Bulanıq suda
balıq tutmaq sevdası
Və ya
Dağlıq Qarabağ
münaqişəsilə bağlı
"qrant layihəsi"
Novruz bayramından sonra
yazacağım ilk mövzu yenə də Dağlıq
Qarabağ münaqişəsilə bağlıdır. Bu dəfə
ATƏT-in Minsk qrupu həmsədrlərinin ikibaşlı
oyunlarından deyil, Azərbaycanın bir qrup QHT rəhbərlərinin
və mətbuat işçilərinin xarici ölkə səfərlərindən
sonra guya ki, münaqişənin xeyrimizə həll
olunacağı, bu istiqamətdə atılan addımlardan məmnunluq
duyduqlarından yazmaq istəyirəm. İndi isə həm QHT
rəhbərlərinin, həm də jurnalistlərin son səfərlərindən
qısa xəbərləri və açıqlamaları diqqətinizə
çatdırım.
Martın 27-29-da
Gürcüstanın paytaxtı Tiflisdə Avropa Əməkdaşlıq
Fondunun layihəsi əsasında Dağlıq Qarabağ
münaqişəsini işıqlandıran Azərbaycan və
Ermənistan jurnalistləri üçün üç
günlük seminar keçirilib.
Seminarın keçirilməsinə
Böyük Britaniya Xarici İşlər Nazirliyi və
USAİD maliyyə dəstəyi göstərib. Qeyd edək
ki, seminara hər iki tərəfdən 10 jurnalist
qatılıb. Başa çatan seminarda jurnalistlərin
qarşılıqlı düşmənçiliyinin deyil,
qarşılıqlı sülhün yarana bilməsi
üçün göstərə biləcəkləri istiqamətlər,
xidmətlər müzakirə olunub. Seminarın yekun qərarına
əsasən, hər iki münaqişə tərəfi
müharibə qurbanlarının indiki durumu ilə
bağlı film çəkəcək, Ermənistan və Azərbaycan
jurnalistlərinin münaqişəylə ilgili
informasiyalarının yerləşdirilməsi
üçün birgə sayt yaradılacaq, birgə qəzet məqalələri
hazırlanacaq.
Vyanada ATƏT sədrinin
şəxsi nümayəndəsi və Minsk qrupunun həmsədrləri,
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin
nümayəndələrilə Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair keçirilən
keçirilən ictimai forum barədə təəssüratlarından
danışan politoloq Eldar Namazov bildirib ki, 5 saatlıq dialoq nələrdənsə
xəbər verir: "Minsk qrupunun həmsədrləri hesab
edirlər ki, münaqişənin nizamlanmasıyla
bağlı əsas prinsipləri əxz etdirən sənəd
artıq hazırdır. Belə görünür ki, həmsədrlər
ölkə rəhbərlərilə apardıqları sülh
danışıqlarına paralel olaraq, Azərbaycan və Ermənistan
ictimai xadimlərini də prosesə cəlb edərək,
onlarla dialoq aparırlar. Bu görüşlərin məqsədi
ictimaiyyəti gedən danışıqlar barədə məlumatlandırmaqdır.
Düzdür, həmsədrlər həmin sənədi bizə
bütövlükdə təqdim etmədilər. Ancaq sənəddəki
əsas prinsiplər və öz yanaşmaları haqqında
kifayət qədər informasiyaları bizimlə bölüşdülər.
Vyanadakı forumda eşitdiyim bəyanatlar, informasiyalar onu deməyə
əsas verir ki, hazırda Minsk qrupu çərçivəsində
gedən proses daha çox mərhələli həll
variantının üzərində qurulub". Eldar Namazovun
sözlərinə görə, həmsədrlərin
açıqlamaları görüşdə iştirak edən
Azərbaycan tərəfini qane edib. Ermənilər isə
eşitdiklərindən o qədər də razı
qalmayıb: "Amma onlara izah olundu ki, beynəlxalq vasitəçilərin
mövqeyi belədir və onlar da bununla
barışmalıdırlar".
Forumda iştirak edən
digər QHT rəhbərləri də eyni fikirlər səsləndirib.
Hətta ermənilərin acınacaqlı vəziyyətindən
danışıb, onların peşiman olduğunu dilə gətiriblər.
Göründüyü
kimi, Aərbaycanın bəzi QHT rəhbərləri və
jurnalistləri bir müddət əvvəl başlanan
"xalq diplomatiyası" oyununun növbəti mərhələsini
həyata keçirirlər. Jurnalistlərin ermənilərlə
birgə sayt yaratmaları və birgə məqalələrin
hazırlanması, nəhayət, bəzi QHT rəhbərlərinin
sözügedən forumdan məmnun qayıtmaları dediklərimizə
bariz nümunədir. Ancaq məsələ burasındadır
ki, "xalq diplomatiyası" oyununda iştirak edənlər
sonradan bunun yanlışlığını başa
düşdülər. Anladılar ki, bu, ancaq ermənilərin
maraqlarına işləyən bir projedir. Yəni Bakıdan
durub Dağlıq Qarabağdakı separatçıların
ayağına getmək, onların "rəmzləri"
altında danışıqlar aparmaq separatçıların
"müsəqillik" arzularını gerçəkləşdirilməsi
deməkdir. Xatırlayırsınızsa, bu sayaq
görüşlər və forumlar dəfələrlə
keçirilib. Hər dəfə də eyni vəziyyətin
şahidi olmuşuq. Yəni ermənilər cildə girərək,
dialoqa gedən azərbaycanlılarla çox sıcaq təmaslar
qurur, guya ki, peşman olduqlarını dilə gətirir,
iqtisadi və sosial çətinliklərindən
danışıb bizləri təsirləndirir, sonradan həyasızcasına
deyirlər ki, "Dağlıq Qarabağ ya müstəqil
olmalı, ya da Ermənistanın tərkibinə keçməlidir".
Digər bir məqam isə yeni qrant layihələriylə
bağlıdır. Bu layihələrin Azərbaycana zərərinin
miqyasını belə gözə almayanlar bundan bəhrələnməyə
çalışırlar. Belə əqidə
daşıyıcılarına yalnız bunu deyə bilərik-"bazar
olmasın".
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 31 mart.- S.8.