Uluslararası türk dili ədəbiyyatı simpoziumu

 

Azərbaycan alimləri Türkiyədə elmi tədbirdə iştirak ediblər

 

Bu günlərdə AMEA Folklor İnstitutunun əməkdaşları Seyfəddin Rzasoy və Rövşən Əlizadə Türkiyədə keçirilən "Uluslararası türk dili və ədəbiyyatı simpoziumu"nda iştirak ediblər. Türkiyənin divan ədəbiyyatının tanınmış nümayəndəsi Nəcatinin ölümünün 500 illiyinə həsr edilmiş tədbirdə çıxış edən alimlərimizin çıxışları böyük maraqla dinlənilib. Mifologiya şöbəsinin müdiri, tanınmış mifoloq-alim Seyfəddin Rzasoy "Türk kosmopoetik düşüncə ilgiləri və Necati poeziyası" adlı çıxışında qeyd edib ki, türk etnosunun fiziki və mənəvi kamilliyi onun mədəniyyət gəlişməsinin təməlində duraraq türk şeirini etnosun özünü ifadəsinin ən kamil kodlarından birinə çevirib. Bu səbəbdən Necati şeirinin məzmun və biçim mükəmməlliyi ilk növbədə onun təmsil olunduğu türk kosmopoetik düşüncə kodunun kamilliyi ilə şərtlənir: "Necati peziyası özünün məzmun və biçim göstəriciləri ilə mükəmməl hadisədir. Bu kamillik bir neçə faktorla şərtlənir: Necatiyə bəxş olunan ilahi istedad, türk poetik dil yaddaşının daşıyıcısı olması və s. Necati divan şairi kimi türkdilli əruz şeirinin nümayəndəsidir. Türk dili dünya mədəniyyətində sadəcə, linqvistik hadisə deyil.

Türk dili ümumdünya mədəniyyətinin kamil poetik kodlarından birini şərtləndirir. Necati şeirinin məzmun və forma kamilliyinin bir qaynağı əruz vəznində yaşayan gələnəkdirsə, başqa bir qaynağı türk etnosunun dil yaddaşıdır. Türk dili bədii təsvir və ifadə vasitələri bütün kamilliyi ilə Necati şeirində gerçəkləşmiş əruz vəzninə kodlaşıb".

R.Əlizadə isə bu qənaətdədir ki, 15-ci yüzil türk şeirinin görkəmli nümayəndəsi Necatidən bizə yadigar qalan divan təkcə bir şairin yox, bütövlükdə türk poetik düşüncəsinin tükənməz və tayı olmayan söz xəzinəsidir: "Necatinin poetik dühası ona əruz şeirinin zirvəsinə qalxmağa imkan verib. O da bu ilahi tale fürsətindən yararlanaraq türk ədəbi düşüncə kodunun, gerçəkliyə türkün gözləri ilə baxmanın nə olduğunu dünyaya sübut edib. Bu cəhət onun elmin diqqət mərkəzində qalmasının başlıca metodoloji nöqtəsidir. Nəcati şeirinin böyüklüyünün başlıca qaynaqlarından birini poetik gələnəklər təşkil edir. Bura bir tərəfdən əruz şeiri gələnəyi, digər tərəfdən də heca şeiri gələnəyi daxildir. Folklor etnik yaddaşdır. Necati şeirinin başlıca qaynaqlarından biri məhz folklor yaddaşıdır. Onun divanında paremioloji nitq formulları (atalar sözləri, zərb-məsəllər, dua-alqışlar, və s. deyim vahidləri), habelə türk folklor xarakterlərinə aid (bura türk mifologiyası ilə bağlı xarakterlər də aiddir) folklor təsvir və ifadə vasitələrinə geniş şəkildə rast gəlmək olur".

Simpoziumun təşkilatçısı Gəncay Zavodçu Necatinin ömrü, yaradıcılığı barədə yazır: "Əsl adı İsa olan və Lətifi Təzkirəsindəki "Abdullah oğludur" ifadəsindən soraq aldığımız Nəcati Ədirnəlidir. Bəzi qaynaqlarda onun Kastanomulu olması, burada xəttatlıqla məşğulluğu, şöhrətinin buradan Osmanlının hər yerinə yayılması vurğulanır. Fateh Sultan Mehmet və 2-ci Bəyazid dönəmində yaşamış şair Necatinin doğum tarixi dəqiq olaraq bilinmir.

Mənbələrin verdiyi bilgilərə görə Nəcati Ədirnədə yaşlı bir qadın tərəfindən övladlığa götürülüb, onun səyi nəticəsində Saili adlı bir şairin diqqətini çəkərək şair kimi yetişdirilib. Əhməd Paşanın şairlər sultanı sayıldığı illərdə şair Nəcati onun məclislərində iştirak etmək məqamına qədər yüksəlib. Paşa və onun şair dostları Nəcatini gözəl rədifli qəzəllər şairi kimi tanımışlar. Şair Nəcatinin şeirləri Fatih Sultan Mehmet tərəfindən də bəyənilib. Necati divan katibliyi görəviylə İstanbula dəvət edilib, saray çevrəsində tanınmış bir şair olaraq kifayət qədər yüksək diqqət görüb. O, Fatihin ölümündən sonra Sultan 2-ci Bəyazid tərəfindən də himayəyə alınıb. Sonrakı dönəmdə Necati Karamanda Şahzadə Abdullahın yanında divan katibliyi, onun ölümündən sonra Manisada Şahzadə Mahmudun yanında nişançılıq görəvlərində çalışıb. Şahzadə Mahmudun ölümündən sonra İstanbula dönən Necati artıq bu dönəmdən sonra rəsmi bir görəv almayıb. Ömrünün son günlərini ona kəsilən min ağça təqaüdlə başa vurub. Necati 1509-cu ildə (hicri 914-cü ildə) İstanbulda vəfat edib, evinin yanında torpağa gömülüb".

Necatinin sənətkarlıq keyfiyyətləri haqqında danışan G.Zavodçu yazır: "Necati dil və söz sənətini usta ifadə edən şairdir. O, öz şeirlərində türkcə deyimlərə və atalar sözlərinə geniş yer verib. Necatinin düşüncələrində xalqa məlum olan söz və ifadələrdən istifadə etməsi onun türkcəyə və türk mədəniyyətinə olan bağlılığının daha bir göstəricisidir. Qəsidə, nəzm, qitə, rübai kimi fərqli şeir şəkilləri hələ şeir söyləməsinə rəğmən, dövrünə görə sadə bir dillə söylədiyi aşiqanə qəzəllər onun gözəl qəzəl şairi olaraq tanınmasına səbəb olub. Şeirləriylə Füzuli, Baki, Hedimə təsir edib. Çeşidli nəzm şəkilləriylə yazdığı şeirləri içərisində rədifli qəzəlləri çox bəyənilib, sağlığında və ölümündən sonra divan şairləri tərəfindən bu qəzəllərə xeyi nəzirə yazılıb. Divanında 26 qəsidə, 2 tərkibbənd, 3 nəzmli mərsiyə, 2 qısa məsnəvi, qitə, müfrəd və mətlələrdən ibarət 99 şeir, 650 qəzəl var".                   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 5 may.- S.14.