Qarabağın qara günlərinin başlandığı tarix

 

      1805-ci il mayın 14-də Rusiya imperiyası Qarabağ xanlığının müstəqilliyinə son qoydu

 

1805-ci ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın tarixi taleyində baş verən hadisələr faciəvi "Gülüstan" müqaviləsinə gətirib çıxartdı. Nəticədə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqları Rusiya və İran arasında bölüşdürüldü. Bu tarix Azərbaycan Türklərinin taleyində ən kədərli günlərdən biridir. Fəlakətli tarixə gəlib çıxıncaya qədər çoxlu itkilərimiz oldu. Heç bir fəlakət birdən-birə yaranmır. Tarixçi-alim Vaqif Abışov deyir: "Həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi".

Vaqif Abışov Türkmənçay müqaviləsinə qədər olan dövrün ictimai-siyasi vəziyyətini belə xarakterizə edir: "O dövrdə Azərbaycanda mövcud olan xanlıqlar 3 qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. 19-cu yüzilin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalına başlanıldı. 1804-cü ilin yanvarında Gəncə xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv edildi. Bundan sonra bir çox xanlıqlar Rusiyaya meyl etməyə başladılar, çünki artıq qorxu prinsipi yaranmışdı. Qorxu həm də Qacarlar sarıdan idi. Gəncə xanlığı işğal olunandan sonra Qarabağ, Şəki və Şamaxı xanlıqları Rusiyanın himayəsinə keçmək haqqında razılığa gəlirlər. Azərbaycanın şimal xanlıqları birləşə bilmədilər. Rusiya bu vəziyyətdən məharətlə istifadə etdi, 1-ci Pyotrun vəsiyyətinə uyğun olaraq Azərbaycan xanlıqlarını işğala girişdi.

Azərbaycan xanlıqları öz daxili idarəetmələrini qoruyub saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini qəbul edirdilər. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya ilə Qarabağ xanlığı arasında bağlanan "Kürəkçay" müqaviləsinə əsasən xarici siyasətdən məhrum oldu, daxildə isə xanlığın idarəetməsini qoruyub saxlamış oldu. Habelə ərazisində rus qoşunlarını saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi. Mayın 21-də Şəki xanlığı da Rusiyanın təəbəliyini qəbul etdi. Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya imperiyasından az sonra bərk ehtiyatlandığından 1805-ci il dekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi, "Kürəkçay" müqaviləsinə qoşulduğunu bəyan etdi, öz ərazisində rus qoşunlarını saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min çervo xərac verməli idilər. Xanların hər birinə çar general-rütbəsi verilir, onlara dövlət büdcəsindən əməkhaqqı kəsilirdi".

Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişə meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi: "Təbiidir ki, heç bir dövlət o birinə qətiyyən güzəştə getmək istəmirdi. Bu məqamlarda Azərbaycan xanlıqları artıq vəziyyətdən salamat çıxmaq haqqında da düşünməyə başladılar. Amma bəziləri üçün bu, fəlakətlə nəticələndi. Məsələn, Qarabağ xanı İbrahimxəlil xan ruslar tərəfindən qətlə yetirildi. Bu mənada Türkmənçay fəlakətinə qədər olan mərhələdə Azərbaycan xanlıqlarının daxili vəziyyəti son dərəcə gərgin idi. İqtisadiyyat dağılmışdı, xanlıqların həyat tərzi, daxili qaydaları da istər-istəməz dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası, başlıcası isə xalqın müqavimət ruhuna yetkin səviyyədə kökləndirilməməsi böyük mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Lakin təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən reallaşmadı".

Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə azərbaycanlıların biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər. Azərbaycanın parçalanması 1722-ci ildən Birinci Pyotrun vaxtından üzü bəri başlamışdı. Qarabağ, Şəki, Şamaxı rəsmi şəkildə dinc yolla Rusiyaya birləşdirildi, onlar faktiki olaraq Rusiyanın himayəsini qəbul etdilər, yəni daxildə müstəqil, xarici siyasətdə isə Rusiyadan asılı oldular. Mahiyyətcə belə bir tarixi fəlakət Gülüstan müqaviləsi zamanı reallaşdı. Birinci mərhələdə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalan ərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı. Əslində müqavimət bu dövrədək olmuşdu. Məsələn, Bakı xanlığı Rusiyaya tabe olmadı. Qafqazda rus qoşunlarının baş komandanı Sisianovun başı Bakı xanı Hüseynqulu xanın qohumu İbrahim xan tərəfindən kəsildi. Qarabağ xanı İbrahimxəlil xan ailəsi ilə birlikdə məhv edildi. Gəncə xanı Cavad xanın rus qoşunlarına qarşı uzunmüddətli müqaviməti tarixi hadisəyə çevrilib. 1813-cü ilin 12 oktyabrında imzalanmış Gülüstan müqaviləsindən sonra burada ciddi narazılıq müşahidə edilməməsinin səbəbi o idi ki, artıq əhalinin inadı qırılmışdı".

Xanlıqlara verilən imtiyazlar 1805-ci ildən 1826-cı ilə kimi davam etdi. Bu dönəmən sonra yuxarıda sadalanan güzəştlər də ləğv edildi: "Şəkidə 1819-cu ildə, Şamaxıda 1820-ci ildə, Qarabağda 1822-ci ildə, Lənkəranda 1826-cı ildə xanlıq sistemi ləğv edildi, komendant idarəetmə sistemi yaradıldı.

"Qarağbağnamə"lərin mahiyyəti isə "Yaşasın Rusiya" deməkdir.

Vaqif Abışov deyir: "Əhməd bə Cavanşir, Mirzə Adıgözəlbəy və başqaları Rusiyaya xidmət ediblər. Təbiidir ki, onlar Rusiya əleyhinə yaza bilməzdilər. Həmin "Qarabağnamə"lərdə xanlığın tarixi, daxili idarə sistemi, təsərrüfat həyatı, habelə Qacarlarla münasibətlərin öyrənilməsi sarıdan maraqlıdır".

Professor Tofiq Vəliyevin "Qarabağnamə"lərlə bağlı fikirləri də maraqlıdır: ""Qarabağnamə"ləri 19-cu yüzildə Mir Mehdi Xəzani, Mirzə Camal, Mirzə Adıgözəl bəy və başqaları yazıb.

Qarbağnamə"lərdə rus meylliliyinin olması təbii idi. Məsələn, Mirzə Adıgözəl bəy rus ordusunun kapitanı idi. İstefaya çıxandan sonra "Qarabağnamə"ni yazmağa başlayıb. Çar Rusiyasından yüksək rütbəli bir şəxs kimi istefaya çıxıb təqaüd alan bir adam əsil Qarabağ tarixini yaza bilərdimi? Bu səbəbdən də onun əsərlərində çox böyük qüsurlar var. Amma xidmətləri də var: 1826-1828-ci illərdə Rusiya-İran (əslində bu, Rusiya-Azərbaycan müharibəsi idi) müharibəsi zamanı Nizaminin məqbərəsini dağıtmışdılar. 1847-ci ildə Mirzə Adıgözəl bəy o məqbərəni öz hesabına bərpa etdirib".     

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 14 may.- S.14.