Rəhim bəy Vəkilovun müəmmalı ölümü

 

       1925-ci ildə M.Ə.Rəsulzadə ona gizli məktub göndərib

 

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xüsusi rolu olanlardan biri də tanınmış siyasi xadim Rəhim bəy Vəkilovdur (1898-1934). Onun həyat və fəaliyyətini araşdıran İsmayıl Umudlu R.Vəkilovun qısa, ancaq mənalı ömrü barədə müəyyən qənaətlərə gəlib. R.Vəkilovun 1923-cü il iyunun 24-də verdiyi ifadədən: "Müasavatçıların və gürcü menşeviklərinin arasında Bakıda aparılan işdə mən bağlayıcı vəsilə idim..." Gizli mətbəə aşkar edildikdən sonra K.V.Mikayılov, S.H.Sadıqzadə, R.Vəkilov və başqaları yenidən həbs edilirlər. Araşdırmaçı qeyd edir ki, Rəhim bəy amnistiya səbəbindən sürgündən tez qayıdır: "Rəhim bəy 1923-24-cü illəri sürgündə keçirib. Azad edildikdən sonra onun partiyada fəaliyyətini bərpa etməsi barədə məlumat azdır. Hər halda 1926-cı il noyabrın 13-də "Dadaş Həsənov və başqalarının işi" üzrə təkrarən həbs edildikdən sonra aparılan istintaqda bu illər siyasi fəaliyyətlə məşğul olmadığını, 1923-24-cü il həbsindən əvvəl də üzvlük haqqı vermədiyini, 1925-ci ilin sonlarınadək heç bir iclasda iştirak etmədiyini bildirib.

Araşdırmaçı İ.Umudlu bu qənaətə gəlir: "Bu istintaqlardan belə məlum olur ki, 1925-26-cı illərdə bu qrupun işi "mədəni-tərbiyə və ideya mübarizəsindən" ibarət olub və buna görə də onların qarşısında inqilabi çıxışlar və müstəqil Azərbaycanın gələcək kabineti kimi məsələlər durmayıb".

Rəhim bəy istintaqa verdiyi başqa bir ifadəsində 1922-ci ildə müsavatçı əhval-ruhiyyəli qohumu Hüseyn Paşayevlə görüşdüyünü yazır: "Bu istintaqın gedişində habelə məlum olur ki, 1925-ci ilin sonlarında Məmduh Şövkət bəy İstanbuldan Bakı yolu ilə Tehrana gedərkən Müsavat lideri Məhəmməd Əmin Rəsulzadənin Rəhim bəy Vəkilovun adına məktub gətirmiş və bu məktub və kiçik bağlama Dadaş Həsənovun mənzilində Məmmədhəsən Baharlının da iştirakı ilə Rəhim bəyə təqdim edilmişdi. Məktub Müsavat partiyasına ünvanlanmışdı. Məmduh Şövkət bəy sair xəbərlərlə yanaşı onu da çatdırır ki, Məhəmməd Əmin şəkərli diabetə tutulub və uzunmüddətli müalicə tələb olunur. Rəsulzadənin məktubunun Bakıda yalnız Rəhim bəyə ünvanlanmış olması böyük öndərin bu adama nə dərəcədə etibar elədiyini göstərirdi".

1927-ci il fevralın 28-də çıxarılan hökmə əsasən Rəhim bəy Vəkilov bu dəfə uzaq Şimala - müsavatçılarla birlikdə Solovki adasına 8 illik sürgünə göndərilir: "1934-cü ildə Vətənə qayıdanda sürgündə dostlaşdığı gürcü millətçisi, yazıçı Konstantin Qamsaxurdianın (Gürcüstanın eks-prezidenti Zviad Qamsaxurdianın atası - İ.U.) yanına - Tbilisiyə gedir. Oradan Borjomiyə yollanır, zəifləmiş sağlamlığını bərpa etməyə çalışır. Burada Konstantin Qamsaxurdianın köməyilə işə düzəlir. Bir neçə ay bu şəhərdə yaşayır. 1934-cü ildə əmisi qızı Mədinə xanım Qiyasbəyliyə vida məktubu yazaraq özünü Kürün körpüsündə vurur. Meyidinin tapılıb-tapılmadığı bəlli deyil. Rəhim bəyin intiharının səbəbləri müəmmalıdır. Bu, dərin sevgisinə rədd cavabı almış bir gəncin ümidsizlikdən doğan çılğın hərəkəti idimi? Bəlkə son 10 ildə məruz qaldığı əzab-əziyyətlərdən cana doymuşdu, yaşamaq onun üçün mənasını itirmişdi? Yoxsa sürgündən qayıdanların çoxu kimi o da vərəmə tutulmuşdu, xəstəlik açıq formaya keçmişdi və öləcəyini bilirdi? Bəlkə onu yenə də rahat buraxmır, siyasi əqidəsinə xəyanətə məcbur etmək istəyirdilər, ona görə ölməyi üstün tutmuşdu? Axı, bu halda onun şəhərdən xaricə qaçmaq imkanı vardı. Kim bilir, bəlkə də onun belə bir niyyətini duyub onu özləri qətlə yetiriblər. Axı onun kimi perspektivli bir xadimin Türkiyəyə adlaması onlar üçün heç də arzuedilən iş deyildi. Hər halda bu müəmmalı ölümün üstünə günü bü gün də qalın sirr pərdəsi çəkilib... Onun intihar xəbəri Bakıya gəldikdə Zəkəriyyə bəy Vəkilov Tiflisə yollanmışdı. Rəhim bəy Vəkilov aradan 70 il keçəndən sonra - 1992-ci il martın 7-də, Azərbaycan istiqlalını bərpa etdikdən sonra rəsmən bəraət alıb".          

 

 

(Əvvəli ötən sayımızda)

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 20 may.- S.14.