyyət göstərdiyi 20 il ərzində daim Azərbaycanın tarixinə dair silsilə tədbirlər, dəyirmi masalar, mühazirələr, Azərbaycan dili kursları, bazar günü məktəbi təşkil edib. Məktəbdə Azərbaycanın əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir. Tofiq Məliklinin sözlərinə görə, "Ocaq" cəmiyyəti 1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyilə Azərbaycan etnomədəni ünsürlü məktəb - 157 nömrəli orta məktəbi açmağa nail olub. Cəmiyyətin yaranmasından 3 ay sonra - 1989-cu ilin martında ilk dəfə rəsmən milli bayramımız - Novruz bayramı qeyd olunub. "Ocaq"dan sonra Novruzu öz bayramı sayan digər milli-mədəni birliklər də onu qeyd etməyə başlayıblar. Yubiley mərasimində Azərbaycan mədəniyyəti cəmiyyətinin yaradılması barədə videoçarxın nümayişindən sonra səfir Polad Bülbüloğlunun adından səfirliyin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Moskva merinin müavini və Şəhər Regionlararası Əlaqələr Milli Siyasət Komitəsinin sədri adından onun müavini V.Nujdin, Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova, Moskva Millətlər Evinin direktoru Pyotr Lempard, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov, ÜAK-ın icraçı direktoru Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, 157 nömrəli Azərbaycan etnomədəni ünsürlü məktəbin direktoru Aida Quliyeva və başqaları təbrik nitqi söyləyiblər. Sonda cazmen Vaqif Sadıxovun, müğənnilər Sərxan Sərxan və Əbdül Xaliqin, tarzən Qorxmaz Axundovun, Parisdə yaşayan Azərbaycan pianoçusu Renara Axundovanın, 157 nömrəli məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarət "Buta" ansamblının iştirakıyla konsert və teatrlaşdırılmış səhnəciklər təqdim edilib.  

 

 

 Turqut

 

Xalq Cəbhəsi.- 2009.- 17 mart.- S.11.