Qlobal böhran
dünyanı sarsıdır
Əli Məsimli:
"Böhran nəticəsində
Azərbaycana pul axını azalacaq, keyfiyyətsiz mal axını isə çoxalacaq"
Dünya ölkələri
qlobal iqtisadi böhranın təsirlərini aradan qaldırmaq
üçün müxtəlif istiqamətlərdə səylər
göstərirlər. Amma ən yaxşı halda
böhranın 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlindən
tez başa çatmayacağını düşünənlər
əksəriyyət təşkil edir. Daha bədbin fikirləşənlər
də yetərincədir.
Bəs Azərbaycan bu
böhranın təsirlərinə nə dərəcədə
məruz qalıb? Hansı addımların atılması
zəruridir?
Milli Məclisin
İqtisadi siyasət məsələləri daimi
komissiyasının üzvü Əli Məsimli hesab edir ki, Azərbaycan
azsaylı ölkələrdən biridir ki, böhran nəticəsində
iqtisadiyyatı dağılmayıb, hələ də
böhranın təsirinə duruş gətirə bilir. 2008-ci
ilin iqtisadi göstəriciləri əvvəlcədən
müəyyənləşdirilən proqnozlara uyğun gəlməsə
də, hökumət demək olar ki, bütün sosial öhdəliklərini
yerinə yetirib. Həm də bu cür böhranlar zamanı nəticələr
itirilən pullarla hesablanır. Burada söhbət böyük
şirkətlərin, bankların itkilərindən gedir. Budəfəki
böhran zamanı ən böyük itki inam itkisidir. Böhran
başlayandan sonra bir çox ölkələrdə inam itib və
sosial xarakterli narazılıqlar siyasi xarakterli
narazılıqlara gətirib çıxardı. Nəticədə
vətəndaşlarla hökumətlər arasında
toqquşmalar yaranıb. Amma Azərbaycanda bu mənfi proseslər
yaşanmır. Hökumət kifayət qədər
böyük həcmli təhlükəsizlik
yastığından istifadə edərək uğurlu manevrlər
edir. Azərbaycanın xarici borclarının az olması da
böhran dövründə bizə yardımçı olur. Digər
üstünlüyümüz Azərbaycanın maliyyə
bazarının dünya maliyyə bazarlarına inteqrasiya etməməsidir.
Obyektivlik naminə hökumətin, xüsusilə də Milli
Bankın böhran dövründəki siyasəti dəstəklənməlidir.
Milli Bank kifayət qədər mühafizəkar siyasət
yürütməklə Azərbaycan iqtisadiyyatını
dağıntılardan sığortalayır. Bununla belə,
iqtisadçı dedi ki, böhran Azərbaycanın iqtisadi
göstəricilərinə təsir edib. 2007-ci ilin
sonlarında parlamentdə təsdiqlənən proqnozlarla
2008-ci ilin iqtisadi göstəricilərini tutuşdurmaqla bunu
görmək olar. İlin əvvəlində Ümumi Daxili Məhsulun
(ÜDM) 21 faizlik artımı proqnozlaşdırılıb.
Amma ÜDM-in artımı böhranla əlaqədar cəmi 11
faiz olub. Bu o deməkdir ki, böhran səbəbilə proqnoz
göstəricilərini yerinə yetirməməklə ən
azı 3-3,6 milyard dollar əlavə vəsait itirdik. Nəzərə
almaq lazımdır ki, Azərbaycanın neft sənayesinin təxminən
85 faizi dünya iqtisadiyyatıyla sıx inteqrasiyadadır. Müxtəlif
hesablamalara görə, neftin 1 barelinin qiymətinin 1 dollar
ucuzlaşması nəticəsində Azərbaycanın gəlirləri
220-250 milyon azalır. Keçən il elə günlər olub
ki, böhran nəticəsində 50 milyon dollar itirmişik. Böhran
keçən il bizim sənayemizə də təsir göstərib.
İlin əvvəlində biz sənayedə 27 faizlik artım
proqnozlaşdırılsa da, ilin sonunda sənayedə cəmi
7 faizlik artım qeydə alınıb. Böhran keçən
il Azərbaycanda nəzərdə tutulan əməkhaqqı
artımı üzrə proqnozların yerinə yetirilməsinə
də mənfi təsir göstərib. Düzdür, keçən
il əməkhaqları artıb. Amma böhranla əlaqədar
hər bir əməkhaqqı alan şəxsin artımı nəzərdə
tutulandan təxminən 12 manat az olub. O cümlədən
böhran nəticəsində Azərbaycana valyuta
axınının sürəti də azalıb. Bu isə
dünyadakı maliyyə böhranının Azərbaycana
göstərdiyi təsirlərdən biridir. Əli Məsimlinin
fikrincə, bu il böhran nəticəsində Azərbaycana pul
axını azalacaq, keyfiyyətsiz mal axını isə
çoxalacaq. Xüsusilə də ölkəyə xeyli sayda
keyfiyyətsiz ərzaq məhsullarının gətiriləcəyi
proqnozlaşdırılır. Bunun nəticəsində Azərbaycan
keyfiyyətsiz malların satış poliqonuna çevrilə
bilər. Ona görə də yerli istehsal
stimullaşdırılmalıdır. Xüsusilə də kənd
təsərrüfatı inkişaf etdirilməlidir.
Çünki bu sahədəki göstəricilərimiz o qədər
də ürəkaçan deyil. Hazırda Azərbaycanda
adambaşına ayda cəmi 5 manatlıq ərzaq məhsulu
istehsal olunur. Bu da çox azdır. Bundan əlavə,
hökumət bank sisteminin sağlamlığının təmin
edilməsinə diqqəti artırmalıdır. Hökumət
böhranın sadə vətəndaşlara təsirini də
minimuma endirməlidir. Əli Məsimli hökumətin
antiböhran tədbirlər paketinin hazırlanmasını
sürətləndirməsini də zəruri sayır. Son illər
bizim quşçuluq sənayemizin xeyli inkişaf etdiyinə
diqqət çəkən millət vəkili xatırlatdı
ki, bir neçə il əvvəl Azərbaycan
quşçuluq məhsullarının əksəriyyətini
xaricdən alıb. Nəticədə ölkəyə keyfiyyətsiz
quşçuluq məhsulları gətirilirdi. Bir neçə
ildir ki, bunun qarşısı alınıb, çünki
ölkənin quşçuluq sənayesi xeyli inkişaf edib. İnkişaf
o səviyyədə olub ki, yerli broyler fabriklərinin
malları xarici şirkətlərin məhsullarını Azərbaycan
bazarından sıxışdırıb çıxara bildilər.
Bu gün ölkənin tələbatının 70 faizindən
çoxu yerli quşçuluq fabriklərinin məhsulları
hesabına təmin olunur. Əgər hökumət bu sahəyə
dəstəyi bir qədər də artırsa, biz nəinki
öz tələbətımızı tamamilə ödəyə
bilərik, hətta xaricə də quşçuluq məhsullarını
ixrac edərik. Buna görə də hökumət böhran
dövründə bu cür perspektivli sahələri köməksiz
buraxmamalıdır. Göstəriləcək yardım da
gecikməməlidir. Xüsusilə də ölkəyə
xaricdən ərzaq gətirən şirkətlərlə rəqabətə
girə biləcək məhsul istehsal edən sahibkarlara dəstək
artırılmalıdır.
Yeri gəlmişkən,
böhranın gətirdiyi bəlalardan biri milli valyutaların
devalvasiyası ilə bağlıdır. Bəzi
iqtisadçılar Azərbaycan manatının da gec-tez
devalivasiya olunacağını proqnozlaşdırırlar. Amma
Milli Bank hökumətin bu addımı atmayacağını
vəd edir. Əli Məsimlinin müşahidələrinə
görə, Azərbaycan artıq manatın daha liberal idarə
olunması kursuna keçib. Məsələn, keçən
il manat dollara nisbətən 5 faiz, avroya nisbətən isə
9 faiz möhkəmlənib. Əslində bu, bizə o qədər
də sərf etmirdi. Çünki milli valyutanın möhkəmlənməsi
yerli istehsalçıların ziyanınadır. Bu prosesin
bir neçə il davam
etməsi bizim yerli istehsalı iflic edə bilərdi. Amma bu ildən Milli Bank manatın daha liberal idarə olunmasına keçib.
İlin əvvəlindən başlayaraq
manat dollara nisbətən cüzi də olsa ucuzlaşır.
İlin ilk aylarında
manatın dollara nisbətən ucuzlaşması
0,5 faiz təşkil
edib. Bunun özü elə
devalivasiyadır. Amma hökumət
bu siyasəti çox ağıllı və ehtiyatla həyata keçirir.
Bu siyasəti dəstəkləyən Əli
Məsimli düşünür
ki, hökumətin bu siyasəti milli iqtisadiyyatın dirçəlməsinə, ixracın
dəstəklənməsinə, qeyri-neft sektorunda fəallığın artmasına
gətirib çıxaracaq.
O düşünür ki,
manatın il
ərzində təxminən
1 faiz ucuzlaşması
Azərbaycanın xeyrinə
olacaq.
Rəvan Məmmədli
Xalq Cəbhəsi.- 2009.- 31 mart.- S.5.