Əcdadlarımız qədim
dünyanın ən böyük mütəfəkkirləri
imiş...
Molla Nəsrəddin, Bəhlul Danəndə lətifələri öz dövrünün riyazi düşüncəsinə əsaslanır
Filologiya elmlər doktoru
Ramil Əliyev riyazi mifologiya yönündə uzun müddətdir
ki, araşdırmalar aparır. "Mifoloji informasiyanın
riyazi-funksional modelləşdirilmə təcrübəsi"
kimi təsnif edilən araşdırma özünəməxsus
sayıla bilər. Riyazi mifologiyanın bir elm kimi
özünü təsdiq etməsi riyazi folklor mətnlərinə
əsaslanır. Mifoloq-alim Seyfəddin Rzasoy onun araşdırmalarını
Azərbaycan folklorşünaslığında yeni səhifə
adlandırır: "Araşdırmaların dəyəri onun
ilk növbədə milli folklorşünaslıq və
mifologiyada yeni bir sahənin - riyazi mifologiyanın əsaslarını
qoyması ilə müəyyənləşir".
Bəs riyazi mifologiya nədir,
o, nəyi öyrənir? R.Əliyev bildirir ki, bu sahənin
konkret elm sahəsi kimi inkişaf etməsi son illərə
aiddir: "Belə ki, bu sahə ibtidai mifoloji
görüşün köklərinin dərk olunmasına əsaslanır.
İbtidai riyazi biliklərin mifoloji olaraq tətbiq edilməsi
ibtidai icma quruluşunda fövqəladə yenilik təsiri
bağışlayır. Çünki ibtidai hesablamaların
aparılması mövcud cəmiyyət tipi üçün
həyati məna kəsb edib. İlk insan üçün
zaman anlayışı, vaxt ölçüsü ona öz həyatını
tarazlamaq üçün lazım olub. Bu ehtiyacın nə
zaman yarandığını, ibtidai icma cəmiyyətinin
hansı dövründə əmələ gəldiyini
söyləmək çətindir. Bircə bunu demək
mümkündür ki, təbiəti öyrənən ilk insan
hər şeyin zaman çərçivəsində baş
verdiyinin şahidi olub. Fəsillərin bir-birini əvəz etməsi,
işıq və qaranlıq anlayışına əsasən
gündüz və gecənin tənasübü, bu hadisənin
nə qədər müddətdə baş verdiyini
müşahidə etdikcə ibtidai insanın şüurunda
hesablamaq vərdişi özünə yer alıb. İbtidai
insanın ən böyük nailiyyəti toplamaq
bacarığına nail olmasıdır. Bu elm sahəsi cavan
olduğu üçün onunla məşğul olanların
sayı hətta barmaqla göstəriləcək qədər
azdır. Bəlkə də bunun səbəbi ilk insanın
sahib olduğu müəyyən ilkin riyazi düşüncəyə
malik olmamağımız, daha üstün riyazi
qavrayış tipinə yiyələnməyimizdir. Hər halda
Azərbaycan gerçəkliyində sırf riyazi mifologiya ilə
məşğul olmasa da, müəyyən məsələləri
öyrənən alimlərimiz olub. Bu sahədə ilk qələm
təcrübəsi kimi "Azərbaycan
nağıllarının əhval-ruhiyyəsi" məqaləsində,
"Məlikməmməd" nağılında 3, 7 və 40
saylarının mənasını, müxtəlif xalqlarda
müqəddəs rəqəmlərin qəbul
olunmasını (türklərdə 9, çinlilərdə
8, samilərdə 7 və 40, Misir və yunanlarda 12
saylarının müqəddəs hesab olunması) qeyd edən
Y.V.Çəmənzəminli hətta qədim riyazi
düşüncədə çillə, şər vaxtı
kimi zaman anlayışlarının mifoloji şərhini
verib".
"Molla Nəsrəddin" lətifələri ilə
bağlı alimin araşdırmaları çox
maraqlıdır: "Məsələn, Molla Həsrəddinin
elmini yoxlamaq istəyən əcnəbi alim dairə çəkir,
molla dairəni qəbul edərək onu yarıya bölür.
Molla Nəsrəddinin digər lətifəsində deyilir ki, 3
şərik 17 eşşəyi bölə bilmir.
Qazının yanına gəlirlər. Qazı bu işi Molla Nəsrəddinə
tapşırır. O, özünün də eşşəyini
onlarınkına qatıb bölgünü belə aparır.
Birinci şərikdən soruşur ki, neçə eşşəyin
pulunu verib? O, yarısının pulunu verdiyini deyir. Molla ona 9
eşşək verir. İkinci şərikdən neçə
eşşəyin pulunu verdiyini soruşur. O, üçdə
birinin pulunu verdiyini deyir. Molla ona 6 eşşək verir.
Üçüncü şərikdən neçə
eşşəyin pulunu verdiyini soruşur. O, doqquzda birinin
pulunu verdiyini deyir. Molla ona 2 eşşək verir. Beləliklə,
18 eşşəyin yarısının neçə x, 18
eşşəyin üçdə birinin neçə x, 18
eşşəyin doqquzda birinin neçə x olmasını
tapır".
R.Əliyev
qeyd edir ki, həm Molla Nəsrəddin lətifələrində,
həm də Bəhlul Danəndə lətifələrində
fikir aydınlığı öz dövrünün riyazi
düşüncəsinə əsaslanır. "Beş
barmaq, ya iki barmaq" adlı Bəhlulun adına deyilən lətifə
ilə Molla Nəsrəddinin çevrəni yarı bölməsi,
sonra tən yarını yenə yarı bölməsi eyni
riyazi düşüncənin məhsuludur. Birinci lətifədə
deyilir ki, dənizdən beş barmaq çıxıb, bunun nə
demək olduğunu xəlifə və camaat bilmir. Bəhlul
beş barmağa 3 barmağını qatlayıb 2 barmaq
göstərir. O dəqiqə beş barmaq suda yox olur. Bu hadisəni
Bəhlul belə izah edir ki, beş barmaq Allahın əli idi,
deyirdi ki, beş ürək bir yerdə olsa, dünya cənnət
olar, hamı can deyib can eşidər. Mən isə 2 barmaq
göstərib dedim ki, 2 adamın ürəyi bir-biri ilə
düz deyil, nəinki 5 ola. O da yox oldu".
Araşdırmaçı bu qənaətə gəlir ki, çıxmaqla əldə olunan sayları başa düşmək qədim türk üçün çox asan olub: "Səkkizdən aşağıdakı rəqəmlərin beyində hazır qəlibləri olduğundan qədim türk insanı geriyə sıralanmanı asanlıqla icra edib. Məsələn, "aşı mollanın, başı mollanın, altıdan beşi mollanın, yerdə qaldı biri, onda da gözü var mollanın" lətifəsində deyilir ki, çaydan altı motal axırmış, molla özünü çaya atır, iki motalı ayağına, iki motalı əllərinə bağlayır, bir motalı dişilə tutur, görür ki, başqa bir molla özünü yetirib axırıncı motalı tutub, ona göz-qaş edə-edə axırıncı motala şərik olduğunu ona başa salır. Bu lətifədə geriyə say üsulu özünü büruzə verir, yəni motalın altıdan beşi, altıdan dördü, altıdan üçü, altıdan ikisi mollanındır və nəhayət, altıdan birində də gözü var. Sıfır iki mənada - geriyə sonsuzluğu və irəliyə sonsuzluğu ifadə edir. Sıfırın geriyə sonsuzluğu bəşər tarixindəki inkişafın ilkin mərhələlərinin çox uzaq, insan həyatının bağlı olduğu ən ibtidai zamana gedib çıxır. Məntiqi təfəkkürə əsasən, bu dövrün (bəşərin birinci dövründən dördüncü dövrünə kimi) heç bir maddi-mənəvi sərvəti qalmadığından bu dövr insan yaddaşında sıfır halındadır. Məntiq qanunları geriyə sonsuzluğun insan yaddaşının xatırlayacağı son nöqtədən irəliyə sonluzluğun başlamasını çətinliklə izah edir.
Bir lətifədə
də 4 rəqəminin sıfıra bərabər olması
ideyası yuxarıda dediklərimizi təsdiq edir. Lətifədə
deyilir ki, 4 arvadlı bir kişi bir gün bərk xəstələnir.
Bunu ikimərtəbəli bir evdən aşağı
götürüb həkimə göndərməkdən
ötrü bunun 4 arvadı 4 əl-ayağından
yapışıb aşağı endirirlər. Gördülər
ki, kişi başını tərpədib zarıya-zarıya
deyir: "Allah qoysa, sağalan kimi bir arvad da alaram ki, belə
bir vaxtda başımı da tutub sallanmağa qoymasın".
Arvadlar kişinin dediklərini qandıqda dördü də
birdən kişini buraxırlar.
Bir çox türk dillərində 10 ədədi ilə bağlı deyimlər də var. Tatarlarda "on nəfərin başında bir tatar, yüzlərlə insanın başında yüzbaşı durur", "10 yunan əsgəri bir türk əsgərinə, yüz erməni əsgəri 10 yunan əsgərinə bərabərdir" və s. deyimlərdə onluq say sisteminin qorunub saxlandığını görürük. Sanamalar saylarla bağlıdır. İbtidai insanlar sanama vasitəsilə təbiətdəki predmetlərin sayını, rəngini, ölçüsünü, keyfiyyətini və s. müəyyənləşdirir, bu vaxt sözün poetik imkanlarından istifadə edirdilər. Xüsusi məcazlar sistemi vasitəsilə sanamalar bədii şəkil alır, həm də riyazi dəyər qazanırdı. Məsələn, uşaq barmaqlarını sayanda çeçələ barmağı ilə "bu vurdu", gəlin barmağı ilə "bu tutdu", orta barmaqla "bu bişirdi", şəhadət barmağı ilə "bu yedi" deyirsə, beşinci barmağa heç nəyin qalmaması qədim insanların ibtidai riyazi təfəkküründə "1+2+3+4"-dən sonra yeni işarənin sıfır olmasını və riyazi ardıcıllıqla artmasını göstərir. Türkmənlərin sanamalarında deyilir ki, "Baş doqan, baş doqan, bir-birinə baş doqan". Yəni baş barmaq böyük qardaş, şahidlik edən barmaq süd gətirir, orta barmaq ot gətirir, o birisi döşəmə yuyur, çeçələ barmaq isə hələ balacadır. Sanamalardan uşaqların yaddaşını möhkəmlətmək üçün istifadə edirlər. İbtidai insanlar ilk dövrlərdə birdən beşə qədər saymağı tam şəkildə öyrənmişlər. Riyazi mifologiya rəqəmlərin poetikasından doğulub. Bunu dərk edən əcdadımız qədim dünyanın ən böyük mütəfəkkiri imiş.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 21 may.- S.14.