Cümhuriyyətimiz tarixin güzgüsündə
Fəzail İbrahimli:
"Xalq Cümhuriyyətinin
baniləri millətimizin
şərəf və
ləyaqətini xilas ediblər"
Mayın 28-i Azərbaycan Xalq
Cümhuriyyətinin elan
olunmasının 91-ci ildönümüdür.
1918-ci il
mayın 28-də Şərqdə ilk parlamentli respublika yaranıb və 23 ay ömür sürüb. Bəs Cümhuriyyət tarixinin araşdırılması sahəsində
hansı problemlər var? Bu sahə
yetrincə araşdırılıbmı?
Ümumiyyətlə, Xalq
Cümhuriyyətinin yaranmasının
tarixi əhəmiyyətini
necə xarakterizə etmək olar? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz tarixçi-professor
Fəzail İbrahimli deyir ki, müxtəlif
tarixi dövrlərdə
müxtəlif araşdırma
ideologiyası əsasında
Xalq Cümhuriyyətinin
tarixi tədqiq olunub.
Məsələn,
sovet dönəmində bu, "Müsavat hakimiyyəti"
dövrü kimi qələmə verilib və Rusiya tarixində
1918-20-ci illər vətəndaş müharibələri hadisələrinin
içərisində verilib. Bu, Azərbaycanda, Bakıda
bolşeviklərə qarşı "xain Müsavat hökumətinin
mübarizəsi", "xalqa zidd hakimiyyət" kimi təqdim
olunub. Məsələ ilə bağlı istər
Rusiyanın, istərsə də Azərbaycanın o dövr
tarixçiləri, ictimai xadimləri yekdil mövqedə
dayanıblar ki, bu "xalqa zidd hakimiyyət" 23 ay
yaşayıb və devrilib. Guya aprelin 28-də xalq ayağa
qalxıb və bu "mənfur hakimiyyət" devrilib. Ancaq
tarix heç vaxt itmir. Tarix sadəcə,
saxtalaşdırıla, müəyyən insanların yozumunda
təzyiqə məruz qala bilər. Hansısa hakimiyyət
dövründə tarixi ört-basdır etmək olmaz.
Çünki tarix artıq tarixə çevrildikdən sonra
onu məhv etmək mümkün deyil. Fəzail İbrahimli
bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra bu dövrün tarixilə bağlı kifayət qədər
zəngin mənbələr əldə edilib. Tarixçi-professora
görə, bu gün Cümhuriyyətin tarixi Azərbaycan
tarixinin müxtəlif dövrlərilə müqayisədə
eninə və dərininə tədqiq edilib. Keçən əsrin
90-cı illərində sanki qazanın qapağı
açılıb. Tarixçi-professor Cəmil Həsənli
ilk dəfə doktorluq müdafiə edib. Digər tarixçilər
bu dövrlə bağlı kitablar yazıblar, məqalələr
çap olunub. Yəni çox işlər görülüb.
Ancaq burada bir məqam var. Fəzail İbrahimli qeyd etdi ki, sovet
hakimiyyəti dönəmində tədqiqatlarda nə qədər
Cümhuriyyət "xain Müsavat hökuməti" kimi
qiymətləndirilirsə, 90-cı illərdə aparılan tədqiqatlarda
da müəyyən eyforiyalara varılıb. O dövrdəki
müxtəlif məsələlərə müxtəlif
cür münasibət bəslənib. Amma əsas nəticə
o oldu ki, Cümhuriyyətin tarixi kifayət qədər ətraflı
tədqiq olunub. Bununla belə, onun sözlərinə görə,
bu o demək deyil ki, tarixin tədqiqinə son
qoyulmalıdır. Ayrı-ayrı çalarları,
Cümhuriyyətin hər günü bir tarixdir. Ona görə
də kifayət qədər işlənilməli olan məsələlər
var. Xalq Cümhuriyyətinin yaranmasının, fəaliyyətinin
tarixi əhəmiyyətinə gəlincə, Fəzail
İbrahimli 1918-ci ildə çar Rusiyasının devrildiyini,
Zaqafqaziya Seyminin yaradıldığını
xatırlatdı. Həmin dövrdə Zaqafqaziyada vəziyyət
kifayət qədər mürəkkəb olub. Bolşeviklər
Rusiyada hakimiyyətə gəldikdən sonra məlum olur ki,
millətlərin azadlığı ilə bağlı öncədən
verdikləri vədlər kağız üzərində qalan
sözlərdir, əsas məqsədləri də
keçmiş çar Rusiyasının sərhədləri
daxilində yeni bolşevik Rusiyası yaratmaqdır. Yəni
Qafqazı yenidən həmin sərhədlər çərçivəsinə
daxil etmək planı vardı. O vurğuladı ki, tarix məsələni
belə qoymuşdu: ya Azərbaycan ayağa qalxaraq öz
istiqlalını elan etməli, ya da ayrı-ayrı vilayətlərə
parçalanmalıdır. Bolşeviklər ayrıca
Bakını bolşevik Rusiyasının tərkibinə daxil
etmək planını da işləyiblər. Digər tərəfdən,
Azərbaycan ərazilərinə yönəlik ermənilərin,
gürcülərin, o cümlədən İranın
iddiaları olub. Başqa sözlə, ya ayağa qalxıb millətin
şərəfini xidas etmək, ya da susub tamamilə bir millət
kimi silinmək dlemması gündəmdə idi. Fəzail
İbrahimlinin sözlərinə görə, Xalq Cümhuriyyətinin
baniləri millətimizin şərəf və ləyaqətini
xilas ediblər, uzun müddətdən bəri itirilmiş Azərbaycan
dövlətçiliyi bərpa olunub. Azərbaycanın ərazisi,
sərhədləri müəyyənləşdirilib, paytaxt
yaradılıb. 23 ayda Azərbaycanda 23 ildə
reallaşması mümkün olmayan islahatlar həyata
keçirilib: "Təsəvvür edək ki, 28 aprel
işğalında Xalq Cümhuriyyətinin müəyyən
etdiyi sərhəd və paytaxt yoxdur. Azəraycan hansı
formada bolşevik Rusiyasının tərkibinə daxil ola bilərdi?
Sabiq prezident Heydər Əliyev də vaxtilə deyirdi ki, bu
günkü Azərbaycan demokratik Cümhuriyyətin varisidir. Bu
da Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə
dövlət səviyyəsində bir möhür vurur. Xalqın
hər bir ziyalısı, hər bir insanı həyatını
bu millətin, xalqın yolunda qurban verən Cümhuriyyət
liderlərinin ruhu qarşısında borcludur. Bu gün
müstəqil Azərbaycanda həyata keçirilən
islahatlar, atılan addımlar Cümhuriyyət liderlərinin
qoyduqları böyük bir ənənənin
davamıdır".
Ramiz Mikayıloğlu
Xalq Cəbhəsi.- 2009.- 26 may.- S.8.