"Azərbaycan dilinin etnoqrafik leksikası"
Kitab tarixi faktlarla zəngindir
Filologiya elmləri
doktoru, professor İsmayıl Məmmədovun bu yaxınlarda
işıq üzü görmüş "Azərbaycan
dilinin etnoqrafik leksikası" adlı kitabı dilimizin
araşırılması yönündə gərəkli bir məsələyə
həsr olunub. Dilçi və etnoqraflar, ümumən azərbaycanşünaslar
üçün nəzərdə tutulmuş kitab dilimizin ən
qədim leksik layı olan etnoqrafik söz və ifadələrin
yaranması və inkişaf tarixi, xalqımızın
soykökü, maddi və mədəniyyət tarixinə həsr
olunub. Kitabın elmi və xəlqi əhəmiyyəti barədə
İ.Məmmədovun fikirləri sanballı
araşdırmanın tutumu, bu yöndə ilkinliyi barədə
oxucuda aydın təsəvvür yaradır:
"Xalqımızın maddi və mənəvi mədəniyyəti,
məişəti ilə əlaqədar yazılmış bir
çox əsərlərin tarixi, etnoqrafik araşdırmalar
kimi əhəmiyyəti böyükdür. Lakin Azərbaycan
dilçiliyində etnoqrafiya terminləri hələ də
indiyə kimi tədqiq olunmayıb. Məhz buna görə də
həmin məsələnin həlli leksikologiyanın sahələr
üzrə öyrənilməsi, həm də termin
yaradıcılığının dilimizin imkanlarına əsasən
aparılması baxımından təqdirəlayiqdir. Ana
dilimizin etnoqrafik leksikası indiyə kimi monoqrafik yolla Azərbaycan
dilçiliyində araşdırılmayıb. Hər bir
xalqın varlığını, təbiətini onun dili, adət-ənənələri,
maddi və mənəvi mədəniyyəti, həyat tərzi
və məişəti, peşə və təsərrüfat
məşğuliyyəti sahələri ilə də
ölçməliyik".
Kitabda sənət,
peşə və məşğuliyyət növlərinə,
mənəvi mədəniyyət (mərasim və adət-ənənələrə,
oyun adlarına və s.) toxunulmaqla yanaşı habelə
xalçaçılıq, papaqçılıq, dərzilik
və s. sənətlərin xalqın mənəvi
dünyası, təfəkkürü, estetik-etik
dünyagörüşü ilə əlaqəsi elimizin,
ulusumuzun mənəviyyatının, zövqünün ifadəsi
kimi məsələlərdən də bəhs edilib. Etnoqrafik
leksika dilin lüğət tərkibində ən çox
etnik-milli cəhətləri əks etdirməkdə vacib qədim
leksik təbəqələrdən biridir. Bu leksikanın
toplanılıb təhlil olunması ən təxirəsalınmaz
elmi problem kimi dilçiliyimizdə öz təhlilini gözləyir.
Araşdırmada geyim, yemək, oyun, mərasim adları, məişət,
xalq təbabəti leksikası təhlil edilir, habelə
etnoqrafiyanın başqa sahələrinə də müraciət
olunur.
Professor İsmayıl Məmmədov
xalqımızın mənəvi dünyasından - adət-ənənələrindən,
mərasimlərindən danışmaqla onların ictimai, xəlqi,
bədii mahiyyətinə, qədim inamlarımıza geniş
yer verib, maddi və mənəvi mədəniyyət
leksikasının xalqımızın soykökünün,
yaşadığımız ərazidə və tarixi Azərbaycan
torpaqlarında da aborigenlər olmağımızı öyrənmək,
bir daha qətiləşdirib təsdiqləmək işində
ölçüyəgəlməz faktlar kimi rolunu göstərib.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 22 may.- S.14.