"Güney Azərbaycanda ana dilimizdə çıxan nəşrlərə qarşı təzyiqlər var"

 

Əli Süleymani: "Çox az sayda anadilli nəşrlər var ki, onlar ardıcıl olaraq çap olunur"

 

Ötən yüzilin 70-ci illərinin sonlarında, yəni 30 il əvvəl İranda baş vermiş İslam inqilabından sonra bu ölkədə yaşayan xalqlara öz dillərində qəzet-jurnal çıxarmaq, kitablar çap etdirmək, fikirlərini qismən azad ifadə etmək imkanları yarandı. Lakin İranda yaşayan xalqlara edilən bu və ya digər güzəştlərə 1981-ci ildən sonra demək olar, son qoyuldu. Fikir azadılığını hər şeydən üstün tutan yaradıcı insanlara, o cümlədən jurnalistlərə, yazıçılara, şairlərə qarşı kütləvi həbslər başlandı, onların hətta edamı həyata keçirildi.

BAXCP sədrinin müşaviri Əli Süleymani həmin hadisələrin canlı şahidi olaraq molla rejiminin İranda sayca ən böyük xalq olan Azərbaycan türklərinə qarşı hələ o dövrdən həyata keçirdiyi represiyaların mahiyyətcə azad fikri, düşüncəni məqsədli şəkildə boğmağa yönəltdiyini bildirir: "1981-ci ildə molla rejimi azərbaycanlılara qarşı hücuma keçdi. Azərbaycan Şairlər Cəmiyyətinin binası vəhşicəsinə dağıdıldı, kitablar yandırıldı. Cəmiyyətin rəhbəri Yəhya Şeyda ağır yaralandı, ağır yaralı halda bir neçə nəfərlə həbs edildi. Azərbaycan tarixinə dair çoxlu araşdırmaların, kitabların müəllifi Rəhim Rəisniya təqaüdə çıxmasına üç ay qalmış işdən çıxarıldı, həbs edildi. Tanınmış Azərbaycan yazıçılarından biri, Səməd Behrənginin dostu Bəhruz Dehqaninin bacısı Ruhəngiz Dehqani ağır işgəncələrdən sonra edam edildi". Bütün bunlar İrandakı İslam inqilabından bir neçə il sonra soydaşlarımıza qarşı həyata keçirilən repressiyalardan balaca bir soraqdır.

Ə.Süleymani İran İslam İnqilabının ilk illərində fəaliyyət göstərən Azərbaycan dilli mətbu nəşrlərdən söz açır: "Bu dövrdə çoxlu sayda kitablar, qəzetlər, jurnallar işıq üzü gördü. O cümlədən, "Dədə Qorqud", "Yoldaş", "Varlıq", "Günəş" və başqa jurnallar nəşrə başladı. Doktor Cavad Heyət, doktor Hüseyn Düzgün, Əkbər Azad, Aqşin Ağkəmərli, Əli Təbrizi və başqalları bu sahədə çox işlər gördülər. Lakin az sonra Azərbaycan türkcəsində olan mətbuatın üzərinə edilən hücumlar, qadağalar artdı, təxminən 10 il ərzində demək olar, Azərbaycan türkcəsində nəşrlər İranda işıq üzü görmədi. "Varlıq" dərgisi istisna olaraq Cavad Heyətin sayəsində fasiləsiz çıxa bildi. Həmin müddətdə həmçinin İranın birbaşa nəzarətində olan Azərbaycan türkcəsində "Keyhan türkcəsi", həftəlik "Səhənd" qəzetləri çıxırdı. Bu dövrdə dövlət nəzarətində olan, lakin qoyulmuş prinsiplərə qətiyyən sığmayan "Yol" dərgisi milli çaları ilə geniş oxucu kütləsinin diqqətini cəlb etdiyinə görə çox keçmədi bağlandı".

SSRİ-nin dağılması İranda da azadfikirliyin yaranmasını qaçılmaz etdi. Artıq ötən yüzilin 90-cı illərindən başlayaraq Azərbaycanın Güneyində milli ruhu ifadə edən, azadlıq ideyalarını başı üzərinə bayraq kimi qaldıran mətbu nəşrlər meydana çıxdı. "Şəms-Təbriz", "Ümidi-Zəncan", "Araz", "Vəravi" (Meşkinin qədim adıdır) və başqa qəzet-jurnallar bu qəbildən idi. İctimai fikrə, güneyli soydaşlarımızın ağlına, ruhuna təsiretmə baxımından "Şəms -Təbriz", "Ümidi-Zəncan" dərgilərinin oynadığı rol xüsusi olmuşdu. İran rejimi bu nəşrləri bağlamaq üçün əlindən gələni etdi, nəhayət, 1998-ci ildə "Ümidi-Zəncan", 2000-ci ildə isə "Şəms-Təbriz" bağlandı. Ə.Süleymani deyir ki, "Ümidi-Zəncan"ın təsisçisi və baş redaktoru, həmçinin Güneydəki Milli Azadlıq Hərəkatında xüsusi xidmətləri olan Əhməd Həkimpur 12 il ərzində İran parlamentində Zəncanı deputat olaraq təmsil edib. İctimai nüfuzuna görə İran dövləti onu həbs edə bilmədi. "Şəms-Təbriz"in baş redaktoru Əli Hamidiman isə dərgisi bağlanandan az sonra 1 il həbsdə qaldı, həmçinin 50 şallaqla cəzalandırıldı. Sonra yenə də həbs edildi".

Ötən illərdə İranda Azərbaycan Türkcəsində çıxan nəşrlərin əksəriyyəti maddi çətinliklərə salınıb, siyasi təzyiqlərə məruz qalıblar. Ə.Süleymani bildirir ki, ötən onillərdə Azərbaycan Türkcəsində çıxan dərgilərin çoxunun bir neçə sayı belə ardıcıl işıq üzü görə bilməyib: "Çağdaş dönəmdə də Güney Azərbaycanda ana dilimizdə çıxan mətbu orqanlara qarşı təzyiqlər var. Ana dilimizdə işıq üzü görən nəşrlərin əksəriyyəti universitetlərdə çıxan tələbə dərgiləridir.
Xatəmi dövründə Güney Azərbaycanda ana dilimizdə 800-ə yaxın dərgi buraxılırdı. Bunun 600-ə yaxını Əhmədinecadın vaxtında bağlanıldı. Bu dərgilərin də bir qismi təzyiqlərin ucbatından gah çıxır, gah da çıxmır. Çox az sayda anadilli nəşrlər var ki, onlar ardıcıl olaraq nəşr olunurlar. Bunların müəyyən qismi hakimiyyətə bağlı nəşrlərdir. Məsələn, "Fəcri Azərbaycan" Təbrizin baş prokurorunun himayəsində olan qəzetdir. "Heydərbaba" İrşad İdarəsinin himayəsindədir. Bu cür qəzetlər əsasən Güney Azərbaycanın ictimai-siyasi həyatından hakimiyyətin xeyrinə yazırlar. Digər ardıcıl çap olunan tip qəzetlər isə hakimiyyətə münasibətdə yumşaq mövqe tuturlar. Məsələn, Ərdəbildə nəşr olunan "Araz" qəzeti və Urmiyədə çıxan "Həvidi Azərbaycan" ("Azərbaycanın Müjdəsi") bu qəbildəndir. Üçüncü qrup qəzetlər isə siyasi fikirlər daşıyıcısı olub, Güney Azərbaycan Milli Hərəkatınının təbliğatçısı sayılırlar. "Azəri qadını" dərgisi Təbrizdə çıxır, bağlanmış "Şəms Təbriz" qəzetinin baş redaktoru Əlihamid İman tərəfindən nəşr olunur. Tehranda "Öyrənci" dərgisi Azərbaycan Türk tələbələrinin orqanı sayılır. İranın hər tərəfində bu iki nəşr yayılır. Doktor Hüseyn Soltani tərəfindən nəşr olunan dərgi Azərbaycan Milli Hərəkatının öncül carçılarından sayılır. Burada Milli Hərəkatın tarixindən silsilə yazılar çap olunur. Bu nəşrlər aylıqdır, hər birinin tirajı təxminən 5 mindir. Nəşrlər sürətlə satılır, habelə Avropaya, Amerikaya da göndərilir. Yeni nəşrə başlayan "Yaşmaq" dərgisi də milli dərdlərimizdən yazır. Vaxtilə qapadılmış bu dərgi yenidən fəaliyyətə başlayıb. Baş redaktoru Səid Muğanlıdır. Çağdaş dönəmdə Güneydə mübariz ruhlu şeirlər yenə də yaranmaqdadır. Bu şeirlər də həmin dərgilərdə çıxır. Habelə Süleyman Rüstəmin, Məmməd Rahimin, Mədinə Gülgünün, Balaş Azəroğlunun, Bəxtiyar Vahabzadənin şeirləri bu dərgilərdə ardıcıl çap olunur".

Əli Sülemani deyir ki, Güney Azərbaycanda hazırda anadilli mübariz əhval-ruhiyyəli poeziyanın gənc imzalarından Səid Muğanlının, Atilla Kişizadənin, Məhəmmədrza Livainin, Nigar Xiyavinin və başqalarının adını çəkmək olar. Doktor Cavad Heyətin "Varlıq" dərgisi neçə illərdir ki, ardıcıl olaraq çıxır. Bu dərgi elmi-tarixi yöndə çıxır, əsasən dilimizin, ədəbiyyatımızın problemləri mövzusunda maraqlı yazılar çap edir. Dərgi ana dilimizin, milli ruhumuzun araşdırılması, yaşadılması baxımından böyük rol oynayıb, bundan sonra da əhəmiyyətli rolunu oynayacaq.

Millətin əzmini qırmaq üçün tarixən hakimiyyətlər ilk növbədə onun dilinə mümkün qədər zərbə vurublar. Amma tarix boyunca türklərin hakimiyyətləri dövründə bu və ya digər millətin dilinin assimilyasiya olunmasına rast gəlinməyib. İranda məqsədli şəkildə türk ruhu ilə bağlı bütün tarixi yer adları, yaşayış məskənləri, coğrafi adlar mərhələ-mərhələ farslaşdırılıb, habelə sonradan bu yöndə xüsusi kitablar yazılıb: "İran hakimiyyəti antitürkçülük əhvalının daha güclü inkişafına nail olmaq üçün əslən türk olan şəxslərdən məharətlə istifadə etdi. Belələrindən biri tarixçi Əhməd Kəsrəvidir. O, "Zəbani-Baastani- Azərbaycan" ("Azərbaycanın əski dili") adlı kitab yazaraq "sübut etməyə" çalışdı ki, guya Azərbaycan Türkcəsinin kökü fars dilidir. Və digər bir "kəşfi" də o oldu ki, guya Güney Azərbaycanda yaşayan Oğuz türklərinin dili sən demə, moğolların dilidir. Guya monqolların hücumu zamanı bu dilin indiki Azərbaycan ərazisində işlədilməsinə başlanılıb".

Bu gün Azərbaycan türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran hökuməti əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, bu isə faktiki olaraq Azərbaycan türkcəsinin elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaradır. Əksinə, İran hakimiyyəti Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayının artırılmasına çalışır ki, Azərbaycan türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.                        

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 6 may.- S.14.