"İstiqlalımıza təcavüzə
qarşı ilk əvvəl üsyana qalxan özüm
olacağam"
Bu sözlərin müəllifi olan
Rəhim bəy Vəkilov İstiqlal Bəyannaməsinin mətnini
öz əli və qələmilə yazıb
1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasında xüsusi rolu olanlardan biri də
tanınmış siyasi xadim Rəhim bəy Vəkilovdur
(1898-1934). Onun həyat və fəaliyyətini araşdıran
İsmayıl Umudlu R.Vəkilovun qısa, ancaq mənalı
ömrü barədə müəyyən qənaətlərə
gəlir. O, keçmiş Qazax mahalının Salahlı kəndində
mülkədar ailəsində anadan olub. Böyük
bacısının həyat yoldaşı
yazıçı-pedaqoq Abdulla bəy Divanbəyoğlunun təkidilə
atası 12 yaşlı Rəhimi Bakıya göndərir.
Burada Abdulla bəy onu texniki təmayüllü Realnı Məktəbə
qoyur. Məktəbdə oxuduğu illərdə
bacısıgildə yaşayır, kəndə yalnız yayda
gələrdi: "Rəhim bəyin rəssamlığa
şövqü vardı, gözəl rəsm əsərləri
çəkərdi. Çoxları onu gələcəyin
böyük bir rəssamı kimi görürdü". O, məktəbin
tam kursunu 1916-cı ildə bitirir, siyasət aləminə erkən
atılır: "Hələ 1914-cü ildə Realnı məktəbin
5-ci sinfində oxuyarkən şagird təşkilatının
işində yaxından iştirak edir. Bu təşkilatın
fəalları arasında Kəbirlinski qardaşları, Məmməd
Məmmədov, Mirzə Davud Hüseynov, Məmmədhəsən
Baharlı da vardı. Təşkilatın işi əsasən
ictimai xarakter daşıyırdı: onlar kasıb tələbələrə
kömək, qarşılıqlı yardım kassası
işi, xalq nağılları, mahnıları və atalar
sözlərinin toplanması ilə məşğul olurdular.
Bu zəmində yetişən həmin gənclər
müharibənin sonlarında artıq siyasi məsələlərə
keçmişdilər".
R.Vəkilov 1916-17-ci illərdə
rus-tatar məktəbində xalq müəllimi işləyir,
təşkilatla əlaqəsini üzmür: "Təşkilat
artıq "Ümumqafqaz tələbə təşkilatı"
adlanmağa başlamışdı. Sonra təşkilat milli əlamətə
görə parçalanır. Türk qrupu Müsavat Firqəsinin
tərkibində işləməyə başlayır. Təşkilatda
çalışarkən Rəhim bəyin milli-demokrat
yönümlü milliyyətçi baxışları
formalaşır. Həmin vaxtlar Gəncədə Nəsib bəy
Yusifbəylinin Türk Ədəmi Mərkəziyyə
Partiyası yaradılır. Siyasi işlə məşğul
olmaq üçün siyasi platforma tələb olunurdu. Bu tələbə
təşkilatı federalistlərin
başçılarını qəbul edir. 1917-ci ildə
Müsavat və Türk Ədəmi Mərkəziyyət
partiyaları vahid təşkilatda birləşirlər. 1917-ci
il sentyabrın 21-31-də keçirilən qurultayda birgə
yaradılan Mərkəzi Komitəyə M.Ə.Rəsulzadə,
M.H.Hacınski, R.Vəkilov, X.Rəfibəyli, N.Yusifbəyli,
Ş.Rüstəmbəyli, M.Vəkilov, A.Ağazadə və
M.Axundov daxil olurlar. Gənc Rəhim bəyin
tanınmış siyasi xadimlərlə birlikdə MK-da təmsil
olunması milli-demokratik hərəkatdakı xidmətlərinin
məntiqi nəticəsi idi". R.Vəkilov 1918-ci ilin əvvəlində
Müsavat Partiyasına daxil olur, buradan Zaqafqaziya Seyminə
seçilir. O, Seymdə Azərbaycan fraksiyasının
başında duran divanın üzvü idi: "Divana daxil
idi: rəis - M.Ə.Rəsulzadə, müavinlər-N.Yusifbəyli
və M.Cəfərov, katiblər-M.Mahmudov və R.Vəkilov.
Maraqlıdır ki, Rəhim bəy Seymdə
hazırladığı sənədlərdə
soyadını daha çox "Kosalı" kimi qeyd etməyə
başlayır.
Azərbaycanın istiqlalı elan ediləndə məşhur
İstiqlal Bəyannaməsinin mətni katib Rəhim bəyin əli
və qələmilə yazılmışdı, bəyannamənin
altına imza atanlardan biri də Rəhim bəy idi".
Nuru Paşanın gəlişindən
sonra Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə
çıxan, onun Osmanlıya birləşdirilməsini təbliğ
edən ittihadçılar və sair ünsürlərlə
Azərbaycan istiqlalının tərəfdarı olan
müsavatçılar arasında mübarizə
qızışanda gənc Rəhim bəy bu kəskin məsələnin
müzakirə edildiyi Milli Şuranın tarixi 17 iyun 1918-ci il
iclasında alovlu nitqlə çıxış edir: "Onun
çıxışını sonralar M.Məmmədzadə
özünün "Azərbaycan istiqlalı və
Müsavat" kitabında misal gətirib. Rəhim bəy
deyirdi:
"Nəsib bəyin
Müsavat adından elədiyi təklif ehtimal ki, Müsavat
firqəsinin çəkildiyi son səngərdir və
yalnız zərurətdən irəli gəlib. Mən isə
şəxsən bədbin bir hissiyyata qapılaraq hər halda
ikinci nəticənin intizarındayam. Bu vaxtadək türklük
və türk məhəbbətilə yaşayan ziyalı gənclərlə
Osmanlı türk qardaşlarımız arasında daima rus
çinovnikləri qapısında baş əyən qara qəlbli,
çinovnik tinətli insanlar peyda olublar. Bu xainlər dünən
bizə karvansarayda yer göstərdilər. Lakin iş
onların mərhəmətinə qalsa, karvansaray azdır,
bizi qaranlıq zindanlar gözləyir. Çünki məmləkətin
ürəyi təmiz və niyyəti pak qüvvələri həmişə
rəsmi mərtəbələrdən uzaqda dayanmışlar.
Çünki qaranlıq zindanlarda millətin iradəsi, əzmi,
müqəddəs müharibə istəyi tərbiyə olunur...
Təklif edirəm ki, kabinənin istefasını qəbul edək,
sonra rəisimizə tapşırılsın ki, öz
inandığı bir adama yeni hökumət təşkilini
tapşırsın. Yeni təşkil olunacaq hökumətə
azadlıqdan əldə edilən bütün əsasları
mühafizə etməsi və onlara sadiq qalması şərtilə
tam səlahiyyət verək ki, məmləkəti idarə
edib yaxın zamanlarda Müəssislər Məclisi
çağrılsın və bu ixtiyarını heç kəsə
könüllü surətdə təslim etməyərək ən
qiymətli bir əmanət kimi saxlasın. Və yalnız
qüvvəyə, süngüyə təslim olsun...
İstiqlalımıza qarışa biləcək təcavüzə
qarşı ilk əvvəl üsyana qalxan özüm
olacağam".
Araşdırmaçı
bu qənaətdədir ki, fəal siyasi xadim kimi
özünü təsdiq etməyi bacardığından R.Vəkilov
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinə deputat
seçilir. 1918-ci il dekabrın 7-də Azərbaycan
parlamentinin təntənəli açılışı
zamanı parlamentarizm ənənəsinə uyğun olaraq ən
gənc deputat kimi parlamentin katibi seçilmişdi. Gözəl
natiqlik qabiliyyəti olan Rəhim bəy parlamentin
çalışqan deputatlarından sayılıb:
"Parlamentin arxivində onun şəxsi işi arasında
1919-cu il fevralın 6-da paşa ilə Qazaxda olarkən
qarın yatalağına tutulduğu və buna görə ləngiyəcəyi
barədə Divani-rəyasətə ünvanlanmış bir ərizəsi
var. (Onda Qazaxda bir ay yatmış, həkimlərin sayəsində
həyata qaytarılmışdı). O, parlamentdəki fəaliyyətilə
eyni zamanda hökumətin orqanı olan "Azərbaycan" qəzetinin
redaksiya heyətinə daxil idi, qəzetin səhifələrində
vaxtaşırı olaraq yazılarla çıxış
edirdi. R.Vəkilovun etiraf etdiyinə görə, 1920-ci ilin
fevralına qədər "solçu
müsavatçı" olub. Lakin hər halda siniflər
arasındakı fərqə milliyyətçilik
prizmasından baxırdı. Parlamentin tribunasından etdiyi
çıxışlarından birində deyirdi: "Bizim firqəmiz
fəhlələrdə sinif hissindən başqa bir də
milli hiss oyadacaqdır. Onlar artıq qoymayacaqlar beynəlmiləliyyat
adı ilə kəndlilərini aldatsınlar". O, Əliheydər
Qarayevlə birlikdə Əli Bayramovun qətli barədə
sorğu ilə hökumətə müraciət edən
deputatlardan biridir. Bu arada onun partiya ilə münaqişəsi
baş verir, nəticədə Rəhim bəy deputat səlahiyyətlərini
yerə qoyur və parlamentdən gedir. Lakin bununla bərabər
partiyada işini davam etdirir, partiya rəhbərliyinin "kəndli-torpaq
məsələsinə" dair ayrı-ayrı
tapşırıqlarını yerinə yetirir.
Sovetləşmədən
20-25 gün əvvəl Rəhim bəy Hacınskinin sovet
hakimiyyətinə oriyentasiya götürən qrupuna
qoşulur. 1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycana
doğru irəliləyəndə ordununun inqilabi şurası
ilə danışıqlar aparmaq üçün Rəhim bəy
bir neçə nəfərlik deputat qrupunun tərkibində
bolşeviklərlə müştərək işin şərtləri
barədə danışıqlar aparmaq üçün
Şimali Qafqaza Orconikidzenin yanına gedir. Parlament qrupu
Pyatiqorska gəlib çıxır. Nümayəndələr
Kirovla görüşürlər, Bakıdan gələn bu
nümayəndələrlə danışıq olmur, deyirlər
ki, Orconikidzenin qayıtmasını gözləmək gərəkdir.
Onlar həbs edilir, bir aydan sonra buraxılırlar. Bu vaxt
artıq Bakıda aprel çevrilişi baş vermişdi. Məkrli
bolşevik siyasətçilərin qarşısında
uğursuzluğa düçar olan gənc Azərbaycan siyasətçiləri
ağır mənəvi əzginlik içində yalnız
mayın sonlarında Bakıya - istiqlalını qeyb etmiş
vətənlərinə dönə bilirlər. Azərbaycan
sovetləşdikdən sonra R.Vəkilov siyasi fəaliyyətini
dayandırmayaraq gizli işə keçən
müsavatçıların sırasında idi. Bəzi məlumatlara
görə, Məhəmməd Əmin Rəsulzadənin
Bakıdan qaçışını təşkil edənlərdən
biri Rəhim bəy olub. Rəhim bəy ali təhsil almaq qərarına
gələrək 1922-ci ildə ADU-nun şərq fakültəsinə
daxil olur. Rəhim bəy gizli Müsavatda 1921-ci ilin
sonlarından işləməyə başlayıb. Onu bu
işə Mirzə Bala Məmmədzadə qoşur. 1921-ci
ilin sonları 1922-ci ilin əvvəllərində Mirzə
Balanın tapşırığı ilə siyasi kampaniyada
yaxından iştirak edir və türk ziyalıları
arasında iş aparır. Onun təşəbbüsü ilə
bu kampaniyaya keçmiş müsavatçılardan Seyid
Hüseyn, Nərimanbəyli və Kərbəlayı Vəli
Mikayılov cəlb olunurlar. 1920-ci ilin iyulunda Müsavat MK
yanında siyasi işlər komissiyasının rəhbəri
təyin edilir. AzFk Məxfi Şöbəsinin 1923-cü il
aprelin 5-dən başlayaraq və 1924-cü il fevralın 18-dək
olan dövrü əhatə edən "qayət məxfi"
qrifli memorandumunda R.Vəkilovun sovetləşmənin ilk illərində
ciddi müşahidə altında saxlandığı
görünür". 1923-cü ilin yayında
müsavatçıların ilk kütləvi həbsləri nəticəsində
MK-nın iki nəfər üzvü - Əbdül Vahab Məmmədzadə
(Yurdsevər) və Məmməd Sadıq Quliyev, Rəhim Vəkilov
və başqaları tutuldular.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 19 may.- S.14.