31 mart-Azərbaycanlıların Soyqırımı
Günü
Əsasən müsəlmanlardan
ibarət olan yerli camaatın narazılığını və
müqavimətini görən I Pyotr öz planlarını həyata
keçirmək məqsədilə, necə olur-olsun, Gilanda,
Mazandaranda, Bakı və Dərbənddə ermənilərin
və xristianların yerləşdirilməsini vacib
sayırdı. Əsası I Pyotrun əsasını
qoyduğu bu siyasəti sonralar Rusiyanın digər
çarları həyata keçirdi. II Yekaterina 1768-ci ildə
ermənilərin himayə edilməsi barədə əmr
imzalayır. 1802-ci ildə çar I Aleksandrın H.D.Sisianova
yolladığı məktubunda yazırdı: "Hər nə
olur-olsun, ermənilər Azərbaycanın bu və ya digər
xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər
ərzində öz dövlətləri olmayan ermənilər
dövlətlərini yaratmaq məqsədinə çatmaq
üçün Rusiyanın imperiya siyasətinin həyata
keçirilməsində alət rolunu oynadılar. Kütləvi
repressiyaların qanlı tarixi Rusiya ilə İran arasında
gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda
imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və
Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri
Azərbaycan xalqının tarixində faciəvi rol oynadı
və Azərbaycanın parçalanmasına gətirib
çıxardı. Azərbaycanın şimalı
Rusiyanın, cənubu isə İranın idarəçiliyinə
keçdi. Türkmənçay müqaviləsindən dərhal
sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və
Naxçıvan xanlıqlarının ərazisində
"Erməni əyaləti"nin yaradılması
haqqında əmr imzaladı. Bu əmrə əsasən o
zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin
yaşadığı İrəvan şəhəri də
"Erməni əyaləti"nin tərkibinə daxil edilir. Bunun
ardınca Türkmənçay müqaviləsinin XV bəndinə
əsasən İrandan ermənilərin İrəvan,
Qarabağ və Naxçıvana kütləvi şəkildə
köçürülməsinə başlanılır. Bunun
da nəticəsində həmin ərazilərdə məskunlaşmış
azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Anoloji
proses Türkiyə ilə aparılan müharibələrin
(1828-1829, 1877-1878) sonunda da reallaşdırılıb. Belə
ki, tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə
Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min
İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. XIX
əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və
Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan"
kimi millətçi, şovinist ideyasını həyata
keçirmək istəyində olan ermənilər təşkilati
strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən
xaricdə "Qnçaq" (1887, Cenevrə),
"Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni
vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı
yaradılır. Bütün bu cəhdlərə baxmayaraq XIX əsrin
sonunda İrəvan quberniyası azərbaycanlıların
sayına görə, Bakı və Yelizavetopol (Gəncə)
quberniyalarından sonra Qafqazda üçüncü yeri
tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin
siyahıya alınmasında əldə olunan göstəricilərə
görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min
178 azərbaycanlı yaşayıb. XX əsrin
başlanğıcında baş verən sonrakı hadisələr
göstərdi ki, belə bir vəziyyət Azərbaycan
xalqının tarixində faciələrin davamına səbəb
olub. Belə ki, Rusiyadakı inqilabi proseslərdən istifadə
edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü
şəkildə Şuşa, Zəngəzur, İrəvan,
Ordubad, Naxçıvan, Eçmiədzin, Cavanşir və
Qazaxda azərbaycanlıların yurd-yuvalarından
çıxarılmasını həyata keçiriblər. 1905-1906
illərdə İrəvan və Gəncə
quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun
isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər.
Təəssüf ki, tarixi mənbələrdə o illərin
hadisələrini özündə əks etdirən çox
az sayda sənəd qorunub saxlanıb. Amma bu hadisələrin
baş verməsini sübut edən faktlar M.S.Ordubadinin
"Qanlı illər", M.M.Həvvabın
"1905-1906-cı illərdə erməni-müsəlman
müharibəsi" kitablarında öz əksini tapıb. Həmin
kitablarda hadisələr o zamanın mətbu nəşrləri,
şahidlərin ifadələri əsasında
hazırlanıb. Statistik məlumatlara əsasən demək
olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən
sonra azərbaycanlılara qarşı kütləvi
repressiyalar gizli şəkildə aparılıb. 1916-cı
ilin məlumatları göstərir ki, 1831-ci illə
müqayisədə həmin il İrəvan
quberniyasının 5 əyalətində əhalinin sayı 40
dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək
yüksəlib. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların
sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil
edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə
əhalinin mütləq artımı 40 min nəfər olubsa,
1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər
olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə
müqayisədə əhalinin sayı 61 min nəfər
çox olub. Bu rəqəmlər çar Rusiyasının
idarəçiliyi dövründə erməni millətçilərinin
şovinist siyasətinin həyata keçirməsindən,
"Türksüz Ermənistan" planının
reallaşdırılması üçün azərbaycanlıların
qovulmasından xəbər verir. Birinci dünya müharibəsindən
sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən
ermənilər 1917-ci ildə baş vermiş fevral və
oktyabr inqialablarından sonra öz istəklərinə
bolşevizm bayrağı altında nail olmağa cəhd
göstərirlər. Bakı komunası "əksinqilabi
elementlərlə mübarizə" şüarı
altında 1918-ci ilin martından başlayaraq bütün
Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədlərini güdən
cinayətkar planın reallaşdırmağa başlayır. O
günlərdə ermənilərin etdiyi cinayətlər Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyub. Məhz milli
mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı
məhv edilib. Ermənilər evləri yandırır,
insanları diri-diri oda atıblar.
1918-ci ilin mart-aprelində
Bakı, Şamaxı, Quba və Lənkəranda ermənilər
50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə
insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda
30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla
öldürülüb. Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965
uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq
hissəsində 150, Zəngəzurda
115, İrəvan quberniyasında
211, Qars əyalətində
92 kənd yerlə yeksan olunub, əhali üzərində
yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərinin
birində göstərilirdi ki, azərbaycanlıların bu
tarixi şəhərində
və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb,
1920 ev yandırılıb,
131 min 970 nəfər
isə öldürülüb.
Qeyd edək ki, 28 may
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin
yaradılması da qurbansız ötüşməyib. ADR-in
Nazirlər Sovetinin sədri Fətəli Xan Xoyskinin xarici
işlər naziri Gəncinskiyə yazdığı məktubda
bildirilir: "Ermənilərlə biz bütün mübahisələrə
son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə
qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə
getdik". Bununla kifayətlənməyən ermənilər
heç bir şeyə məhəl qoymadan "Böyük
Ermənistan" ideyası ətrafında
Gürcüstanın tərkibində olan Axalkalaki,
Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan,
Gəncə quberniyasının cənub hissəsinə iddia
irəli sürürlər. Güc hesabına bu əraziləri
özlərinə birləşdirmək cəhdi
Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla
isə uzun müddətli qanlı mübarizəyə gətirib
çıxarır.
Tiflisdə 1920-ci il
aprelin əvvəlində Zaqafqaziya respublikalarının
nümayəndələrinin iştirakıyla "sovetləşmə
təhlükəsindən birgə müdafiə"
mövzusunda keçirilən konfransda ermənilər bəyanlayırlar
ki, heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər
və əməkdaşlıqdan imtina edirlər. Buradan belə
nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin
Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz
bayramı günü Şuşada, sonradan isə Əsgəran,
Xankəndi aktiv çıxışları onların Moskva ilə
əlaqəyə girərək Azərbaycanın milli
hökumətini devirmək və burada sovet hkimiyyətini
qurmaq istəyindən irəli gəlirmiş. Ermənilərin
bolşeviklər qarşısında etdikləri xidmətlər
çox keçmir ki, öz qiymətini alır. Sovet Azərbaycanının
o zamankı rəhbəri Nəriman Nərimanov
Mokvanının təzyiqlərinə tab gətirməyərək
1920-ci il dekabrın 1-də "Zəngəzur və
Naxçıvanın ümumi sahəsi 9 min kvadrat metr olan bir
sıra ərzilərinin Sovet Ermənistanının tərkibinə
verilməsi haqqında" deklorasiyaya imza atır. Bu faktlardan
göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə
çatmaq üçün beynəlxalq hüquq normalarına
məhəl qoymadan bütün mümkün vasitə və
metodlardan yararlanıblar.
Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə diqqət
yetirildi. 1918-ci il
iyul ayının 15-də
Nazirlər Soveti mart faciəsinin, İrəvan
quberniyasında baş
vermiş ağır cinayətlərin tədqiqi
və öyrənilməsi
üzrə komissiya yaradılması haqqında
qərar qəbul etdi. Mart faciəsi
və və igər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq
məqsədilə ADR Xarici
İşlər Nazirliyində
xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci
illərin 31 mart gününü
ümumxalq hüzn günü kimi qeyd etdi. Amma ADR torpaqlarımızın işğal
edilməsi və azərbaycanlıların soyqırımına
məruz qalması məsələsinə hüquqi-siyasi
qiymət verilməsi işini başa çatdırmadan süquta
uğradı. Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə
qovuşduqdan sonra qayıtmaq mümkün oldu.
1918-ci ilin mart hadisələrinin
80-ci ildönümündə Azərbaycanın mərhum
prezidenti Heydər Əliyevin imzaladığı
sərəncam erməni
qaniçənlərinin hərəkətlərinə
verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması
üçün bir növ proqram sənədidir.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 31 mart.- S.9.