Alman faşizmi üzərində qələbədən 64 il keçir

 

      Müharibə nəticəsində 50-60 milyona yaxın insan həlak olub

 

Bəşər tarixində çoxlu tarixi hadisələr baş verib. Bunların müəyyən qismi zaman keçdikcə tarixin arxivinə atılıb. Amma elə tarixi dövrlər və həmin dövrlərdə baş verən hadisələr var ki, onları əsla unutmaq olmur, ən azı həmin hadisələrdən insanlığın xilası naminə dərs almaq gərəklidir. Belə tarixi məqamlardan biri də 2-ci Cahan Savaşıdır. Müharibələr mahiyyət etibarilə bəşəriyyətin ziyanınadır. İnsanın daxilindəki ağalıq duyğusu onu daim başqası üzərində hökmranlığa sürükləyir. Xalqların, dövlətlərin timsalında müharibələrin yaratdığı acı fəsadlar isə daha faciəvi gerçəkliklərdir. 2-ci Cahan Savaşı "insanlığın daha çox inkişaf etdiyi" 20-ci yüzildə baş verdi. Bununla da əslində insanlığın hələ ömürlərə hakim kəsilmədiyi bir daha əyan oldu. O dövrdə Azərbaycan artıq 20 ilə yaxın idi ki, SSRİ-nin əsarəti altında idi. Azərbaycan mahiyyətcə iki imperiyanın arasında qalmışdı. Təbiidir ki, əgər Hitler Almaniyası qələbə çalsaydı, tarixi taleyimizdə irəliyə doğru hansısa bir irəliləyiş baş verməyəcəkdi. 1945-ci ildə Güney Azərbaycanda Pişəvərinin başçılığı altında Demokratik Hökumətin qurulması, az sonra kənar qüvvələrin fəal müdaxiləsilə xəlqi istəyin boğulması bir millət olaraq tarixi haqqımıza yetə bilmədiyimizi sübut etdi. Başqa xalqlar bu savaşda çox şeylər qazandığı halda biz əksinə, çox şeylər itirdik.

Professor Qüdrət Əbdülsəlimzadə 2-ci Cahan Savaşına münasibət bildirərkən belə qənaətə gəlir ki, bu nəhəng savaş dünya tarixinə indiyə qədər olan müharibələrin ən dəhşətlisi kimi daxil olub: "Bu müharibəyə dünyanın 61 ölkəsi cəlb olunub, hərbi əməliyyatlar dünyanın 40 ölkəsində gedib. Müxtəlif məlumatlara görə, müharibə nəticəsində 50-60 milyona yaxın insan həlak olub. Bu faktlar belə bir dəhşətli cahan savaşı haqqında bizdə müəyyən təəssürat yaradır. Bu müharibənin kökü əslində hələ 1917-ci ildə qoyulmuşdu. O zaman ki, dünya iki böyük qütbə parçalandı; bir tərəfdə SSRİ olmaqla sosializm, digər tərəfdə isə kapitalizm sistemi bərqərar oldu. Bu sistemlər arasında gedən ideoloji, iqtisadi, siyasi mübarizə nəticə etibarilə belə dəhşətli bir cahan savaşı ilə nəticələndi. Müxtəlif hərbi tarixçilər tərəfindən bu müharibənin bütün incəlikləri araşdırılıb, müəyyən qənaətlərə gəlinib. İkinci Cahan Savaşının mahiyyətini başa düşmək üçün o vaxt Ruzveltin, Çörçillin və Stalinin arasında gedən yazışmaların təhlili göstərir ki, həqiqətən bu müharibə müxtəlif xalqların, dövlətlərin tarixində xeyli ictimai-siyasi, iqtisadi dəyişikliklər yaradıb".

Azərbaycanın 2-ci Cahan Savaşında iştirakı ilə bağlı müxtəlif fikirlər var. Azərbaycan həmin dövrdə Rusiya imperiyasının tərkibində idi. Təbiidir ki, o vaxt biz müstəqil deyildik. Azərbaycan Moskvanın tərəfində alman faşizminə qarşı vuruşurdu. Professor deyir: "Şəxsən mən məsələ barəsində belə düşünürəm ki, tarixə necə var, eləcə də yanaşmaq lazımdır. Tarix tarixdir. Bizə qədər məlum hadisələr baş verib: təbiidir ki, onu dəyişmək mümkün deyil. Amma hər kəsin bu və ya digər tarixi hadisə haqqında subyektiv fikri ola bilər. Ümumiyyətlə, 2-ci Cahan Savaşı ilə bağlı çoxlu qeyri-elmi, dəqiq olmayan qənaətlər yarandı. Elə Məhəmmədəmin Rəsulzadənin 2-ci Cahan Savaşı dövründəki fəaliyyəti ilə bağlı səhv qənaətlər az deyil. Doğrudur, Rəsulzadə istəyirdi ki, Rusiya imperiyası dağılsın. O, həmişə inanırdı ki, xalqlara istibdad, əsarət gətirən bir quruluş çox yaşaya bilməz. Bu, onun ömründən gələn bir qənaət idi. Amma o, bütün ömrünü, mübarizəsini həsr etdiyi, canından əziz sevdiyi Azərbaycanın təzədən hansısa bir imperiyanın təsiri altına düşməsini qətiyyən qəbul edə bilməzdi. Bu məqamı düzgün başa düşmək lazımdır. O, Hitlerin qalib gələcəyi təqdirdə Azərbaycanın ümumiyyətlə, hansısa bir formada təsir altında olmasını belə qəbul etməyib. Bəziləri belə fikirləşir ki, əgər biz o zaman Almaniyanın təsiri altına düşsəydik, bir xalq olaraq ömrümüzü alman dəqiqliyi ilə qurar, indikindən çox yaxşı yaşayardıq. Şəxsən mən belə fikirdə deyiləm. Əsarət əsarətdir: istər alman faşizmi, istərsə də sovet quruluşunun əsarəti olsun. Əsarətin mahiyyəti birdir. Mahiyyət etibarilə həm kommunizm, həm faşizm eyni kökdən qidalanır. Hər ikisi insanların, xalqların azadlığına qarşıdır. Bu səbəbdən də həm kommunizmin, həm də faşizmin sabahı ola bilməzdi".

Böyük Vətən Müharibəsində SSRİ-nin tərkibində olan xalqlar faşizmə qarşı çox böyük inadla, inamla vuruşurdular. İnsanlar əksər hallarda tərəddüd etmədən ölümə gedirdilər. Faşizmə qarşı döyüş onların nəzərində sözün əsil mənasında şərlə ardıcıl, qəti şəkildə döyüş anlamına gəlirdi. Bu mənada Böyük Vətən Müharibəsi dövründə, ümumiyyətlə, 2-ci Cahan Müharibəsi zamanı xalqların faşizmə qarşı mübarizəsi onların şərlə müharibəsi kimi xarakterizə olunmalıdır. Təsadüfi deyil ki, Hitler SSRİ üzərinə hücuma keçərkən çox xəyallanmışdı. O, hesab edirdi ki, SSRİ üzərində müharibə başlayan kimi imperiyada yaşayan 100-dən artıq xalq arasında xaos, gərginlik başlayacaq. Hər halda Hitler imperiyanın yaratdığı "sovet xalqının" gücünü kifayət qədər dərk etməmişdi. Əslində Hitlerin Stalinə qarşı döyüşünün mahiyyətsizliyini görmək olur. Hətta bu gün bəziləri belə mövqedədirlər ki, bütün hallarda Hitler SSRİ-yə qələbə çala bilməyəcəkdi. Çünki Almaniyanın bir ölkə olaraq potensialı SSRİ ilə müqayisədə çox güclü deyildi. Hər şeydən əvvəl SSRİ-nin iqtisadi və böyük insan potensialı, ərazisi vardı. Tarixi gedişat Hitlerin yanıldığını göstərdi. Hər halda Hitler səhv etdi. O dövrdə Bakının sözün əsil mənasında qəhrəman bir şəhər olaraq göstərdiyi hünərlər təəssüf ki, SSRİ tərəfindən lazımi səviyyədə etiraf edilmədi. Bakıda 140-dan artıq döyüş sursatı və silah hissələri istehsal olunurdu. Bakı o vaxtkı sovet ordusunun benzin ehtiyaclarının 77 faizini, sürtgü yağları üzrə isə 90 faizini ödəyirdi. O dövrdə məşhur alim, soydaşımız Yusif Məmmədəliyevin elmi axtarışları əsasında gəldiyi qənaət çox böyük əhəmiyyət kəsb etdi. Məhz onun ixtirası nəticəsində yüksək oktanlı benzin istehsalı ideyası reallaşdı ki, bu da alman faşizmilə ölüm-dirim cəbhəsində Sovet ordusunun qələbəsinin təmin edilməsində müstəsna rol oynadı. Oxucuların yadında olar, sovet dövründən bəri bir sənədli filmi tez-tez göstərirlər. Orada göstərilir ki, SSRİ-nin xəritəsi əks olunmuş tortu Hitlerin iştirak etdiyi məclisdə kəsirlər. Hitler Bakının "ərazisini" kəsərək öz boşqabına qoyur. O, Bakının tutulmasına, ələ keçirilməsinə mühüm önəm verirdi. Çünki yanacaqsız təyyarələrin, tankların hərəkət etməsi qətiyyən mümkün deyildi. Azərbaycan qadınları Böyük Vətən Müharibəsi dövründə nə qədər məhrumiyyətlərə sinə gərdilər. Gecə-gündüz bir qarın ac, bir qarın çox vəziyyətdə yalnız qələbə üçün çalışırdılar.

Bu gün dünyada çoxlu proseslər baş verir. Heofaşizmə və kommunizm ideyalarına meyllərin artdığı müşahidə edilir. Hər halda bu, bəşəriyyəti ciddi şəkildə narahat etməlidir.

Böyük Vətən Müharibəsi dövründə imperiyanın əsarəti altında olan xalqları inamla döyüşə cəlb etməsi, insanların ümidlə ölümə getmələri hadisəsi şübhəsiz ki, sovet xalqının alman faşizmi üzərində qələbəsini təmin etmiş oldu. Amma təəssüf ki, ümumən 50-ci illərdən sonra elmi-texniki tərəqqinin inkişafı zaman-zaman adamların içərisində olan müxtəlif antiinsani duyğuları yenidən alışdırdı. Bu, o deməkdir ki, əslində sovet quruluşunun dağılmasının bir əsas səbəbi onun daxilində kapitalizmin yaşaması ilə bağlı idi. Bəşəriyyət bu vaxtacan baş verən çoxsaylı müharibələrdən artıq təngə gəldiyini etiraf etməlidir. Hər halda insanların, xalqların, dövlətlərin ömründə ziqzaqlar çoxdur. Lakin dünyanın çağdaş durumunda müəyyən ölkələrin ağalıq əhvalı ilə yaşaması, orta və zəif inkişaf etmiş ölkələri əsarət altında saxlamaq üçün çoxsaylı cəhdləri bir acı həqiqəti bizə deyir ki, dünya hələ də müharibə insansızlığından usanmayıb. Dövlətlərarası, xalqlararası münaqişələrin beynəlxalq təşkilatlar tərəfindən ədalətli şəkildə həlli hələ ki, gerçəkləşmir. Bu, bir faktdır ki, dünya bizim ərazi bütövlüyümüzü tanıdığı dərəcədə Qarabağ davasında haqsız olaraq Ermənistanın işğalçı siyasətini bu və ya digər formada dəstəkləməkdədir. Acı reallıqlar bitmir, tükənmir. 9 Mayı Qələbə günü kimi qeyd edirik, amma mayın 8-i tarixi şəhərlərimizdən, qədim yaşayış bölgələrimizdən biri, əzəli türk məskəni olan Şuşanın işğal günüdür. Bu faktın özü bu gün dünyada faşizmin yaşadığını göstərir. Olsa-olsa, bu vaxta qədərki hünərli savaşlarımızı yalnız başlanğıc hesab edək. Böyük Vətən Müharibəsində canından keçən yüz minlərlə soydaşımızın qəhrəmanlığı mahiyyət etibarilə sovet ordusunun adına yazıldı. Amma bir millət olaraq ruhdan düşməməli, sarsılmamalı, bütövlüyümüzün təntənəsi, rəmzi, tarixi taleyimizin ifadəsi olacaq böyük Qələbə Günümüzü yaratmalıyıq.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.-  2009.-  12 may.- S.14.