"Bir gün həqiqət parlayacaq"
M.Ə.Rəsulzadə: "...Qalibiyyət günəşi
qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən
doğacaq. Buna qətiyyən
şübhə etməyin"
Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində
gördüyü işlər həmişə xatırlanacaq.
Xüsusən o dövrdə Rusiya imperiyasının
caynağından qurtulub çıxmış Quzey Azərbaycanda
milli dövlət quruculuğunu həyata keçirmək
olduqca müşkül məsələ idi. Professor Qüdrət
Əbdülsəlimzadə Cümhuriyyətin
xalqımızın tarixi taleyindəki rolunu belə dəyərləndirir:
"Sivil dövlətçilik prinsiplərinə və
atributlarına -çoxpartiyalı parlamentə, peşəkar
siyasətçi və peşəkarlardan ibarət hökumətə,
orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa,
gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması
Azərbaycanın keçdiyi əzablı yolların, sərt
dönüşlərin, ziddiyyətli, ictimai-siyasi,
iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin
şərəfli yekunu oldu. Millətlərin özünüdərk
və oyanışı prosesi əvvəlki nəsillərin
maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik
çağırışları, insan hüquqlarına, onun
ləyaqətinə hörmət göstərilməsi təməlində
formalaşır. 19-cu yüzildən başlanan mürəkkəb
ictimai proseslərin gedişi Azərbaycan cəmiyyətində
zamanın tələblərinə uyğun köklü dəyişiklikləri
tarixi zərurət kimi irəli sürmüşdü.
Xüsusilə 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəllərində
bütövlükdə beynəlxalq aləmdə, çar
Rusiyası daxilində, müxtəlif maraqların
toqquşduğu Qafqaz bölgəsində ciddi maneələrə
baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan
Xalq Cümhuriyətinin meydana çıxması, habelə
tanınması təkcə xalqımızın yox, Türk
Dünyasının tarixi zəfəri idi. Cümhuriyyətin
yaradılmasında misilsiz xidmətləri olmuş Məhəmməd
Əmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy
Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski,
Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov,
Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd
bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə,
Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov
kimi kişilərin xidmətləri sayəsində "işıqlı
ulduza" bənzətdikləri və "bir daha enməyəcəyinə
inandıqları" "Millətin hüquqi,
İstiqlalı, Hürriyyəti" amallı yeni quruluşun
siyasi-mənəvi varisi olmaq böyük şərəfdir.
Babalarımızın
bünövrəsini qoyduqları işi, arzularını
başa çatdırmalıyıq. O çətin şəraitdə
hansı işlərisə yerinə yetirməmək, başa
çatdırmamaq halları olub. Biz daxili-xarici müqavimətlərə
sinə gərən, Azərbaycanı müstəqil dövlət
kimi beynəlxalq aləmdə tanıdan, iqtisadi-sosial sahədə
mühüm tədbirləri həyata keçirən, son nəfəslərinə
qədər sözün əsil mənasında azadlıq
uğrunda şəhid ömrü yaşamış kişilərin
guya nəyisə düzgün etmədikləri, yaxud
bacarmadıqları haqqında mücərrəd mülahizədər
də yürüdürük. Bir anlıq o mürəkkəb,
ziddiyyətli günlərə qayıdaraq siyasətin
imkanı gerçəkliyə çevirmək bacarığı
- sənəti olduğunu, habelə hökmən müəyyən
güzəştlər müstəvisində gerçəkləşməsi
zəruriliyini nəzərə alsaq, Məhəmməd Əmin
Rəsulzadənin sözləri nə qədər aktual səslənir:
"Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və
əngəllidir. İrəlidə bir çox
müşkülat və maneələri dəxi nəzərə
almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə
çatmaq üçün bir çox fədakarlıq etməli,
səbat göstərilməlidir". Çətin şəraitdə
Cümhuriyyətin iqtisadi siyasətinin cari və perspektiv
konturları, onun lideri M.Ə.Rəsulzadənin "Fikri, milli
və siyasi istiqlalın kökü - istiqlaldır"
ideyası əsasında formalaşmışdı. Məhəmməd
Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində
hər bir yeni hakimiyyət üçün aktual əhəmiyyət
daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə
dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər
yolu ilə irəliləmək siyasətini
aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd
cəmiyyətin bütün vətəndaşlarının bərabər
yaşamaq hüququ əsasında qurulması idi: "Burada
bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına
görə varlı, nə də yoxsulluğuna görə
haqsız sayılırdı... Azərbaycan zehniyyətincə,
dünyanın əvvəlindən bəri insanların
yaşayış və iqtisadiyyatında
qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə
mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya
çıxan səfaləti aradan götürmək
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət
çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi". Nisbətən
qısa bir tarixi dövr ərzində AXC-nin dünyanın
müxtəlif qitələrində yerləşən 23
dövləti tərəfindən tanınması faktı onun
və liderlərinini beynəlxalq aləmdəki nüfuzunu təsdiq
edir".
Azərbaycan
Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən
işğalından sonra M.Ə.Rəsulzadə Azərbaycanda
həbs edilərək Moskvaya aparıldı. Bir müddətdən
sonra o, xaricə mühacirət etməyə müvəffəq
oldu. Mühacirət dövrü ərzində M.Ə.Rəsulzadə
daim Azərbaycanın azadlığı, onun sovet əsarətindən
xilas olması uğrunda mübarizə apardı. Onun
1953-cü il mayın 28-də "Amerikanın səsi"
radiosu ilə Azərbaycan xalqına müraciəti çox
diqqətçəkəndir. Məlumdur ki, həmin ilin
martında artıq Stalin ölmüşdü, onun
yaratdığı xof hələ də yaşayırdı.
Az sonra Xruşşov adlı birisi meydana çıxacaq,
Stalinin xofunu yıxacaqdı. M.Ə.Rəsulzadəni
qayğılandıran isə belə bir məqamda xalqın
daxilən köklənməsi, ayılması istəyi idi. Bu
mənada o, Cümhuriyyətin qurulmasının elan edildiyi 28
Mayda xalqa müraciət edərək onun tarixi qəhrəmanlıqlarla
dolu keçmişini xatırladır. Qeyd edir ki, yüz il
sürən çar əsarətindən sonra bundan 35 il əvvəl
(1918-ci ildə - E.Q.) Azərbaycan Milli Şurası Azərbaycan
Cmhuriyyətinin istiqlalını bütün dünyaya elan
etdi. O, "istiqlal uğrunda yapılan tarixi savaşların ən
qanlısının" 19-cu yüzilin əvvəllərində
Rusiya imperiyasına qarşı aparıldığını
bildirir: "Cavad xanın 1804-cü ildə Gəncədəki
şanlı qəzası dillərdə dastandır.
"Ölmək var, dönmək yoxdur". Bu, həqiqi vətənpərvərlərin
tətbiq etdikləri ən müqəddəs bir
şüardır. İstiqlal elanından keçən az bir
vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə
çox işlər gördü. Yüz ildən bəri hərbi
xidmətdən məhrum edilən Azərbaycanda bir ordu,
çarlıq zamanında dövlət idarələrinə
yaxın buraxılmayan azərbaycanlılardan zabit və ictimai
asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı
islahata girişdi. Kəndlilərə torpaq vermək
üçün qanunlar hazırladı. Fəhlələrin
hüquqlarını qorumaq üçün tədbirlər
gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili
dövlətin rəsmi dili elan edildi. Orta və ali məktəblər
açıldı". M.Ə.Rəsulzadə
soydaşlarımıza müraciətində daha sonra bir məqamı
xatırladır ki, Stalin dönəmindən fərqli olaraq Cümhuriyyət
dövründə Azərbaycanda tam bir azadlıq var idi: "O
zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən
heç bir əsər yox idi. Hər yerdə əmin-amanlıq
vardı. Vətənin qapıları indi olduğu kimi
bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı
istədiyi zaman hara istərsə gedərdi. Az vaxtda bir
çox böyük dövlətlər
istiqlalımızı tanıdılar. 1920-ci ilin 12 yanvarı
cümhuriyyətin dövlətlər tərəfindən
tanınması günü idi. Bu günü Azərbaycan
xalqı candan bayram etdi. Çünki bu gündən etibarən
Azərbaycan davası Rusiyanın bir iç məsələsi
olmaqdan çıxmış, millətlərarası bir məsələ
olmuşdu. Yüz ildən bəri üstümüzə
çökən istibdad və istila xəyalı artıq bizdən
uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş.
Qanlı çar istibdadının yerini bu dəfə daha
qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə
qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl
28 apreldə sovet təbliğatçıları bu qanlı
istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi
kimi göstərdilər". O, sovet quruluşunu "qəddar",
"ən yalançı bir istibdad rejim"
adlandırır: "Müqayisə etmək imkanında
olsaydınız, bunun nə qədər doğru olduğunu
gözünüzlə görərdiniz. Qorxmurlarsa, dəmir pərdəni
qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər,
çünki ağla qara meydana çıxar. Onlar yarasa
kimidirlər, günəşdən qaçarlar".
M.Ə.Rəsulzadə
qeyd edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin
hər cür hüquqdan məhrum şəkildə
yaşamasını dünyaya anlatmaq çox çətin
olmayıb: "Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan
ayrılmanın bir irtica, başqalarından ayrılmanın
bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin
ölmüşdür. Amma onun ikiüzlü sistemi olan
stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir
gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi
qızıl istibdad zülmü altında inləyən əziz
vətənimizdə yenidən doğacaq. Buna qətiyyən
şübhə etməyin".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 26 may.-
S.14.