Baharın 91-ci anı
(Əvvəli ötən sayımızda)
Birinci Dünya
müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin
devrilməsi nəticəsində yaranmış çox
mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın
şimal torpaqlarında dövlətçilik ənənələrimiz
yenidən, özü də bu dəfə parlamentli respublika
formasında dirçəldi. Gənc Azərbaycan dövləti
son dərəcə mürəkkəb daxili və beynəlxalq
şəraitdə doğuldu. Bakıda hakimiyyəti Stepan
Şaumyanın başçılıq etdiyi
daşnak-bolşevik güruhu ələ keçirmiş və
Azərbaycanın türk-müsəlman əhalisinə
qarşı dəhşətli soyqırımına
başlamışdı. Çar generallarının
silahlandırdığı erməni quldur dəstələri
Şərqi Anadolunun və Qərbi Azərbaycanın
türk-müsəlman əhalisinə qarşı qanlı
qırğını - soyqırımını davam etdirirdilər.
Azərbaycan xalqının cəlladları olan Şaumyan və
Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan
xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi
qarşısında idi. Neft Bakısını ələ
keçirməyə çalışan xarici qüvvələr
arasındakı rəqabət sona çatmaqda və
bütün Cənubi Qafqaz üçün yeni təhlükə
- bolşevik Rusiyasının təcavüzü təhlükəsi
yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin
ağır yolayrıcında qalmışdı: ya Milli
qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın
etnik-siyasi xəritəsindən tamamilə silinib
götürülmək. Azərbaycanı müstəqil
dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz
belə bir tarixi şəraitdə çaşqın vəziyyətə
düşmüş və çıxış yolu tapa bilməyən
xalqın önünə keçdi.
Azərbaycan Milli
Şurası çətinliklə əldə olunmuş
istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm
də qərara almışdı ki, qısa müddət ərzində
Müəssislər Məclisi çağırılmalı və
o vaxta qədər Fətəli Xan Xoyski hökuməti hakimiyyəti
öz əlində saxlamalı, heç kimə güzəştə
getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda,
Xoyski hökumətinin hüquq və səlahiyyətlərini
də konkret şəkildə müəyyənləşdirmişdi.
Hökumət Azərbaycanın dövlət müstəqilliyini,
mövcud siyasi azadlıqları ləğv edə bilməzdi
və aqrar məsələ, həmçinin bunun kimi digər
mühüm məsələlər barədə inqilabi
qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə
isə hökumətə müstəqil hərəkət etmək
səlahiyyəti verilirdi. Müvəqqəti hökumət
altı aydan gec olmayaraq Müəssislər Məclisi
çağırmalı idi. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyətinin ilk parlamenti - Azərbaycan Milli
Şurası özünün ilk addımlarını
atmağa başladı. Azərbaycan Milli Şurasının
1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi
20 gün sürən ilk fəaliyyəti dövründə cəmi
7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq
iki mühüm qərar qəbul edildi: birincisi - Azərbaycanın
istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul
edildi; ikincisi - Gəncədə Fətəli xan Xoyski
başda olmaqla ilk Azərbaycan hökumətini
formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə
olaraq Azərbaycanın müstəqil idarə olunmasına
başlandı.
1918-ci il iyunun 17-də
hakimiyyətə gələn Fətəli xan Xoyskinin
başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti çox ağır bir beynəlxalq və daxili
şəraitdə, faktiki olaraq, soyqırımı taleyi
yaşayan Azərbaycan xalqını tarixin ən ağır
qanlı burulğanından çıxarmaq məsuliyyətini
öz üzərinə götürməli oldu. Təcili
olaraq müstəqil Azərbaycanın dövlət
quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən
çıxmaq üçün ilk günlərdəncə qəti
tədbirlərə əl atdı. İyunun 19-da bütün
Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu.
İyunun 24-də qırmızı parça üzərində
ağ aypara və ağ səkkizguşəli ulduz təsvir
olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən
biri kimi qəbul edildi. İyunun 26-da Müsəlman hərbi
korpusu Əlahiddə Azərbaycan Korpusuna çevrildi və həmin
korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri
səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun
komandiri hökumətin xüsusi
tapşırığını yerinə yetirməyə
başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı
qüvvələrinin yaradılması demək idi. İyunun
27-də Azərbaycan-türk dili dövlət dili elan olundu.
Dövlət quruculuğu daha da genişləndirildi. Türkiyədən
dərsliklər gətirmək və müəllimlər dəvət
etmək barədə qərar qəbul olundu. Məktəblər
milliləşdirildi. Yeni müəllim kursları və məktəblər
açıldı. Yelizavetpol və Karyaginin tarixi adları bərpa
olunaraq yenidən Gəncə və Cəbrayıl
adlandırıldı. Milli orduya səfərbərlik
keçirildi. İyul ayının 15-də Fövqəladə
Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul
olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə
bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman
əhaliyə qarşı törədilən
soyqırımı vəhşiliklərini və onların əmlakının
talan olunması məsələlərini araşdırıb
cinayətkarları məhkəmə məsuliyyətinə cəlb
etməli idi. Hökumətin bu qərarı ilə əslində,
müstəqil Azərbaycanın Milli Təhlükəsizlik
sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə,
hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti
sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi
yaratmaq üçün də bir sıra mühüm tədbirlər
görüldü. Avqustun 11-də hərbi mükəlləfiyyət
haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan
Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında fərman verildi. Lakin Xoyski hökumətinin
başlıca vəzifəsi ölkənin bütün ərazisində
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar
etmək, Bakını və onun ətraflarını Azərbaycan
xalqının düşmənlərindən təmizləmək
idi.
Qafqaz İslam Ordusu Azərbaycan
əsgərlərinin köməyilə 1918-ci il sentyabrın
15-də ağır döyüşlərdən sonra
Bakını azad etdi. Şəhər Şaumyanın
bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ
keçirmiş menşevik-daşnak tör-töküntülərindən
- "Sentrokaspi diktaturası"ndan təmizləndi. Xoyski
kabinetinin təşkilindən (1918-ci il sentyabrın 17-də)
üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Rəsulzadənin
sədrliyi ilə keçirilən iclasında Azərbaycan
parlamentçiliyi tarixinin çox mühüm qərarları
qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin
çətin və mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti
son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli
həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi
yalnız azərbaycanlılardan ibarət olmadığı
üçün Azərbaycan Milli Şurasında qeyri- millətlər
də təmsil olunmalıdır. Azərbaycan Milli
Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər)
hər 24 min nəfərinə 1 nəfər nümayəndə
hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan
80 nəfər müsəlmanları, 21 nəfər erməniləri,
10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər
yəhudiləri təmsil etməli idi. Sayları çox az
olduğu, parlament seçkilərində iştirak etmək
hüquqları olmadığı halda, gürcülər və
polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil
olunmalıydılar. Göründüyü kimi, 1918-ci ilin mart
soyqırımından hələ vur-tut yarım il keçməsinə
baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni
nümayəndəsinin iştirakına yol
açılırdı. O zamankı tarixi şəraitdə
atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə,
insan haqlarına nə qədər dərin hörmətlə
yanaşmasına sübutdur. Parlament demokratiyamızın bu
faktı Rəsulzadənin yeni parlamentin
çağırılması ilə bağlı olaraq 1918-ci
il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks
olunmuşdu: "Bizə fəlakət və səfalətdən
başqa nəsə verməyən ədavət və
ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı
bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni
başlayan həyatın təbii məşəqqətlərini
asanlıqla çəkmək üçün
yaşayışımızı aqil və insani əsaslar
üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli
və məzhəb fərqlərinə baxmayaraq, bütün
Azərbaycan vətəndaşları bir vətənin
övladlarıdır. Ümumi vətəndə müştərək
həyatlarını qurmaq və öz səadətlərinə
birlikdə yetişmək üçün onlar bir-birlərinə
əl uzatmalı və yardım etməlidirlər".
Tağıyevin
qızlar məktəbinin binasında 1918-ci il dekabrın 7-də
Azərbaycan Parlamentinin ilk iclasının təntənəli
açılışı oldu. Bu, bütün müsəlman
şərqində o dövrün ən demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk parlament idi. "Müsavat"
fraksiyasının təklifilə Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev isə onun birinci müavini seçildi. Paris sülh
konfransına yola düşmüş Topçubaşov səfərdə
olduğu üçün parlamentin fəaliyyətinə
Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Xoyski
hökumətinin istefası qəbul edildi və yeni hökumətin
təşkil olunması qərara alındı. Yeni hökumətin
təşkili yenidən Xoyskiyə tapşırıldı.
Çox mürəkkəb
şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, xalqımızın milli oyanışını əbədi
etməyə çalışan Cümhuriyyət hökuməti
və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin
inkişafını diqqət mərkəzində
saxlayırdı. Ölkənin hər yerində müxtəlif
pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri,
uşaq baxçaları, qısa müddətli müəllim
kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana
və feldşer məntəqələri şəbəkəsi
yaradılır, yoluxucu xəstəliklərə qarşı
mübarizə aparılırdı.
Bu baxımdan parlamentin
1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin
təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi
qeyd etmək lazımdır. Milli universitetin
açılması Cümhuriyyət xadimlərinin doğma
xalq qarşısında çox mühüm tarixi xidməti
idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə
də Cümhuriyyət ideyalarının yaşamasında və
xalqımızın yenidən müstəqilliyə
qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol
oynadı.
Ölkədə elm və
təhsilin inkişafına xüsusi diqqət yetirən
Cümhuriyyət hökuməti və parlamenti, vaxt itirmədən
bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə
xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti
hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı
gəncin dövlət hesabına təhsil almaq
üçün xarici ölkələrə göndərilməsi
barədə qanun qəbul etmişdi. Bu işə nə qədər
böyük əhəmiyyət verildiyi ondan görünür
ki, parlament xaricə göndəriləcək gəncləri
müəyyən etmək üçün Rəsulzadənin
başçılığı ilə beş nəfərdən
(Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy
Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi
müsabiqə komissiyası yaratmışdı. Komissiyanın
qərarına əsasən ali təhsil almaq üçün
45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər
İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə
göndərilmişdi.
Azərbaycan Xalq
Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin
başının üstünü alan xarici müdaxilə təhlükəsini
sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq
aləmdə tanınması üçün də
böyük iş aparırdı. Belə ki, Cümhuriyyət
parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri
Topçubaşovun başçılığı ilə
Paris sülh konfransına xüsusi nümayəndə heyətinin
göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət
dövrünün görkəmli dövlət xadimi
Topçubaşov ağır çətinlikləri dəf edərək
Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük
dövlətlər tərəfindən de-fakto
tanınmasına nail olsa da, XI Qırmızı Ordunun
Şimali Azərbaycanı işğal etməsilə onun bu
sahədəki fəaliyyəti yarımçıq qaldı. Azərbaycan
parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin
çox mühüm hissəsini daim özünə cəlb
edən məsələlərdən biri də yaxın
qonşularla münasibətlər və sərhəd məsələləri
olub. Aparılan çox gərgin işdən sonra
Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan
hökumətinin böyük ərazi iddiaları üzündən
Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya
yönəltmək mümkün olmayıb. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə qonşu İranla da bir
sıra saziş və müqavilələr imzalanıb və
həmin sənədlər parlamentdə təsdiqlənib.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 15 may.- S.9.