Şuşanın işğalından
17 il keçir...
Elə o vaxtdan onun
başının üstündən çiskin, qar, duman əskik
olmur
Şuşa... Bu
başıbəlalı Azərbaycan-Türk şəhərinin
tarixi uzaqlara gedib çıxır, bizim üçün hər
zaman qədimdir,tarixlərdən ucadır. Bu gün
Şuşalı çağlardan ömrü boyu, nəsillikcə
o yerlərdə yaşayan soydaşlarımızın
böyük bir nisgillə danışması istər-istəməz
ürək parçalayır. Dərd dərdə calanır.
Şuşanın, Qarabağın azadlığının ip
ucu isə görünmür. Qarabağ probleminin həlli
müşkülə dönüb, bütövlükdə
problem beynəlxalqlaşıb, çıxılmaz bir dalana
dirənib...
Vətən
torpağını görəsən, başqa yerlərin
tarpaqlarından fərqli olaraq bizə sevdirən qüvvə
nədir? Çünki Vətən sevgisində torpaq müqəddəslik
səviyyəsinə yüksəlir. Bu mənada bir xalq olaraq
tarixi taleyimizdə son 15-20 ildə
rastlaşdığımız acı, fəlakətli
gerçəklər göz önündədir.
Başımız fəlakətlərimizdən ayılmır.
Çox zaman fəlakətlərimizin yaratdığı
psixoloji gərginliklər içərisində boğuluruq. Hər
il rayonların işğalı ərəfəsində və
günündə qarşılıqlı ittihamlar baş
alıb gedir. Bu barədə danışılır,
danışılır, sonra isə hər şey yenə də
əvvəlki kimi qalır. Amma xalq olaraq daxili, mənəvi
birliyimiz, əlakətlərimizdən güc və dərs
almaq ənənəmiz yaranmır. Azərbaycanın
itirilmiş torpaqları sarıdan dərdi bəs deyincə
var: Zəngəzur, Göyçə, Dəmirqapı Dərbənd,
Qarabağ, Borçalı, Güney Azərbaycan...
17 il qabaq - 8 may 1992-ci
ildə Şuşaya 3 istiqamətdə hücum oldu. 155 nəfər
həlak oldu, 167 nəfər isə yaralandı.
Yazıçı-publisist Əlisahib Əroğul deyir:
"Bununla da Şuşa şəhəri və onun 30 ətraf
kəndlərində yaşayan 24165 nəfər Azərbaycan
Türkü erməni-daşnak faşistlərinin etnik təmizləmə
siyasətinin qurbanlarına çevrildilər. Şuşa
bölgəsi bu savaşda 193 nəfər şəhid verdi. 17
mayda isə ermənilər iki istiqamətdə Laçın
rayonuna hücum etdilər. Laçın şəhəri və
onun 125 kəndi işğala məruz qaldı. Rayonun 71 min əhalisi
didərgin düşdü. 328 nəfər şəhid, 36 nəfər
girov oldu, 100 nəfər isə itkin düşdü".
Hər bir dövlətin
varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə
malikdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Demokratik Cümhuriyyəti ordu quruculuğuna son dərəcə
gərəkli bir iş kimi yanaşdı, az vaxtda xeyli irəliləyişlərə
nail oldu. Hələ o dövrdə ermənilər
Şuşanı işğal etmək üçün
bütün vasitələrə əl atmışdılar.
Respublika Milli Arxiv İdarəsinin rəisi, tanınmış
tədqiqatçı Ataxan Paşayev bildirir ki, ermənilərin
Qarabağdakı təxribatçı
çıxışlarından biri 1920-ci il martın 22-də
- Novruz bayramı günündə baş vermişdi.
Şuşa şəhəri, Şuşa qəzası, eləcə
də onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər
qiyam qaldırmışdılar: "200 silahlı erməni
Şuşada qəflətən əsgərlərimizə
hücum etmişdilər. Hücum edən ermənilər bir
neçə zabiti həbs edərək Azərbaycan ordusunun əsgərlərinə
atəş açmışdılar. Buna baxmayaraq
Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin,
onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı
sayəsində hücum tezliklə dəf edildi. Martın 23-də
bütün günü şəhərdə atışma
getmiş, günbatana yaxın artıq qiyamçılar Azərbaycanın
ordu hissələri qarşısında dayana bilməyərək
şəhəri tərk etməyə məcbur olmuşdular".
Tarixçi-alim
İsrafil Məmmədov deyir ki, zaman-zaman əlimizdə olan
şansları əldən verdik: "Əsas səbəb o
idi ki, arxayınlaşdıq. Erməni bir-bir kəndlərimizi
əlimizdən alanda dinmədik. Bir də gördük tarixi
torpaqlarımız əlimizdən çıxdı.
Hazırda Amasiyadakı Təpəkənd kəndindən Xankəndinədək
2 min kəndimiz ermənilərin tapdağı
altındadır. Görün, hər kəndimizdə neçə
çıraq söndürülüb. Vaxtilə ermənicə
çıxan "Sovet Ermənistanı" qəzetində
Rafiq Semonyan adlı birisi Qarabağın Azərbaycanın tərkibində
saxlanılması haqqında 4 iri səhifə yazı
yazdı. Tarixə əsaslanıb yazırdı ki, 1921-ci il
iyunun 4-də axşam qərar verildi ki, Dağlıq
Qarabağ Ermənistana birləşdirilsin. Sabahı qərarda
yazıldı ki, Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın, Dağlıq Qarabağın ərazisini müəyyən
etmək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə
tapşırılsın. Bu komitə də qərar verdi ki,
Şuşa mərkəz olmalıdır. Lakin ermənilər
Şuşanın əvəzinə Xankəndini mərkəz
elədilər".
İ.Məmmədov
deyir ki, "əgər Azərbaycan o vaxtı
Şuşanı mərkəz edib Ağdamı ora birləşdirsəydi,
bu məsələ birdəfəlik qurtarıb gedəcəkdi.
Ağdamın 165 min, Dağlıq Qarabağın isə cəmi
75 min əhalisi vardı: erməni içimizdə əriyəcəkdi.
Məni dəhşətə
gətirən odur ki, Dağlıq Qarabağın Moskvada rəsmi
nümayəndəliyi var. Hətta ABŞ-da ermənilərin
nümayəndəliyi az qala Ağ evə bitişikdir. Bu, o
deməkdir ki, iri dövlətlər Qarabağdakı oyuncaq
erməni dövlətini de-fakto olmasa da, de-yure
tanıyırlar. Sonra da bu dövlətlərin nümayəndələri
burada ironiya ilə, gülə-gülə
danışırlar, bizi ələ salırlar. Buna dözmək
olmaz. Ermənilər Qarabağda gündən-günə daha
artıq kök salmağa çalışırlar".
Azərbaycan Tarix və
Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri Faiq İsmayılov deyir:
"2009-cu ildə Ermənistanın "Qospirint" nəşriyyatında
ingilis, rus və erməni dillərində buraxılan
"Şuşa şəhərinin faciəli həyatı"
kitabı ənənəvi erməni təbliğatını
ortaya qoyub. Həmin kitabda "qədim" erməni millətinin
Dağlıq Qarabağ ərazilərinin yerli sakinləri kimi,
eləcə də Pənahəli xanın müəllifi
olduğu Şuşa qalasının və digər tarixi yerlərimizin,
o cümlədən bütövlükdə Şuşa şəhərini
erməni millətinin ictimai-siyasi, elmi-mədəni mərkəzi
kimi təqdim edir. Kitabın müəllifləri olan Şagen
Mıkrtıçyan və Şors Davityan "Böyük
Ermənistan" haqqında utopik xəyallardan vəcdə gələrək,
Şuşa şəhərində 6 erməni kilsəsinin və
ümumiyyətlə, Dağlıq Qarabağ ərazilərində
100 mindən çox "erməni memarlıq nümunələrinin
olduğunu" iddia edirlər. Kitabın yazılmasında məqsəd
Ermənistanın Azərbaycan ərazilərini işğal
etməsinə haqq qazandırmaq, işğal faktını
"xalq hərəkatı" kimi qələmə verməklə
dünya ictimaiyyətinin rəğbətini qazanmaq, ermənilərin
terrorçu əməllərinə hüquqi don geyindirməkdir".
Publisist Telman
Mehdixanlı isə Şuşa itkisi ilə bağlı
soydaş ağrılarını belə ifadə edir: "Nə
biləydik, hardan duyaydıq ki, başı bəlalar çəkən
qədim Şuşamızın, ermənilərin törətdiyi
neçə-neçə terrorların şahidi olmuş
şuşalıların bugünkü övladlarını nələr
gözləyir? Şuşa sözün həqiqi mənasında
alınmaz qala idi. Ora yalnız iki səmtdən giriş
vardı: Ağa körpüsü və Zarıslı kəndi
tərəfdən. İşğal ərəfəsində
oradan ermənilər baş götürüb
qaçmışdılar. Qalan üç-beş nəfər
də üzə çıxmır, zirzəmilərdə gizlənirdilər.
Bəs onun içini oyan qüvvələr kimlər, nələr
idi? Axı, Şuşada barmaqla sayılası mümkün
olmayan vətənsevər, igid, ölümündən
qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki,
birdən düşmən qapılarını döyər. Bəs
niyə bu gün göynəyə-göynəyə, yana-yanan
həsrətini çəkdiyimiz, üzüyün
qaşına bənzətdiyimiz müqəddəs
torpağımız - qala şəhərimiz Şuşa
düşmən tapdağı altında zarıyır, inildəyir,
dağılır, uçulub-sökülür? Sakinləri isə
ağızlarının dadını, süfrələrinin bərəkətini
itiriblər. Bilməyənlərə, unudanlara
xatırladırıq: Şuşanı öz varlıqları
qədər sevən qədirbilənlər yazırlar ki, onun
yaranışı, inkişafı üç mərhələdə
baş vermişdi. Birinci, 1753-54-cü illərdə olub. Bu
müddətdə əsasən qala divarları və qəsrlər
tikilmişdi. İkinci, İbrahim xanın hakimiyyəti
dövründə orada yeni məhəllələr
salınmaqla yanaşı, Böyük Cümə məscidinin
inşası başa çatdırılmışdı.
Şəhərin daha sürətlə və milli arxitekturaya
uyğun genişlənməsi 1805-ci ildən sonraya təsadüf
edir. Bu diyar tarixi abidlərlə zəngin olduğu
üçün 1977-ci ildə qoruq-şəhər statusu
almışdı. Şuşa dəniz səviyyəsindən
təxminən 1800 metr hündürlükdə yerləşir.
Orada təkrarsız coğrafi görünüş və bənzərsiz
iqlim şəraiti mövcuddur. Havası neçə-neçə
xəstəliyə dərmandır. Qırxqız, Kirs, Murov,
Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar
da, oradan aşkar görünür. Şəhərin ərazisi
təxminən 400 hektara yaxındır. Buradakı məşhur
"Cıdır düzü" və o yerdə bitən
"Xarıbülbül" çiçəyi dünyada məşhurdur.
Şəhərdə və kəndlərdə
çeşid-çeşid ipək, pambıq parçalar
toxunardı. Orada çox dəyərlər sənətkarlar
çalışardı. Onların ilmələdiyi
xalı-xalçalar dünyanın çox sərgilərində
uğurla nümayiş etdirilmişdi. Əhalinin suya olan
ehtiyacının ödənilməsi üçün Xan
qızı Natəvan 1873-cü ildə Şuşaya
Sarıbaba dağından su kəməri çəkdirmişdi.
Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə
Şamaxıdan sonra Şuşada
quraşdırılmışdı. Şəhərdə 17 məhəllə
var idi. Əhalisi təxminən 40 min nəfərə
çatırdı. Bu yurd yerimiz həm də unikal istirahət
guşələri ilə tanınmışdı.
Turşsuyun, Səkili bulağının, İsa
bulağının, Fındıqlı gölünün
sorağı çox yerə yayılmışdı.
Şuşa həm də "Musiqi konservatoriyası" kimi
ad məşhurlaşmışdı. Ta qədimdən son vaxtlara
qədər burada fəaliyyət göstərən 100 nəfərə
qədər bənzərsiz ifaçılarımızın
adları milli tariximizə yazılıb. Onlardan
Sadıqcanın, Hacı Hüsünün, Cabbar
Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan əminin,
Bülbülün, Zülfü Adıgözəlovun
adları daha populyar olub. Sakinlər boş vaxtlarını
"Bazarbaşı" deyilən yerdə - Mədəniyyət
evi ilə Xan qızı Natəvanın imarəti
arasındakı bulvar kimi tanınan ünvanda keçirərdilər.
Vaxt-bivaxt oradan çal-çağır səsi kəsilməzdi.
Şuşada bitən gül, ot, çiçək, taxıl
və ərzaq məhsulları da başqa ərazimizdə bitən
məhsullardan fərqli və dadlı olardı. Buna görə
də Şuşa xörəklərinin özünəməxsus
şirin tamı, xoş ətri vardı. İnsanları həddən
artıq gülərüz, qəlbləri açıq, qonaqpərvər
idilər. 1992-ci il may ayının 8-də Şuşamız
son azadlıq gününü yaşadı. Görənlər
danışırlar ki, elə o vaxtdan da onun başının
üstündən çiskin, qar, duman əskik olmur".
Elçin Qaliboğlu
525-ci qəzet.- 2009.- 8 may.- S.14.