Nikahsız ailə problemi kəskinləşir
Millət vəkilləri
Ailə Məcəlləsinə məcburi nikah müqaviləsinin
bağlanması və məcburi tibbi müayinədən
keçmənin əlavə olunmasını vacib sayırlar
Dünən
deputatların, tanınmış vəkillərin
iştirakıyla Ailə Məcəlləsini qadın
hüquqları baxamından təhlil etmək msəqsədiylə
"Ailə və nikah münasibətlərində qadın
hüquqları" mövzusunda dəyirmi masa keçirildi. Tədbirə
İsveçrənin Azərbaycandakı səfirliyi dəstək
verib. Ailə Məcəlləsinin 1999-cu ildə qəbul
olunduğunu xatırladan Ədliyyə Nazirliyinin Qeydiyyat və
Notariat Baş İdarəsinin baş məsləhətçisi
Ramiz Kərimov dedi ki, buna qədər ər və arvad bir yerdə
yaşamalı idilər. Ancaq sonradan qanunvericiliyə dəyişiklik
edilib və ərlə arvad başqa-başqa yerlərdə də
yaşaya bilərlər.
Ailənin mövcud olduğu dövrdə əldə
olunmuş mülkiyyətə münasibətdə də
hüquqlar bərabərdir. Onun sözlərinə görə,
əvvəlki qanunlarda nigah müqaviləsi nəzərdə
tutulmayıb. Ancaq Ailə Məcəlləsi qəbul edilərkən
bununla bağlı sənədə müvafiq maddə
salınıb. Amma nikah müqaviləsinin məcburən
bağlanması şərti orada əksini tapmayıb.
"Qızların nikah yaşının 18-ə
çatdırılması reallığa uyğun olmaz"
Milli Məclisin Sosial
siyasət komitəsinin ekspert-hüquqşünası Məhəmməd
Bağırov qanunvericiliyimizdə qızlar üçün
nigah yaşının 17, oğlanlar üçün 18
yaş müəyyən olunduğunu söylədi. O hesab edir
ki, bu, qadınların nigah hüququnun pozulması kimi dəyərləndirilməməlidir.
Məsələ ondadır ki, qadınlar bu hüququ daha tez
realizə edə bilirlər: "Erkən nikahların
artdığı bir vaxtda qızların nikah
yaşının 18-ə çatdırılması
reallığa uyğun olmazdı. Digər tərəfdən,
Ailə Məcəlləsi gender bərabərliyini nəzərdə
tutur. Gender bərabərliyi qadın hüquqlarının
önə çıxarılmasını yox, kişi və
qadının hüquq bərabərliyini nəzərdə
tutur". O, ailə quranların məcburi tibbi müayinədən
keçmələrilə bağlı fikirlərin səslənməsinə
də toxundu: "Ailə Məcəlləsi təkmilləşdirilərkən
bu məsələ nəzərə
alınmalıdır".
Vəkil Aslan
İsmayılov Türkiyədə, Avropadakı kimi Azərbaycanda
sosial institutların olmadığını bildirdi. Bununla belə,
Azərbaycanda dünyaya nümunə göstərilə biləcək
ailə institutu var: "Gərək Avropadan gender bərabərliyini
Azərbaycana gətirəndə ailə institutunu
dağıtmayaq".
"Məcburi nikah müqaviləsi məhkəmədəki
biabırçılıqlara son qoyacaq"
Aslan İsmayılova
görə, əslində nikah müqaviləsi Azərbaycanda
keçən əsrdə mövcud olub. Söhbət ondan
gedir ki, ucqar yaşayış məntqələrində
nikahlar zamanı akt yazılıb və qızın oğlan
evinə nələr apardığı, oğlanın qıza
nələr aldığı və s. qeydə alınıb. İndi
bunun qanunvericilik səviyyəsində geri
qaytarılmasından söhbət gedir. Onun fikrincə, əgər
Azərbaycanda nikah müqaviləsi işləyərsə, bu
gün məhkəmlərdə baş verən
biabırçılıqlara rast gəlinməyəcək. Çünki
bir-birlərini sevən, ailə quran iki gənc sonradan
ayrılırsa, məhkəmədə çəngəl-bıçağı
bölüşdürmək davası gedir. Bundan da son nəticədə
uşaqlar əziyyət çəkir. Çünki valideynlərin
biri digərinə uşağı görməklə
bağlı məhdudiyyətlər qoyur: "Əvvəllər
boşananda kişi pencəyini götürüb gedərdi,
indi çəngəl-bıçaq davasına
çıxır. Ona görə də nikah müqaviləsinin
bağlanması zəruridir. İndiki halda Ailə Məcəlləsində
nikah müqaviləsi olsa da, məcuri deyil. Ona görə də
iki sevən gəncdən biri o birisinə evlənərkən
nikah müqaviləsi təklif edirsə, cavabında "evlənməmişik,
indidən alverə başlamısan" cavabı eşidir. Nikah
müqaviləsinin bağlanması məcburi olarsa,
qızların bu kimi şıltaqlıqlarına da rast gəlinməyəcək".
Nikahsız yaşamaq problemə çevrilib
Millət vəkili
Gövhər Baxşəliyeva dedi ki, mədəni insanlar
ayrılanda da qadını və uşaqlarını evsiz
qoymaz. Ancaq boşanma zamanı qadınların çölə
atılması ilə bağlı minlərlə hal var. İslam
dininə görə, qadın uşağa süd verirsə,
hamilədirsə, qadından ayrılmaq olmaz. Ancaq ölkəmizdə
uşaq 3 yaşına çatmamış qadınların
küçəyə atılması halları mövcuddur. O,
tədbirdə səslənən fikirlərin ümumiləşdirilərək
Milli Məclisdə təşəbbüslə
çıxış edəcəklərini nəzərə
çatdırdı. Millət vəkili Elmira Axundova
düşünür ki, problem qanunlarda yox, onların icra edilməməsiylə
bağlıdır: "Ancaq mən də məcburi nikah
müqaviləsinin bağlanması və məcburi tibbi
müayinədən keçmənin qanuna
salınmasının tərəfdarıyam".
Elmirə Axundovaya
görə, ailə rifahı maliyyə müstəqilliyindən
asılıdır. Ancaq Azərbaycanda gənc ailələrin
maliyyə müstəqilliyini təmini yönündə
dövlətin dəstəyi hiss olunmur. Doğuşa görə
birdəfəlik 50 manat verilir. MDB məkanında bu, ən
aşağı göstəricidir. Qazaxıstanda həmin rəqəm
təxminən 155 manatdır. Həm də anaya, gənc ailəyə
dəstək davamlı xarakter daşımır. İpoteka
kreditlərinin verilməsi də dayandırılıb: "Mən
son vaxtlar nikahsız yaşamadan qaynaqlanan problemlərlə
tez-tez rastlaşıram. Az əvvəl mənim yanıma gənc
bir xanım gəlib, ərinin onu çölə
atdığını söyləyir. Dedim ki, nikah haqqında
şəhadətnaməni ver, məhkəməyə təqdim
edim. Məlum oldu ki, nigahsız ailə qurub. Biri də gəlir
ki, nikahsız yaşadığım ərim Rusiyaya gedib, onu
tapmaqda mənə kömək et. Ər də Rusiyada başqa
bir qadınla evlənir. Biz artıq nikahsız ailələr
problemi üzərində ciddi düşünməliyik".
"28 aprel Analar Günü olsun"
Elmira Axundova Zərifə
xanım Əliyevanın anadan olduğu 28 aprelin Azərbaycanda
Analar Günü kimi bayram elan olunmasını təklif etdi:
"8 mart Beynəlxalq Qadınlar Bayramı, 15 may Analar
Günü bizim bayramlar deyil. Bayramların milliləşməsi
prosesi gedir. Zərifə xanım gözəl ana olub.
Yaxşı olardı ki, 28 aprel Analar Günü elan olunsun, həmin
gün istirahət günü sayılsın. 8 mart da bayram
kimi qala bilər, ancaq həmin gün iş günü
olar".
Millət vəkili Jalə
Əliyeva da məcburi nikah müqaviləsini qaçılmaz
sayır. Problemlərin həm də ailələrdə
qızlara "ikinci dərəcəli" kimi
baxılmasından qaynaqlandığını dilə gətirən
millət vəkili də 28 aprelin Analar Günü elan
olunmasının tərəfdarıdır.
Türkiyənin ölkəmizdəki
səfirliyinin dini işlər üzrə müşaviri
Müzəffər Şahin imam, yaxud molla nikahları adlanan məsələyə
toxundu. Onun sözlərinə görə, İslam dinində
dini görəvlilik statusu yoxdur, hər kəs dindar ola bilər:
"Yəni belə bir müəssisə İslamda
yoxdur". O, qız uşaqlarına İslamda münasibətin
də xüsusi olduğunu vurğuladı: "Peyğəmbərimiz
deyir ki, iki qız uşağı yetişdirənlər cənnətə
gedəcək. Yəni peyğəmbərimiz pozitiv
ayrı-seçkilik edib".
"Nikah yaşının 17 yaş olması beynəlxalq
konvensiyalarla ziddir"
Millət vəkili
Gültəkin Hacıbəyli nəzərə
çatdırdı ki, beynəlxalq konvensiyalarda qızlar
üçün nikah yaşı 18 yaş göstərilib. Azərbaycan
qanunvericiliyində bu, 17 yaşdır. Yəni beynəlxalq
konvensiyalarla milli qanunvericiliyimiz ziddiyyət təşkil edir:
"Nikah yaşını 17 yaş müəyyənləşdirməyimiz
beynəlxalq konvensiyalarla ziddiyyət yaradır. Belə hallarda
isə beynəlxalq qanunvericilik əsas
götürülür". Gültəkin Hacıbəyli
hesab edir ki, nigah müqaviləsinin məcburi
bağlanmasının da alternativi yoxdur: "Bəzən məhkəmələrin
boşananlar arasında evin bölünməsi barədə qərar
çıxarır. Kişi başqası ilə evlənmiş
olur. Deməli, ev satılmalıdır. Axı qadın
keçmiş əriylə, onun yeni yoldaşıyla birgə
yaşaya bilməz. Amma kəndlərdə əmlak bazarı
yoxdur. Qadın da həmin evə qayıda bilmir. O halda məsləhət
görürlər ki, başqa yerə,
atanın-qardaşının yanına get. Məcburi nikah
müqaviləsi bu kimi problemlərin qarşısını
alacaq". O, aliment məsələsində də problemlərin
yaşandığını vurğuladı: "Bəzən
kişi heç yerdə qeydiyyatda olmur, ancaq yaxşı
ustadır, ayda min manat qazanır. Belə hal üçün
qanunda heç nə nəzərdə tutulmayıb. Bunu da Ailə
Məcəlləsi təkmilləşdirilərkən nəzərə
almaq lazımdır".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 15 may.- S.3.