İlaxır çərşənbəsi

 

Kəndimizdə sanki "kimin tonqalı gur yanırdı" yarışı keçirilirdi

 

Bu gün İlaxır Çərşənbəsidir. Cəmi iki gündən sonra isə Novruz bayramıdır. Bizim üçün əziz olan hər iki bayram müqəddəsdir. Ancaq gəlin görək həsrətini çəkdiyimiz milli bayramlarımızı keçirmək üçün lazımınca imkanımız və şəraitimiz varmı? Və yaxud ürəyimiz dolu sevinib, yeni günün gəlişini qarşılaya bilirikmi? Bu sualları cavablandırmamışdan öncə neçə illər əvvələ, uşaqlıq dövrümə qayıtmaq istəyirəm. 70-80-ci illərdə bu bayramların rəsmi qaydada keçirilməsi qadağan olunsa da, ancaq hər bir ailə bunun fərqinə varmadan milli bayramına hazırlaşırdı. Bir ay əvvəldən ev-eşiyi, həyət-bacanı səliqəyə salırdı. Bütün çərşənbələrdə evlərin həyətlərində tonqallar qalanırdı. Sanki "kimin tonqalı gur yanırdı" yarışı keçirilirdi. Elə buna görə də mal-qara üçün tədarük olunan qış azuqəsindən, quru küləşdən istifadə edilirdi. Həyətimizdə iki dənə akasiya ağacları vardı.

Bu ağacların boyu hündürlüyündə tonqal qalayırdıq. Özü də bütün məhəllələrdə tonqallar eyni vaxtda çatılırdı. Elə bir atəşfəşanlıq olurdu ki... Uşaq vaxtı eşitmişdim ki, tonqal başında niyyət etsən, həmin niyyətin hasil olar. Eyni zamanda tonqal üstündən tullansan, bütün ağrın-acın ocağa tökülər. Elə ona görə də gözləyirdik ki, alovu göyə qalxan tonqal bir qədər azalsın və üstündən tullanaq. Ən böyük tonqal isə İlaxır Çərşənbəsində qalanırdı.

Onu da qeyd edim ki, İlaxır Çərşənbəsi taha təmtəqarla qeyd olunurdu. Həmin gün günortadan başlayaraq buğda qovrulurdu. Qonşumuz Məlahət xala buğda sacını ocağın üstünə qoyanda məhəllənin qız-gəlinləri növbəyə düzülərdilər. Bu artıq bir ənənə halını almışdı ki, Məlahət xala kimi buğda qovuran yoxdur. Doğrudan da onun qovurduğu buğda daha dadlı olurdu. Çünki buğda qovrulmamışdan əvvəl bir qədər qaynadılırdı və duz səpilirdi. Buğda qovrulub qurtarandan sonra isə çox az olmaqla yağ atılıb qarışdırılırdı. nəhayət küncüd qatılırdı. Təbii ki, buğdanın içinə qoz, fındıq kişmiş əlavə edilirdi. Günortadan sonra evin xanımları plov tədarükünə başlayırdılar. Həmin gün plov mütləq ocaqda bişirilməliydi. Özü mis qazanda. Çünkü bu plovun dadı başqa aləm olurdu. Birillik çolpalar kəsilərək təmizlənirdi. Duz, istiot vurularaq mis qazana döşənirdi. Yay vaxtı qurudulmuş zoğal axçası soğanla qarışdırılaraq şabalıdla birgə çolpaların üzərinə əlavə olunurdu süzülmüş düyü tökülərək dəmə qoyulurdu. (Hər kəs çalışırdı ki, İlaxır Çərşənbəsi üçün süzüləcək plovun düyüsünü Dəmirçilər kəndindən alsın. Çünki bu kənddə əkilən çəltikdən alınan düyünün keyfiyyəti plov bişirilən zaman onun ləzzəti heç bir düyüdə yox idi- A.Ş.) Təxminən 15-20 dəqiqə keçəndən sonra yağ dağ edilərək plovun üstünə tökülürdü. Plovun bişməsini həsrətlə gözləyərdik. Bir dəfə anam süfrəni hazırlayıb qurtarandan sonra, evdən bir qədər aralıda yerləşən ocaq yerindən plov qazanını gətirmək üçün getdi. əliboş qayıdaraq bildirdi ki, plov qazanı yoxdur. Atamla anam heç olmayıbmış kimi özlərini aparsalar da, mən ağlamağa başladım. (Həmin vaxt keçirdiyim hislərimi indinin özündə sözlə ifadə edə bilmirəm-A.Ş.) Heç 5-10 dəqiqə keçməmiş məhəllənin uşaqları papaq atdılar. Papağın içində bir kağız vardı. Həmin kağızda yazılmışdı: "Plovu tək yeməyəcəksinizsə qaytaraq". Bəli plovu qaytardılar. Anam özümüz üçün plov çəkəndən sonra, qazanı uşaqlara verdi ki, aparıb povdan onlar da yesinlər. Həmin gün deməyəsən təkcə bizim plov qazanı "oğurlanmayıbmış". Sonradan məhəllənin uşaqları hansı evin xanımının daha yaxşı plov bişirməsini bir müddət müzakirə etməyə başladılar.

İlaxır çərşənbəsinin ən gözəl adət-ənələrindən biri də qızların qədir saxlamasıydı. Hər bir kəs evdən bayram xonçası və plov üçün nə lazımdırsa gətirirdi. Plovu dəmə qoyduqdan sonra səhərə kimi qızlar çalıb-oynayar, halay gedər, qulaq falına çıxar, bir sözlə bütün adət-ənənələri həyata keçirərdilər. Səhər açılanda isə səhəngi götürüb çaydan su gətirməyə yollanardılar. Gətirilən su evlərə çilənərdi. Bu, xeyir-bərəkət və aydınlıq demək idi. Mənim yadıma gəlmir ki, kimsə "bayram süfrəsini necə açacağıq" gileyini eləsin. Çünki bolluq idi. Ürəyin istədiyin naz-neməti həmin gün alıb süfrənə düzə bilirdin. Ən əsası isə içimizdə torpaqların itirilməsi ağrı-acısı yoxuydu.

Bu gün isə insanların çöhrəsindən bayram abu-havası duyulmur. Səbəblərdən biri torpaq itkisi olsa da, digəri insanların bahaçılıq içində çabalamalarıdır. Bazara gedən hər bir kəs fikirləşir ki, bayram günü açdığı süfrə başqalarından geri qalmasın. Uşaqlarının gözü onun-bunun əlinə dikilməsin. Ancaq buna gücü çatmayanda bədbinləşir, sabaha ümidi azalır. Deyilənə görə ən əziz bayramın olan Novruzu ürəyin istədiyin kimi qarşılaya bilmirsənsə, o zaman bütün il boyu çətinlik içərisində yaşayacaqsan. Bəlkə də elə buna görədir ki, ailə başçısı əvvəldən ehtiyatını görür. Lakin nə qədər ehtiyat görülsə də, indiki qiymətlərlə heç nəyə nail olmaq mümkün deyil. İki gün bundan əvvəl bazara gedib, bayram süfrəsi üçün bəzi məhsullar almaq istədim. Apardığım pul həmin məhsulların heç üçdə birinə çatmadı. Məsələn, bir kq-lıq kütüm balığın qiyməti 25-30 manat, sitrus meyvələrinin kilosu 2-3 manat, almanın kilosu 3-4 manat, bananın kilosu 4-5 manat və s.-dir. Göyərtinin bir dəstəsi isə 30-50 qəpikdir. Ümumi götürəndə isə bayram süfrəsi açmaq üçün ən azı 300 manata qədər pul xərcləməlisən. Bu da əksəriyyətinin gücü daxilində deyil.

Ancaq bütün bu çətinliklərə baxmayaraq bayramımızı qeyd edəcəyik.

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi .- 2009.- 17 mart.- S.9.