"Asta çal balabanı"
Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb
Bu yaxınlarda Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Qalib Soltanoğlunun
"Asta çal balabanı" kitabı işıq
üzü görüb. Kitab tanınmış sənətkar,
ustad balabançı Əli Kərimova həsr olunub. Kitaba Ədəbiyyat
və İncəsənət arxivinin direktoru Maarif Teymur ön
söz yazıb: "Böyük ustad, kalvalı Əli dədə
(Kərimov Əli Zülfüqar oğlu) haqqında Qalib
Soltanoğlunun yazdığı kitab müqəddəs bir
iş kimi ürəyimi titrədi. Oxudum, sevindim: Əli dədə
özü isə Cabbar Qaryağdıoğlu, Üzeyir
Hacıbəyov, Əhməd Bakıxanov, Qurban Pirimov,
Bülbül və onlarla böyük musiqiçilərimizlə
dostluq edib. Hələ 1930-cu illərdə dahi bəstəçimiz,
xalq havalarını nota köçürən, milli
operamızın banisi Üzeyir bəyin
tapşırığı ilə dahi Bülbül kalvalı Əli
kişinin 40-a kimi havasını lentə
köçürür və həmin lent
yazılarının bir hissəsi Azərbaycan Dövlət
Radiosunun "Qızıl fond"unda qorunur. Mənəvi xəzinəmiz
olan Salman Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivində qorunan həm xalq musiqimizin
böyük bilicisi Bayram Hüseyinlinin, həm də Respublika
Xalq Yaradıcılığı Evinin sənədləri
arasında Əli Kərimovla bağlı sənədlərlə
qarşılaşırıq. Ustad Əli dədənin
yaradıcılığı onun çağdaşları
olan musiqişünasların, sənət bilicilərinin diqqətini
çəkmişdi. Hələ sağlığında onu
öyrənməyə başlayıblar. Bayram Hüseynli
bundan ötrü Kalvaya getmiş, bir neçə ay ustadın
evində qonaq olmuş, onun zurna, balabanla bağlı
bütün dünyasını öyrənmişdi. Bunun
sonucudur ki, çox sonralar 1984-cü ildə Moskvada rus dilində
B.Hüseynli və T.Kərimovanın müəllifliyi ilə
"Əli Kərimov" adlı kitab "Sovetskiy
kompozitor" nəşriyyatında işıq üzü
görüb. Əli dədənin dövlət radiosunun
"Qızıl fond"unda qorunanlardan başqa qalan
havacatlarından xəbər yoxdur. Kim bilir, onlar da itməyib,
"xalq havası" adı ilə çalınır, səsləndirilir,
ancaq yaradıcısının adı çəkilmədən.
Onlardan ən tanınmışları bunlardır:
"Heyvagülü", "Alçagülü",
"Koroğlu nağarası", "Qəhrəmani",
"İnnabı", "Əfruzə"..."
Qalib Soltanoğlu belə
bir mövzuda kitab yazmasının səbəbi haqqında
bunları bildirir: "Əli Kərimovun sənəti ilə
bağlı danışmaq böyük məsuliyyətdir. Nədəndirsə,
qara zurnanın, yastı balabanın səsi gələndə
ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli
dədənin bənzərsiz, sehrli çalğısında.
Onun çalğısı möcüzəli, ruhani səsdir.
Mən ustadın havacatlarını dinləyəndə, su
kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi
odlu, qış kimi soyuq oluram: Ə.Kərimovla bağlı el
arasında çoxlu xatirələr var. Mən onlardan
bacardığım qədər toplaya bildim. Doğrudur,
ustadın sənətinin daha ciddi, elmi yöndən
araşdırılmasına gərək var. Bu kitabı Əli
dədənin anadan olmasının 135 illiyinə kiçik
töhfə kimi yazdım".
Ə.Kərimovun adı
19-cu yüzilin sonu, 20-ci yüzilin birinci yarısı peşəkar
xalq yaradıcılığının ən görkəmli
nümayəndələri ilə bir sırada durur. O, Q.Pirimov,
C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi
oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən,
aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə
Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə
Şəmşir, Ü.Hacıbəyov, S.Rüstəmov, Ə.Bakıxanov,
Bülbül kimi görkəmli sənətkarların
yaxın dostu və çağdaşı olub. Əli Kərimov
zurna, balaban, tütək kimi nəfəsli alətlərdə
çox böyük sənətkarlıqla ifa edib, eləcə
də onların imkanlarını texniki baxımdan genişləndirib.
Q.Soltanoğlu yazır: "Ustadın böyük işi odur
ki, o, zil tembrli zurnanı peşəkar kamera alətinə
çevirib. O, təkcə çalğıçı yox, həm
də çoxlu mahnıların müəllifi, Azərbaycan
milli musiqisinin irəliləməsində önəmli rol
oynayan sənətkar olub. Əli dədənin
çalğısı bugünkü çalğıya
oxşamır. Onun çalğısında türkün qədimliyi,
döyüşkənliyi görünür, eşidilir,
duyulur. Onun çalğısı əski türk yurdu olan
Kalvadan ucalan ulu babalarımızın səsidir. Həmin səs
həmişə bizimlədir. Əli dədədən öncə
də Kalvada zurna sənəti olub, indi də qalmaqdadır. Demək,
soy yaşayır, türk ulusumuzun zurna kimi böyük dəyəri
itmir".
"Ustad haqqında
deyimlərdən" bölümündə Ə.Kərimovun
sənəti ilə bağlı deyilmiş fikirlər
toplanıb. Dahi dramaturq Hüseyn Cavidin oğlu, musiqiçi Ərtoğrul
Cavid yazır: "Mirzə Məhəmmədhəsən
"Humayun" və "Şur" dəstgahlarını məharətlə
oxuyarmış. Bəzən zəngulə vura-vura dizin-dizin məclisin
ortasına kimi gələrmiş. O, uzun illər
balabançı ustad sənətkar Əli Kərimovla da
yoldaşlıq etmişdir". AMEA-nın müxbir
üzvü Rəfael Hüseynov isə bu qənaətdədir:
"Əli Kərimov balaban, zurna
ifaçılığında Azərbaycanımızın zəngin,
əlvan musiqi xəritəsində
özümlülüyü ilə seçilən Şirvan
musiqiçilərindən ibarət ifaçılar nəsli
yetişdirmişdir. Kalvalı Ustad Əli kişi 88 illik
ömrü boyu bilgin sənətkarlarla
çalıb-çağırıb."
Xalq artisti Əhməd
Bakıxanov: "O, xüsusi ifaçılıq tərzinə
malik idi. O, ifa tərzinin dərinliyi və
düşündürücülüyü ilə texniki
imkanlarının hüdudsuzluğu, sadəliyi və
müdriklikliyi ilə fərqlənirdi. Onun yüksək
ifaçılığı həmişə dinləyicilərin
qəlbinə yol tapırdı... O, gözəl musiqiçi və
gözəl insan idi. Onun mehribançılıq və sadəliyi,
çətin anlarda insanların köməyinə gəlməsi
onu tanıyanların yaxşı xatirindədir. Mən bu
görkəmli insanın əziz xatirəsini daim əziz
tuturam... Onun öz barmaqları var..."
Şair Musa Yaqub: "Aşıq
Şamil və balabançı Əli Diyallıda, Topçu,
Qalacıq kəndlərində tez-tez olardılar... Tale Əlinin
çaldığı balabandan qopan həzinliyi ancaq
Şamilin səsindən ötrü, Şamilin qüdrətdən
qaynayan şaqraq səsini isə Əlinin balabanından qopan
sehrli nəvadan ötrü yaradıb". Professor Ramiz
Zöhrabov: "Vaxtilə, Azərbaycanda "Humayun"
muğamının məşhur ifaçıları olub. Bu
ifaçılardan biri istedadlı xanəndə Mirzə Məhəmmədhəsən
(1831-1907) idi. Onun oxumasında "Şur",
"Çahargah", "Mahur", "Rast",
"Bayatı - Şiraz", "Zabul" ilə yanaşı,
"Humayun" da var idi. Görkəmli balabançalan Əli
Kərimovun dediyinə görə, o, "Humayun"u 12 və
ya 17 şöbə və guşədən ibarət bir dəstgah
kimi oxuyardı. Əli Kərimov özü "Humayun"u
Mirzə Məhəmmədhəsəndən öyrənib və
balabanda bu muğam dəstgahını saat yarıma
çalıb".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 16 may.- S.14.