Cümhuriyyət qurucularına soyuq münasibət aradan qalxmayıb
Vaqif Abışov:
"Daşlar göyərib,
ancaq cümhuriyyət
qurucularına abidə
ucaldılması reallaşmayıb"
Mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci
ildönümü, Respublika Günüdür. Ancaq təəssüf
ki, indiyədək cümhuriyyət qurucularının
adlarının əbədiləşdirilməsi istiqamətində
lazım olan addımlar atılmayıb. Demək olar ki, hər
il Məhəmməd Əmin Rəsulzadəyə,
Bakının işğaldan azad olunmasında müstəsna
xidmətləri olan Nuru Paşaya paytaxtda heykəl qoyulması
ilə bağlı vədlər verilir, ancaq bu günədək
verilmiş vədlər gerçəkləşməyib. Azərbaycan
Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix
İnsitutunun əməkdaşı Vaqif Abışov deyir ki,
cümhuriyyət qurucuları zamanında hamımız
üçün örnək ola biləcək fəaliyyət
göstəriblər və onların adının əbədiləşdirilməsi
istiqamətində gərəkli addımların
atılmaması utancvericidir:
"Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti,
ümumiyyətlə, o dövr Azərbaycan tarixinin ən
şanlı və şərəfli səhifələrindən
biridir. Həmin dövrdə çox çətin
ictimai-siyasi şərait mövcud idi. Rusun, erməninin,
farsın gözü Azərbaycan adlı yağlı tikəyə
dikilmişdi, onlar bu ərazini ələ keçirib, burada
yaşayanları qırmaq, deportasiya etmək arzusunda idilər.
Məhz bu çətin dövrdə bütün çətinliklərə
sinə gərən, özlərini güllə
qabağına verən Azərbaycan oğulları meydana
çıxdı. İri torpaq sahibləri, böyük imkana
malik şəxslər vardı ki, qazandıqlarını
xalqın yolunda xərcləyir, bununla fəxr edirdilər.
Çətinliklərə, problemlərə baxmayaraq onlar
öz yollarından dönmədilər. Ümumiyyətlə,
1918-ci il mayın 28-də "İstiqlal bəyannaməsi"
ilə Azərbaycanın müstəqilliyinin elan edilməsi
böyük hadisə idi. Yada salaq ki, mayın 26-da
Gürcüstan, bundan sonra isə Ermənistan müstəqilliyini
elan etmişdi. Əgər cümhuriyyət qurucuları
olmasaydı, Azərbaycan torpaqları qonşu dövlətlər
arasında bölünəcəkdi. Hətta cümhuriyyətin
23 aylıq fəaliyyətini nəzərə almasaq belə, təkcə
cümhuriyyətin elan edilməsinin özünü
böyük hadisə kimi qiymətləndirə bilərik.
Ancaq faktdır ki, 23 aylıq müddət ərzində
cümhuriyyət qurucuları Azərbaycan üçün
böyük işlər görüblər. O da faktdır ki,
müstəqil Azərbaycan Respublikasının atributları həmin
dövrdən qalmadır. Bütün parametrləri nəzərə
alsaq müşahidə edərik ki, bu şəxslər nə
qədər böyük işlər görüblər.
Rusiyanın, İngiltərənin, ABŞ-ın maraqları Azərbaycanda
toqquşurdu və həmin dövrdə sadalanan işləri
görmək o qədər də asan başa gəlmirdi.
Çox çətin bir məqamda düzgün siyasi xətt
götürmək, doğru, düzgün analizlər vermək,
baş verənlərdən vaxtında nəticə
çıxarmaq hər adamın işi deyildi. Cümhuriyyəti,
onun yaradıcılarını yaddan çıxarmaq olmaz. Təəssüf
ki, biz indi cümhuriyyət qurucularına lazım olan diqqəti
görmürük. Bir çox şəxslər, dövlət
qurumları bu məsələlərə barmaqarası
baxırlar. Şəhərin bir neçə görkəmli
yerində cümhuriyyətin qurucularına abidə
qoyulması ilə bağlı dəfələrlə vədlər
verilib. Daşların üzərinə abidə
qoyulacağıyla bağlı qeydlər həkk edilib. Ancaq
sonradan hər şey yaddan çıxıb. Daşlar göyərib,
ancaq abidənin ucaldılması reallaşmayıb. Sanki
cümhuriyyət qurucularına qarşı bir ögeylik var.
Bu insanları tanıtmağın nə ziyanı var ki? Əksinə
bunun Azərbaycana çox böyük xeyri olar. Çünki
Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan
Xoyskini, Nəsib bəy Yusifbəylini, Ceyhun Hacıbəylini tək
Azərbaycanda yox, bütün dünyada tanıyırlar. Bu
şəxsləri tanıyan dövlətlərdə isə
istər-istəməz belə bir fikir formalaşır ki,
bunlar niyə öz tarixlərinə bu qədər biganə
yanaşırlar?"
Vaqif
Abışov ziyalıların bu məsələni
qaldırmalı olduğunu, onların indiki mövqeyinin qanedici
olmadığını da bildirdi:
"Qarşıdan
cümhuriyyətin elan edilməsinin növbəti
ildönümü gəlir və abidə qoyulması məsələsi
gündəmə gətirilməlidir. Pəncərədən
çölə baxsaq görərik ki,
uçub-dağılmış bir park qısa müddət ərzində
yüksək səviyyədə təmir edilir. Gözəl
şəkildə bərpa olunaraq ictimaiyyətin ixtiyarına
verilir. Eləcə də cümhuriyyətlə, onun
qurucuları ilə bağlı abidəni qısa müddət
ərzində ərsəyə gətirmək
mümkündür. Bu məsələnin
reallaşmamasının məsuliyyəti isə birbaşa
hökumətin üzərinə düşür. Bu gün Məhəmməd
Əmin Rəsulzadəyə yalnız Novxanıda abidə
qoyulub ki, bu yetərli sayıla bilməz. İnsanların
heç çoxu bilmir ki, orada Məhəmməd Əminin
abidəsi var. 15 ildir Bakı Dövlət Universitetinin həyətindəki
kiçik bir qara daşa yazılıb ki, burada Məhəmməd
Əminə abidə qoyulacaq, ancaq indiyə qədər bir xəbər
yoxdur. Bütün bunlar cümhuriyyət qurucularına
hörmətsizlikdir. Cümhuriyyət dövrünün
bayrağı altından keçir, onun himnini səsləndiririksə,
bu dövləti quranlara da hörmətlə yanaşmaq
borcumuzdur. Kiçik və dar, çox adamın
tanımadığı bir yerdə "İstiqlal bəyannaməsini"
imzalayanlarla bağlı balaca bir adibə qoyulub. Ancaq orada da Məhəmməd
Əminin adı yoxdur. Təəssüf ki, ziyalıların
böyük əksəriyyətinin bu məsələylə
bağlı mövqeyi qanedici deyil. Çoxları deyir ki, səsimi
qaldırsam, birdən işdən çıxararlar,
maaşımı kəsərlər və s. İndiki
ziyalıların çoxuna "cib ziyalısı" demək
lazımdır. Bu insanlar daha çox özü və ailəsi
üçün çalışır. Amma baxın görək,
Məhəmməd Əmin özü və ailəsi
üçün çalışdımı? Nəinki Məhəmməd
Əmin, eləcə də digər cümhuriyyət
qurucuları üçün ailə Vətəndən
öndə deyildi. Eyni zamanda onlar fikirləşirdilər ki, Vətən
olmasa ailə də olmayacaq. Onların davası kreslo davası
yox, Azərbaycan davası idi. Tək-tək ziyalılar var ki,
öz sözlərini mətbu orqanlar vasitəsilə deyirlər,
ancaq bundan artığına gücləri
çatmır".
Xalq Cəbhəsi.-
2009.- 20 may.- S.9.