Yod çatışmazlığı
problemə çevrilib
Bu,
bir sıra xəstəliklərə yol açır
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) dünyada 1,5 milyard
insanın yad çatışmazlığından əziyyət
çəkdiyini açıqlayıb. Orqanizmdə yod
çatışmazlığı qalxanabənzər vəzinin
böyüməsinə və zobun əmələ gəlməsinə
səbəb olur. Hazırda dünyada 300 milyon insanda zob xəstəliyinin
müxtəlif formaları müşahidə edilir. 12
yaşından yuxarı insan sutkada 150 mikroqram (mkq) yod qəbul
etməlidir. Hamilə və uşaq əmizdirən qadınlar
200 mkq yod qəbul etməyi unutmamalıdırlar. Yod
çatışmazlığı uşaqlarda, xüsusən
də yeniyetmələrdə cırtdanboyluluğa, keratizmə,
fiziki və əqli inkişafdan geriqalmaya da səbəb ola bilər.
Yod çatışmazlığı nəticəsində əqli
cəhətdən geri qalan uşaqların doğulması təkcə
valideynlər deyil, həm də ölkə üçün
faciə sayılır. İqtisadi hesablamalara görə, yod,
dəmir və A vitamininin çatışmazlığı
ölkədə iqtisadi artımın 5 faiz aşağı
düşməsinə səbəb ola bilər. Orqanizmdə
yod defisiti qadınlara da mənfi təsir edir. Yod
çatışmazlığı olan qadınlarda uşaqsalma,
ölü doğuş, tez-tez yoluxucu xəstəliklərə
tutulma, yaddaşın zəifləməsi, halsızlıq,
baş ağrıları, quru dəri və s. əlamətlər
müşahidə edilir. Orqanizmində kifayət qədər
yod olmayan uşaqlar məktəbdə zəif oxuyurlar, qavrama
qabiliyyətləri aşağı olur. Maraqlı məqam
odur ki, insan orqanizminə həyatı boyu vur-tut 3-4 qram yod tələb
olunur. Bu o deməkdir ki, yod çatışmazlığı
ilə mübarizə aparmaq üçün qida rasionuna
gündəlik cüzi miqdarda yod əlavə etmək kifayətdir.
Bunun ən səmərəli yolu isə insan və heyvanlar tərəfindən
istehlak olunan duzun yodlaşdırılmasıdır.
İnkişaf etmiş ölkələrdə hətta
südü, çörəyi də yodlaşdırırlar.
Lakin hələlik iqtisadi cəhətdən ən səmərəli
üsul duzun yodlaşdırılması hesab edilir. Duzun
yodlaşdırılması il ərzində adambaşına
0.05 ABŞ dollarına başa gəlir. Qeyd edək ki, yodun 90
faizi orqanizmə qida, 10 faizi isə hava və su yolu ilə
daxil olunur. Ancaq duzun yodlaşdırılması səmərəli
çıxış yolu kimi hamı tərəfindən qəbul
olunsa da, hələ də yod
çatışmazlığı ilə mübarizədə
qələbədən danışmaq tezdir.
Hələ də yod
çatışmazlığı var
Vaxtilə yod
çatışmazlıqları xəstəlikləri Azərbaycan
üçün endemik xəstəlik hesab edilib.
Çünki bu xəstəlikdən əziyyət çəkənlər
əsasən dağlıq zonalarda yaşayanlar olub. 1998-ci ildə
8-14 yaşlı uşaqlar arasında Lənkəranda
keçirilən sorğu zamanı 54 faiz, Şəkidə isə
100 faiz uşaqda yod çatışmazlıqları xəstəlikləri
aşkar edilib. Lakin hazırda vəziyyət dəyişib. Xəstəlik
Azərbaycan üçün endemik deyil. Bu xəstəliyə
Xəzər sahili bölgələrdə yaşayanlarda da
çox rast gəlinir. Baxmayaraq ki, dəniz və sahilə
yaxın torpaqlarda, həmin ərazilərin havasında yodun
miqdarının daha çox olduğu söylənilir. Bu,
yodlaşdırılmamış duzdan istifadənin nəticəsidir.
Apreldə Bakıda
"Yod çatışmazlığı xəstəlikləri
- duzun ümumi yodlaşdırılması sahəsində
nailiyyətlər, problemlər və perspektivlər"
mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin
sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
bildirib ki, Azərbaycanda sovetlər dönəmində bir
sıra bölgələrə duz bilavasitə
yodlaşdırılmış şəkildə daxil olub,
çünki endokrinik xəstəliklər həmin bölgələrdə
geniş yayılıb. Bu komitənin 2000-ci ilin əvvəlində
apardığı araşdırma nəticəsində məlum
olub ki, Azərbaycanda endokrinik xəstələrin sayında 17
dəfə artım olub. Bu da çox böyük rəqəmdir.
Elə həmin ərəfədə parlamentdə qanun
hazırlanıb. Bu qanun duzun yodlaşdırıllması
adı altında meydana çıxıb. Bu MDB məkanında
yeganə və model qanunlardan biridir. Bu qanuna görə, Azərbaycanda
həm duzun istehsalı, həm istehlakı
yodlaşdırılmış şəkildə
olmalıdır. Bu qanunun qəbulundan sonra Azərbaycanda bu xəstəliklərin
miqdarı dəfələrlə azalıb. Başqa sözlə,
2000-ci ildə aparılan araşdırma nəticəsində
məlum olub ki, Azərbaycanda yodlaşdırılmış
duzdan istifadə edən əhalinin faiz göstəricisi 41
faizdir. Yeddi ildən sonra, yəni 2007-ci ildə aparılan
növbəti bir araşdırma zamanı bu faiz göstəricisinin
77 faiz olduğu meydana çıxıb. Sözsüz ki, məntiqlə
qarşıya qoyulan növbəti məsələ həmin 23
faizin də aradan qaldırılması olmalı idi. Səhiyyə
Nazirliyi də bunu bəyanlayırdı. Amma...
Təhlükə qapı ağzındadır
Az əvvəl Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə
istehsal olunan xörək duzunun tərkibində yodun
miqdarını müəyyən etmək məqsədilə
istehsal müəssisələrində yoxlamalar aparıb. Bəlli
olub ki, ölkədə xörək duzuna qatılan yod tükənib,
duzda yod çatışmazlığı mənşəyi məlum
olmayan xəstəliklər yaradır. Bu təhlükənin
qarşısını almaq üçün bir neçə
il öncə YUNİSEF həyəcan təbili
çalmış, azərbaycanlı uşaqların
düçar ola biləcəyi əqli və fiziki xəstəliklərin
qarşısını almaq məqsədilə ölkəmizə
kalium-yodat gətirilməsinə nail olmuşdu. Ancaq ölkədə
istehsal olunan xörək duzlarına qatılan yod
ehtiyatlarının tükənməsiylə bağlı
YUNİSEF-in həyacan təbili müvafiq qurumları və
duz istehsalçılarını hərəkətə gətirməyib,
ölkəyə kalium-yodatın gətirilməsi təmin
edilməyib.
Bir daha nəzərə
çatdıraq ki, 2001-ci ildə qəbul olunan "Duzun
yodlaşdırılması haqqında" qanunun 8.3-cü
maddəsinə əsasən, yodlaşdırılmamış
duzun qida və yem məqsədilə istehsalı,
satışı və ölkəyə daxili qadağan olunur.
Bu bənd 2003-cü il yanvarın 1-dən qüvvədədir.
Yəni heç bir müəssisə duzu
yodlaşdırılmadan istehsal edib satışa
çıxara bilməz. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
qanunun 8.3-cü bəndinə əsaslanaraq duz istehsalı ilə
məşğul olan müəssisələrə problem həll
olunanadək fəaliyyətlərinin müvəqqəti
dayandırılacağı barədə xəbərdarlıq
edib.
Beləliklə, 7 il əvvəl
YUNİSEF dadımıza çatıb, ancaq indi bu işlə
dövlət qurumları və sahibkarlar məşğul
olmalı idilər, hələlik məşğul olmağa həvəsli
də görünmürlər. Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin təmsilçiləri mətbuata
açıqlamalarında yodlaşdırılmamış duz
istehsalının qarşısını almaq
üçün səy göstərdiklərini bildirirlər.
Lakin Masazırdakı göldən (gölə son illər məişət
tullantıları da axıdılır) primitiv üsulla duz
yığanların və kustar üsulla həmin duzu emal edərək
yodlaşdırılmış adıyla bazara çıxaran
sexlərin qarşısını almaq çox
müşkül məsələdir.
Masazır duzu beynəlxalq göstəricilərə
uyğun deyil
Mütəxəssislər
bildirirlər ki, tərkibində 99,8 faiz natrium-xlorid olan duz kefiyyətli
sayılır. Bunlar ekstra duzlardır və beynəlxalq tələblərə
cavab verir. Azərbaycanda ekstra duz yoxdur. Masazırdakı duzun tərkibi
98,5 faiz natrium-xloridlə zəngindir ki, bu da beynəlxalq
göstəricilərə uyğun deyil. Naxçıvan duzuna
gəlincə, bu, dağ-mədən duzudur, Masazırdakı
kimi yerdən yığılmır, dağ
süxurlarından, mədənlərdən
çıxarılır. Bu baxımdan Naxçıvan duzunun
tərkibində natrium-xloridin miqdarı çox ola bilər və
dağ-mədəndən çıxdığı
üçün təmizdir. Lakin əsas odur ki, xammal kimi duzun
haradan götürülməsinə baxmayaraq, xörək duzu
və ya yem məqsədilə emal edildikdən sonra tərkibi
yodlaşdırılsın. Naxçıvanın blokadada
olması səbəbindən Azərbaycanda əsasən
Masazır gölündən götürülən duzlardan
istifadə olunur. Keyfiyyətli duz istehsal etmək
üçün göl təmiz saxlanmalıdır, bu, əsas
şərtdir. Ancaq yuxarıda da dediyimiz son vaxtlar gölə
məişət tullantıları axıdılır.
Bazarlarımızda
Türkiyənin, Rusiyanın və Ukraynanın duzlarıyla
rastlaşırıq. Dövlət qurumları iddia edirlər
ki, ölkəyə daxil olan duzların tərkibi və
yodluluq təminatı yoxlanıldıqdan sonra
satışına icazə verilir, xaricdən idxal olunan
duzların tərkibi lazımi qədər kalium-yodatla təmin
olunub, onlarla bağlı elə də problem yoxdur. Təki
olmasın...
Qeyd edək ki, Azərbaycan
əhalisinin duza olan illik tələbatı 60 min tondur. Bunun 30
min tonu idxal edilir. Rusiya, Ukrayna, Türkiyə və İran
idxalçı dövlətlər sırasında ön yerləri
tutur.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 15 may.- S.13.