Əsəb xəstəliyi
Onun meydana gəlməsinin çoxsaylı
səbəbləri var
Bu günlərdə Türkiyə milli
komandasının və "Qalatasaray"ın veteran
futbolçusu Sedat Balkanlı dünyasını dəyişib.
Onun ölümünə milyon nəfərdə bir rast gəlinən
dəhşətli əsəb xəstəliyi (ALS) səbəb
olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32
yaşında düçar olub. Həmin vaxt həkimlər
onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy
veriblər. Əsəb xəstəliyi ilə mübarizə
aparan Sedatın vəziyyəti tədricən pisləşməyə
başlayıb. O, öncə danışmaq, daha sonra yerimək
qabiliyyətini itirib. Ardından veteran futbolçunun gözlərindən
başqa bütün orqanları sıradan çıxıb. 12
il xəstəlikdən əziyyət çəkən
Balkanlı ömrünün son günlərini xüsusi tibbi
avadanlıqların köməyi ilə keçirib.
Həssas adamlar əsəb
xəstəliyinə daha tez tutulurlar
Əsəb narahatlığı müxtəlif amillər
və səbəblərlə bağlıdır. Bu
narahatlığın aradan qalxmasında əsas şərtlərdən
biri insanın iradəli olmasıdır. Belə olduqda bədənin
müqaviməti artır, o, xəstəliyə üstün gəlir.
Bununla yanaşı, əsəb zəifliyi törədən
amillərə qarşı müalicə aparmaq
lazımdır. Həssas adamlar əsəb xəstəliyinə
daha tez tuturlar. Əsəb zəifliyi olan şəxslərdə
adətən yuxusuzluq halları da müşahidə edilir. Belə
şəxslər ilk növbədə yuxusuzluğa
qarşı mübarizə aparmalıdır. Təsirli
müalicə üsullarından biri açıq havada gəzinti,
çimmək, müxtəlif əyləncə ilə məşğul
olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin
qayğısını çəkmək
lazımdır.
Bir sıra mənfi amillər -
nigarançılıq, təngə gəlmək, yorğunluq
da nəticə etibarilə əsəblərin zəifləməsinə
səbəb olur. Həddindən çox yorğunluq əsəbləri
qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi
yüksəlir, ürək zəifləyir. Bu cür zəif
adamlar yemək rejimini gözləməli, özünü
çox yormamalı, yuxu rejimini saxlamalıdırlar. Əsəbi
yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli
dərmanların işlədilməsi müsbət təsir
göstərir. Çobanyastığı çiçəyi
yorğunluq, əsəb ağrıları və
başağrıları zamanı faydalıdır. Bunun
üçün 1 xörək qaşığı quru
çiçəyi 100 qram qaynar suda 1 saat dəmə qoyur,
sonra süzərək bir azca şirin edir və işlədirlər.
Onun yağını isə əsəbdən ağrıyan
yerlərə sürtmək məsləhətdir.
Bədmüşk yarpağının qaynanmış
suyu və ya çiçəyinin dəmləməsi (150 q
qurumuş çiçəyi 1 litr qaynar suda 12 dəqiqə ərzində
dəmləyib bir az şəkər qatırlar) gündə 3
dəfə olmaqla yeməkdən əvvəl 1 fincan içmək
tövsiyə edilir. Əsəb pozğunluğunda 15-30 qram
quru razyananı xırdalayıb 1 litr soyuq suya tökür, od
üzərində 1 dəqiqə qaynadırlar. Sonra onu 10 dəqiqə
ərzində dəmə qoyur, süzüb bir az bal əlavə
edərək yeməkdən sonra bir fincan işlədirlər.
Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər
sakitləşir. Bu baxımdan 10 qram pişikotu
kökünün 1 litr suda qaynadılmasından alınan məhlul
da faydalı sayılır. Əsəbdən doğan
ağrılar zamanı 5 qram xırdalanmış tərxunu 1
fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən
sonra içirlər.
Əsəbi narahatlığı olanlar
üçün üzüm xeyirli vasitələrdən biri
sayılır. Onun şirəsini işlətmək daha
yaxşıdır. İspanaq və vəzəri də
yorğunluq və əsəbi narahatlıq zamanı
faydalıdır. Xaşxaş yuxu gətirəndir və əsəbləri
sakitləşdirir. Onun çiçəyindən də
istifadə edirlər.
Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən,
bişmiş kələm yarpağından təpitmə qoymaq
müsbət təsir göstərir. Sarımsağı
döyüb yumşaldır, onu kamfora yağı ilə
qatıb fəqərə sütununa sürtürlər. Bu
cür masaj həm yorğunluğu çıxarır, həm
də əsəbləri sakitləşdirir.
Təmiz dağ
havası...
Əsəbi hallardan sonra, çox fikirli və qəmli
olarkən, 50 qramadək reyhanı (çiçək və
yarpağı ilə birlikdə) 1 litr qaynanmış suda bir
müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib,
yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri
möhkəmləndirmək üçün badamı suda
isladaraq qabığını soyub yemək məsləhətdir.
Hər dəfə 10 ədəd badam yemək tövsiyə
edilir.
Zehni əməklə məşğul olan şəxslər
yorğun və əsəbi olurlar. Onlar üçün yemək
zamanı mərcimək və ərik işlətmək məsləhət
görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən
olan üz ağrıları, ürək
döyüntüsü, əsəbi qıcıqlar və
öskürək zamanı məsləhətli sayılır.
Çox yorğun olan və əsəbi narahatlıq
keçirən adamlar üçün bal ən yaxşı
qidalardan biridir.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində
mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd,
düyü, lobya, noxud, kartof, kələm, kahı,
çörək, alma, zeytun yağı, təzə xama,
pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət
daşıyır.
Alma, ərik və limon şərbəti də əsəbləri
möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir.
Əsəbi böhran və gərginlik hallarında
portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə
kömək edir. Mərəçüyüd və sumaq isə
əsəblər üçün zərərdir. Əsəb
xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı
ab-havası olan yaylaqlarda, sakitlik şəraitində istirahət
etməlidirlər. Yuxusuzluğu törədən səbəblər
müxtəlif ola bilər. Bundan asılı olaraq,
yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərdən
istifadə olunur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin
pozulmasından irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti
pisləşir, qan dövranının normal davam etməsi
pozulur. Bu zaman həzm prosesini gücləndirən tədbirlər
görmək lazımdır.
Yatmağın, yeməyin
qaydaları
Yataq yeri rahat, otağın havası təmiz,
qış zamanı yatarkən ayaqlar isti olmalıdır. Rahat
yatmaq üçün yatmazdan əvvəl xaşxaş
qabığının qaynanmış suyundan 1 fincan içmək
lazımdır. Bunun üçün 10 qram yetişmiş,
quru xaşxaşın qabığını 200 qram suda 5 dəqiqə
qaynatdıqdan sonra, 10 dəq müddətində dəm
çəkməyə qoyurlar. Sonra onu süzür, azca bal əlavə
edərək 1 fincan içirlər. Yuxusuzluğa qarşı
işlənən dərmanlardan biri də pişikotunun dəmləməsidir.
Bunun üçün onun 60-100 qram quru kökünü 1 litr
suya tökərək 12 saat saxlayır, sonra süzüb ondan
1 fincan içirlər.
Başqa bir vasitə kimi, 25 q təzə dərilmiş və
ya quru itburnu meyvəsini 1 litr soyuq suda 3 saat isladırlar. Sonra
mülayim od üzərində 5 dəqiqə qaynadır, 15 dəqiqə
dəm aldıqdan sonra süzüb bir azca şirin edərək,
gün ərzində bir neçə dəfə içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı olan
adamlar şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar
yatmazdan əvvəl alma yemək də bu baxımdan
faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini
elə tərzdə tənzim etməlidirlər ki,
ardıcıl sürətdə çox ət, yumurta və tərkibində
nişasta olan başqa yeməklərdən bir növ pəhriz
saxlamış olsunlar. Bunun əvəzində yemək
zamanı daha çox göyərti və turş meyvələr,
o cümlədən limon işlətmək məsləhətdir.
Zehni əməklə məşğul olan şəxslərə
yemək zamanı soğan işlətmək məsləhət
görülür. Zəiflik, əsəbi və fiziki
yorğunluq zamanı soğan orqanizm tərəfindən tez məsrəf
olunur, nişasta tərkibli maddələrin həzmini
asanlaşdırır və beləliklə orqanizmi yatmaq
üçün hazırlayır. Bu baxımdan şam yeməyi
zamanı qara turp işlətmək də faydalı hesab
edilir.
Yuxusuzluq zamanı 25 q pərpərəni 1 l suda dəmləyərək
işlədirlər. Qocaların yaxşı və çox
yatması üçün yeralması yemək tövsiyə
edilir. Xiyarın da yuxu gətirmək xüsusiyyəti
vardır. Şam yeməyindən sonra naringi yemək də
rahat yuxu gətirir. Balqabaq tumunun şirəsini süd və
ya suda bişirib işlətmək yuxusuzluq hallarında
tövsiyə edilir.
Yuxusuzluğa qarşı işlədilən vasitələrdən
biri də bədmüşkdür. Onun 50 qram qurumuş
yarpağını 1 litr qaynar suda 2 dəqiqə qaynadır,
10 dəqiqə ərzində dəmə qoyurlar. Sonra süzərək
gündə 3 dəfə, hər dəfə 1 fincan işlədirlər.
Bədmüşkün 50 qram qurumuş çiçəyini
1 litr qaynar suda 12 dəqiqə dəmləyir, sonra şirinləşdirib
gündə 3 dəfə, hər dəfə də 3 fincan yeməkdən
əvvəl içirlər.
Uşaqlar da xəstəlikdən
əziyyət çəkirlər
Ən ağrılısı odur ki, günümüzdə
uşaqlar da bu xəstəlikdən əziyyət çəkirlər.
Tək Azərbaycana nəzər salmaq kifayətdir. Bakı
Şəhər Uşaq Ruhi Əsəb Dispanserinin
apardığı statistik hesablamalara görə, paytaxtda
yaşayan 539 min uşaqdan 9900 nəfəri müxtəlif dərəcəli
ruhi-əsəb xəstəsidir. Onların 353-ü serebral
iflicdən, 38-i şizofreniyadan əziyyət çəkir. 8
milyonluq əhalisi olan respublikamızda 5 yaşına qədər
uşaqların sayı 639 min nəfərdir. Hər il bu
yaş həddində olan 5 min uşaq dünyasını dəyişir.
Respublikada epilepsiya xəstəsi olan 226 uşaq qeydiyyata
alınıb, habelə 474 qaçqın
uşağının psixo-sosial və reabilitasion tibbi
yardıma ehtiyacı var. Ümumiyyətlə, respublikada 21500 əlil
uşaq var. Onlardan 796 nəfəri əlilliyə görə
pensiya alır.
Uşaqlarda yuxunun pozulması, həyəcanın
artması, emosiyaların keyləşməsi, depressiyalara məruz
qalma və tənhalığa meyillilik kimi xəstəliklər
müşahidə olunur. Son iki ildə qaçqın
uşaqları arasında psixi xəstəliklərə
düçar olanların sayı iki dəfə artıb və
bu göstərici 267-dən 474-ə çatıb.
Qeyd edək ki, fiziki və əqli cəhətdən
qüsuru olan bu uşaqlara qarşı soyuq münasibət
onların inkişafında, sosial həyatda öz yerlərini
tutmalarına mənfi təsir göstərir. Əsasən
maddi vəziyyəti pis olan ailələr əlil
uşaqlarından imtina edərək, onları internatlara, əlillər
evinə təhvil verirlər. Statistika göstərir ki, əlil
uşaqların 60 faizini ruhi xəstələr təşkil
edir.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.-
2009.- 12 may.- S.13.