Terror mahiyyətcə insanlığa qarşı yönəlib

 

      "Adamlara terrorun psixologiyasını düzgün anlatmaqda ədəbiyyatımız çox iş görə bilər"

 

Bəşəriyyət qandan-qadadan qurtula bilmir. Dünyada terrorçuluq meydan sulamaqdadır. Bu qanlı terrorun dalğası vaxtaşırı Azərbaycanı vuranda yaşadığımız bölgənin durumunu, dünyanın çeşidli təhlükələri ilə üz-üzə, göz-gözə, iç-içə olduğumuzu daha yaxşı anlayırıq. Qəribə bir məntiqi nəticə hasil olur: bu vaxta kimi müxtəlif ölkələri daim təhdid və təhlükələr altında saxlayan əksər terrorçular məhv edildiyi, ya da həbsə atıldığı halda digər tərəfdən terrorçuluğun kökü qətiyyən kəsilmir, əksinə, daha da artır. Görəsən, buna səbəb nədir? Yəni nəyə görə terrorçu ölür, amma terror yaşayır? Ümumiyyətlə, dünyada cinayətlərin kökü niyə kəsilmir?

Ona görə ki, insanların daxilində həmişə cinayət törətmək imkanı var, o qeyri-insani imkan daim daxillərdə bəslənir. Həmin şər imkan xeyir imkana dov gələndə vəhşilik sürətlə aşkarlanır. Dünyanın gedişatında şər güclü göründüyündən belə halların aşkarlanmasına az rast gəlinmir. Əslində dünyanın ən inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin məqsədi belə insanların iç dünyasını öyrənməyə yönəlmir. Elmlər daha çox səthilikləri öyrənir, insan daxili isə həmişə qaranlıq, öyrənilməmiş qalır. Demokratiya pərdəsi altında hər gün dünyada çoxlu zorakılıqlar həyata keçirilir. Bu zorakılıqlar indi daha təkmil və yetkindir. Terrorçuluğu yaradan səbəblər isə çoxdur. Bunlardan ən başlıcası dünyanın ağa və asılı ölkələrə bölünməsidir. Güclü sayılan, saydırılan ölkələr zəif ölkələr üzərində ağalıq iddialarını bütün vasitələrlə saxlamağa çalışırlar. Güclü ölkələrin "öz arşını" var: daim zəif, balaca ölkələrə qarşı məharətli şəkildə birləşirlər.

Dünyanın zəif sayılan bəzi ölkələri və onların inadcıl şəxslərinin müəyyən qismi isə indiki zamanda güclülərə qarşı durmağın yeganə yolunu terrorda görürlər. Dərindən təhlil edəndə görmək olur ki, terror əslində həm də bu və ya digər iri dövlətlər tərəfindən qızışdırılır. Terrorun kökünün isə nə vaxt kəsiləcəyi bu gedişlə ağla batmır. Terror hər yerdə var. Onun nə sərhəddi, nə milliyyəti var. Terror mahiyyətcə hamıya, daha doğrusu, insanlığa qarşı yönəlib. Çağdaş dövrdə erməni terrorçuluğundan dünyanın xəbəri olduğu dərəcədə aparıcı dövlətlər buna biganəlik göstərirlər. Guya ki, dünya erməni xislətinin nədən ibarət olduğunu bilmir?

Ümumiyyətlə, yaşadığımız 21-ci yüzili "Fövqəladə hallar yüzili" adlandıranlar heç də səhv etmirlər. Hazırda hər mənada təhlükəli hadisələrin, xəbərlərin sayı dünya miqyasında durmadan artır. Gerçəkdir ki, Azərbaycan da bu təhlükələrdən sığortalanmayıb. İnsanların ömrü son illər gərginliklərlə daha çox yüklənib. Dünyanın gedişatında təhlükələr, kritik məqamlar həmişə olub, var, bundan sonra da olacaq. Amma insanlar son dövrlər əvvəlki dövrlərdən fərqli olaraq baş verəcəklərdən daha çox xoflanırlar. Sanki insanların şərə qarşı müqaviməti, məsuliyyəti də azalıb. Professor Həbib Ocaqov deyir ki, qabaqlar "fövqəladə vəziyyət" sözü olmasa da, təhlükə özü həmişə olub: "Hər bir insan fövqəladə halları yaradan səbəbləri psixoloji nöqteyi-nəzərdən yaxşı bilməli, həmin məqamda nə edəcəyini dərk etməlidir. Yəni əgər insan bunları biləcəksə, psixoloji gərginliyi də azalacaq. İnsanlar uşaq bağçalarından başlayaraq fövqəladə halları yaradan səbəblər barədə ardıcıl olaraq məlumatlandırılmalıdır. Amma neyləyəsən ki, dünyanın xüsusilə bu gərgin çağında daim təhlükələr insanı müşaiyət edir. Bir mütəxəssis kimi deyirəm: ümumiyyətlə, heç bir insan tam təhlükəsizliyini təmin edə bilməz. Ona görə ki, bizdən asılı olmayan təsadüflər və zərurətlər var. Yəni elə etmək lazımdır ki, o təsadüflər baş verəndə onların qarşısını almağı bacaraq. Həmin fövqəladə məqamda hər birimiz davranma qaydalarını bilməliyik".

Son illər dünyada terrorçuluq geniş vüsət alıb. Terrorçuluq isə ən böyük fövqəladə hadisədir. Terrorun yaratdığı panik qorxu çox hallarda zəlzələdən də güclü olur: "Əgər ABŞ kimi bir dövlətə 11 sentyabrda elə bir terror edildisə, bu, elə-belə hadisə deyildi. Ona görə də belə qənaətə gəlmək olar ki, Azərbaycana təsir edən fövqəladə hallar daxildən və xaricdəndir. Daxildən zəlzələ, sürüşmə və sair, xaricdən isə müharibə ilə bərabər teraktlar bu qəbildəndir. Dövlət həmişə təhlükəsizlik məsələlərilə məşğul olub, olacaq da. Zəlzələ, sel, sürüşmə və başqa təbii fövqəladə hadisələr bizdən asılı deyil. Amma texnogen xarakterli fövqəladə hadisələr insandan asılıdır. Mümkün qədər çalışıb terror hadisələrini minimuma endirə bilərik. Bu məsələdə hər bir vətəndaş, dövlət öz iradəsini ortaya qoymalıdır. Xarici dövlətlərdə həmişə bu məsələlərə ciddi fikir verirlər. Çünki bilirlər ki, fövqəladə hadisələrin qarşısını almaqla gələcək üçün hər mənada təminat yaradırlar". Ermənilərin qəsb etdikləri torpaqlarımızda gələcəyimiz üçün fövqəladə hadisələr həmişə ola bilər. H.Ocaqov bu qənaətdədir ki, torpaqlarımız ermənilərdən azad olunduqdan sonra minalardan təmizlənmiş torpaqlar, sular, hava radiasiya və kimyəvi-nöqteyi nəzərdən yoxlanmalıdır. Yalnız əhali bundan sonra ora köçürülə bilər.

Yazıçı-tədqiqatçı Əlisahib Əroğul soydaşlarımızın bundan sonrakı təhlükəli vəziyyətlərə yetkin hazıranması, psixoloji köklənilməsi üçün ədəbiyyatın görməli olduğu işlərdən danışır: "Hər dövrdə faciələr olub, indi də belə hadisələr baş verir. Şüurlu, düşünən insanın başına gətirilən oyun faciənin tarixləşməsi, bütün millətin faciəsi demək olur.

Qarabağda məğlubiyyətimizin səbəblərini və qələbəyə aparan yolu təhlil etmişəm, onlarla nöqsan ortaya çıxarmışam. Bunları da xırdalasaq, hərəsinin içində yenə onlarla səhvimizin olduğu meydana çıxar. Adamlara terrorun psixologiyasını düzgün anlatmaqda ədəbiyyatımız çox iş görə bilər. Türkiyədə də erməni terroru mövzusu ədəbiyyatda istənilən səviyyədə ifadəsini tapmayıb. Bədii ədəbiyyatın bu mövzuya çox ayıq, milli ölçüdə münasibət bildirməsi gərəkdir. Bu gün erməni-daşnak faktoru Türk Birliyinin yaranması qarşısında ən təhlükəli amillərdəndir. Bu gün milli mücadilə ilə bağlı dünyanın harasında soydaşımın başına bir hadisə gəlirsə, hesab edirəm ki, bu, mənim faciəmdir. Türk xalqları bu mənada ərazisi işğala, daha konkret isə illər ərzində əhalisinin müəyyən qismi terrora məruz qalmış Azərbaycana hər mənada dəstək olmalıdırlar".

Aprelin 30-da Neft Akademiyasında baş verən dəhşətli hadisədən az sonra müxtəlif radiotelekanallarda bu kimi hadisələrin baş verməsinin səbəblərindən biri kimi terror əhvalı yaradan filmlərin olduğu vurğulandı. Amma görəsən, hansı telekanal bu tipli filmlərin nümayişini yasaqlayacaq? Ümumiyyətlə, kənardan gələn müxtəlif, yad baxışlara dirənişimiz nə səviyyədədir? Azərbaycanda son 15-20 ildə baş verən hadisələr hər mənada ziqzaqlı inkişaf yönü yaradır. Məsələ burasındadır ki, fikir yönlərini, habelə qıraqdan gələn müxtəlif missioner təriqətləri təmsil edən insanlar çox hallarda Vətənimizdə at oynadır, demək olar, maneəsiz olaraq ölkəmizin istənilən bölgəsinə, nöqtəsinə gedərək baxışlarını yayırlar. Bu, heç də adi yanaşılası məsələ deyil. Həmin gələn yad baxışlar əslində bir xalqın ruhuna, adət-ənənəsinə var gücləriylə təsir göstərirlər. Tarixən Azərbaycan böyüklük yaratdığı dərəcədə habelə zaman-zaman müxtəlif səbəblərdən özündən ayrıldı... Biz çox hallarda ətrafımızda, yan-yörəmizdə baş verən hadisələrə ötəri, vecsiz, əhəmiyyətsiz bir iş kimi baxır, gedişatı təhlilə varmırıq. Amma unuduruq ki, bir ölkə, millət olaraq ətrafımız bizi sevməyənlərlə doludur. Deyirlər ki, Azərbaycanda bu qədər yad baxışların, müxtəlif fikir yönlərinin olması olduqca təbiidir. Ona görə ki, bu saat dünya artıq qəti olaraq qloballaşmaya qatılmağa başlayıb. Yəni sənin bir millət kimi nəyin varsa, öz yerində, amma çox da "millət-millət" deyib dünyanın başını qatma. Əslində qloballaşma həşiri dünyanı millətsizləşdirməkdən ötrüdür. Mahiyyətcə qloballaşma dünyanın iri dövlətlərinin, millətlərinin hakimlikliklərini daha da möhkəmləndirmələri üçündür. Buradan acı bir qənaət hasil olur: nə qədər ki, bir millət olaraq özümüzü təsdiq edə bilməmişik, itirdiklərimizi geri qaytara bilməyimiz ildən-ilə çətinləşəcək.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 7 may.- S.14.