Dünya səhralaşmadan əziyyət çəkir

 

 Azərbaycanda da oxşar proseslər gedir

 

Şəhərsalma problemi indi əvvəlkindən artıq gündəmdədir. Şəhərlə kəndin əvvəlki birliyinin pozulduğu, kəndlərin hətta şəhərləşdiyi bir dönəmdə vəziyyətdən çıxış yolu aranır. Şəhərsalma üzrə mütəxəssis, professor Afiq Talıbov deyir ki, şəhər salınarkən adətən onun yaxınlığında tikilən sənaye obyektləri müəyyən məsafədə olur. Burada hətta küləyin hansı səmtdən əsməsi hesablanır: "Məlumdur ki, Bakıda şimal tərəfdən külək daha çox əsir. Ümumiyyətlə isə sənaye obyektləri tikilərkən dünya şəhərsalmasında fikirləşirlər ki, külək tüstünü şəhərə gətirməsin, ya da tüstü şəhərə çatıncaya kimi buxarlanıb getsin". Afiq Talıbovun fikrincə, Azərbaycanda şəhərsalma sahəsində bu, müəyyən qədər nəzərə alınıb: "Şəhər böyüdükcə bu cəhətin nəzərə alınmaması mümkün deyil. Hər dövlətin müəyyən imkanı yoxdur ki, zəhərli qazları, tüstünü bir yerə yığsın, filtrasiya eləsin. Dünyanın iri şəhərlərindəki sənaye obyektlərində bu məqsədlə filtrdən istifadə edirlər. Necə ki, siqaret çəkərkən filtrdən istifadə olunur. Bu zaman tüstü az çıxır. Ancaq şəhərsalmada bu, baha başa gəlir. Ona görə filtrasiya məsələsinin vaxtında həll edilməməsi əhalinin "tüstülənməsinə" səbəb olur. Qabaqlar Qaraşəhərdən xeyli tüstü dalğası şəhərin yaşayış zonasına, Dənizkənarı bulvar tərəfə əsirdi. Həmin sənaye obyektləri tədricən köçürüldü, ya da filtr qoyuldu. Hazırda sözügedən problem nisbətən həllini tapmağa doğrudur. Ekoloji problemin qismən həll edilməsi müşahidə olunur. Məsələn, neçə illər bundan qabağa kimi dəniz sahilində çoxlu mazut müşahidə olunurdu, indi artıq əvvəlki kimi deyil. Əvvəlki kimi mazutdan istifadə olunmur, daş kömür yandırılır. Sənayedə elektrikdən istifadə artıb. O deməkdir ki, hazırlanan məmulatlar əvvəlkinə nisbətən baha olur, ancaq ekoloji təmizlik əldə edilir".

Son illər Bakının mərkəzində kasıb təbəqənin təbii şəkildə seyrəlməsi müşahidə olunmaqdadır. Digər tərəfdən bu gün Avropa ölkələrində olduğu kimi Bakıda da şəhərin qırağında tikilmiş yer evlərində yaşamağa meyl çox artıb. Hətta ötən ilin sonu, bu ilin əvvəlində mətbuatda belə xəbər çıxdı ki, şəhər ətrafı yeni tikililər söküləcək, Bakı beləcə qaydalı şəkildə böyüyəcək. Ancaq bütün dünyada qalxan, hələ səngiməyən iqtisadi böhran sanki bu mövzunu dalana dirədi. Əhalinin əksəriyyətinin kirpiyi ilə od götürə-götürə min bir əzabla tikdiyi evinin bir andaca söküləcəyini gerçək saymaq olmur, çünki bundan ötrü dövlətin bu sahədə gerçək imkanları olmalıdır ki, söküləcək evlərin əvəzində yüz minlərlə vətəndaşına alternativ şərtlərlə torpaq, ya da hazır tikililər versin. Lap belə bir istək olsa belə, yaxın zamanda bunun birdən-birə gerçəkləşəcəyi ağlabatan görünmür. Ən yaxşı halda bu ideya mərhələli şəkildə gerçəkləşə bilər. Bu, o deməkdir ki, Bakının yeni mərhələdə üzərində işlənilən təsdiqi gözlənilən baş planının gerçək üfüqləri tezliklə olmayacaq.

Bu yandan da torpaqlarımız səhralaşır. Yeni salınmış qəsəbələrdə torpaq süni erroziyaya məruz qalır. Bu gün dünyanın hər yerində təbiətin harmoniyası pozulub. Qlobal istləşmə probleminin xüsusilə son illər daha da artması bu qəbildənir. Hazırda dünyanı qayğılandıran ən böyük problemlərdən biri səhralaşmadır. Hətta ən gözəl təbiətə malik ölkələrdə səhralaşma artmaqdadır. Bəs Azərbaycanda səhralaşma hansı səviyyədə mövcuddur? Ümumiyyətlə, səhralaşma problemini yaradan amillər hansılardır bu problemin həlli yolları nədən ibarətdir?

Səhralaşma bitki örtüyünün məhv olması deməkdir. Ola bilər ki, bu ya digər regionda su bol olsun, amma yenə səhralaşma baş verə bilər. Hazırda dünyada yüz milyonlarla adam səhralaşmadan əziyyət çəkir, milyonlarla insan isə bu səbəbdən yaşayış yerini dəyişdirməyə məcbur olub. Səhralaşmaya səbəb iqlim dəyişkənliyi antropogen amillərdir. Mütəxəssislər hesab edir ki, insan yaşadığı məkana qarşı sayğısızlıq göstərir: meşəni qırır, az sayda mal-qoyun otarmalı olduğu yerdə çox heyvan saxlayır s. Bir neçə ildən sonra artıq səhralaşma problemi orada reallaşır. Hər il Kürün daşması nəticəsində sahilyanı torpaqlarda erroziya yaranır. Son illər xüsusilə yeni salınmış qəsəbələrdə kanalizasiya xətlərinin olmaması səbəbindən xeyli torpaq süni erroziyaya məruz qalıb. Bu da səhralaşma probleminin yaratdığı fəsadlardandır. Artıq problemin acı izləri göz önündədir: bir tərəfdən dünyada, o cümlədən Azərbaycanda əhali artır, digər tərəfdən əhalinin qidalanmaya olan tələbatı da yüksəlir. İndi artıq Azərbaycanın hər yerində özəlləşmiş torpaqları mövcuddur. Ancaq bununla belə ölkənin əkinə yararlı torpaqlarından hələ səmərəli istifadə edilməməsi səbəbindən səhralaşma probleminin fəsadları özünü göstərir: yararlı otlaq yerlərinin sayı azalır, nəticədə mal-qaranın sayı azalmağa doğru gedir. Mütəxəssislər Abşeronun texnogen problemlərindən narahatlıqlarını ifadə edirlər. Bu da anlaşılandır. Çünki onillərlə neft hasilatı səbəbindən bu torpaqlarda çoxlu quyular qazılıb. Digər tərəfdən addımbaşı kanalizasiya xətləri, yollar çəkilib. Bakının yaşıllıqlarının getdikcə azalması bu zonada səhralaşma probleminin qarşısını almaqda ciddi çətinliklər yaradır. Hər halda xüsusilə Abşeronda səhralaşmanın qarşısını almağın ən optimal yolu burada daim yaşıllıqlar salmaqdır.

Afiq Talıbov problem mövzu barədə qənaətlərini bildirir: "Şəhəri çirkləndirən təkcə sənaye müəssisələri deyil ki? Şəhəri çirkləndirən həm nəqliyyatdır. İnstitutlar şəhərin içərisindədir məlumdur ki, bu da nəqliyyatın avtomatik şəkildə sıxlığına səbəb olur. Nəticədə əlavə çirklənmə əmələ gəlir. Tramvay-trolleybus Bakıdan çıxarıldı, ləğv olundu. Dünyanın ən inkişaf etmiş ölkələrində tramıvay-trolleybus ekoloji cəhətdən ən təmiz nəqliyyat növü kimi saxlanılmaqdadır. Bu sarıdan bizdə böyük səhv olub. Ancaq böyük avtobuslar şəhərin içərisindədir. Ona görə ilk növbədə nəqliyyat məsələsinə əncam çəkilməlidir. Bakı şəhər İcra Hakimiyyəti ilk növbədə ekoloji problemlərin həlli istiqamətində düşünməlidir. Əhali sıxlığı ciddi problemlər yaradır. Üstəgəl dünyanın inkişaf etmiş ölkələrində elektrik qatarları qaldığı halda bizdə artıq şəhər kənarından Bakıya gələn elektrik qatarı ləğv olunub. Sumqayıtdan Bakıya gələn elektrik qatarı artıq yoxdur".

Baş plandan gözlənilənlərə gəlincə, A.Talıbov deyir: "Biz qərarlar çıxarırıq, ancaq birdən-birə gerçəkləşdirə bilmirik. "Naxalstroy"ların heç birinə baş plana əsasən yer verilməyib ki, burada ev tik. 60-cı illərdən sonra Bakının müxtəlif yerlərində qədər "gecəqondular" tikilib, sayı bilinmir. İndiyə kimi 3 dəfə baş plan işlənilib, hazırlanıb, onlar da axıra kimi gerçəkləşməyib. Sonra da qənaət belə olub ki, bu baş plan "qocalıb", gəlin təzəsini yaradaq. Təbii ki, tikinti planlı şəkildə olmalıdır".  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 3 noyabr.- S.14.