Güney Azərbaycanda aşıq sənəti

 

       Aşıq İsa Təbrizli: "Aşıq ədəbiyyatı xalis türk ruhunun məhsuludur"

 

Əslən Güney Azərbaycandan olan aşıq İsa Təbrizli 12 ildir ki, Quzey Azərbaycana gəlib-gedir. Bakını çox sevir. Özü demişkən, işi yalnız saz-sözlə bağlı olan, Güney Azərbaycanın zəngin folklor soraqlarını toplayan İsa Təbrizli aktyordur, üstəgəl, şeir yazmağı da var. Folklor araşdırmaçılığı ilə məşğul olan İsa Təbrizli Güney Azərbaycanın atalar sözləri, zərb məsəllərini, nağıllarını, bayatılarını, aşıq sənəti ilə bağlı incilərin xəlqi mahiyyətini elmi prinsiplərlə araşdırır, türk ruhunun ölməzliyini əsaslandırır. Ancaq İsa Təbrizlini narahat edən Güney Azərbaycanın zəngin folklorunun hələ də istənilən səviyyədə toplanılmaması, kitablaşdırılmamasıdır.

Aşıq deyir: "Güney Azərbaycan folkloru ümumən Azərbaycan folklorunun, mədəniyyətinin cövhərini özündə çox gözəl yaşadır".

Güney Azərbaycanda aşıq sənətinin inkişafından danışan İsa Təbrizli bildirir ki, buradakı aşıq məktəbləri, mühiti ilə bağlı zəngin nümunələr hələ də ciddi şəkildə araşdırılmasını gözləyir. Aktyorluğa gəlincə, İsa 2001-ci ildə "Koroğlu" filminə çəkilib. "Şah İsmayıl Xətai", "Yəhya bəy Dilqəm", "Cavad xan" filmlərində də çəkildiyini deyən İsa Təbrizli aşıq sənətinin bütün mühitlərinə bələdliyindən qürur duyduğunu deyir: "Tovuz, Qazax, Şirvan, Gəncə, Gədəbəy, Borçalı, Təbriz və başqa məktəblərin üslub xüsusiyyətlərini, havacatlarını əzbər bilirəm. Şirvanda aşıq Vüqar Mahmudoğlu ilə birgə kasset buraxmışıq. Güney Azərbaycanda məşhur olan aşıq havacatlarını, habelə Güneydə xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq.

Hansı ki, o dastanlar burada hafizələrdə demək olar, yox idi. Güney Azərbaycanda - Qaradağ mahalında ifa edilən 18 havacatın lentə alınmasını isə gözəl hadisə hesab edirəm.

Məni Azərbaycan dinləyicisinə ilk dəfə Elxan Məmmədli "Sarıtel" verilişində tanıdıb. Güney Azərbaycandakı havacatları buradakı soydaşlarımıza sistemli şəkildə təqdim etməyimizin əhəmiyyəti odur ki, bunlar itmək təhlükəsindən qurtarır, sabahda ölməzlik qazanır".

Çağdaş dövrdə Güney Azərbaycanda Azərbaycan folklorunun, ümumən mədəniyyətinin, incəsənətinin öyrənilməsi problemlərindən danışan İsa Təbrizli bildirir ki, çətinliklər olsa da, bu proses davam edir: "Xüsusən şah dövründə aşıq sənətini yaşatmaq çox çətin idi. Ustadlarımızı zaman-zaman döyüblər, təhqirlərə məruz qoyublar, üstəlik də sazlarını qırıblar".

Aşıq sənətinin inkişafı Azərbaycan Türkünün inadına, iradəsinə, inamına bağlı bir məsələdir. Güney Azərbaycanda aşıq sənəti ilə yanaşı ana dilimiz tarixən, indi də bütün çətinliklərə, gözlənilməzliklərə sinə gərir, bu səbəbdən də türk ruhunun bu möcüzəli qoşa qanadını məhv etmək ümumiyyətlə, mümkün deyil. İsa Təbrizli deyir: "Aşıq ədəbiyyatı xalis türk ruhunun məhsuludur. Aşıq sənəti Dədə Qorqud yadigarıdır. Habelə aşıq sənəti o qədər mürəkkəb və zəngin bir sənətdir ki, bunu ancaq türkün dili özündə yaşada və ifadə edə bilir".

Ancaq hər bir sahədə olduğu kimi aşıq sənətində də davamlı inkişafın olması çox gərəklidir. Bu, o deməkdir ki, əgər Azərbaycan aşıq sənətində qədimlik üstə yeniliklər olmasa, yəni yeni havacatlar, dastanlar yaranmasa, o zaman sənətin tükənməsi təhlükəsi baş verə bilər. Çünki artmayan azalır. İsa Təbrizli deyir ki, bu gün də müəyyən çətinliklərin olmasına baxmayaraq Güney Azərbaycanda ana dilimiz inkişaf edir, çətinliklərə mətanətlə sinə gərir: "Sanki millətimiz yatmışdı, oyanır. Arzum odur ki, millətimiz həmişə öz tarixini yaxşı bilsin, dilinə yiyə dursun".

Aşıq sənətini öyrənənlər sırasında hər cür yaş sahiblərinin olduğunu deyən aşıq bu sənətin ana dilimizin yaşadılmasında əvəzsiz rolundan danışır: "Saz türk dilinin simvoludur.

Belə bir duyğunun formalaşması gərəkdir ki, kim sazda çalmağı bacarmasa belə, ancaq evində saz olsun. Güneydə sazımızı öyrənən qadınlar da var. O qadın sazı çörəkpulu qazanmaq üçün yox, mənəvi zövq almaq, milli ruhuna yiyəlik etmək üçün öyrənir. Təəssüflənənlər az deyil ki, biz niyə indiyə kimi özümüzü tanımamışıq, biganə yanaşmışıq. Özümüzü tanımaqda sazımız bizə çox kömək edir".

Folklor xalq ruhu ilə bağlı soraqlara yiyəlik edəndə yaşarı olur: "Güneydə o qədər zəngin folklor nümunələrimiz məhv olub gedir ki? Aşıq var ki, sinəsində 80 dastan vardı, o sərvət yazılmadı, hamısını özüylə apardı. Bu, ürəyimi ağrıdır. Mən əlimdən gələni edirəm ki, Güney Azərbaycanda xalq ruhumuzun soraqları itməsin. Qapı-qapı gəzmişəm, bu soraqları yığmışam. Aşıqlıq etdiyim yerlərdə qonaqlıqda olmaq könlümdən keçmir, deyirəm, mənə yeyib-içmək gərək deyil, ən böyük zövqüm xalqın sinəsində yatan sərvəti toplamaqdır. Güney Azərbaycanda camaata xalqın bu yöndə yaradıcılığından çox danışıram. Bu söhbətlər isə soydaşlarımızın ruh yaddaşını oyadır. Yəni folklorunu bilmək və yaşatmaq hər bir xalqın müqəddəs borcudur".                                                                

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 22 may.- S.14.