Teror qurbanı olan tələbə müəllimlərlə bağlı anım mərasimi keçirildi

 

Dünən səhər saatlarından başlayaraq Neft Akademiyasının terrorun qurbanı olan müəllim tələbələrilə bağlı anım mərasimi keçirildib. Hadisənin baş verdiyi ərazidə keçirilən anım mərasimində akademiyanın tələbələrilə yanaşı, başqa ali məktəblərin tələbləri, ölkənin gənclər təşkilatlarının təmsilçiləri iştirak etdi. Neft Akademiyası digər universitetlərdə təhsil alan tələbələr Cəfər Cabbarlının heykəli yanından terror törədilən binanın ikinci korpusunun qarşısına qədər yürüş keçirdilər. Onlar aprelin 30-da Neft Akademiyasında baş vermiş qanlı olaya etirazlarını bu yolla bildirdilər.

Yürüşçülərin əlində dövlət bayrağı olub. Polis onları akademiyanın əsas korpusu qarşısında dayandırdı. Polislə tələbələr arasında səssiz yürüşün hadisə baş verən binanın qarşısında bitməsilə bağlı razılıq əldə edildi. Akademiyanın qarşısına gələn tələbələr "terrora yox" kimi şüarlar səsləndiriblər. Polis isə tələbələrin şüar səsləndirməsinin qarşısını alıb və yalnız gül qoyulmasına şərait yaradıldı. Tədbir günün sonuna kimi davam etdi.

Akademiyanın giriş hissəsində, pilləkənlərdə şamlar yandırılıb, qərənfillər düzülüb. Ziyarətdə millət vəkilləri-Zahid Oruc, Həvva Məmmədova, Fuad Muradov, təhsil naziri Misir Mərdanov, nazir müavinləri də qatılmışdı.

Qeyd edək ki, akademiyanın binasını polislər güclü nəzarətə götürüb. Jurnalistlər və kənar şəxslər akademiyanın binasına buraxılmırdı. İçəri daxil olan tələbə və müəllimləri isə polislər ciddi şəkildə yoxlayırdılar.

Anım mərasimində iştirak edən millət vəkili Zahid Oruc jurnalistlərə açıqlamasında bildirdi ki, baş vermiş hadisənin arxasında maraqlı qüvvələrin olduğu istisna deyil. Millət vəkili hüquq mühafizə orqanlarının bu maraqlı qüvvələrlə bağlı araşdırma aparacığına və hadisənin təfərrüatlarının açıqlanacağına ümid etdiyini vurğuladı.

Millət vəkili Fuad Muradov isə belə ağır məqamlarda xalqın vəhdətinin vacibliyini dedi.

Dünən günorta məlum oldu ki, Azərbaycan Dövlət Neft Akademiyasının Dilarə Əliyeva küçəsində yerləşən korpusunda baş verən atışma zamanı yaralanan 10 nəfərdən ikisinin vəziyyəti həddindən artıq ağır kimi qiymətləndirilir. Yaralılardan yeddisi Kliniki Tibbi Mərkəzə, ikisi 4 saylı şəhər klinik xəstəxanasına və daha bir nəfər- Sudan vətəndaşı Seyidəhməd Əmru isə Dəmir Yol Xəstəxanasına yerləşdirilib. Klinik Tibbi Mərkəzə yerləşdirilən 7 yaralıdan 6-sı reanimasiya şöbəsindədir və həkimlərin ciddi nəzarəti altındadırlar. Yaralılardan ikisinin-Kənan İsayev və Rəhman Axundovun vəziyyəti həddindən artıq ağır olduğu bildirilir. Həkimlər digər 4 yaralının vəziyyətini orta ağır olaraq qiymətləndirirlər. Mustafayev Elşən Elbəy oğlu isə xəstəxananın üz-çənə cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanların yanına hələlik heç kim buraxılmır.

4 saylı şəhər xəstəxanasına yerləşdirilən Suriya vətəndaşı Daas Muaviyyə və Zemfira Hüseynlinin vəziyyətləri də orta- ağırdır. Xəstəxanadan "ANS Press"ə verilən məlumata görə, Suriya vətəndaşında həyat göstəriciləri normal olsa da, vəziyyəti nisbətən ağır olan Zemfira Hüseynlinin təzyiqinin bir neçə dəfə qalxıb-düşməsi müşahidə olunub. Ona görə də həmin yaralı ciddi həkim nəzarətindədir. Buna baxmayaraq, Zemfiranın huşunun özündə olduğu və baş vermiş hadisə barədə həkimlərə danışdığı deyilir.

Yaralıların içərisində, ancaq Seyidəhməd Əmrunun vəziyyəti normaldır. Ona görə də həmin gün baş verən hadisənin təfərrüatını ondan öyrənmək mümkün olub. Suriya vətəndaşı bunları deyib: "Biz 5 nəfər idik və küçədə durmuşduq. Birdən 4-5 dəfə silahdan açılan atəş səsləri eşitdik. Səs-küy düşdü. Hərə bir tərəfə qaçırdı. Mən Akademiyanın içinə qaçdım. Bir neçə dəqiqədən sonra qayıdanda gördüm ki, Mustafa Məhəmməd yerdə qan içində oturub. Onu yaralamışdılar. Sonra fikir verdim ki, özüm də yaralanmışam. Bizə atəş açan adamın kim olduğunu bilmədik".

Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları Neft Akademiyasına silahlı hücum edən 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Əsəd oğlu Qədirovun Bakıda yaşadığı Nizami rayonu Çobanzadə küçəsi 65 saylı binada məskunlaşdığı mənzilində cümə axşamı gecə saatlarında axtarış keçirib. Bu haqda cümə günü Trend News-a məlumat verilib.

Qeyd edək ki, Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Daştəpə kəndində müəllim ailəsində anadan olub. Bir qardaşı, bir bacısı var. Atası Daştəpə kəndində Azərbaycan dili müəllimi, anası evdar qadın olub. Fərda Qədirov Rusiyada bizneslə məşğul olurmuş, bir ay əvvəl isə doğulduğu Daştəpə kəndinə gəlib. Məlumatlara görə, o qapalı adam olub, heç kimlə ünsiyyət qurmayıb. Bir qədər kənddə qaldıqdan sonra Bakıya gedib. Kimsə ona Bakıda iş söz verib, amma onu kimin Bakıya dəvət etdiyi hələ də bilinmir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Trend News"a məlumat verib: "Bu gün (dünən-red.) keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Nadir Şirxan oğlu şübhəli şəxs qismində saxlanılıb". Eldar Sultanov bildirib ki, hazırda həmin şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

APA-nın Moskva müxbirinə eksklüziv açıqlama verən Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirovun atası Əsəd Qədirov deyib: "İstintaqa ifadə vermək və təhqiqat işinə yardım göstərmək üçün bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya uçacağam". Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə ümumiyyətlə, heç bir məlumata malik deyil: "Əgər bu mənada nə isə baş veribsə, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm, amma hətta bu mənada da nə isə baş veribsə, məhz aprel ayında olub. Əslində heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı". Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: "Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram". Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır.ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud Azərbaycanın Dövlət Neft Akademiyasında baş verən faciə ilə bağlı ölkəsinin başsağlığını çatdırıb. APA-nın xəbərinə görə, Robert Vud Azərbaycan xalqına, xüsusən faciə zamanı öz yaxınlarını itirənlərin və xəsarət alanların ailələrinə başsağlığı verib: "ABŞ dostu və strateji müttəfiqi olan Azərbaycanla bu ağır anda bir yerdədir". Daha sonra cənab Vud deyib ki, ABŞ-ın Bakıdakı səfirliyi vəziyyəti yaxından izləyir və ən son məlumata görə xəsarət alanlar arasında ABŞ vətəndaşı yoxdur.

Qeyd edək ki, Azərbaycan Neft Akademiyasında baş verən terror aktı Gürcüstan ictimaiyyətini, eyni zamanda dövlət idarə və təşkilatlarında yüksək vəzifədə çalışan soydaşlarımızı da sarsıdıb.

Gürcüstan prezidentinin köməkçisi Mübariz Qarayev, Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, parlamentin azərbaycanlı deputatlarından Azər Süleymanov, Ramin Bayramov, Marneuli bələdiyyəsinin sədri Ayvaz İsmayılov, Marneuli rayon icra başçısının müavini Heydər Musayev, Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi və Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin müəllim və tələbə heyəti hadisədən kədərləndiklərini bildirən açıqlamalar yayıblar.

Dünən telekanallar da öz proqramlarında məcburi dəyişiklik ediblər. Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova "Media forum"a bildirib ki, mayın 1-i səhər proqramı bütünlüklə akademiyadakı faciəyə həsr olunub. Onun sözlərinə görə, gün ərzində kanalda yalnız ağır musiqilər səsləndiriləcək: "AzTV-də ümumiyyətlə, şou xarakterli veriliş olmur. Musiqili-əyləncəli verilişlər də bu gün efirə verilməyəcək".

İctimai Televiziya və Radio Yayım Şirkətinin koordinasiya və proqram direktoru Rafiq Nəbiyev deyib ki, onlar hətta yaxın üç-dörd günün proqramını dəyişiblər: "Dəyişiklik aprelin 30-dan olub. Hətta yayımı əvvəlcədən nəzərdə tutulan filmlərin xarakterinə də baxılıb və uyğun olmayan filmlər proqramdan çıxarılıb". Direktor onu da qeyd edib ki, mayın 1-də "TRT-Avaz"ın yayımı zamanı da ümumi ovqata uyğun verilişin hazırlanması xahiş edilib: "Aprelin 30-da "TRT-Avaz"ın redaksiyasıyla əlaqə saxladıq və Azərbaycanda baş vermiş qanlı olayın, xalqın əhvalının nəzərə alınmasını bildirdik. Ricamız nəzərə alınmışdı".

"Spase" teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyevin bildirdiyinə görə, onlar aprelin 30-da verilişlərdə dəyişiklik ediblər: "Əgər Milli Teleradio Şurasından yenə dəyişiklik olunmasıyla bağlı göstəriş gəlsə, bunu da dəyərləndirərik. Amma elə bir tapşırıq almamışıq. Axşama bir əyləncəli verilişimiz var, onun yayımlanıb-yayımlanmayacağı barədə nəsə deyə bilmərəm".

"Azad Azərbaycan" teleşirkətinin vitse-prezidenti Natiq İbrahimov deyib ki, onlar həm televiziyada, həm də radioda yayımlanan verilişlərdə dəyişiklik ediblər: "Hazırda radiolarda lirik mahnılar səsləndirilir. Televiziyadan isə bütün əyləncəli verilişləri yığışdırmışıq və onların yerinə sənədli filmlər daxil olunub. Proqrama aprelin 30-dan dəyişiklik etmişik".

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, qurum ölkədə yayımlanan bütün teleşirkətlərə proqramlarında dəyişiklik etmək barədə tövsiyəsini çatdırıb: "Tövsiyə etdik ki, qanlı olayla bağlı müəyyən qədər əyləncə xarakterli verilişləri azaltsınlar".

ANS teleşirkəti də aprelin 30-dan proqramında dəyişiklik həyata keçirib, əyləncəli proqramların yayımı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu proqramların siyahısında "Yallı", "Qonaqlıq", "Qatıq", "Gecə", "Çatlama" kimi verilişlər var. Eyni zamanda dünən saat 22:00-da premyerası nəzərdə tutulan "Söz qalası" meyxana şousunun ilk yayımı may ayının 9-u saat 22:00-dək təxirə salınıb. Bakıda yerli və xarici kanalları kabel televiziyası vasitəsilə yayımlayan "KaTV" musiqili kanalların yayımını dayandırıb.

 

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 2 may.- S.7.