Uşaqlar arasında intihar halları

 

Buna səbəb ailə daxilində baş verənlərdir

 

Artıq bir neçə müddətdir ki, Azərbaycanda azyaşlı uşaqların intihar etməsi ilə bağlı mətbuatda məlumatlarla tez-tez rastlaşırıq. Bütün bunlara səbəb kimi intihara əl atan uşaqların ailələrinin sosial və ya maddi vəziyyətinin aşağı olması göstərilsə də, lakin baş verən intiharların çoxu heç də bununla bağlı olmur. İntihar edən uşaqların çoxunun yaşı (hətta 5 yaşında) həddindən artıq azdır. Belə olan halda bütün baş verən hadisələr biz böyükləri bir qədər dərindən düşünməyə vadar etməlidir. Ümumiyyətlə, azyaşlı uşaqları intihar etməyə sövq edən nədir? Çünki məlum olduğu kimi, bu yaxınlarda intihar edən uşaqlardan ən kiçiyinin 5 yaşı olub. Bu yaş həddində olan uşaqlar heç vaxt ailəsinin sosial və ya maddi vəziyyətinin necə olduğunu dərk edə bilməzlər. Uşaqları bu addımı atmağa nə vadar edə bilər? Hazırda ölkədə azyaşlı uşaqların intihara belə asanlıqla əl atmaları çox dəhşətli bir vəziyyətdir.

Binəqədi rayonunda azyaşlı və yeniyetmə (8-dən 15 yaşa qədər) uşaqlar arasında kiçik bir sorğu apardıq. Keçirdiyimiz sorğuda iştirak edən uşaqların bu məsələylə bağlı cavabları da müxtəlif oldu. Belə ki, hazırda Binəqədi rayon 99 nömrəli orta məktəbdə təhsil alan 13 yaşlı Günelə - həyatınızdan razısınızmı? - sualına verdiyi cavabı heç də müsbət hesab etmək olmaz. Çünki Günelin fikrincə, Azərbaycanda yerindən (şəhər, rayon və ya kənd) asılı olmayaraq qız uşaqlarının əksəriyyəti öz həyatından razı deyil: "Əslində mən heç başa düşə bilmirəm ki, əgər qızların varlığı valideynlərin dediyi kimi bu qədər onlar üçün çətindirsə, onda niyə bizi dünyaya gətirirlər. Məslən, bizim evdə valideynlərimin qardaşıma olan münasibəti tamam başqa, mənə olan davaranışları tamam ayrıdır. Çünki qardaşım ürəyi istədiyi hər şeyi eldir, amma ona gözün üstə qaşın var deyən yoxdu. Amma mən valideynlərimin xoşuna gəlmiyən bir hərəkəti bilmədən belə etsəm, az qalırlar məni öldürələr. Adətən televizorda görürəm ki, valideynlər uşaqlarına tərbiyə verir ki, bunu belə eləmə yaxşı deyil, belə eləsən daha yaxşı olar. Amma bizdə valideynlər uşaqlara nəyin düzgün, nəyin səhv olduğunu başa salmırlar, nəsə bir səf hərəkət olanda da başlayırlar ki, sən heç tərbiyə görməmisən. Axı uşaq gərək tərbiyəni görə ki, tərbiyəli ola, görməsə necə ola bilər? Mən oxumağı çox istiyirəm, amma mənim valideynlərim oxumağıma şərait yaratmaq əvəzinə, əlimdə kitab görəndə deyirlər ki, guya oxuyub nə olacaqsan? Ondansa dur evin işlərini gör, balaca bacına bax, səni eziyyət çəkib böyütmüşəm ki, bir işin ucundan tutasan. Sənin oxumağın bizə çox elə lazımdı, evin işi-gücü tökülür. Amma əksinə heç vaxt kitaba yaxın getməyən qardaşımdan əl çəkmirlər ki, götür bir dəfə kitab oxu. Valideynlərin belə açıq-aydın uşaqlar arasında ayrı-seçkiliyini görəndə yaşamaq istəmirəm, əlacım olsa özümü öldürərəm. Çünki onsuz da mən onların marağında deyiləm. Guya ölsəm neyləyəcəklər ki?".

Sözügedən məsələyə aydınlıq gətirən psixoloq Azad İsazadə hesab edir ki, ölkədə azyaşlı uşaqların intiharı bir o qədər də artmayıb: "Deməzdim ki, Azərbaycanda buna bənzər hadisələrə tez-tez rast gəlinir. Ümumilikdə, hər sahədə olduğu kimi bunun da öz statistikası və period dövrü var. Hər halda qeyd edim ki, bu kimi hadisələr daha çox 15-19 yaş arasında olan yeniyetmə gənclər arasında baş verir. Dünya üzrə statistikaya da nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında olur. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün qaranı ağ, ağı qara kimi görürlər. Bu dövrdə onlar baş verən hər hansı bir çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri, onu həll edə bilmədikləri üçün bu yola əl atırlar. Ümumiyyətlə, bu yaş dövründə olan gənclərin intihara əl atmalarının səbəbləri müxtəlif ola bilər. Çünki bu dövrü keçirən gənclər düzgün düşüncəyə malik deyillər, düşdükləri hər hansı çətin bir vəziyyət, ətrafında baş verən bəzi mənfi proseslər onları bu addımı atmağa vadar edə bilər".

Digər müsahibimiz Fatma isə 8-ci sinifdə oxumasına baxmayaraq ailəsi tərəfindən özündən 13 yaş böyük olan qohumuna nişanlanıb. Onun sözlərinə görə, təzə nişan taxılan vaxtlarda bir neçə dəfə özünü öldürməyi düşünsə də, bunu bacara bilməyib: "Bir neçə dəfə bunu etmək istədim, amma alınmadı. Sonra gördüm ki, bu yaşda ailə həyatı quran təkcə mən deyiləm". Bəs bu hərəkəti etmək istədiyin vaxt nəyi düşünürdün? Bununla nəyə nail olmağa çalışırdın? - sualını isə Fatma belə cavablandırdı: "Mənim hələ 14 yaşım var. Mən də hamı kimi ən azı orta məktəbi oxumaq istiyirəm. Evdəkilərə yalvarıram ki, heç olmasa imkan verin, son zəngi keçirim. Valideynlərim də deyir ki, oğlanın yaşı keçir, oturub sənin məktəb qurtarmağını gözləyən deyil ki? Qız olduğuma görə özümə nifrət edirəm, axı mən nə edim ki, oğlanın yaşı keçir? Keçir getsin öz yaşına uyğun bir qızla evlənsin, mənə də imkan versin heç olmasa orta məktəbi qurtarım. Yenə də xeyri yoxdur, mənim xoşbəxtliyimi fikirləşən valideynlərim bu hərəkətləri ilə əksinə, bir gün mənim ölmümə nail olacaqlar".

Keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, intihara əl atan və ya atmaq istəyənlər daha çox yeniyetmə gənclərdir. Buna səbəb isə təkcə onların ailələrinin sosial və maddi vəziyyətləri deyil, ailə daxilində onlara qarşı olan biganə münasibətdir.                        

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 2 may.- S.11.