"Xalqımızın deportasiyası
və soyqırımı məsələlərinə hələ
tam aydınlıq gətirilməyib"
Qafqazda Azərbaycanlıların
Soyqırımını və Deportasiyasını
Araşdırma Mərkəzi fəaliyyətə
başlayıb
Ermənilərin
yüzillər boyunca başımıza gətirdiklərinin hələ
də özümüzə və dünyaya düz-əməlli
çatdırılmamasının acılarını bundan
sonra daha çox çəkəcəyik. Tarixçi-alim
İsrafil Məmmədov hələ neçə il qabaq Azərbaycanda
- ilk növbədə isə Bakıda "Soyqırım
Muzeyi"nin yaradılmasının son dərəcə gərəkliyini
əsaslandırmışdı. Ancaq hələ ki, bu gərəkli
ideya gerçəkləşməyib. "Ermənistan"
adlanan tarixi türk ərazilərində yaşamış
soydaşlarımızın tarix boyunca üzləşdikləri
fəlakətlərlə, ümumən o ellərin tarixi ilə
bağlı dəyərli araşdırmaların müəllifi
Əziz Ələkbərli yeni ictimai qurumun - Qafqazda Azərbaycanlıların
Soyqırımını və Deportasiyasını
Araşdırma Mərkəzinin (QASDAM)
yaradıldığını bildirir. Xalqımızın
yüzillər boyunca məruz qaldığı soyqırım
və deportasiya fəlakətlərini sistemli şəkildə
araşdırmağı qarşısına məqsəd
qoymuş mərkəzin məqsədi, məramı, vəzifələri
barədə danışan Əziz Ələkbərli deyir:
"Mənə elə gəlir ki, qurumun adı onun məram və
məqsədi barədə kifayət qədər təsəvvür
yaradır. Bizim əsas məqsədimiz son iki yüz ildə
Qafqazda azərbaycanlıların soyqırımı və deportasiyası
məsələsinin bütün aspektlərini
araşdırmaq, öyrənmək, ümumiləşdirmək,
Azərbaycan və dünya ictimaiyyətinə bu məsələ
ilə bağlı bütün tarixi həqiqətləri
çılpaqlığı ilə çatdırmaqdır.
Qoy həm öz xalqımız, həm də bütün
dünya kimin kim və nəyin nə olduğunu görsün,
bilsin, nəticə çıxarsın".
Ə.Ələkbərli
Azərbaycan Türklərinin soyqırımı və
deportasiyası ilə bağlı bir çox həqiqətlərin
hələ də tam çılpaqlığı ilə bizə
aydın olmadığı qənaətindədir:
"Xalqımızın özünün yaxın və uzaq
tarixi ilə bağlı bütün həqiqətləri
ortaya qoymağa kifayət qədər elmi, kadr və texnoloji
potensialı var. Əgər bu potensial səfərbərliyə
alınmırsa, çox vacib ümummilli problem həll
olunmursa, ona nə ad verirsən - ver; istəyirsən "gizlədilib"
de, istəyirsən "öyrənilməyib" de, istəyirsən
"mümkün olmayıb" de. Mahiyyət birdir: millətinə,
dövlətinə, dövlətçiliyinə, tarixinə,
mənəviyyatına və mədəniyyətinə
qarşı düşmənçilik! Bir-birinin ardınca iki
tarixi sənəd: "1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında" 18
dekabr 1997-ci il tarixli fərman və "Azərbaycanlıların
soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanlar
mühüm tarixi-siyasi sənəddir və gözləmək
olardı ki, onlardan sonra əlaqədar dövlət qurumları
məhz bu məsələ ilə bağlı öhdələrinə
düşən vəzifələri layiqincə yerinə yetirəcək,
ən azı buna cəhd edəcəklər. Təəssüf
ki, həmin fərmanlardan 11-12 il keçməsinə
baxmayaraq, problem hələ də öz həllini gözləməkdədir.
Məsələnin hərtərəfli tədqiq edilməsi,
xalqımıza qarşı həyata keçirilmiş bu
tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi
və onun beynəlxalq ictimaiyyətə
çatdırılması məqsədi ilə
yaradılmış dövlət komissiyasının işi də
qənaətbəxş deyil. Hələ onu demirik ki, tərkibi
29 nəfər dövlət rəsmisindən ibarət olan bu
komissiya üzvlərindən artıq 16 nəfəri ya
dünyasını dəyişib, ya da tutduğu vəzifəsindən
azad edilib, bununla da vəzifəsinə görə
seçildiyi komissiya üzvlüyündən də avtomatik kənarda
qalıb. Belə olan halda söhbət hansı komissiyadan və
hansı işdən gedə bilər?"
Soyqırımı və
deportasiya ilə bağlı problemlərin hələ də
lazımi şəkildə öyrənilmədiyini deyərkən
Ə.Ələkbərli hər şeyi nəzərdə
tutduğunu deyir: "Başqa sözlə,
xalqımızın deportasiyası və soyqırımı məsələsinin
elə bir cəhəti yoxdur ki, ona tam aydınlıq gətirilmiş
olsun. Birincisi, bütün rəsmi və qeyri-rəsmi sənəd
və yazılarda xalqımızın soyqırımından
danışılarkən "iki yüz ildən
çox", "iki yüz ilə yaxın", "yüz
ildən artıq" deyə onun dəqiq tarixi şübhə
altına alınır. Biabırçılıqdır. Belə
çıxır ki, biz soyqırımından
danışırıq, amma hələ onun dəqiq tarixini
bilmirik. Dəqiq tarixini bilmiriksə, deməli, nədən
danışdığımızı da bilmirik. Halbuki bu
soyqırımının dəqiq tarixi - ili, ayı,
günü məlumdur. Sadəcə olaraq, biz bilmirik, bilmək
istəmirik. Digər bir məsələ. Heç uzağa
getməyək. Qərbi azərbaycanlıların 1988-ci il
soyqırımından bizi cəmi 20 illik məsafə
ayırır. Bu soyqırımı hamımızın
gözünün qabağında baş verib, bu hadisələrin
canlı şahidləri, zərərçəkənləri
hələ sağdır. Amma gəlin görək, bu soyqırımının
hansı bir detalı aydınlaşdırılıb? Məsələn,
birincisi, 1988-ci ildə Qərbi Azərbaycan - indiki Ermənistan
ərazisində neçə azərbaycanlı kəndi olub, yəni
neçə azərbaycanlı kəndindən
soydaşlarımız qovulub və bu kəndlərin dəqiq
siyahısını kim mənə göstərə bilər?
Heç kim. İkincisi, 1988-ci ildə qərbi azərbaycanlı
soydaşlarımız doğma yurdlarından qovularkən
neçə nəfəri ermənilər tərəfindən
qətlə yetirilib? Sənədlər müxtəlif rəqəmlər
göstərir: 216, 226, 300, hətta 500 nəfər. Yenə də
biabırçılıqdır. Yəni bunu kənd-kənd
müəyyənləşdirmək o qədərmi çətindir?
Üçüncüsü, 1988-ci ildə
soydaşlarımızın ictimai və fərdi təsərrüfatlarda
nə qədər əmlakı onların əlindən zorla
alınıb və əvəzi ödənilmədən ermənilər
tərəfindən mənimsənilib? Heç kəs bilmir və
sabah Azərbaycandan köçüb gedən ermənilər
Azərbaycan dövlətinə qarşı təzminat
davası qaldıranda gözümüz bir-birimizə dikiləcək.
Dördüncüsü, 1988-ci ildə Qərbi Azərbaycanda
neçə tarixi abidəmiz, pir-ocaq-ziyarətgah və qəbiristanlıqlarımız
sahibsiz qalıb? Onların sonrakı taleyi haqqında hansı
informasiyaya malikik? Bütün bu sualların da cavabı mənfidir.
Çünki heç nə bilmirik.
Bütün bunlardan
sonra kim meydana çıxıb deyə bilər ki, son iki
yüz ildə xalqımızın bir neçə dəfə
məruz qaldığı soyqırımı və deportasiya
lazımi səviyyədə öyrənilib?
Sizə bir
acınacaqlı fakt da deyim. Keçən ilin sonlarında qərbi
azərbaycanlıların 1988-ci il soyqırımının 20
illiyi ilə əlaqədar olaraq bir sıra deputatların və
ictmaiyyət nümayəndələrinin iştirakı ilə
Azərbaycan Atatürk Mərkəzində dəyirmi masa
keçirildi. Bilirsiniz 20 ildən sonra bu adamlar
yığılıb nəyi müzakirə edirdilər? Onu
ki, bu faciə deportasiyadır, yoxsa soyqırım? Müzakirə,
mübahisə etdilər və dağılışıb
getdilər. Yəqin 120 ildən sonra yığılıb bir
qərara gələcəklər. Niyə belə oldu, niyə
həmişə belə olur? Ona görə ki, o tədbirdə
çıxış edənlərin böyük əksəriyyətinin
nə müzakirə edilən məsələyə dəxli
vardı, nə də bu mövzuda danışmağa
haqqı".
Əziz Ələkbərli
QASDAM-ın son iyirmi ildə bu və ya digər şəkildə
deportasiya və soyqırımla bağlı irili-xırdalı
çoxlu ictimai təşkilatlar silsiləsindən növbəti
bir təşkilat olmayacağını bildirir: "QASDAM sadəcə
olaraq elmi araşdırma mərkəzidir. Biz
xalqımızın tarixi taleyi, onun faciəli məqamları
ilə bağlı bütün qaranlıq və mübahisəli
məsələləri elmi müstəvidə həll etmək
məqsədini qarşımıza qoymuşuq. Lakin bu, o demək
deyil ki, hər yoldan ötən bizə daş ata bilər. Biz
bilirik ki, girişdiyimiz iş müqəddəs, ümummilli
işdir və bu işdə heç kimin bizə əngəl
olmağa mənəvi haqqı yoxdur. Biz siyasətə
qarışmırıq. Lazımi səviyyədə elmi
araşdırmalar aparmaq üçün əlimizdə kifayət
qədər material var. Mən artıq 20 ilə
yaxındır ki, bu və ya digər şəkildə
xalqımızın deportasiya və soyqırımı ilə
bağlı olan araşdırmalarla məşğulam. Təkcə
bu mövcuda 14 kitabım işıq üzü görüb. Əlimdə
kifayət qədər materiallar, mənbələr, xəritələr,
audio və video kassetlər var. Hansı arxivdə, hansı
fondda, hansı mənbədə nəyin olduğunu da dəqiqliyi
ilə bilirəm. Bu respublikada məsələ ilə
bağlı kimin nə etdiyini və kimin nə edə biləcəyini,
kimin yaxşı mütəxəssis, kimin isə dil pəhləvanı
olduğunu da pis bilmirəm. Təbii ki, tək əldən səs
çıxmaz və QASDAM da tək Əziz Ələkbərlidən
ibarət deyil. Burada bizim ən dəyərli mütəxəssislərimiz
- tarixçilər, etnoqraflar, memarlar, filoloqlar və
başqaları müqavilə ilə fəaliyyət göstərəcəklər".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 13 may.- S.14.