Qərb elmi kəşfləri Şərqdən
öyrənib
Nəsirəddin Tusinin əsərlərində Amerikanın
müasir koordinatına
uyğun quru hissəsinin olması ilə bağlı qeydlər var
Bu gün Qərbin elm
sahəsində Şərqdən üstün olduğunu hər
kəs etiraf edir. Hətta Qərbdə elələrinə də
rast gəlinir ki, ümumiyyətlə, elmin beşiyinin əzəldən
Qərb olduğunu iddia edir, elmi Şərqə yad
sayırlar. Ancaq tarix göstərir ki, gerçəkliklər
fərqlidir. Avropada intibah dövrü başlayana qədər
Şərq elm sahəsində Qərbdən dəfələrlə
öndə olub. Ancaq bu gün hələ də təhlil
olunan müxtəlif səbəblərdən XV-XVI əsrdən
başlayaraq Şərq Qərbdən geri qalmağa
başlayıb.
İndi isə tarixə
müraciət edək.
İslam elmə xüsusi diqqət ayırıb
Öncə onu deyək
ki, dinimiz İslam da elm öyrənməyi təşviq edib. Həzrəti
Məhəmmədə (s) Həra dağında peyğəmbərlik
verilərkən ona nazil olan ilk ayələr "Oxu" əmri
ilə başlanmışdır. "Elm" kəlməsi və
ondan alınan isim və fellər Quranda təqribən 750 dəfə
işlənmişdir. "Beşikdən qəbrə qədər
elm öyrən", "Elm Çində olsa belə onun
dalınca get"-deyə əmr edən Peyğəmbərimiz
(s) müxtəlif döyüşlər, müharibələr
zamanı əsir tutulan kafirləri, pul və mal-dövlət
müqabilində deyil, məhz on nəfər müsəlmana
yazıb-oxumağı öyrətmək şərti ilə
azad edirdi.
Kitab və
kitabxanaların avropalılar üçün dəyərsiz əşya
olduğu zaman və bütün Avropanın kilsə və
monastrlarında cəmi 500 dini kitabın mövcud olduğu bir
vaxtda, İslam ölkələri zəngin kitabxanalar və elm
mərkəzləri ilə bəzənmişdi. Bağdad
şəhərində "Beytül-hikmət" adlı
kitabxanada (215-ji ildə təsis olunub) 4 milyon, Şamın
"Qrablos" kitabxanasında 3 milyon, Qahirədə "Səltənət"
kitabxanasında isə 1 milyon kitab mövcud idi. Orada mövcud
olan kitablar müxtəlif dillərdə, müxtəlif elmi fənləri
əhatə edirdi.
Tiqranometriyaya dair ilk ciddi əsəri Tusi yazıb
Bəzi faktlara da diqqət
yetirək. Avropalıların bu gün işlətdikləri
riyazi terminlərin çoxu ərəb mənşəlidir. "Alqebra"
ərəbcə əl-cəbr deməkdir. Fransız dilində
hesab rəqəmlərinə "ərəb rəqəmləri"
deyilir. Triqonometriyanın gerçək mənada əsasını
qoyan Bəttanidir (858-929). Sinusu tapanlar da müsəlmanlardır.
Triqonometriyaya tangens, kotangens və kosekansı Əbül-Vəfa
(940-998) gətirib. Triqonometriya ilə bağlı ilk elmi və
ciddi əsəri Nəsrəddin Tusi (1210-1274)
yazmışdır.
Sıfrı ilk dəfə
işlədən Xarəzmi (780-850) cəbr elminin təməlini
qoyub. İlk cəbr kitabını "əl-Cəbr vəl-müqabele"ni
də o yazıb və həmin əsər bu gün cəbr
elminin təməli sayılır.
Ədəddən və
vergüldən ilk istifadə edən də müsəlmanlar
olub.
Nyutona aid edilən binom
formulunu cəbrə qazandıran isə Ömər Xəyyamdır.
Differensional hesab da Nyutondan əvvəl Sabit Kurra (vəfatı
901-ci il) tərəfindən tapılmışdır. Geometriyadan
ilk istifadə də Dekart (1596-1650) deyil, Sabit ibn Kurradır.
Avropalılardan bir neçə əsr öncə funksiya
fikrini ilk dəfə Əbu Reyhan Biruni ortaya atıb.
Onluq kəsr sistemini
tapan, bu mövzuda əsər yazan ilk alim isə Qiyasəddin Cəmşiddir
(vəfatı 1429-cu il). Şərqdə
riyaziyyatçıların keçmişdə etdiyi
mühüm kəşflər hələ də diqqət mərkəzindədir.
Onlar səma cismlərinin hərəkətlərini öyrənmək
və hesablamaq üçün nəzərdə tutulan "Astronab"
cihazını da kəşf etmişlər.
Burini Amerikanın mövcudluğunu bilib
Şərqdə
coğrafiya və botanika elmi də XVI əsrə qədər
inkişafı ilə diqqət çəkib. Məşhur
fransız tarixçisi Doktor Qustav Label yazıb ki, müsəlmanlar
gəmiçilikdə həmişə mahir olublar və çox
uzaq məsafələrə səfərlər ediblər, onlar
Çin və Afrikanın ucqar bölgələri ilə ticarət
əlaqələri saxlayıblar. Həmin dövrlərdə
bu məntəqələr avropalılar üçün əl
çatmaz yerlər sayılıb. Süleyman adlı səyyah
öz "Səfərnaməsini" çap etdirib və bu
kitab Avropada da nəşr olunub. Əbu Reyhan Biruni neçə
əsr öncə Amerikanın mövcudluğundan bəhs
etmişdir.
Orta əsrlərdə ən
böyük botanik və əczaçı İbn Baytar
(1190-1248), 1400-ə yaxın bitki və dərman təsvir edən
kitabları ilə 16-cı əsrə qədər elmin mənbəyi
olub. Kimya elminə gəlincə, Vil Dorant yazıb ki, kimya
dedikdə, göz önünə Cordano Brunonun dünyanın
12 dahisi sırasında yer verdiyi "kimyanın atası"
sayılan Cabir ibn Həyyan gəlir. Cabir ibn Həyyan İmam
Sadiqin (ə) şagirdi və böyük elmi şəxsiyyətlərdən
biri olmub. O, kimya elmində fövqəladə məharət
qazanıb. Maks Mirhof onun barəsində belə deyib ki, Cabir
bütün dünyada kimyanın atası sayılır, onun
yüz cildə yaxın kimya elminə dair kitabı hələ
də əllərdədir və həmin kitabların
müasir kimyaya nüfuzu çox güclüdür. O, yaratdığı
öz şəxsi labaratoriyasında bir çox
turşuları kəşf edib, atomun ətrafında
fırlanan elektron haqqında ilkin məlumat verib. Avropa alimləri
etiraf edirlər ki, indiyədək kəşf olunan elementlərdən
on doqquzunu o kəşf edib.
Kimya sahəsində kəşflər
edən şəxsiyyətlərindən biri də Zəkəriyya
Razidir. Doktor Mirhof bildirib ki, onun "Kimya sənəti"
kitabı son zamanlarda bir hind şahzadəsinin kitabxanasından
tapılıb. Razi bu kitabda müxtəlif maddələrin təsnifatını
verib və onların hər birinin xassələrini dəqiqliklə
göstərib. Razi sülfat turşusunu və saf spirti ilk dəfə
əldə etmiş Şərq alimidir.
Tibbin İncili...
Xristianlar İbni Sina,
Cabir İbn Həyyan, Həsən ibn Heysəm və Zəkəriyya
Razinin kitablarını latınca tərcümə ediblər
və hazırda da həmin tərcümələrdən
istifadə edirlər. Doktor Qustav Loben yazır ki, Şərqdə
müalicə üsullarında bir çox kəşflər
edilib. O cümlədən, tif xəstəliyinin müalicəsində
soyuq sudan istifadə olunub ki, bir neçə əsr sonra
avropalılar da həmin üsula müraciət etməli
olublar. Bir çox dərmanları xüsusi üsullarla
hazırlanıb. Uzun əsrlər keçdikdən sonra
Avropada həmin dərmanlar yeni üsul adıyla tətbiq
edilir.
"Tibb" dedikdə
həkimlər sultanı İbn Sina (980-1037) göz
önünə gəlir. Onun "Qanun kitabı" qərbdə
"Tibbin İncili" kimi tanınıb, illər boyu Avropa
universitetlərində dərslik olub.
Məşhur təbib və
kimyagər Məhəmməd ibn Zəkəriyya Razi (864-925) əksəriyyəti
tibbə aid olan 200-dən çox kitab yazıb. O,
çiçək, qızılca və qızdırma xəstəliklərini
kəşf etmiş və bu mövzuda ilk əsəri
yazmışdır. Bu əsərlər əvvəlcə
latınca, 4 əsr müddətinə isə müxtəlif
Avropa dillərinə tərcümə edilib.
İbn Sinanın
"Qanun" adlı əsəri yüz illərcə göz
sahəsində dəyərli kitab olaraq qalıb. Qeyd etmək
lazımdır ki, gözdəki retina təbəqəsinin
funksiyasından ilk dəfə bəhs edən İbn
Rüştdür (1126-1198).
Kiçik qan
dövranını Avropa alimlərindən təxminən 300
il əvvəl İbnun-Nəfis (1210-1288) kəşf edib və
onu incəliklərinə qədər açıqlayıb. Əli
ibn Abbas X əsrdə dövrümüzdəki müasir əməliyyatlara
uyğun bir tərzdə xərçəngə qarşı əməliyyat
keçirib. Onun qələmə aldığı
"Kitabül-Məliki" adlı tibb ensiklopediyası indi də
Qərbdə heyranlıqla oxunmaqdadır.
Mak-Kapın dediyinə
görə, təkcə Bağdadda 60 aptek mövcud olub. Qeyd
etmək lazımdır ki, ilk xəstəxana isə 707-ci ildə
Vəlid İbn Əbdülməlik tərəfindən qurulub.
Mak-Kap yazır ki, Qahirədə böyük bir xəstəxana
tikilmişdi. Orada fəvvarələr, bağçalar və
dörd iri həyət mövcud idi. Həmin xəstəxanaya
müalicəyə gələn kasıb adamlar
sağaldıqdan sonra oranı tərk edən vaxt onlara beş
ədəd qızıl sikkə də verilirdi".
Fizikanın yaradıcıları
Yerin cazibə qüvvəsinin
Nyuton tərəfindən kəşf edildiyini
düşünürük. Halbuki, Razi və Biruni neçə
əsr öncə yerin cazibəsini kəşf etmiş, bu sahədə
nəzəriyyələr ortaya atıblar. İlk uçuş
sınağını İsmayıl Cövhəri (950-1010) həyata
keçirərək həlak olub. Əhməd Çələbi
isə (17-ci əsr) ilk uğurlu uçuşu həyata
keçirə bilib. O, taxta "qanadlar" ilə
İstambuldakı Qalata qülləsindən
Üsküdardakı damlara qədər uçub.
İlk təyyarəni hələ
880-cı ildə İbn Firnans adında bir İslam alimi qurub. O,
quş tükü və qumaşdan istifadə edərək
hazırladığı təyyarəsi ilə uzun müddət
havada qalmış və daha sonra süzərək yerə
enib. Qərbdə isə Oliver Rayt qardaşları 1903-cü
ildə buna nail ola bilmişlər. Farabi (870-950) səsin fiziki
izahını verib. İbn Karara (vəfatı 1100) ilk torna dəzgahını
qurub. Əhməd ibn Musa "Mükəmməl nizamlar"
adlı əsərində 1000-ə qədər avtomatik nəzarət
sistemli alətin şəklini çəkib. Əbu
İsmayıl əl-Nəzəri (vəfat: 1206) isə
"Kitabül-hiyəl" adlı mükəmməl əsəri
ilə kibernetikanın qurucusu olub.
Nəsirəddin Tusinin tələbəsi
Qütbəddin Şirazi Dekartdan 300 il öncə göy
qurşağı hadisəsini düzgün bir şəkildə
izah edib.
Atomda böyük bir
enerjinin olduğunu, parçalana biləcəyini və
parçalandığı zaman Bağdadı alt-üst edə
biləcək bir gücə sahib olduğunu irəli sürən
Cabir ibn Həyyandır (721-805).
Şərqdə ən çox diqqət yetirilən sahələrdən
biri astronomiya olub. Jordano Bruno (1546-1601), Kopernik (1743-1543) və
Qaliley (1564-1642) kimi bir çox Qərb alimlərinə məhz
Şərqdə əldə olunan nailiyyətlər ilham
qaynağı olub. IX və X əsrlərdə dünyanın
kürə şəkilli olduğunu və
fırlandığını Musa qardaşları təsbit
ediblər. Onlar Sincan səhrasını ölçərək
yerin bir dərəcəlik meridianını təsbit
etmişdilər. Sadəcə bir qədər yanılaraq
ekvatorun uzunluğunun 3900 km-ə yaxın hesablayıblar. (Müasir
elm isə onu 4000 km hesab edir).
Musa qardaşlarından
səkkiz əsr sonra (1736) Madpetlisin rəhbərliyi altında
Qərb alimləri bu sahədə "müvəffəqiyyətlər"
əldə edə bildilər. Florensiyalı Qalileo Qaliley isə
onlardan dörd əsr sonra dünyanın
fırlandığını iddia etdi. Dünyanın məşhur
astronomu arasında ön cərgədə yer alan Bəttaninin
"Sabi cədvəlləri" adlanan astronomiya cədvəlləri
15-ci əsrə qədər Avropada əsas kimi qəbul
edilirdi.
Tusinin dahiliyi
Qeyd etmək yerinə
düşər ki, Nəsirəddin Tusinin əsərlərində
də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin
olması ilə bağlı qeydlər vardır. Azərbaycan
astronomu Həbib Məmmədbəylinin yazdığına
görə, Xristofor Kolumbun və Amerika Vespuçinin Nəsirəddin
Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri
bunu gizlətməyə çalışsalar da, həmin səyyahların
özü tərəfindən yazılan gündəliklər
bunu deməyə əsas verir. Yəqin ki, Şərqin də
bir zaman elmdə Qərbi qabaqlayacağı dövr yetişəcək.
Cənubi-Şərqi Asiya ölkələrində son illər
müşahidə olunan sürətli tərəqqini bunun əlamətləri
saymaq olar. İnşaallah, gələcəkdə bu sahədə
Azərbaycanın da adının çəkilməsinə
nail olsaq, bu, bizim bir millət kimi ən böyük
uğurlarımızdan biri olar. Bu millətin yenə də
Tusilər yetişdirmək potensialı var...
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 2 may .- S.13.