Xoyda erməni terroru
"Andranikin şəhəri
mühasirədə saxlaması xəbərini eşidən
Osmanlı ordusu dərhal geri qayıtdı"
Ermənilərin Azərbaycanda
törətdikləri yüzlərlə terror faktı var.
Tarixin hansı səhifəsini vərəqləsək, ermənilərin
səbəbkarı olduğu təxribatların və ya
qanlı hadisələrin izini görmək olar. Türklərə
nifrət və xəyali "Böyük Ermənistan"
naminə əllərini dönə-dönə qana bulayan ermənilər
kin qoxuyan əqidələrini nəsildən nəsilə
ötürürlər. Ancaq bu cür xəstə psixologiya ilə
yetişən adamlar ağlasığmaz vəhşiliklərə
və qəddarlığa əl ata bilər.
V yazı
Zamanın tələbilə
üzdə dost, daxilən düşmən olan ermənilər
zaman-zaman tarixin qaranlıq kölgəsində gizlənərək
öz mənfur niyyətlərini həyata keçirmək
üçün planlar qurur, terror təşkilatları təsis
edirlər. XX əsrin əvvəlində ermənilərin
planlı şəkildə hədəfə aldığı
Güney Azərbaycan şəhərlərindən biri də
Xoy oldu.
Salmasdan sonra erməni terrorunun qanlı əlləri Xoya
uzanır
Təpədən dırnağa qədər
yaraqlı olan ermənilərə Andranik
başçılıq edirdi. Plana görə, onlar Xoya
hücüm çəkib şəhəri ələ
keçirməliydi. Xoya hücum çəkən Andranik
qüvvələrinin sayı ədəbiyyatlarda fərqli rəqəmlərlə
göstərilib. Bəzi mənbələrə görə,
silahlı erməni əsgərlərinin sayı 12000, digər
ədəbiyyatda isə 3000 olduğu qeyd olunub. Andranikin
Xoya hücum edəcəyinə şəhər əhalisi əvvəl
inanmadı. Amma erməni dəstələrinin şəhərə
yaxınlaşmasından sonra ölüm vahiməsi hər tərəfi
bürüdü. Ətraf kəndlərin sakinləri qorxudan
şəhərə pənah gətirirdilər. Evlər, məscidlər, bütün küçələr
qaçqınlarla dolmuşdu. 1918-ci il iyunun son günlərinin
birində səhər tezdən erməni yaraqlı dəstələri
şəhər həndəvərində görünməyə
başladı. Günortaya qədər ermənilər şəhərin
yarısını mühasirəyə aldılar. Xoyu ermənilərdən müdafiə etmək məqsədilə
yerli əhali hazırlıq görməyə başladı.
Varlı-kasıb fərqi olmadan əli silah tutmağı
bacaran bütün kişilər bürclərdə və səngərlərdə
qaravul çəkməyə başladılar.
Bütün təbəqələrdən olan əhali -
mülkədarından tutmuş əkinçisinə qədər,
habelə digər peşə sahibləri - tacirlər, ruhanilər
və s. çiyin-çiyinə müharibə etmək
üçün hazırlaşmışdılar.
Təpədən dırnağa qədər
silahlanmış erməni dəstələri Xoya hücum
çəkdilər. Düşmənin açdığı
ilk güllələr bir neçə nəfər
soydaşımızın həyatına son qoydu. Erməni
hücumlarına sinə gərən şəhər əhalisi
mərdliklə vuruşurdu. Düşmənlə mübarizədə
qadınlar və uşaqlar da iştirak edirdi. Onlar bürclərdə
və səngərlərdə şəhəri düşməndən
müfadiə edən döyüşçülərə su
və şərbət daşıyırdılar. Fars
tarixçisi Əhməd Kəsrəvi bu haqda belə
yazır: "Səhərin dan yeri qızaran vaxtı birdən-birə
erməni dəstələri peyda oldular. Onlar şəhərin
300 metrliyinə qədər gəlib, top və hərbi
avadanlıqlarını işə salaraq, atəş
açmağa başladılar. Ermənilər hər tərəfdən
şəhəri mühasirəyə almağa
çalışırdılar. Elə buna görə də
durmadan öz qüvvələrinin sayını artırırdılar.
Nəticədə günortaya qədər şəhərin
yarısını ələ keçirdilər. Xoylular isə
topdan məhrum ola-ola, həm də köhnə silahlarla
vuruşurdular. Bu arada qadınlar da kişilərlə
çiyin-çiyinə düşmənə qarşı
vuruşur, həm də onlara su, şərbət və yemək
aparırdılar. Bu isə kişilərdə əlavə ruh
yüksəkliyi yaradırdı".
Xoylu qadınların bir qismi arxa
cəbhədə şəhər müdafiəçilərini
himayə edərək, öz qəhrəmanlıqları və
fədakarlıqlarıyla onların əhval-ruhiyyəsini
gücləndirirdilər. Bu cür şir ürəkli
qadınlardan biri də Zəri xanım idi.
Güneyli tarixçi Mehdi
Ağası "Xoy tarixi" adlı əsərində bu
haqda bildirir: "Ermənilər Xoyun şərq hissəsində
əhalinin güclü müqavimətini gördükdən
sonra şəhərə bu istiqamətdən soxulmağın
qeyri-mümkün olduğunu anladılar. Elə buna görə
də mühasirə halqasını daha da daraldaraq,
günortaya yaxın şəhərin cənub hissəsindən
hücuma keçdilər. Nəticədə bürclərdəki
müdafiəçilər geri çəkilmək məcburiyyətində
qaldılar. Məhz həmin anda bürclərə
azuqə və sursat daşıyan Zəri xanım (Zəri
xanım əslən Urmiyadan idi) geri çəkilməkdə
olan döyüşçülərin qabağını kəsərək,
başındakı yaylığı açıb onların
başına atır (bir qadının belə hərəkəti
hər hansı bir kişinin
qorxaqlığına etiraz etmək deməkdi). Sonra isə özünün fəryad və həyəcan
dolu səsilə kişiləri mübarizəyə
çağıraraq onlara ermənilərin Urmiya və Salmasda
törətdiyi cinayətləri xatırladır,
döyüşçüləri öz mövqelərində
dayanıb müqavimət göstərməyə təşviq
edirdi. Qadının bu hərəkətindən sonra
müdafiəçilər yenidən bürclərə və
səngərlərə qayıtdılar. Ermənilərin
bürclərə dırmanmalarına baxmayaraq, şəhər
müdafiəçiləri bu dəfə ildırım kimi
ermənilərin üstünə hücuma keçdilər. Nəticədə
düşmən tərəfin bir qismini yerindəcə
öldürərək, qalanlarını isə geri çəkilməyə
məcbur etdilər".
Ermənilərə qarşı
mübarizədə ruhanilər də mərdliklə vuruşurdu.
Həmin hadisələrdə igidliyilə millətə,
xüsusilə də gənclərə ruh yüksəkliyi verən
iki ruhaninin adını çəkmək lazımdır. Əslən
Xoydan olan Höccətülislam və Ağa İbrahim
Müctəhid adlı iki qəhrəman
soydaşımızın misilsiz fədakarlığı Xoy gənclərinin
qeyrət damarlarını, onlardakı comərdlik və
igidlik ruhunu oyatmışdı. Əhalini düşmənlə
mübarizəyə səsləyən ruhani Höccətülislam
üzünü camaata tutub demişdi: "Ya Əyyuhəlnas!
Bu gün hər kəs öz orucunu saxlamasa, günaha
batmış kimi hesab olunur. Belə bir gündə oruc tutmaq
haramdır. Orucunuzu açın və düşmənlərə
qarşı vuruşun!" Bu sözdən sonra qeyrət
timsalı olan həmin şəxslər topun ipini
boyunlarına keçirərək, onu səngərə
doğru çəkməyə başlayırlar. Onların bu
hərəkəti az-çox ümidsizliyə
qapılmış gənclərin və səngərdəkilərin
əhval-ruhiyyəsini qaldıraraq, onlardakı
döyüşkənlik qanını cuşa gətirmişdi.
Məhz bundan sonra hamı öz canından
keçərək kütləvi şəkildə səngərlərə
doğru yola düşürdü. Maraqlıdır ki, həmin
gün yuxarıda adı çəkilən iki şəxsin
ipini boyunlarına keçirərək səngərə tərəf
çəkdikləri topla əhalinin vahiməsinə səbəb
olan erməni topunu məhv etmişdilər.
Özü həmin
dövrdə Urmiyada tarixi olayların yaxından şahidi
olmuş soydaşımız Əli Dehqan yazır:
"İyunun 23-cü və 24-cü günü Urmiyanın
dörd ağaclığına qədər gəlib
çatmış Osmanlı ordusu Andranikin Xoyu mühasirədə
saxlaması xəbərini eşitdikdən sonra dərhal şəhər
əhalisinə yardım göstərmək üçün geri
qayıtdı. Andranik Xoya çatdıqdan sonra şəhəri
mühasirəyə almışdı. Amma Xoy əhalisi
düşmən qarşısında möhkəm
dayanmış, ermənilərin hər bir hücumuna
müqavimət göstərirdi. Yerli sakinlər
osmanlıların gəlişinə qədər bir neçə
gün erməniləri şəhərin çölündə
süründürdülər. Nəhayət, Osmanlı əsgərləri
Salmas istiqamətindən gəlib erməni quldurlarını
top atəşinə tutdu. Nəticədə düşmən
qüvvələrinin çoxu həlak oldu, qalanları isə
qaçıb aradan çıxdı. Beləliklə, Xoy
şəhəri erməni hücumlarından xilas oldu".
Digər güneyli tədqiqatçı
Məhəmməd Əmin Riyahinin "Xoy tarixi" adlı
kitabında hadisə belə qələmə alınıb:
"Günortadan bir az keçirdi. Döyüşçülərdən
biri durbinlə cənub tərəfindəki vəziyyətə
nəzarət edirdi. Birdən-birə Qəzənfər
dağının arxasından göyə qalxan
qırmızı tüstünü görən kimi bu haqda
türk əsgərinə (şəhərdə qalan və
Xoy əhalisiylə birgə döyüşən yaralı
Osmanlı əsgəri - R.C.) xəbər verdi. Osmanlı əsgəri
bu xəbəri eşidən kimi sevinərək bildirdi ki, bu
tüstü İslam ordusu toplarının
tüstüsüdür. Nəhayət ki, gəlib
çatdılar. Allaha şükür, qurtardıq. Bir az
keçmədən topların səsi eşidilməyə
başladı. Osmanlı ordusu ilə ermənilər
arasında şiddətli bir müharibə
başlandı". Qardaş türklərin topxanası erməni
qüvvələrinin mövqeyini kəskin atəşə
tutdu. Ağır və ardıcıl atəş
nəticəsində qısa zamanda ermənilər müqaviməti
zəiflədib qaçmaq məcburiyyətində qaldılar.
Şəhərin müdafiəçiləri bürclərin
başından sevinc və həyəcan hisslərilə
Osmanlı ordusunun qələbəsinə baxırdılar.
Qəzənfər və Qullabi dağları tamamilə
Osmanlı ordusunun əlinə keçmişdi. Ermənilər
geri çəkildilər. Döyüşlər isə şəhər
divarlarınm arxasında davam edirdi. Günün batmasına
bir saat qalmış Osmanlı ordusu Təzəkəndə
çatdı. Topların Səidabada doğru atəşi isə
hələ davam edirdi. Beləliklə, qardaş türklər
həmin gecəni şəhərin xaricində qalıb, səhər
havalar işıqlanana kimi Culfaya qədər ermənilərin
izinə düşdülər. Qaçmaqda olan ermənilər
Araz çayını keçdikdən sonra
arxalarındakı Culfa körpüsünü də
yandırdılar.
Baş verənlər haqda Əli Dehqan bildirir: "Qeyrətli Xoy əhalisinin həmin çətin günlərdə göstərdiyi qəhrəmanlıq təqdirəlayiqdir. Şəhərin düşmən əlinə düşməməsi üçün böyükdən kiçiyə qədər hamı döyüş meydanında qalıb vuruşmaq və bu yolda ölmək qərarına gəldi. Qəhrəman Xoy əhalisinin həmin ağır günlərdə vəşşi düşmən qarşısında göstərdiyi misilsiz müqavimət səhnələri insanda böyük qürur hissi oyadır". Həmin hadisələrdə şəhəri ermənilərdən müdafiə edənlər arasında öz qəhrəmanlığıyla yaddaşlarda qalan igid soydaşlarımız var. Onlardan Höccətülislam Şeyx Fəzlullah, Ağa İbrahim, Həsənəlixan Mirpəncə, Hacı Xəlil Makui və s. kimi mərd oğulların adını çəkmək olar. Xoy əhalisinin Andranikin qoşunlarına qarşı qəhrəmancasına müqaviməti müasir Azərbaycan tarixinin parlaq səhifələrindən biri sayılır. Bu məğlubiyyət ermənilərin "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək ümidlərini puça çıxardı. Beləliklə, erməni qüvvələrinin qalan hissəsi min bir əzab-əziyyətlə özlərini İrəvana çatdırdılar. Əhzalinin və Osmanlı qoşunlarının fədakarlığı nəticəsində ermənilərin Xoy şəhərini ələ keçirməsinin qarşısı beləcə alındı.
Hazırladı: Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 4 noyabr.- S.11.