Terror, yoxsa
qanlı cinayət...
Mütəllim Rəhimli: "İlkin təəssüratlarıma
görə, Neft Akademiyasında baş verən olay terror
aktıdır"
Hikmət Hacızadə: "Daha çox terror
olayına oxşayır"
Mikayıl Rəhimli: "Bu hadisəni törətmiş
şəxs, yaxud şəxslər uzun müddət hazırlaşıblar"
Azərbaycan Dövlət
Neft Akademiyasının binasında baş verən dəhşətli
qətl bir çox suallar yaradıb. 13 nəfərin
ölümü, 10 nəfərin yaralanması ilə sonuclanan
olay siyasi qətl, yoxsa qanlı cinayətdir? Bu suala cavab tapmaq
üçün siyasilərin təəssüratlarını
öyrəndik.
Ədalət
Partiyası sədrinin müavini Mütəllim Rəhimli deyir
ki, məsələylə bağlı rəsmi orqanlar cəmiyyətə
kifayət qədər açıqlama vermir. Bu da bir çox
hallarda şayələrin yayılmasına səbəb olur.
Onun sözlərinə görə, əldə olunan məlumatlar
və şəxsi müşahidələr göstərir ki,
bu, çox sadə məsələ deyil, kifayət qədər
mürəkkəbdir.
"İlkin təəssüratlarıma
görə, bu, terror aktıdır. Terror aktının törədilməsində
də məqsəd təkcə ali məktəbə gəlib,
tələbələri öldürməkdən ibarət
olmayıb. Fikrimcə, bunun arxasında çox ciddi məqsədlər
dayanır. Ancaq mənim üçün bu məqsədlər
qaranlıqdır. Düzdür, açıqlanan məlumatlarda
deyilir ki, hadisəni törədən şəxs
Gürcüstan vətəndaşıdır, Rusiyada
yaşayıb, Rusiyadan Azərbaycana gələrək bu hadisəni
törədib. Amma hesab edirəm ki, bu məlumatlar da nəticə
çıxarmaq üçün yetərli deyil. Bu, müəyyən
məsələləri ört-basdır etməyə hesablana
bilər". Mütəllim Rəhimli hesab edir ki, hadisə
ciddi şəkildə araşdırılmalıdır: "Əməliyyat
işçiləri daha yaxşı bilər, amma mənim zənnimcə,
qətlləri törədən Fərda Qədirov tək
olmayıb. Görünür ki, bu hadisə qrup şəklində
həyata keçirilib. Ola bilsin ki, atəş açan bir nəfərdir.
Məsələnin çox ciddi tədqiqata ehtiyacı var. Bu
hadisənin arxasında gizli məqsədlər dayanır. Məsələn,
kimlərəsə, hansısa qurumlara təzyiq məqsədi
daşıya bilər".
Sabiq səfir Hikmət
Hacızadə dedi ki, baş verən hadisədən
sarsıntı keçirir, xalqımız böyük faciədir.
O düşünür ki, belə hadisəni ya psixi xəstə
törədə, ya da bu, hansısa mərkəzlərin
planlaşdırdığı terror aktı ola bilər:
"Fərda Qədirov psixi xəstəyə də
oxşayırdı. Dünyada belə psixi xəstələrin
törətdikləri qətlləri tez-tez eşidirik. Bu,
2009-cu ildə dünyada törədilən
üçüncü belə hadisədir, Almaniyada, ABŞ-da
da oxşar faciə baş verib. Azərbaycanda törədilən
bu hadisə daha çox terror olayına oxşayır. Terror
aktı kiminsə tapşırığıyla böyük
bir planın tərkib hissəsi olaraq icra edilir. Bunu da üzə
çıxarmaq üçün gərək istintaq
aparılsın, əsaslar müəyyənləşdirilsin".
BAXCP Ali Məclisinin sədri
Mikayıl Rəhimli baş verən olayı hansısa təsadüfün
nəticəsi saymır. O hesab edir ki, bu hadisəni törətmiş
şəxs, yaxud şəxslər uzun müddət
hazırlaşıblar. Onların niyyətlərinin nədən
ibarət olduğunu bu gün demək çox çətindir.
Mikayıl Rəhimli inanır ki, hüquq-mühafizə
orqanları tezliklə bu məsələyə aydınlıq
gətirəcək, hadisənin nədən baş verdiyini,
kimlərin maraqlarına xidmət etdiyini müəyyənləşdirəcəklər:
"Azərbaycan övladlarına qarşı belə qəsdi
həyata keçirmək vəhşilikdir, insanlığa
yaraşmır. Bu günkü tablo baş verən sadəcə,
bir vəhşilik olduğunu göstərir, bir nəfərin
vəhşi ehtiraslarının nəticəsi kimi görsənir.
Heç bir ciddi motiv, səbəb ortada yoxdur. Hadisəyə
heç bir mülahizə ilə aydınlıq gətirmək
mümkün deyil. Məsələni araşdırmaq, qatilin əlaqələrini
öyrənmək lazımdır. İnsanlığa belə
nifrət Fərda Qədirovda necə, haradan qaynaqlanıb? Ayrı-ayrı
vaxtlarda müxtəlif ölkələrdə belə hadisələr
olub. İzahları tapılıb, təsadüflər də
olub. Bu məsələ də sona qədər
araşdırılmalıdır. Heç bir halda
düşünmək olmaz ki, bu, bir təsadüfdür. İnsan
buna uzun müddət hazırlaşıb, silah, patron əldə
edib, sonra da vəhşicəsinə qətllər törədib".
Mikayıl Rəhimli dedi ki, sıradan bir insan ali məktəbin
tədris korpusuna daxil olub və belə dəhşətli qətllər
törədib: "Məsələ dərindən
araşdırılmalı və qanlı olayın nədənləri
müəyyənləşməlidir. Əgər hadisənin
başqa iştirakçıları, təhrikçiləri,
yönəldiciləri varsa, tezliklə üzə
çıxarılmalıdır. Belə hadisələrin
Allah etməsin, bir daha təkrarlanmaması üçün
ciddi tədbirlər görülməlidir. Mən də
dünyasını dəyişən bütün insanların
ailələrinə başsağlığı verirəm,
yaralananlara tezliklə sağalmağı arzulayıram". Ali
Məclis sədri hesab edir ki, hadisədən ciddi nəticə
çıxarılmalı, hüquq-mühafizə orqanları
tədris müəssisələrinin mühafizəsini
gücləndirməlidirlər: "Belə şübhəli
insanlar auditoriyalara qədər yol tapa bidirlərsə, deməli,
bu sahədə ciddi problemlər var, Təhsil Nazirliyi,
hüquq-mühafizə orqanları önləyici tədbirlər
görməlidirlər".
Ramiz Mikayıloğlu
Xalq cəbhəsi.- 2009.- 2 may.- S.6.