"Yer-yurd adları xalqın keçmişini göstərən şahiddir"

 

 "Müasir Ermənistan ərazisi Azərbaycan-türk mənşəli toponimlərlə zəngindir"

 

Filologiya elmləri namizədi, dosent Əzəmət Rüstəmov Zəngəzurun türk mənşəli adlarının arealı haqqında maraqlı araşdırmalar aparıb. O, qeyd edir ki, "coğrafi adlar (toponimlər) xalqın milli sərvəti və tariximizin güzgüsüdür.

Yer-yurd adları xalqın keçmişini, indisi və gələcəyini göstərən şahiddir. Çünki bunların bir çoxu ulu babalarımızın - qədim hunlar, savirlər, bulqarlar, peçeneqlər, oğuzlar və onların sonrakı nəsillərinin yaşıdıdır. Buna görə də hər hansı bir ərazinin toponimiyasının araşdırılması və üzə çıxarılmasında əvəzsiz rol oynaya bilər. Bu mənada müasir Ermənistanın Zəngəzur mahalının (Qafan, Gorus, Sisyan rayonları) Azərbaycan-Türk mənşəli toponimlərinin bir qismini ümumtürk və Türkiyə toponimiyası ilə paralel şəkildə nəzərdən keçirmək faydalı olar. Hər şeydən öncə, Zəngəzurun toponimiyasında etnik xarakterli yer-yurd adları üstünlük təşkil edir. Və bunların əksəriyyəti oğuz mənşəli etnotoponimlərdir. Bu cür müqayisənin eyni etnik qrupa (qəbilə, tayfa) mənsub toponimlər üzərində aparılması mühüm elmi qənaətlərin üzə çıxmasına səbəb olar. Eyni zamanda paralel toponimlərin müqayisəli şəkildə araşdırılması tarixi fonetika məsələlərinin və eləcə də miqrasiya yolu ilə yaranmış toponimlərin koordinatlarının toponimik sisteminin tam əldə edilməsi bəzi çətinliklər yaratsa da, əldə olunmuş toponimik materiala əsasən müəyyən ilkin nəticələrə gəlmək olar. Hər iki ərazidə olan paralel toponimlərin bir hissəsi ümumtürk səciyyə daşıyır. Yəni bir qisim yer-yurd adları var ki, onlara digər türkdilli xalqların məskunlaşdığı ərazidə də rast gəlirik. Məsələn, Kanlı/Qanlıbel-Qambel, Xalac/Xələc, Yəyci/Yaycı, Çullu, Bayındır/Bayandur/Bayan, Şamlı/Şam, Sofular/Sofulu, Qızılca/Qızılcıq, Pazarcıq/Bazarçay, Xatay/ Xotan və s. Bu toponimlərin kökündə eyni söz dayanıb. Hər iki zonanın ərazisində olan paralel yer-yurd adlarının əksəriyyəti hər iki xalqın formalaşmasında eyni dərəcədə iştirak edən etnosların adı ilə bağlıdır. Məsələn, Xələc, Çəpni, Avşar, Yaycı, Şamlı, Çullu, Qapanca/Qapan, Bayandur, Kanlı/Qanlı, İncə/İncəvar, Xatay/Xotan, Alpoud/Ağvan və s. Zonanın paralel yer-yurd adları sırasında az da olsa ərəb mənşəli coğrafi adlara rast gəlirik. Məsələn, Arabkir/Ərəfsə, Mahmudlar/Mahmudlu, Zeyvə, Məzrə və s. Hər iki zonanın yer-yurd adlarında diqqəti çəkən cəhətlərdən biri tərkibində "zur-zor" ünsürünün iştirakı ilə yaranmış adların paralelliyidir. Məsələn, Ərzurum (Türkiyədə), Zəngəzur, Koranzur, Ərçəzur və s. Hər bir zonanın toponimiyasında diqqəti cəlb edən coğrafi adlardan biri QarsKirs toponimlərinin paralellik təşkil etməsidir. Hər iki leksik vahid türk mənşəli söz olub, "hündür", "şiş", "uca" anlamını daşıdığı coğrafi adlarda yaşayıb".

Zəngəzurun yer adları əsasən, Azərbaycan mənşəlidir: "Bunlardan bir qismi xalqımızın ulu tarixi, əfsanə və rəvayətlərilə əlaqədar yaranmış adlardır. Məsələn, Gəlin qaya, Qanlı bel, Qazan gəl dağı, Qırxlar dağı, Üç təpə, Xustup/Oğuz təpə, Dəymə dağı, Murğuz dağı, Qız-oğlan qayası, Kəpəz dağı, Ağ qaya, Qara qaya və s. Zəngəzurun toponimiyasında maraqlı faktlardan biri də "Dədə Qorqud"la bağlı toponimiyanın bu ərazidə geniş yayılmasıdır. "Dədə Qorqud" zəngin surətləri olan dil-tarix abidəsidir, xalqımızın "Oğuznamə"sidir. Bu abidədə adları çəkilən şəxs adları və etnonimlər zaman keçdikcə coğrafi adların tərkibində daşlaşıb, çağdaş dövrə qədər gəlib çıxıb. "Dədə Qorqud"la bağlı yer-yurd adlarını araşdırmaqla oğuz qövmünü, o cümlədən onun koordinatlarını müəyyənləşdirmək mümkündür. Zəngəzurun "Dədə Qorqud"la bağlı toponimiyasına aşağıdakıları daxil edə bilərik. Məsələn, Oxçu çay, Oxçu məhəlləsi, Qazan göl, Qazan gəl dağı, Bayandur, Həyərək/Əkrək, Ağçau/İç oğuz, Xustup/Oğuz təpə, Basut çay /Basat çay və s. Bu adlar sırasına Zəngəzurun çağdaş Azərbaycan Respublikası ərazisinə daxil olan digər toponimlərini də daxil etmək olar. Məsələn, Ulaşlı, Dondarlı (Qubadlı rayonu), Qazançı (Zəngilan rayonu) və s. Bu adların hər biri sanki Qorqud Dədənin əşyalara verdiyi addır. Dədə Qorqud əşyalara ad qoyduğu kimi, yer-yurdlara da ad qoya bilərdi. Məhz bu cür adların öyrənilməsi və onun paralellərinin aşkarlanması "Dədə Qorqud" haqqında elmi məlumatların dəqiqləşməsinə səbəb olar. Zəngəzur ərazisinin Azərbaycan-Türk mənşəli toponimiyasının ümumi mənzərəsini aşkar etmək məqsədilə bu ərazidə Azərbaycan xalqının etnogenezində bilavasitə iştirak edən etnotoponimlərin adlarını qeyd edək. Hansı ki, bu toponimlər Azərbaycan xalqı və dilinin formalaşmasından əvvəlki dövrün etnotoponimlərinin coğrafi adlarda izidir. Məsələn, Hunud, Suvarı, Muğancıq, Çəpni, Uz, Ağvanlı, Xələc, Şəki, Komaran toponimlərinin mənşəyi Hun, Suvar, MağMuğMuğan, Çəpni, Uz, Ağvan, Xələc, Sak, QəmərKimmer tayfalarının adı ilə bağlıdır. Bu etnotoponimlərin paralellərinin hərtərəfli və geniş şəkildə açıqlanması türk mənşəli etnosların miqrasiya istiqamətinin müəyyənləşdirilməsinə gətirib çıxarar.

Zəngəzur toponimiyasının Türkiyə ilə paralellliyi yalnız yaşayış məntəqələrinə aid deyil, eyni zamanda hər iki ərazinin toponimiyasına - dağ, qaya, təpə və s. aiddir.

Zəngəzurun Türk-Azərbaycan mənşəli toponimiyasında diqqəti çəkən coğrafi adlardan biri də Xustup dağıdır. Bu dağ Qafan/Qapan rayonunun Naxçıvanla həmsərhəd olduğu ərazisidir. "Oğuz təpə"si mənasını ifadə edən bu söz müəyyən morfoloji dəyişikliyə uğrayaraq Xustup şəklinə düşüb. Bunu da əlavə edək ki, lap qədim zamanlardan oğuzlarda dağ, təpə, hündür yerə tapınma olub. Təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı", "Oğuz təpəsi" deyilib. Bir çox əski türkdilli xalqlarda dağ, təpə ən böyük inamlardan biri olub. Hətta böyük dağları, təpələri bu və ya digər türkdilli xalq əcdad kimi qəbul edib. "Xustup" sözünün ikinci tərəfi olan "tup" komponenti "təpə" sözünün qalığıdır. Yəni nitq fəaliyyətində "Oğuz təpə" birləşməsi sadələşərək Xustup formasına düşüb. Nəhayət, bu ərazidə onlarca oğuz mənşəli etnotoponimin varlığı dediyimiz fikri təsdiq edir. Zonanın ərazisində mövcud olan Aşağı Xotanan və Yuxarı Xotanan etnotoponimlərinin adını çəkməyi lazım bilirik. Bizcə, bu toponim Türkiyədə olan Xatay coğrafi adı ilə etnik paralelliyə malikdir. Xotan termini Avrasiyada çox geniş yayılıb. Ptolomeyin "Coğrafiya" əsərində bu söz Xotax kimi işlənib. Bu etnonimin müxtəlif variantları var: Xotan/Xotay/Xotax/Xodan. Xotan lekseminə M.Kaşğarinin məşhur ""Divani-lüğət-it-türk" əsərində da rast gəlinir. O da maraqlıdır ki, Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərində Xatay/Xotan tayfasının adı çəkilir və Tariyelin (Xataylar) Xotanlar üzərinə hücumu təsvir olunur.

Deyilənlərdən belə bir qənaətə gəlmək olur ki, Zəngəzurun toponimiyası rəngarəng Azərbaycan ümumtürk və Azərbaycan - Türkiyə paralel etnotoponimlərilə zəngindir. Bu toponimlərin tarixi-müqayisəli şəkildə araşdırılması bir sıra mühüm elmi nəticələrin üzə çıxarılmasına səbəb olar. Təkcə Zəngəzurun müasir Ermənistan ərazisinin (Qafan, Gorus, Sisyan rayonları) Azərbaycan-Türk mənşəli toponimlərinə istinad etməklə sovet toponimisti V.A.Juçkeviçin "Erməni mənşəli olmayan adlar Ermənistanda azdır. Ermənistan toponimik cəhətdən SSRİ-nin ən yekcins hissəsidir. Burada başqa dilli elementlər tək-təkdir" fikrinin əsassız və qeyri-elmi olduğu qənaətinə gəlmək olar. Müasir Ermənistan ərazisi Azərbaycan-türk mənşəli makro və mikrotoponimlərlə zəngindir. Bu toponimlərin (istər dəyişdirilmiş və istərsə də passiv fonda keçmiş) toplanması və araşdırılması Azərbaycan-türk dili və tarixinin müəyyən səhifələrinin açıqlanmasında əsaslı rol oynaya bilər. Bu istiqamətdə elmi-araşdırma işlərinin aparılması Azərbaycan dilçiliyinin və tarix elminin aktual problemlərindəndir". 

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 3 noyabr.- S.14.