Yad və doğma Qələbə günü
Azərbaycan ikinci dünya müharibəsində 400
minə yaxın övladını itirib
Həmin illərdə SSRİ-də
çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın
payına düşürdü
Taleyimiz elə gətirib
ki, tarixin müəyyən dövrlərdə başqa
xalqların yaratdıqları imperiyaların tərkibində
yaşamalı, başqalarının hakimiyyətləri
uğrunda döyüşməli, mübarizə aparmalı
olub. Amma başqalarının bizi əsarət altına
alması, torpaqlarımızı işğal etməsi elə
də asan olmayıb. İllərlə, onillərlə
mübarizədən, qanlı müharibələrdən sonra
sasanilər, ərəblər, ruslar Azərbaycanı ələ
keçiriblər. Çox təəssüf ki, Azərbaycanın
insan gücü, sərvəti həmin imperiyaları daha da
gücləndirib. Azərbaycan insanı başqalarının
imperiyalarından ötrü canını verib, qanı
tökülüb, bütün bunlara baxmayaraq heç zaman
qiyməti olmayıb.
"İranı
İran edən", amma indi ana dilində
danışmasına imkan verilməyən, repressiyalara, təzyiqlərə
məruz qalan 30 milyon Güney Azərbaycan türkünün,
İkinci dünya müharibəsi zamanı SSRİ-nin qələbəsini
təmin edən Azərbaycan Respublikasının başına
gətirilənləri (Qarabağ müharibəsini, ermənilərin
torpaqlarımızı işğal etməsini, 20 Yanvar,
Xocalı faciələrini və s.) xatırlayın.
Bəs biz indi necə edək? İran məşrutiyyə
inqilabının rəhbəri olan Səttarxandan, faşistlərə
qarşı döyüşlərdə misli görünməmiş
qəhrəmanlıq törədən Mehdi Hüseynzadədən,
Həzi Aslanovdan və minlərlə fədəkar Azərbaycan
övladından imtina edək?
Keçmiş SSRİ,
indiki Rusiya rəhbərliyinin Qarabağ münaqişəsində
birmənalı ermənilərin yanında dayanması, rus-erməni
birləşmələrinin Azərbaycan torpaqlarını
işğal etməsi, XI qırmızı ordunun varislərinin
1990-cı ildə 20 Yanvar faciəsini törətməsi
xalqımızın dünyagörüşündə,
psixologiyasında 9 may-Qələbə günü haqqında
mənfi çalarları gücləndirib. Şuşanın
işğalı ərəfəsində, Azərbaycan Dövlət
Neft Akademiyasında törədilmiş terror olayından az
sonla 9 may günün qeyd olunması insanlarımızın
ürəyini ağrıdır.
Amma unutmaq olmaz ki, erməni-rus
terrorizmindən, işğalından heç nəyi ilə fərqlənməyən
faşizm üzərində qələbəədə Azərbaycan
xalqı da bəşəri bir funksiya yeridə yetirib. Azərbaycan
övladları faşizm taununun yayılmasının
qarşısının alınmasında fədəkarlıq
göstəriblər, qan töküblər, canlarını fəda
ediblər.
İnsanlarımız
Böyük Vətən
müharibəsinin başlanması ilə əlaqədar 1941-ci
ilin 18 oktyabrında azərbaycanlılardan ibarət 77-ci
dağ-atıcı diviziyası, 223-cü milli atıcı,
396-cı milli atıcı, 402-ci və 416-cı milli
atıcı diviziyaları yaradılıb və onlar Zaqafqaziya
hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci
və 46-cı orduların tərkibinə daxil ediliblər. Azərbaycanlılardan
ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s.
milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin,
77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü
diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib,
416-cı diviziya Qafqazdan Berlinə qədər böyük
döyüş yolu keçib, Berlinin tutulmasında xüsusi
fəallıq göstəriblər. Polşa və
Çexoslovakiyanın faşistlərdən
azadlığı uğrunda döyüşlərdə
göstərdikləri qəhrəmanlıqlara görə Ziya
Bünyadov və digər 20 nəfər azərbaycanlı
Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb.
Azərbaycanın 77-ci
milli atıcı diviziyası müharibəyə 1941-ci ilin
dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant
əməliyyatıyla başlayıb. Diviziya Kerç, Taman,
Novorossiysk, Mozdok, Mineralni vodı uğrunda gedən
döyüşlərdə fərqlənib, Simferopolun azad
edilməsində göstərdiyi qəhramanlığa görə
Suvorov ordenilə təltif edilib. Sevastopolun azad edilməsi
uğrunda Sapun-qaradan başlanan döyüşlər 10
gün davam edib, qələbə bayrağını
1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov
sancıb.
Bütövlükdə
Krımın azad edilməsinə görə diviziyanın 3140
əsgər və zabiti orden və medallara layiq
görülüblər. Həmin əməliyyatlarda 77-ci milli
diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl
İbrahimov xüsusilə fərqlənib.
77-ci diviziya 1944-cü
ilin iyul ayından başlayaraq Pribaltikada və Rusiyada gedən
döyüşlərdə fəal iştirak etdiyinə
görə, onun yüzlərlə əsgər və zabiti
orden və medallarla təltif edilib, 8
döyüşçü Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb. Ümumilikdə 77-ci Simferopol
dağ-atıcı Azərbaycan milli diviziyası
döyüş əməliyyatlarına Krımdan
başlayıb və 11000 kilometrə yaxın məsafəni qət
edərək, müharibəni Berlində qurtarıb. Diviziyanın
döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov,
Mahmud Əbilov, Məmmədbağır Bağırov,
Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar
yetişib və onların hər biri böyük sərkərdəlik
məharəti göstəriblər.
23-cü milli
atıcı diviziyanın döyüş yolu 1942-ci ilin
yayında Şimali Qafqazdan başlayaraq, Ukrayna və
Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan
Avstriyanın paytaxtı Vyanaya qədər uzanıb. Diviziyanın
əsgər və zabitlərindən 3483 nəfər orden və
medalnlarla təltif edilib. 1942-ci ilin fevral ayından 1943-cü
ilin iyun ayına qədər Heybət Heybətov diviziyanın
komandiri olub. Onun komandanlığı altında diviziya
Mozdokdan Millerova şəhərinə qədər
döyüş yolu keçib. General Heybət Heybətov
müharibə illərində general rütbəsi
almış Həzi Aslanov və Yaqub Quliyevlə yanaşı
üçüncü azərbaycanlı generalıdır.
Tərkibi 90% azərbaycanlılardan
ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində
Şimali Qafqazda Terek çayının sağ sahilində
Qroznı- Mozdok istiqamətində ağır
döyüşlərdə fərqlənib. Həmin
döyüşlərdə 833-cü alayın komandiri mayor
Akim Abbasov və 840-cı alayın
döyüşçüləri qəhrəmanlıq
nümunələri göstəriblər. 1944-ci ilin əvvəlində
402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin
50%-i azərbaycanlılardan ibarət idi.
16-cı milli
atıcı diviziyanın tərkibinin, xüsusi ilə də
komanda heyətinin 92%-i azərbaycanlı idi. 1942-ci ilin
payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra
58-ci ordu tərkibində Mozdok istiqamətində
döyüşlərə başlayıb. Taqanroq şəhərinin
azad edilməsində fəal iştirakına görə,
"Taqanroq diviziyası" adına layiq görülüb. 1943-cü
ilin iyulundan sonra diviziyaya general mayor Heybət Heybətov komandanlıq edib. Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş
yolu keçib, düşmənin 23 minə
yaxın əsgər və zabitini məhv edib, 5474 nəfər əsir götürüb. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və
medalları ilə təltif olunub. Diviziya 1945-ci
ilin fevral ayının 3-də
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanıb, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstəriblər. Təyyarəçi Hüseynbala Əliyev göstərdiyi şücaətə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Moskva uğrunda döyüşlərdə, 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirib. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşisti məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. O, bu yüksək ada layiq görülən ilk azərbaycanlı idi.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv edib, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur edib. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunublar.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərib və düşmənə ağır zərbələr endiriblər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov və F.Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Neftimiz
Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I-ci tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməliydi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.
Nikita Xruşşov isə memuarlarında xatırlayır ki, ABŞ ikinci dünya müharibəsinə başlayanda Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalin deyib: "Aha, bu gündən motorlar müharibəsi başlanacaq". İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov bildirib: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməyib. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü". Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalıydı. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiqləyir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi. Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildiriblər ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstəriblər. Marşal K.K.Rokossovski həmin fikri belə şərh edib: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var". Marşal A.A.Qreçko yazıb ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
...Bu sadaladıqlarımız Azərbaycanın ikinci dünya müharibəsində bəşəriyyəti bolşevik-daşnak terrorizmindən fərqlənməyən faşizm taunundan xilas etməsi naminə göstərdiyi xidmətlərin bəlkə də yüzdə biri deyil. Amma görünən odur ki, yad saydığımız Qələbə günü bizə yad deyil və bunu birmənalı şəkildə iddaa etmək çox çətindir.
Bayram
Xalq Cəbhəsi.- 2009.- 12 may.- S.6.