15 may - Beynəlxalq Ailə Günüdür
Azərbaycanda ailəçiliyin
qədim ənənələri
olsa da, kənar təsirlərə
məruz qalır
Nədən türk
üçün ailə bunca dəyərlidir? Nədən
çağdaş dünyanın əsas hədəflərindən
biri ailədir? Çünki insanın həyat, dünya,
özü haqqındakı bütün gözəl
düşüncələri ailə quruculuğunda gerçəkliyini
tapır. Güclü ailəçilik millətin və
dövlətçiliyin təsdiqi, əbədi
yaşarılığıdır. Ailə hər şeydən
əvvəl millətin özünütəsdiqinin
başlanğıcı hesab edilə bilər. Azərbaycanda
ailəçiliyin qədim ənənələri mövcuddur.
Tarixən ölkəmizdə ailə ənənələri hədsiz
möhkəm, davamlı olub. Zamanlar dəyişib, ancaq həmin
ənənələr bu gün də demək olar, dəyişməz
olaraq qalır. Amma son 20 il ərzində azərbaycanlıların
ailə həyatında ciddi problemlər müşahidə
edilməkdədir. Dünyanın bir tərəfində
baş verən hadisə az sonra o biri tərəfində
insanlarda reaksiya doğurur. Bunun zərbəsi isə ilk
növbədə ailələrə, həmin ailələrdə
böyüyən uşaqlara dəyir. Sözügedən məsələ
gənc ailələrin ömründə daha ağrılı
izlər yaradır. Zamanın bütün dəyişkənliyinə,
ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milliliyin tələblərinə
daim əməl etmək son dərəcə çətin məsələdir.
Müxtəlif yönlü informasiyalar ailələrdə
stresslərə də səbəb olur.
Cəmiyyətdəki sosial-iqtisadi müxtəliflik
Gənc ər-arvad nə
qədər güclü olmalıdırlar ki, belə hallar
onlara qətiyyən təsir edə bilməsin. Cəmiyyətdəki
sosial-iqtisadi müxtəliflik o cəmiyyətin özəyi
olan ailələrdə problemlər yaradır. Gənc ailələrin
bir qrupu var ki, onların valideyn sarıdan təminatı
yüksəkdir, eləsi də var, təminat orta həddədir.
Bir qrup ailələrin cəmiyyətdə xüsusi qabiliyyəti
və xüsusi mövqeyi olmadığından daha çox
maddi problemlərlə qarşılaşırlar. Cəmiyyətdə
bu gün belə ailələr üstünlük təşkil
edir. Yüksək təminatlı ailələrin də problemləri
var: belələrinin problemləri iqtisadi məsələlər
deyil. Yeni yaranan ailələrin anlaşa bilməməsi,
xarakterlərində bir çox hallarda uyğunluğun
olmaması bu qəbildəndir. Amma elə imkanlı ailələr
də var, bu cür psixoloji problemlər müşahidə
olunmur. Yüksək təminatlı ailədən olan xanım
özünü yeni ailədə də istədiyi kimi
aparır.
Sırf fizioloji
faktorların bugünkü gənc ailələrin
ömründə yaratdığı problemlər haqqında
da danışmaq gərəkdir. Bunun kökü isə ondan
irəli gəlir ki, valideynlər övladlarındakı
fizioloji çatışmazlıqları daha çox gizlətməyə
meyl edirlər. Uşaq beləcə böyüyür. Belə
məsələlərin üstü evlilikdən sonra təbii
ki, açılır, gənc ailələrin
dağılmasına səbəb olur.
Azərbaycanda bu gün
qan qohumları arasında nigahlar geniş yayılıb.
Ölkədə geniş yayılmış qan xəstəliklərindən
biri də talassemiyadır. Gen
daşıyıcılarının belə çox olması
onların biri-birilə evlənməsi ehtimalını
artırır, xəstəliyin yayılmasına səbəb
olur. Nəticə budur ki, ailələrdə xəstə
uşaq doğulması ehtimalı artır. Bəzi ölkələrdə
qan qohumlu nikahlara dövlət icazə vermir. Problemin
qarşısını ancaq maarifləndirmə yolu ilə
almaq olar. Azərbaycanda tibbi maarifləndirmə hələ istənilən
səviyyədə deyil. Bu gün gənc ailələrdə
çoxuşaqlılıq dəb deyil. İndi gənc evlənənlər
1, uzaqbaşı 2 uşaqla kifayətlənirlər. Hətta
bəzi təzə evlənənlər fikirləşirlər
ki, maddi şəraitləri düzələndən sonra
uşaq barədə qənaətə gəlmək olar.
Ginekoloq Arzu Məhərrəmova hesab edir ki, dalbadal davam edən
doğuşlar qadınlarda müxtəlif mənfi dəyişikliklər
əmələ gətirir, vitamin
çatışmazlığı, qanazlığı
yaranır: "Mən şəxsən 1-2 uşağın əleyhinəm.
3-4, 5-6 sağlam uşağı dünyaya gətirib tərbiyə
etməyin ölkəmiz üçün də mühüm əhəmiyyəti
var. Hazırda plansız şəkildə nəsli
artırmağa lüzum yoxdur".
Professor Nadir
İsmayılovun fikrincə, Azərbaycanda ailəçilik ənənələri
başqa millətlərlə müqayisədə
güclüdür. Gənc ailələrin təməlinin
möhkəm olması valideynlərdən çox
asılıdır: "Biz uşağı körpəykən
əzizləyirik. Yaxşı haldır ki, bu qayğı
uşaq nəinki böyüyəndə, hətta ailə
qurandan sonra da səngimir, əksinə, daha da artır. Hər
bir evlənmək istəyən gənc kişi ailə
quracağı halda böyük məsuliyyət
daşıyacağını yaxşı dərk etməlidir".
Təəssüf ki, bu
gün Azərbaycanda evlənənlərə cehiz verilməsi
problemi valideynlərin öz boğazlarına keçirdikləri
"ilgək"dir. Dəbdəbəli toylar edilir, ailələr
borca girməli olur, nəticədə bu yükün
böyük bir ağırlığı istər-istəməz
gənc evlənənlərin çiyninə
düşmüş olur. Bu, qanadları hədsiz kövrək
olan gənc ailələrin problemlərini daha da
artırır, ailədə qovğaların, qalmaqalların,
dedi-qoduların yaranmasının əsasını qoyur.
Ailəçilik problemlərinə münasibətdə
ziddiyyətlər
Ailə ta qədimdən
türklərin həyatında əhəmiyyətli yer tutub.
Ailəçilik insanın cəmiyyətçilikdən fərqlənməsinin
sübutudur. Əgər ailə olmasaydı, o zaman insanın
indiki səviyyəsi də olmayacaqdı. Amma təəssüf
ki, hazırda Azərbaycanda yeni ictimai münasibətlərin
formalaşması fonunda ailəçilik ənənələrinə
ziyan dəyməkdədir. Sosioloq-alim Əhməd Qəşəmoğlunun
fikrincə, bu gün Azərbaycanda ailə problemlərinə
yanaşmaq məsələlərində kifayət qədər
problemlər, hətta yanlışlıqlar mövcuddur: "Məhz
sözügedən yanlışlıq baxımından Azərbaycanda
ailəçilik problemlərinə münasibətdə
ziddiyyətlər mövcuddur. İlk baxışda gender
mövzusu cəlbedici görünür. Burada əsas məsələ
bütün instansiyalarda kişilərlə yanaşı
qadınların hüquq bərabərliyinin təmin edilməsidir.
BMT səviyyəsində belə qadın-kişi münasibətləri
məsələsində bərabərlik xüsusi şəkildə
qeyd edilib. Məlumdur ki, Şərq ailəçiliyi hər mənada
özünəməxsusluğa malikdir. Gender məsələsi
Qərb ailəçiliyinin xüsusiyyətlərini Şərq
ailəçiliyinin daxilinə yeridilməsinə əsaslanır.
Əslində bu gün dünyada ailəçiliyin
qorunması yönündə bir əsas məsələ diqqət
mərkəzində durmalıdır. Yəni necə etməli
ki, ailələrdəki harmonik hal heç vaxt pozulmasın.
Amma əksinə, olduqca süni şəkildə ailədə
qadın-kişi hüquqlarının bərabərliyi məsələsi
pafoslu şəkildə qabardılır; çox zaman isə
bu hüquq bərabərliyinin nədən ibarət olması
bilinmir, müəyyən məqamlarda mücərrədlik
daha çox qabarır. O fikirdə deyiləm ki, Azərbaycan
ailəsində problemlər yoxdur. Belə problemlər var,
özü də kifayət qədərdir. Amma mən bu məsələlərdə
Qərbin metedologiyalarına əsaslanmağın əleyhinəyəm.
Şərqdə ta qədimdən cəmiyyət ailə
prinsipləri üzərində qurulub. Amma Qərbdə
hazırda liberalizm yönü daha çox qabarmaqdadır,
burada əsas xətt cəmiyyəti fərd üzərində
görməkdən ibarətdir. Əgər cəmiyyət fərddən
ibarət görünür, bilinirsə, o zaman ailə avtomatik
olaraq arxa plana keçir. Azərbaycan daim Qərb
dünyasına, Avropaya inteqrasiya olunur, gecə-gündüz
telekanallarda Qərb dünyasının əhvalını,
psixologiyasını açan, tamaşaçıya
çatdıran verilişlər, kinoseriallar, musiqilər,
ümumiyyətlə, dünyagörüşləri
nümayiş etdirilir".
Qərbdə ailəsizlik fəlakəti
Əhməd Qəşəmoğlunun
fikrincə, bu gün Qərbdə ailəsizlik fəlakəti
mövcuddur. Qərb ümumiyyətlə, həyatın bir
çox sahələrində öz iflasını
gördüyü dərəcədə bunu xilas kimi Şərqə
təqdim edir: "Qərb ailəsizlik fəlakətindən
doğan Qərb baxışını Şərqə təqdim
edir. Bu gün Qərb liberalist dəyərləri
ardıcıl şəkildə bizə təqdim edir. Biz
ideoloji cəhətdən müxtəlif dünya
baxışları ilə üz-üzə, göz-gözə
durmuşuq. Bir tərəfdən də ideoloji problemlər ailəni
dağıdır. Bu gün Azərbaycan ailəsi maddi və mənəvi
problemlərin əlində qalıb. Həmçinin o,
qloballaşma problemi ilə üz-üzədir, məhz bu
problemlərin çoxluğu onu hətta
çaşdırır. Qərb dünyasında
qadının kişiyə, eləcə də atanın anaya,
övladın valideynlərə münasibəti elə səviyyədədir
ki, bu, bir şərqlinin qəbul etdiyi çərçivədə
deyil. Amma əslində Azərbaycanın ailə modelini
bütün dünyada təbliğ etmək lazım idi. Azərbaycan
ailəsi sadəcə iki-üç nəfərin ittifaqı
demək deyil. 20-30 il qabaqkı azərbaycanlı ailəsi
dedikdə ailə və və ətrafı-ata-ana,
qaynata-qaynana, çoxsaylı qohumlar, ən
başlıcası isə çoxlu uşaqlar göz
özünə gəlirdi. Bu insanlar arasında olan
doğmalıq telləri o zaman indikindən çox
güclü idi. Vaxtilə hesablamışdım, bir ailə ətrafında
150-200-ə qədər doğma insanlar olurdu. Məhz bu qədər
insan demək olar, bir ocaqdan qaynaqlanır, bunun istisi isə hər
tərəfə yayılırdı. Şübhəsiz ki, Azərbaycanda
belə ailələr az olmayıb, indi də var. O zamanlar
insanlar indikindən daha çox daim bir-birilərinin
qayğıları ilə yaşayırdılar, həyanlıq,
doğmalıq indikindən qat-qat artıq idi".
Azərbaycan ailəçiliyinin
təməli, ənənələri nə qədər
gözəl, qədim olsa da, digər tərəfdən etiraf
edək, həmişə bu və digər məsələlərdə
daha çox bədiyyata, yəni sözə güc
vermişik. Tariximizin bütün çağlarında Azərbaycan
ailəsinin problemləri olub. Tarixən türk ailəçiliyinin
özünəməxsusluğuna çox zərbə dəydi.
Sovet dövründə kolxozlaşma, sovxozlaşma, həmçinin
sənayeləşmə prosesində Azərbaycan ailəsi yenə
də əzəli ahəngindən ayrı salındı:
işə tələsən ana balasını tələsik
öpdü. Ata bütün ömrünü işə sərf
etdi. Nəticədə ailə teli çox hallarda bu gərginliklərə
davam gətirmədi...
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 15 may.- S.14.