Cümhuriyyət səhifəsi
Hacıbaba Əzimov:
"1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər
Azərbaycanda 50 min insan qətlə yetirilib"
Qarşıdan Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci
ildönümü gəlir. Xalq Cümhuriyyəti necə
yaradılıb, nədən süquta uğrayıb? Bu
suallarımızı VAMBP sədri, professor Hacıbaba Əzimov
cavablandırır...
- Xalq Cümhuriyyətinin
fəaliyyəti, tarixi əhəmiyyəti və dərsləri
haqqında çox yazılıb, çox deyilib. Amma elə məqamlar
var ki, tarixi ədəbiyyatda və mətbuatda o qədər də
əks olunmayıb. Hamı bilir ki, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasıyla "Azərbaycan" məhfumu
ilk dəfə coğrafi məhfumdan dövlət adına
çevrilib. Bu dövlətin 23 aylıq fəaliyyətində
çox önəmli məsələlər özünü
göstərib.
- Bəs nədən
Xalq Cümhuriyyəti süquta uğrayıb?
- Bu ətrafda mübahisələr
hələ də gedir. Əslinə qalsa, həqiqətən
də Xalq Cümhuriyyətinin yıxılmasında sovet
Rusiyasının əli olub. O cümlədən daxildə
olan düşmən qüvvələr, ermənilər, Azərbaycan
Kommunist Partiyasının üzvləri, xüsusən ermənilər
dəfələrlə Moskvaya gediblər və Xalq
Cümhuriyyətinin yıxılması planlarıyla məşğul
olublar, daxildə Xalq Cümhuriyyətinin
yıxılmasıyla bağlı yardımlarını təklif
ediblər. Xüsusən Mikoyan canfəşanlıq göstərib.
Sovet Rusiyası da Xalq Cümhuriyyətinin yıxılması
üçün böyük hazırlıqlar görüb. Hələ
1920-ci il mart ayının əvvəllərindən XI orduya
xüsusi tapşırıq verilmişdi ki, Azərbaycana
hücum əməliyyatını hazırlasın. Aprelin 21-də
Qafqaz cəbhəsi komandanlığı XI orduya və Volqa-Xəzər
donanmasına əmr verib ki, aprelin 27-də qoşunlar Azərbaycan
sərhədini keçsinlər və sürətli
hücumla Bakı quberniyasının ərazisini zəbt etsinlər.
Aprelin 23-də isə Qafqaz komandanlığı son məqsəd
olaraq qoşunlara bütün Azərbaycan ərazilərini
işğal etmək əmri verib.
- Qoşunlar nə vaxt
Azərbaycan sərhədini keçiblər?
- Aprelin 27-də, səhər
saat 12:00-də XI ordu hissələri zirehli qatarın
müşayətiylə Azərbaycan ərazisinə sürətli
hücum əməliyyatına başlayıblar. Artıq 28
aprel səhər saat 4:00-da ilk zirehli qatar və XI ordunun beynəlxalq
hissəsi Bakıya girmişdi. Bəziləri deyirlər ki,
guya XI ordu Azərbaycana dəvət olunmuşdu. Bu faktlar həmin
mülahizələrin düzgün olmadığını
göstərir. 28 aprel Azərbaycanın işğal
günü kimi təqdim olunur. Müharibə, xəbərdarlıq
etmədən, sadəcə, bir quldur dəstəsi kimi XI ordu Azərbaycan
ərazilərinə soxulmuşdu. Doğrudur, aprelin 27-də,
saat 16:00-da Azərbaycan kommunistləri, Həmid Sultanov və
başqaları Azərbaycan parlamentinə hakimiyyəti təhvil
verməklə bağlı ultimatum təqdim etmişdilər. Bu
da parlamentdə müzakirə olunub. Axşam saat 22:30-da
parlament əksər səslərlə hakimiyyətin kommunistlərə
verilməsi barədə qərar qəbul edib. Amma hakimiyyətin
kommunistlərə verilməsilə bağlı 7 şərt
irəli sürülüb. Ən əsas şərt o idi ki,
Azərbaycan gələcəkdə öz dövlət
müstəqilliyini saxlamalıdır. Ancaq
göründüyü kimi Azərbaycan işğal olunandan
sonra müstəqillik əldən getdi. Bakı 28 aprel səhər
saat dörddə işğal olunub. 28 apreldə Hərbi
İnqilab Komitəsi Leninə məktub göndərib ki, Azərbaycanda
sovet hakimiyyətini bərqərar etmək üçün
qoşun hissələri göndərilsin. Bu, artıq beynəlxalq
ictimaiyyəti aldatmaq cəhdi idi. Çünki işğal
artıq baş vermişdi.
- Bəs Azərbaycan
hökuməti bu işğalın qarşısının
alınması, aradan qaldırılması üçün
hansı addımlar atmağa çalışıb?
- XI ordunun işğalçılıq hərəkətlərilə bağlı Antantanın Tiflisdəki nümayəndələrinə məlumat göndərilib. Aprelin 28-də Anatanta üzvlərinin San-Remo adlanan bir konfransı keçirilirdi. Konfransda iştirak edən Azərbaycan nümayəndələri müttəfiq dövlətlərin Ali Şurasına, xarici dövlətlərin Romadakı səfirliklərinə və Millətlər Cəmiyyətinə suveren Azərbaycan dövlətini sovet Rusiyası Silahlı Qüvvələrinin işğal etməsi barədə nota və müraciətlər göndərsələr də, bu məsələni xarici ölkələr və beynəlxalq qurumlar sükutla qarşılayıblar. Bu, çox ibrətamiz haldır və tarixdə təkrar olunur. Bunu görən təcavüzkar qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra xalqımıza, onun ziyalılarına, hökumətdə təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başlayıblar. Təkcə mayın axırlarında, Gəncədə baş verən üsyan yatırılandan sonra bu şəhərdə 15 min azərbaycanlı öldürülüb. 1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50 min insan qətlə yetirilib. Bunun da mühüm öir hissəsi ziyalılar olub. Onların arasında Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud bəy Cavanşir, 12 genaral, 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli zabit də qətlə yetirilənlər arasında olub. İşğalçılar bu qurbanlar hesabına Azərbaycanda möhkəmələnə biliblər.
- Xalq Cümhuriyyəti nələrlə yadda qalıb?
- Şərqdə ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti daxili həyatın, beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb və ziddiyyətli olduğu bir şəraitdə 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, öz dövlət quruculuğu, sosial, siyasi, iqtisadi və təhsil sahələrində mühüm işlər görə bilib. Xalq Cümhuriyyəti tam dövlət hakimiyyətinə malik olub, müstəqil daxili və xarici siyasət yürüdüb. Cümhuriyyətin müstəqil dövlətələrə xas bütün atributlara müvafiq hakimiyyət və idarəetmə orqanları vardı. Parlamenti, hökuməti, Milli Ordusu, bank-maliyyə sistemi, dövlət bayrağı, gerbi, dövlət himni mövcud idi. Ən ümdə və önəmli cəhətlərdən biri də bu idi ki, o zaman Xalq Cümhuriyyəti Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyətinin tanımasını, Naxçıvanın və Zəngəzurun Azərbaycana mənsubluğunu təmin edib. 1919-cu ildə Dağlıq Qarabağda referendum keçirilib, ermənilər həmin referendumda Azərbaycanın tərkibində qalmağa razılıq veriblər. Bu, çox mühüm məqamdır. Zaqafqaziyanın cənub və şərq hissəsini əhatə edən 97,3 min kv kilometr ərazi-bu, mübahisəli olmayan ərazidir-mübahisəli yerlərlə birlikdə 114 min kv kilometr ərazi qorunub saxlanıb. Bundan başqa, Xalq Cümhuriyyəti Azərbaycan türk dilini dövlət dili elan edib, Bakı Dövlət Universitetinin bünövrəsini qoyub, bütün məktəblərdə Azərbaycan dilinin və tarixinin tədrisi üçün tədbirlər görüb. Xalq Cümhuriyyəti 22 dövlətlə, o cümlədən Türkiyə, İran, ABŞ, İngiltərə, Fransa, İtaliya, Ukrayna, Gürcüstan kimi dövlətlərlə diplomatik əlaqə yarada bilib. Bunlar Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü çox önəmli işlərdir. Xalq Cümhuriyyətinin fəaliyyəti, onun liderlərinin, yaradıcılarının ideyaları Cümhuriyyət süquta uğrasa da, yaddaşlardan silinməyib.
- Azərbaycan ikinci dəfə müstəqillik qazananda Xalq Cümhuriyyətinin irsindən necə bəhrələnib?
- 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və müstəqilliyimiz bərpa edildi. Bu da Xalq Cümhuriyyətindən gələn bir niyyətin, idealların bərqərar olunması üçün atılmış addım sayılmalıdır. Parlamentdə Konstitusiya Aktının layihəsini hazırlayan komissiyanın sədri və əsas müəllifi mən oldum. O vaxt Xalq Hərəkatından gələn ideyaların, "Demblokun" təkliflərinin Konstitusiya Aktında öz əksini tapmasına çalışdıq. Məhz Xalq Cümhuriyyətinin ənənələrinin yaşaması və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi fəaliyyətini təmin edən bir sıra maddələr də Konstitusiya Aktına daxil edildi. Məsələn, Konstitusiya Aktının 1-ci maddəsi 1920-ci il aprelin 27-28-də Azərbaycanın sovet Rusiyasının XI ordusu tərəfindən işğalını əks etdirir. İkinci maddədə "Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir" fikri öz əksini tapır. Üçüncü maddədə SSRİ-nin yaradılması haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycan hissəsinin həmin vaxtdan etibarsız sayılması əks olunur. Başqa maddələrdə də Azərbaycan Respublikasının tam müstəqilliyinə təminat verən fikirlər vardı. Konstitusiya Aktının elan olunmasından sonra Türkiyə, ardınca da digər ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Nəhayət, 1992-ci il mart ayının 2-də BMT də Azərbaycanı öz sıralarına qəbul etdi. Azərbaycan beynəlxalq hüququn subyekti oldu. Bu, Azərbaycan xalqının böyük uğuru, qələbəsi idi. Yuxarıda qeyd etdim ki, Xalq Cümhuriyyəti sovet Rusiyasının işğalçılıq planları ilə üzləşəndə Qərb ölkələri tamamilə biganə qalıb, seyirçi mövqe tutublar. Azərbaycan ikinci dəfə müstəqillik elan edəndən sonra da bu, tendensiya özünü göstərib və indiyə kimi də göstərir. Ermənilərin qondarma Dağlıq Qarabağ problemini ortaya atmaları, rus-erməni birləşmələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etmələrinə yenə də xristian Qərb ölkələri biganə qalıblar. Azərbaycanın haqlı mövqeyini lazımı qədər müdafiə etmirlər. Ermənistanı təcavüzkar dövlət kimi tanımaq istəmirlər. Tarixi müqayisələr göstərir ki, keçən əsrin əvvəllərində olduğu kimi yenə də Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarının işğalına göz yumur, ermənipərst mövqedən çıxış edirlər. Azərbaycan ziyalılarının, partiya və QHT-lərin, ümumən xalqımızın borcu odur ki, bu həqiqətləri Qərb ölkələrinə, ATƏT-in Minsk qrupunda həmsədr olan dövlətlərə çatdıraq. Amma çox təəssüf edirəm ki, bəzi partiyalar ABŞ-ın, Qərb ölkələrinin, beynəlxalq qurumların təsirinə düşdüklərinə görə həmsədr ölkələrə, onların ermənipərəst mövqelərinə qarşı iradlarını bildirməkdən çəkinirlər. Bu da əlbəttə, düşmənin mövqeyinin möhkəmlənməsinə kömək edir. Azərbaycan iqtidarı və müxalifəti vahid mövqedən çıxış etməli, ərazi bütövlüyümüzün bərpası üçün əlindən gələni əsirgəməməlidir.
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 16 may.- S.5.