3 may - Türklük Günüdür

 

Bu gün türk xalqları arasında birliyin yaradılmasına daha çox ehtiyac var

 

Hər il mayın 3-nün Türklük Günü kimi qeyd olunması artıq ənənə şəklini almaqdadır. Bu gün dünyanın qloballaşdığı, özündən ayrıldığı bir vaxtda Türk Ruhunun bərqərar olmasına ehtiyac var. Bu ehtiyac dünya özü bilsə də, bilməsə də gündən-günə artır. Düzdür, bu gün dünya özündən ayrıldığı üçün türkü də özündən ayırmağa cəhd edir. Lakin türksüz dünya mahiyyətcə yox kimi bir şey olardı. Bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin yaradıcısı olan Türk ona olan bütün qeyri-müəyyən münasibətlərə baxmayaraq ardıcıl şəkildə halını qoruyub-saxlamalıdır.

Hər il Azərbaycanda türklük mövzusunda keçirilən müxtəlif tədbirlərdə türklə, türkçülüyün problemləri ilə bağlı müəyyən məsələlər təhlil və müzakirə obyektinə çevrilsə də, mahiyyətcə bu problemlərin kökündə duran cəhətlər diqqətlə araşdırılmır, özümüzə və dünyaya xilas kimi təqdim edilmir. Türk kimdir? Mənası "möhkəm" anlamına gələn bu söz xarakter etibarilə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, öldürməyi sevməməyi, fitri döyüşkənliyi, fitri inancıllığı, vətənsevərliyi ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, sadaladığımız bu cəhətlərin müəyyən qismi bu və ya başqa millətdə də var. Təbiidir ki, hər hansı bir millət bu və ya digər dərəcədə bəşərilikdən soraq verir. Ancaq Türkün əsas xarakterik cəhətləri məhz ona məxsusdur və sözün gerçək anlamında bir xilas kimi dünyaya təqdim olunmalıdır. Bu, xüsusi bir söhbətin mövzusudur ki, möhtəşəm fikir, ruh quruculuğuna, ideyaçılığa, idraki və bədii vüsətə qadir olan Türk həmçinin möhtəşəm dövlətçilik ənənəsi yaratdı. Təbii ki, dövlətçilik ənənəmiz yaranmasaydı, digər keyfiyyətlərimizin qoruyuculuğu da mümkün olmayacaqdı. Türk dövlətçilik ənənəsini minillər boyunca yaşatdı, bu gün də yaşatmaqdadır. Lakin təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk özündən ayrıldı, zaman-zaman başqalarına yarıdı. Fitri halın qeyri-adiliyi onu özündən ayrılan məqamlarda belə daxilinə üz tutmağa, özündən güc almağa çağırdı.

Türk həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır və sabaha çatdırır. Bu gün müəyyən məqamlarda Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun daxilində bir potensiya kimi mövcuddur. Türkün təbiətə münasibəti onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi heyrətamiz dərəcədə insana doğma təsir bağışlayır. Türk təbiətdə, onun müxtəlif varlıqlarında daim özünü görür, bu heyrətamizliyi müxtəlif formalarda vəsf edir. Bütün bu cəhətlər qədim Türklərin inanc dünyasında Tanrıya tapınma kultunun ilahi bir ahəngini yaradır. Türk Tanrısına hədsiz doğma idi. Bu doğmalıq onun canına, qanına hopmuşdu. Ana sazımızda ifadə olunan möhtəşəm ruh sədası Türkün uca ruhundan hər məqamda soraq verir. "Qaraçı", "Yanıq Kərəmi", "Misri" və başqa saz havacatlarında bu cəhətlər aydınca görünür, duyulur.

Türkün "köçəriliyi" ideyası zaman-zaman türkü sevməyənlərin ona qarşı uydurduğu həqarətli bir yanaşmanın ifadəsidir. Möhtəşəm yaşam sistemi, dünyabaxışı yaradan bir millət necə köçəri ola bilərdi? Ruhunun imkan verdiyi qeyri-adi bir vüsətlə dünyanı lərzəyə gətirən Türk ömrünün qədim çağlarında öz elində-obasında köç edib. Çoxlu zəfər yürüşləri Türkü daim qanadlanmağa, dünyanın müxtəlif bölgələrində öz möhtəşəm ruhunu ifadə etməyə sövq edib. Qədim və orta yüzillərdə möhtəşəm idraki imkanını aşkarlamaqdan daha çox qılınca üz tutan, bənzərsiz dövlətçilik ənənəsi yaradan Türkləri anlamaq olur. Ancaq hər halda Türkün böyük potensiyasını zaman-zaman qılınca sərf etməsi ilə də razılaşmaq olmaz. Əgər qılıncdan yapışmaq, son nəticədə Türklərin Birliyinə, Türk Ruhunun dünyanı xilas kimi saracağına əsaslansaydı, gətirib çıxarsaydı, yenə dərd yarı idi. Ancaq təəssüf ki, Türk böyük dövlətçilik ənənəsi yaratdığı dərəcədə də biri-birini sevmədi. Sözün əsil mənasında Türk öz böyüklüyünü qiymətləndirə bilmədi. Türkü sevməyənlər bu millətin qolları arasındakı didişmələrdən məharətlə istifadə etdilər. İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətayi ilə Sultan Səlim arasındakı döyüş mahiyyətcə Türklərin tarixdə buraxdığı ən böyük xətalardan biri idi. Türklər əgər bir ola bilsəydilər, o zaman dünyanın indiki vəziyyəti tamam başqa cür olacaqdı. Türk özünün dünyabaxışını, ilahi inanclar sistemini qoruyub-saxlaya bilmədi. Bu, dünyaya daha çox Türkü öyrənib ona zərbə vurmaq üçün əsas verdi.

Bir millət olaraq dərdlərimiz çoxdur. Amma hər halda dünyanın axırı da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra çaşmaq, sarsılmaq olmaz. Gerçək vəziyyətimiz bizə onu deyir ki, zəngin dövlətçilik ənənəmizi qiymətləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı həm ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq. Bu gün Türklərin qarşısında duran ən vacib məsələ onların biri-birlərini anlaması məsələsidir. Türk Türkün dərdinə yanmağı bacarmalıdır. Özgəçiliyə yarıyan Türkün sabahı yoxdur. Görəsən, vaxta qədər Türk Dünyası Qarabağ məsələsinə bu qədər biganə yanaşacaq? Azərbaycanın Qarabağ, Güney Azərbaycan dərdi mahiyyətcə bütün Türk Dünyasının köklü problemidir. Türk Dünyası nəhayət, bir gün dərk edəcək ki, 1828-ci ildə Azərbaycanı ikiyə bölən Türkmənçay Fəlakəti Türk Dünyasının fəlakətlərini daha da dərinləşdirdi.

Türkün ruhunda ideologiya yaratmaq ənənəsi xüsusi yer tutur. Bu mənada 20-ci yüzilin əvvəllərində Azərbaycanda Əlibəy Hüseynzadənin, habelə Türkiyədə Ziya Göyalpın ideya yaratmaq yönündə əməlləri xüsusi diqqətçəkən məqamlardandır. Bu, həmin dövr idi ki, dünya Türkün hər mənada məhvini gerçəkləşdirməyə çalışırdı. Belə bir zamanda Türkçülük ideologiyasının meydana çıxması mahiyyətcə türklüyün yeni bir səviyyədə təqdimi demək oldu. Bu insanlar gördülər ki, əgər türkçülük xüsusi bir ideologiyaya çevrilməsə, o zaman türkün sabahı üçün böyük təhlükələr yaşanacaq. Bu mənada türkçülüyün yaşarı bir ideya səviyyəsində meydana çıxması günü-gündən gərginləşən dünyada ideoloji mübarizənin, xəttin yaranmasında əhəmiyyətli rol oynadı. Az sonra uzun illərdən bəri ideoloji yöndə vuruşunu dövlət qurmaq səviyyəsində reallaşdıran Məhəmmədəmin Rəsulzadə ətrafındakı ləyaqətli ziyalılar dövlətçilik tariximizdə hünərli bir səhifə yazdılar. Bu dövrdə Türkiyə başına gələn çoxlu fəlakətlərdən qurtuldu, hünər göstərdi.

Xüsusilə 30-cu illərdə Azətbaycanda tütkçülük əhvalına qarşı amansız hücumlar oldu. Bu dövrdə Azərbaycanın say-seçmə ziyalıları amansız repressiyalara məruz qaldılar. Bu gün bütün umacaqlarımıza baxmayaraq hər halda türk xalqları arasında müəyyən münasibətlər formalaşıb. Çağdaş dönəmdə mənəvi sahədə türk xalqları arasında birliyin yaradılmasına daha çox ehtiyac var. Elmi-mədəni əməkdaşlıq bu mənəvi bağlılığı gündən-günə möhkəmləndirilməsinə xidmət etməlidir. Hər halda ümumtürk əlifbası, ümumtürk ədəbi dili yönündə daha ciddi düşünməyin vaxtıdır. Türk xalqlarının bir-birlərinin adət-ənənələrinin daha səyli şəkildə öyrənilməsi, qanadlandırılaraq yaşadılması vacib şərtdir. Əgər bu yöndə cəhdlərimizi davam etdirməsək, o zaman hazırda tez-tez işlədilən "Türk Dünyası" məhfumu konkret reallıqdan daha çox ümumi, mücərrəd, anlaşılmaz bir təəssürat halı yaradar. Ötən yüzilin 90-cı illərindən, habelə bu gün tez-tez "21-ci yüzil Türk Yüzilidir" deyə bu mövzu barədə danışılır. Ancaq görəsən, dünyada, eləcə də öz aramızda, daxilimizdə Türk insançılığının, xilasçılığının bərqərar olması üçün nə edirik? Bu gün coğrafi Turançılıqdan daha çox Mənəvi Turançılıq ideyasının təməl prinsip səviyyəsində yaşadılmasına ehtiyac var. Bu gün türklərin özgələşməsi onların yeni-yeni fəlakətlərinin yaranmasını şərtləndirir. Milli ruha sahib olmaq, xalqların yaratdıqlarına sayğı ilə yanaşmaq dünyaya, həyata, insana, təbiətə daim uca Türk Ruhu ilə baxmaq hər gün Türklük Gününün yaşanması deməkdir...               

 

 

 Xalq cəbhəsi.- 2009.- 2 may.- S. 14.