Azərbaycan Xalq Cümhuriyyəti- şərəf tarixi
İki gündən
sonra Azərbaycan Cümhuriyyətinin 91 illiyini qeyd edəcəyik.
Yenə də bu tarixi bizlərə yaşadanları qəlblərimizdə
anacağıq. Qəlbələrimizdə anacağıq deyirəm
ona görə ki, rəsmi səviyyədə bu tarixə bir
ögey münasibət var. Halbuki bu tarixi yaratmasaydılar bu
gün Azərbaycan dövlətinin olması və
bayrağının digər dövlətlərin bayraqları
yanında dağalanması sual altında olardı. Nə
xoş ki, bu tarixi bizlərə yaşadan kişilər oldu.
Onlar "öncə Vətən deyib" hər çətinliklərə
sinə gələrək adarını tarixə əbədi
yazdılar.
Xalq Cümhuriyyəti
necə yarandı? Adı ona qədər dünya ictimaiyyətinə
bəlli olmayan Azərbaycan xalqının öncül,
yüksək amallı oğulları bir yerə
yığışıb bir-birinə dayaq olaraq, heç bir
şəxsi mənafe güdməyərək çoxdan bəri
gerçəkləşdirmək istədikləri bir niyyəti-Azərbaycan
dövlətini yaratmaq amallarını həyata keçirdilər.
Əbəs yerə deməyiblər ki, böyük işləri
böyük insanlar yaradarlar. Məhəmməd Əmin Rəsulzadə,
Fətəli Xan Xoyski, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Ağayev və s. kimi vətənpərvər
ziyalıların hər birisi sözün əsil mənasında
böyük insanlar olublar. Sözsüz ki, Cümhuriyyət
tarixini yaradanlara qədər və onlardan sonra da çox uca
insanlarımız həyata gəlib və bundan belə də
gələcəklər.
Bu gün qısqanclıqla
yanaşılan Məhəmməd Əmin Rəsulzadə
haqqında deyilənlər və bu işıqlı şəxsiyyətin
gördüyü işlər, onun hər hansı situasiyadan
ustalıqla çıxması cilid-cilid kitablara sığmaz.
Onlardan bir neçəsinə diqqət yetirək: "Məhəmməd
Əmin Rəsulzadə böyük və örnək insan
idi". "Məhəmməd Əmin son nəfəsinədək
"istiqlal, istiqlal" dedi". "Məhəmməd Əmin
Rəsulzadə Hitlerin hərbi kömək
çağırışına cavab olaraq "Biz başqa
xalqlara qarşı vuruşmayacağıq" cavabını
verdikdən sonra Almaniyanı tərk etmək tələbiylə
üz-üzə qaldı".
1917-ci il inqilabına qədər
Azərbaycanın quberniyalara bölündüyü və bir
məmləkət olaraq Azərbaycan adının heç bir
dəftər-kitabda çəkilmədiyi məlumdur. Məhz
bu inqilabdan sonra Bakı Soveti və onun icraiyyə orqanı
olan Bakı Xalq Komissarları Soveti yaradıldı. Diqqət
yetirdinizsə, bu adların heç birində Azərbaycan
sözü yoxdur. Arxiv materiallarının tədqiqindən
anlaşılır ki, sovet hökuməti əhalisinin bir qismi
erməni olan, özləri üçün strateji əhəmiyyətli
Bakını paytaxt seçməklə, Azərbaycanı
müstəmləkəyə çevirməklə
yanaşı, eyni zamanda bu adın yeni tarixə düşməməsinə
nail olmaq istəyiblər.
Məhəmməd Əmin
Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Ağayev və
adlarını çəkmədiyimiz bir çox vətənpərvər
ziyalılar buna imkan verməmək üçün Azərbaycan
Demokratik Respublikasını yaratdıqlarını bəyan
etdilər. Onlar bunu dünyaya bəyan etməklə, həm də
sovet Rusiyasını fakt qarşısında qoydular.
Əvvəlcə Tiflisdə,
sonra isə Gəncədə fəaliyyət göstərən
Azərbaycan Cümhuriyyətinin ilk dönəmlərdə
heç bir hərbi və maddi bazası
olmadığını əsas gətirənlər Milli
Şura üzvlərinin uzaqgörən siyasətinin üzərinə
kölgə salmağa çalışırlar. Bildirirlər
ki, Milli Şura gərək rus ordusunun qarşısında
dayanmağın mümkünsüzlüyünü dərk edəydi.
Təbii, əgər milli istiqlalçıların siyasəti
yaxın gələcəyə hesablansaydı, onlar gərək
reallıqla barışaydılar. Amma bunu deyənlər
unudurlar ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi
ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıldıqdan sonra belə, ruslar Azərbaycanla əvvəlki
qaydada rəftar edə bilmədilər. Artıq
dünyanın bir sıra ölkələrinin rəsmən
tanıdığı Azərbaycan Demokratik
Respublikasını xəritədən silmək, onu ermənilərə
peşkeş etmək və onunla sözün əsil mənasında
müstəmləkə kimi davranmaq sadəcə olaraq
mümkün deyildi. Azərbaycan dövləti ifadəsi
diplomatik gündəmdə səslənmişdi. Elə Məhəmməd
Əmin Rəsulzadənin "bir kərə yüksələn
bayraq bir daha enməz" ifadəsi də bu mənada öz təsdiqini
tapmışdı.
Yuxarıda qeyd etdiyimiz
kimi Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları
əvvəlcə Tiflisdə, sonra Gəncədə çox
çətin şəraitdə və ağır şərtlər
daxilində Azərbaycan dövlətini qurdular və
yaşatdılar. Cümhuriyyəti quranlar Avropanın müxtəlif
dövlətlərinə gedir, Azərbaycanı tanıtmaq
üçün danışıqlar aparır, Türkiyədən
kömək istəyir, qlobal siyasətdən doğan
çarpışmaların düz mərkəzində özlərinin
dövlətini ayağa qaldırmaq, qorumaq və yaşatmaq
istəyirdilər. Məhəmməd Əmin Rəsulzadə
1918-ci il avqustun 6-da Azərbaycan Demokratik Respublikasının
xarici işlər naziri Məmməd Həsən Hacınskiyə
yazırdı: "Mən bir daha Tələt Paşa və Ənvər
Paşayla görüşdüm. Sual çox qaranlıq idi,
indi hər şey keçdi, onlar mənə ümid verdilər.
Mən alman səfiri Bernsdorfoimia ilə də
görüşdüm". Başqa bir məktubda Rəsulzadə
"siyasi mənzərə tamamilə dəyişib. Vilsonun
prinsipləri əsasında sülh təklif edilib. Konfrans
baş tutmayacaq. Ermənilər Qarabağı tələb
edir. Avropada mütləq gecikmədən təbliğat
lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan
bəy Avropaya gedir" yazır. Göründüyü kimi, məktubların
hər ikisində həyəcan təbili çalınır.
Dünya siyasi düzəninin dəyişməkdə
olduğu bir dönəmdə, İngiltərə, Almaniya,
Rusiya kimi böyük dövlətlərin maraqlarının
çarpışdığı bir vaxtda bu insanlarsız Azərbaycanın
taleyinin necə ola biləcəyini təsəvvür
edirsinizmi? Birmənalı olaraq deyə bilərik ki, bu insanlar
olmasaydı Azərbaycan parça-parça olacaqdı.
Çünki sözügedən dövlətlər Azərbaycan
adlı bir dövlətin yaranmaması üçün
bütün vasitələrdən istifadə edirdilər.
Bu gün Milli hökumətə
qarşı yönələn süni ittihamlardan biri də
İrəvanın ermənilərə verilməsi ilə bağlıdır.
Bu ittihamı yox eləmək üçün həmin
dövrkü situasiyaya nəzər salmaq lazımdır.
Almaniya ilə Rusiya arasında bağlanan sazişə əsasən,
Almaniya Bakı neftinin bir hissəsini alır, yerdə qalan
bütün neft yataqları Kür çayına qədər
Rusiyanın əlinə keçirdi. Bu zaman İstanbulda olan Məhəmməd
Əmin Rəsulzadə Almaniyanın səlahiyyətli
nümayəndəsi Valdburqa bəyanat təqdim edir. Bəyanatda
1917-ci il inqilabından sonra rus hökuməti tərəfindən
"hər millətin öz müqəddaratını
özünün təyin etməsi" hüququnu elan etməsi
xatırladılır və Azərbaycanın da bu hüquqdan
bəhrələnərək öz istiqlalını elan etməsi
bildirilirdi. Qeyd olunurdu ki, Almaniya bu müqaviləylə
Bakının rus hakimiyyəti altında qalmasına yardım
göstərmiş olur". Nəhayət, bütün cəhdlər
nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt
Paşa ilə Almaniya arasında gizli protokol imzalanır. Həmin
protokola əsasən Türkiyə qoşunları Azərbaycandan
çıxmalı, Almaniya isə Azərbaycanın
istiqlalının Rusiyanın tanımasını təmin etməliydi.
Almaniyanın müharibəni uduzması ucbatından bu şərti
yerinə yetirə bilməməsi və Bakının ingilislərin
nəzarətinə keçməsi vəziyyəti yenidən
mürəkkəbləşdirir. Yenidən gərgin
danışıqlar, yenidən mübarizə...
Azərbaycan Xalq
Cümhuriyyəti təkcə bu xalqın milli azadlıq istəyinin
real nəticəsi deyildi. Xalq Cümhuriyyəti həm də
beynəlxalq aləmdə baş verən poseslərin bir məntiqi
nəticəsi idi. Bu məntiqi nəticə xalqın müstəqillik
və azadlıq ideyalarının reallaşmasına gətirib
çıxardı. Azərbaycan Xalq Cümhuriyyəti bizlərə
çox şeyi, həm də liderlərin birgə
olmasını öyrətdi. Yəni liderlərin
gücünün toparlanması və bir hədəfin
seçilməsini bizə örnək elədi. Ona görə
də Xalq Cümhuriyyəti bizim üçün şərəfli
bir tarixdir. İnsan haqlarının qorunması və milli
etnik azlıqlara qarşı dözümlülük siyasəti,
Azərbaycanın beynəlxalq aləmdə təqdimatı,
milli mədəniyyətin yüksəlişi sahəsində
Xalq Cümhuriyyəti tariximizə böyük örnək
verib.
Xalq Cümhuriyyəti dövrünü Azərbaycanın tarixində unikal dövr kimi də qiymətləndirmək olar. Çünki o illər Azərbaycan adında müstəqil dövlətin yarandığı bir dövrdür. İkinci bir tərəfdən, milli əsasda dövlətin yarandığı bir dövr kimi də qiymətləndirilməlidir. Bundan əvvəlki dövrlərdə Azərbaycan coğrafiyasında müstəqil dövlətlər olub. Amma nə Azərbaycan adında, nə milli əsasda dövlətlər yaranmayıb. Milli dövlətçiliyin əsasaları həqiqətən də 1918-ci il mayın 28-də qoyuldu. Bu, həm də adi bir dövlət deyildi, eyni zamanda demokratik bir dövlət idi. Azərbaycan Demokratik Respublikası İslam aləmində və Türk Dünyasında bir model dövlət olaraq böyük zəhmətlər bahasına meydana gəlib. Bu model də demokratik dünyəvi rifah dövləti modelidir ki, bu gün belə sözügedən model islam aləmi üçün çox aktualdır. Təəssüf ki, 1918-ci ildən model quran Azərbaycan bu gün o modeli yarada bilmir. Yəni, nümunəvi və örnək ola bilmir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması nəinki Azərbaycanın tarixində, həm də bütün dünyada cümhuriyyətçilik, respublikaçılıq üsul-idarəsinin bərqərar olmasında gedən mübarizədə əlamətdar bir tarixi hadisəydi. Qədim Roma və Yunanıstan tarixində Afina respublikası, Roma respublikası o dövrün sivilizasiyasında hansı mərhələnin başlanğıcı olmuşdusa, sonra burjua inqilabları dövründə Avropada respublika üsul-idarəsinə keçən ölkələr bu hadisələrlə bütün Avropanın tarixində hansı rol oynamışdısa, 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda elan olunması da bütün şərq ölkələrində və Asiya qitəsində cümhuriyyətçilik ideyalarının yayılmasında həmin tarixi rolu oynayıb. Bəlkə də unutqanlığın nəticəsidir ki, indiyə qədər demokratik respublikanın bütün Şərq aləmində hansı bir prosesi başlatdığı lazımi qədər təhlil olunmayıb. Amma əminliklə deyə bilərik ki, bu, gələcəkdə öz layiqli qiymətini alacaq.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2009.- 26 may.- S.9.