Şuşasız 17 il
Mayın 8-də işğal tarixlərimizdən birini yaşayacağıq. On yeddi il bundan öncə Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər güşəsi olan Şuşanı işğala məruz qoydular. Düşmən ordusunun Şuşaya hücum planı 1992-ci il martın 21-nə planlaşdırılsa da, Xankəndindəki ermənilərin təhlükəsizliyi təmin olunmadığından əməliyyat təxirə salınır. Ya aprelin 24-ü-ermənilərin qondarma soyqırımı günü, ya da uzağı 9 may - faşizm üzərində qələbə günü Ermənistan Silahlı qüvvələri genişmiqyaslı hücuma keçməliydilər.
Həmin vaxt ərazidə
artıq könüllü özünümüdafiə
batalyonları formalaşmışdı: Ramiz Qəmbərov,
kərkicahanlı İslam və Fəxrəddin Səfərovun
dəstəsində ümumilikdə 500-ə yaxın
könüllü vuruşurdu. Əsas müdafiə mövqelərindən
birində Müdafiə Nazirliyinin bir briqadası (komandir Elbrus
Orucov-red.) və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov-red.)
dayanmışdı. Şuşa şəhərində 23 min əhalidən
cəmi 8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi.
Şuşa-Laçın qarnizonun komandiri Elbrus Orucov təyin
olunsa da, komandirlərin onunla hesablaşmadığı barədə
hətta müdafiə naziri Rəhim Qazıyevə gileylənmişdi
də. Eyni vaxtda Tehranda Ermənistan prezidenti Levon Ter-Petrosyan və
Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən
Yaqub Məmmədov, İran prezidenti Haşimi Rəfsancaninin
vasitəçiliyilə atəşkəs haqda ilkin
razılığa gəlinsə də, vəziyyət Ermənistanın
xeyrinə doğru dəyişməyə başlayır.
"Svadba v qorax"
Ermənistan silahlı
qüvvələri 7-8 gün ərzində bütün
gücünü səfərbər edərək,
Şuşaya "Svadba v qorax" adlı hücum planı
hazırlayır. Həmin plana görə, ermənilər ən
peşəkar zabitlərin rəhbərliyi altında mayın
8-də Şuşa üzərinə 11 minlik qoşunla
hücum edəcəkdi. Azərbaycan silahlı qüvvələri
isə atəşkəsin uzunmüddətli olacağına
arxayınlaşıb, hərbçiləri kütləvi
halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər
hərbçidən yeddi yüzü qalır.
Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin
Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat
vardı. Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli
texnikanın ATƏT nümayəndələrinin gözlənilən
səfərindən gizlədilməsi üçün
müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu
əmr, demək olar ki, ərazidə olan texnikanın məhvi
ilə nəticələnir. Şuşada son döyüşə
cəmi 1 tank və 1 PDM qalmışdı.
Mayın 7-sindən 8-nə
keçən gecə saat 2:20-də Ermənistan ordusu 11 minlik
qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan
deyilən yerdən, Daşaltı, Qaybalı yolu,
Şüşikənd istiqaməti və Hacıtalasından
hücuma keçdilər. Təkcə "Zastava" deyilən
posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi
qalxmışdı. Səhər saat 7-yə yaxın əsas
istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən
biri - Kirs dağında Ermənistanın artilleriya briqadası
oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına
düzülmüş topların atəşinə məruz
qaldı. Ağır döyüşlər mayın 8-i
axşam saat 21:00-a qədər getdi. Şuşa həbsxanasında
və "aşağı zapravka"da 777-ci əlahiddə
alay böyük itki verdi. Bu döyüşdə alayın 132
əsgərindən yüzü həlak oldu.
Könüllü batalyonların döyüşçülərindən
və Şuşa sakinlərindən də 200-dən çox
adam həlak oldu və ya itkin düşdü. Şuşa
uğrunda gedən döyüşlər zamanı bir insident də
diqqəti çəkir. Yəni axşam saat 20:00-da
Ağdamdan qalxan helikopter (Azərbaycan Silahlı Qüvvələrinə
məxsus idi-red.) Azərbaycanın mövqelərini bombardman
edir. Sonradan bunu səhv olaraq qələmə verdilər. Axşam
saat 21:00-a yaxın Şuşada 2 "QRAD" qurğusu, 1
tank və 1 PDM, 30-40 döyüşçü
qalmışdı. Ermənilər isə
"aşağı zapravka" kimi tanınan yeri artıq
götürmüşdülər. Xəlfəli, Qaybalı və
Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan
qoşunun Şuşa şəhərini tərk etməsi barədə
şəxsən əmr verir. Hətta şəhərdən
çıxmaq istəməyən könüllü
döyüşçülərdən bəzilərini əmr
yerinə yetirilməsə, güllələməklə hədələyirlər.
Beləliklə, qoşun Turşsuya çəkilir. Mayın
8-də şəhərin müdafiəsi üçün
Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin
komandiri Rövşən Cavadovu və onun dəstəsini də
Zarıslı kəndində qarşılayıb
"Şuşa artıq işğal olunub, geri
qayıdın" deyirlər.
Tələ, yoxsa reallıq...
Sonralar tutulan
radiodanışıqlardan məlum olub ki, Ermənistan qüvvələri
Azərbaycan ordusunun şəhərdən
çıxmasını tələ hesab edərək 1
gün kəşfiyyat aparırlar. Ermənilər yalnız
mayın 9-da axşam Şuşada arxayınlıqla mövqe
tuturlar. Erməni hərbçiləri heç bir maneəyə
rast gəlmədikləri üçün təəccüblənirlər.
Əslində Xankəndindən Şuşaya gələn yol
minalanmalı idi. O vaxtkı müdafiə naziri Rəhim
Qazıyev yolların minalandığını desə də,
ancaq minalar işə düşməmiş və Ermənistan
ordusu heç bir itki vermədən Şuşaya yerimişdi. Başqa
bir maraqlı fakt, "Əmanət bankı"nın
Şuşa filialının rəhbərinin həmin ərəfədə
öldürülməsi və təxminən 15 milyon rublun (o
zamanın kursu ilə təxminən 10 milyon dollar)
oğurlanması idi. Belə ki, inkassator maşını
Şuşa şəhərini tərk edərkən Əmanət
bankın Şuşa filialının rəhbəri yolda
başından balta ilə qətlə yetirilib və inkassator
maşınını bundan sonra Şuşa şəhər
icra hakimiyyətinin keçmiş başçısı
Nizami Bəhmənov və Şuşa polis şöbəsinin
rəis müavini Eldəniz Quliyev Tərtərə qədər
müşayiət ediblər. 1994-cü ildə Eldəniz
Quliyev Zaqatalada güllələndi. Belə maraqlı bir izahat
verdilər ki, əslində həmin vaxt Şuşa camaatı
üçün göndərilən yardım
(adambaşına 500 rubl-red.) yoxa çıxıb, yəni
bankdakı 15 milyon rubl elə orada qalıb. Qeyd edək ki, bu
faktla bağlı Şuşanın işğalına dair
qurulan məhkəmədə heç bir araşdırma
aparılmadı. Mayın 8-dən 11-nədək müdafiə
naziri Rəhim Qazıyev silah-sursat almaq üçün
Moskvada - Rusiyanın müdafiə naziri Pavel Qraçovla
danışıqlar aparırdı. Bu danışıqlardan
sonra Qraçov, Rusiya hərbi bazalarından Azərbaycan
Silahlı Qüvvələrinə 10 ədəd tank və 10 ədəd
PDM ayrılması barədə göstəriş verir. Amma
zirehli texnika Zəngilan-Qubadlı yoluna çatanda qoşundan əsər-əlamət
yox idi. Rəhim Qazıyev deyir ki, qərargah rəisinin
müavini polkovnik Səfər Əbiyev karvanı buraxıb ərazini
tərk etmişdi. Şuşadan çıxan qoşundan qalan
hərbçilər Turşsuda düşüb gözləmə
mövqeyi tutmuşdular. Əsgərlərdən qumbaraatanlar və
avtomatların nişangahları
yığılmışdı.
Viran qoyulan tariximiz
Şəhərdə azərbaycanlılara
məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan
edilib, məşhur Üzeyir bəyin, Natəvanın və
Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal
nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət
abidələri də düşmən tərəfindən
talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası,
Şuşa qalası da daxil olmaqla butövlükdə 279 dini,
tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana
məxsus olan bir çox abidənin məhv edilməsinə və
ya onların erməniləşdirilməsinə nail olublar. Yeddi
7 məktəbəqədər uşaq müəssisəsi, 22
ümumtəhsil məktəbi, mədəni-maArif, kənd təssərüfatı
texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2
kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb.
Hazırda ermənilər Şuşanın görkəmini dəyişməyə
hazırlaşır. Bu məqsədlə baş plan da
hazırlanıb. Əhalisinin 90 faizdən çoxunu azərbaycanlıların
təşkil etdiyi Şuşanın ələ keçirilməsilə
Dağılq Qarabağın işğalı başa
çatdırılıb. Bununla ermənilər bölgənin
Azərbaycandan faktiki qoparılmasına nail olublar.
Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin
bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi
idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər
günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər
yaralanıb, 22 min nəfər öz yurdundan didərgin
düşüb. Əsir götürülmüş 68
soydaşımızın taleyi barədə bu günə qədər
məlumat yoxdur.
İşğaldan sonra "qələbə"
Mayın 8-də
Şuşanın işğal gününü, mayın 9-da
isə faşizm üzərində qələbə
bayramını qeyd edirik. Cəmi bir gündən sonra,
heç nə olmayıbmış kimi qələbədən
danışıb öyünürük. Ermənilər də
həmin günü qələbə bayramı olaraq qeyd edirlər.
Ancaq faşizm üzərində deyil, özlərinin ifadələrilə
desək "Şuşa şəhərini azərbaycanlılardan
azad etdik" söyləyib bayram şənlikləri
keçirirlər. İnformasiya agentliklərindən verilən
məlumata görə, bu il də ermənilər mayın 9-da
Şuşada qələbə gününün dadını
çıxarıb, bütün dünyaya göstərəcəklər
ki, Şuşa şəhəri onlara məxsusdur. Bu tədbirə
Ermənistan prezidenti Serj Sərkisyanın qatılacağı
da bildirilir. Görəsən daha neçə il bu mənəviyatsızlığa
dözüb, ermənilərin Şuşada atəşfəşanlıq
keçirməsinə seyrçi qalacağıq?
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 6 may.- S.9.