İçsən də olmur, içməsən
də...
Sərinləşdirici içkilər xəstəlik mənbəyidir
Havaların isinməyə başlamasıyla insanların sərinləşdirici içkilərə, dondurmalara tələbatı artır. Şəhərdə gəzərkən, işdən qayıdarkən susuzluqla üzləşir, sərinləşdirici içki, yaxud dondurma almağa üstünlük veririk. Ancaq ürəyimizi sərinlətsək də, biz bir çox hallarda daha ciddi təhlükələrlə özümüzü üz-üzə qoymuş oluruq.
Vəziyyət ürəkaçan deyil
Az əvvəl
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti
Departamenti pivə və sərinləşdirici içkilər
bazarında monitorinq keçirib. Bakı şəhərində
ərzaq mallarının satışını həyata
keçirən mağazalarda aparılmış monitorinqlər
zamanı ticarət obyektlərində, üzərində
istehsalçı müəssisənin adı, ünvanı,
istehsal və son istifadə tarixləri, eləcə də
istehlakçı üçün zəruri olan digər məlumatlar
göstərilməyən su, pivə və sərinləşdirici
içkilərin satıldığı, bəzi mağazalarda
su və sərinləşdirici içkilərin saxlanması
zamanı temperatur rejiminə əməl olunmadığı
hallar aşkar olunub.
Su və sərinləşdirici
içkilər bazarında rast gəlinən hallardan biri də
onların qablaşdırılması zamanı yararsız
sayılan plastik qablardan təkrar istifadə olunmasıdır.
İstifadə olunmuş plastik qablar ictimai-iaşə obyektlərindən,
kafelərdən, küçələrdən, hətta
antisanitar şəraitdə olan tullantı qablarından
yığılaraq su istehsalı sexlərinə təhvil
verilir. Bəzi istehsalçılar da bu plastik qablardan istifadə
edərək insan sağlamlığı üçün təhlükəli
olan içkilər istehsal edir və aşağı qiymətlərlə
satışa çıxarırlar. Ən acınacaqlı odur
ki, aparılan monitorinq zamanı Bakı şəhərində
və respublikanın digər şəhər və
rayonlarındakı bir sıra satış obyektlərində,
əhalinin sıx olduğu yerlərdə, xüsusilə
avtovağzal ərazilərində, bazarlarda, yarmarkalarda, məktəblərin
qarşısında belə sərinləşdirici içkilərin
satışının geniş yayıldığı
müşahidə olunub.
Rayonlarda da acınacaqlı hal hökm sürür
Bakı, Yevlax,
Göyçay, Ağdaş, Xanlar, Ağstafa, Salyan,
Masallı, lənkəran, Xudat və Xaçmazdakı 18
müəssisənin istehsalı olan 29 adda su, pivə və sərinləşdirici
içkilərin laborator müayinəsi onlardan 21-nin keyfiyyət
göstəricilərinə görə normativ-texniki sənədlərdən
kənarlaşması faktı aşkar edilib. Faktla əlaqədar
belə məhsul istehsalçılarına qanun
pozuntularına yol verdiklərinə görə məcburi
göstərişlər verilib. Antiinhisar Siyasəti
Departamentinin Gəncə şəhərində
apardığı araşdırmalar zamanı mağazalarda və
bazarlarda mənşəyi bəlli olmayan içkilərlə
yanaşı, istifadə edilmiş plastik qablara təkrar
qablaşdırılan sərinləşdirici içkilərin
satışının geniş yayıldığı aşkarlanıb.
Bundan əlavə, müəssisələrin birbaşa
satış fəaliyyətini həyata keçirdikləri
anbarlardan və satış obyektlərindən
götürülmüş nümunələrin laborator
müayinəsi nəticəsində məlum olub ki, R.Qədirova
məxsus sexdə istehsal edilən "Üç bulaq",
M.Mustafayevə məxsus sexin "Gülazar", A.Gözəlova
məxsus sexin "Portağal" və "Tərxun"
nişanlı içkilərinin tərkibində insan
sağlamlığı üçün təhlükə
yarada biləcək bağırsaq çöpləri qrupundan
olan bakteriyalar mövcuddur. Sərinləşdirici içkilərdə
quru maddələrin kütlə payı, codluğu,
turşuluğu da normativ-texniki sənədlərin tələblərinə
uyğun gəlməyib. Laboratoriyada müayinə olunmuş bəzi
pivə növlərində də bağırsaq çöpləri
qrupundan olan bakteriyalar aşkar edilib. Qeyd olunan faktlarla əlaqədar
adıçəkilən müəssisələrə
insanın həyatı və sağlamlığına təhlükə
yarada biləcək məhsulların satışının
dayandırılması və qısa müddətdə
pozuntuların aradan qaldırılması ilə bağlı
icrası məcburi göstərişlər verilib.
Dondurmalarla bağlı
bu il dövlət qurumları hələ ki, araşdırma
aparmayıblar. Ancaq ötən illərin təcrübəsi,
satışda külli miqdarda kefiyyətsiz dondurmaların
aşkarlanması dondurma alarkən xəstəliklərlə
üzləşmə ehtimalının yüksək
olduğundan xəbər verir. Keyfiyyətsiz dondurmaları qəbul
edən insanda burun-boğaz xəstəlikləri, mədə-bağırsaq
pozuntuları əmələ gəlir.
İçkilər zibilliklərdən
yığılmış şüşələrdə
qablaşdırılır
İsti yay günlərində
bu sual ssözsüz ki, çoxlarını
düşündürəcək. Çünki insan susuzluqla
üzləşəndə sərinləşdirici içki və
dondurma istəyir. Mütəxəssislər məsləhət
görürlər ki, dondurma və sərinləşdirici
içki alan şəxs onların
qablaşdırılmasına, istehsalçının adı,
ünvanının yazılmasına və məhsulun tərkibinə
diqqət yetirsin. Yuxarıda da dediyimiz kimi, qazlı və ya
qazsız suların bir dəfə istifadə olunmuş plastik
qablara yenidən doldurulub satılması halları da istisna
deyil. Ona görə, istehlakçılar şüşə
qablarda satılan suları alsa yaxşıdır.
O da məlumdur ki,
gigiyenik tələblərə cavab verməyən müxtəlif
növ şirələr, qazlı su və digər
mineralların əksəriyyəti Bakıda və ətraf kəndlərdəki
gizli sexlərdə hazırlanır. Ən təhlükəlisi
isə odur ki, saxta yolla istehsal edilən sərinləşdirici
içkilərin demək olar ki, hamısı zibilliklərdən
yığılmış şüşələrdə
qablaşdırılır. Zibillikdən şüşə
yığanlara günümüzdə də biz hər
addımda rast gəlirik.
Limonad alarkən bir məqama
da diqqət yetirmək lazımdır. Bəzən
şüşələrin üzərindəki etiketdə məhsulun
saxlanma müddətinin 30 gün olduğu göstərilir. Əslində
isə bütün növ düşes limonadlarının
saxlanma müddəti 20 gündən artıq ola bilməz.
Problem həm də ondadır
ki, dövlət qurumları satışda olan, ev şəraitində
hazırlanmış meyvə və giləmeyvə şirələrinin
mənşəyini araşdıra bilmir. Ona görə də
insanlara pivə şüşələrində
qablaşdırılmış pivə, tərxun,
düşes, qızılgül limonadlarının almaları
məsləhət görülmür. Bu içkilər
hazırlanarkən sanitar gigiyenik normalara riayət olunmaya bilər.
Bakı şəhərində əhalinin topdan
alış-veriş etdiyi, istirahət etdiyi ərazilərdə
açıq hava altında içkilərin
satışına da yol verilir: sərinləşdirici
içki, adından da məlum olduğu kimi, sərin halda
içilməlidir. Topdansatış mağazalarının
qarşısında günəş şüaları
altında qoyulan sərinləşdirici içkilər isə
tam yararsız hala düşür. Xüsusən də, tərkibində
əlavə qatışıqları olanlar. "Coca Cola"
içkisini günəş şüası altında saxlamaq
qadağandır, nəticədə suyun tərkibində
parçalanma gedir və yararsız olur.
Qabaqdan çimərlik
mövsümü də gəlir. Hər il əhalinin istirahət
etdiyi yerlərdə, xüsusən də çimərliklərdə
bəzən satış qaydaları pozulur və nəticədə
insanların həyatı təhlükə ilə üzləşir.
Belə içkilər orqanizmdə bağırsaq
infeksiyalarının artmasına da səbəb olur. Deməli,
dövlət orqanları indidən tədbirlər görməlidilər.
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 16 may.- S.13.