Qarabağ mövzusu bədii ədəbiyyatda

 

 Əlisahib Əroğul: "Bir əlimizdə silah, bir əlimizdə qələm tutmalıyıq"

 

Qarabağ mövzusunun bu qanlı-qadalı problem həll olunandan sonra ədəbiyyatda daha yaxşı ifadəsini tapacağına əminliyini ifadə edənlərlə yanaşı problem barədə isti-isti yazmağın tərəfdarları da az deyil. Gerçəkdən isə problem beynəlxalqlaşıb və bu yöndə ədəbiyyatın vicdan borcu şübhəsiz, gecikməməlidir. Yazıçı-publisist Əlisahib Əroğulun sözügedən mövzu ilə bağlı maraqlı qənaətləri var: "Bu gün biz tariximizin ən məsul, ən ağır, çətin və sınaqlı bir dövrünü yaşayırıq. Qarabağı geri qaytarmaq şansını tam itirə bilərik. Güc olar, ancaq gec olar, buna imkan verməzlər. Danışıqlarda vaxt məsələsi kəskinliklə irəli sürülməlidir. Təcəvüzkarı, seperatizmi və beynəlxalq terroru dəstəkləyən Ermənistanı ya beynəlxalq birlik, ya da özümüz ram etməliyik. Təəssüf hissi ilə qeyd etməliyəm ki, birinci güvəncimiz barədə müsbət fikir söyləmək çətindir. Daha doğrusu, ağlabatan deyil. Heç kimə gizli deyil ki, Ermənistanın dövlət başçıları, müdafiə və hüquq mühafizə orqanlarının rəhbərləri 1988-94-cü illərdə Dağlıq Qarabağda seperatizmə dəstək verən və beynəlxalq aləmdə ad çıxarmış erməni terrorçu qruplarına rəhbərlik ediblər, erməni daşnak faşist ideologiyasının fəal təbliğatçıları, aparıcı və daşıyıcı nümayəndələri olublar, terror və təbliğat aktlarında bilavasitə iştirak ediblər. Elə buna görə bu gün də onlar beynəlxalq hüquq normalarına riayət etmir, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur, münaqişənin dinc yolla, ədalətli həllinə hər vasitə ilə maneçilik törədirlər. Bütün hərəkət və davranışlarıyla, özlərinə xas olan hiyləgərliklə sülh danışıqlarının uzadılması prisipində maraqlı olduqlarını nümayiş etdirirlər. Sülh olmayan yerdə ondan danışmağa dəyərmi? "Sülhü qorumaq üçün ilk öncə onu yaratmaq lazımdır" formulunu heç bir vəchlə qəbul etmirlər. Deməli, bu işin öhdəsindən ancaq və ancaq özümüz gəlməliyik. Qarabağ cəbhəsində qəti qələbimizin rəhnini uğurlu xarici siyasət kursu, güclü iqtisadiyyata və güclü orduya malik dövlət, habelə gərəkli vətəndaş həmrəyliyi, cəmiyyətin bu məsələyə yekdil münasibət göstərməsi təmin edə bilər. Bir sözlə, bu mübarizədə haqlı olmağımız yetərli deyil, həm də güclü olmalıyıq.

Bu gün hər bir Azərbaycan vətəndaşı kimliyindən, etnik mənsubiyyətindən, ictimai mənşəyindən, mövqeyindən, sosial vəziyyətindən, rütbəsindən və vəzifəsindən asılı olmayaraq Qarabağlı olmalıdır, yəni Qarabağın təəssübünü çəkməlidir. Qarabağ uğrunda gedən mübarizədə hər an varından, varlığından keçməyə hazır olmalı, fəal həyat mövqeyi tutmalıdır. Gözükölgəli yaşamağına dəyərmi? Bu gün ziyalı sözü, ziyalı mövqeyi, ziyalı fədəkarlığı öndə durmalı, öz töhfəsini ortaya qoymalıdır. Qarabağ mövzusu hər bir fərdin beynində özünə yer eləməli, yaddaşında oyuq açmalı, kodlaşmalıdır. Bu mövzunun əxz etdirilməsi nəinki birinci sinif partasından, habelə ailə tərbiyəsindən başlamalıdır".

Ə.Əroğul ədəbiyyatın sözügedən məsələdə oynadığı roldan da danışır: "Bu yöndə bədii ədəbiyyatın oynadığı rol danılmazdır. Əfssuslar olsun ki, Qarabağ mövzusunda çoxlu sayda əsərlər yazılsa da, buradakı boşluğu doldura biləcək, tutumlu, bədii dəyəri yüksək olan janr nümunələri kifayət qədər deyil. Olan yazıların da sükut buzu əridilmir. Qarabağ uğrunda azadlıq döyüşlərinin başa çatmadığı hazırki dövrdə müstəsna əhəmiyyəti olan bu mövzudan yan keçilməsi yol verilməzdir. Erməni daşnak faşizminin mahiyyəti, onun mənfur siması böyüməkdə olan nəslə hələ qədərincə tanıdılmayıb və tanıdılmır.

Çox təəssüflər olsun ki, aktual mövzu olmasına baxmayaraq böyüməkdə olan nəslin Vətən sevgisi, yurdsevərlik, düşmənə nifrət ruhunda tərbiyəsi sahəsində ən mühüm və ən təsirli vasitə hesab etdiyimiz bədii ədəbiyyatda Qarabağ mövzusuna loyal münasibət bəslənilir. Müşahidələrim və müəyyən qənaətə gəlməyim, bu sözləri yazmaqda və deməkdə israrlı olmağım əbəs deyil, məni narahat edən taleyüklü bir məsələdir. Bu məsələni tanınmış və yaradıcılığına hörmət etdiyim nasirlərimizdən biriylə müzakirə edərkən aldığım cavab məni təəccübləndirdi - "Yazıyla nəyisə dəyişmək mümkün olan şey deyil". İstedadlı şairlərimizdən birindən aldığım cavab da məni qane etmədi - "Müharibə mövzusunu dünya qəbul etmir". Tanınmış alimlərimizdən birinin çıxışından da narazı qaldığımı gizlədə bilmirəm - "Türk oğlu nə qədər əlində qılınc tutubsa dövlət qurub, qalib olub, qələmə əl atmağıyla qurduğu dövlət də zəifləyib, taxtı-tacı da süqut edib". Bir ortam fikir də yazarlar arasında dolaşır - "Müharibədən onillər, yüzillər sonra bu mövzuda əsərlərin yaranma-yazılma təcrübəsi var". Bu qəbildən olan mülahizələr barmaq sayı deyil, boldur. Ancaq həmkarlarıma deyəcəyim bir söz var. Bu gün söhbət böyük yazıçı olmaqdan yox, böyük vətəndaş olmaqdan gedə bilər. Erməni daşnak faşizminə qarşı mübarizəmizi söz yox ki, iki yöndə aparmalıyıq. Bir əlimizdə silah, bir əlimizdə kitab tutmalıyıq. Silah bizə varlığımıza və torpaqlarımıza qənim kəsilmiş daşnak faşistlərini öz yuvasında boğmaq üçün lazımdır. Kitab isə həm özümüzü silkələmək, təcavüzkardan qorunmaq, sərvaxtlığımızı itirməmək üçün gərəkdir. Bu yöndə mübarizə aparmağımız haqq-ədalətin bərpa edilməsində bizə yardımçı olar. Ölüm-dirim savaşında həm bizə haqq qazandırar, dünya birliyindən təcrid olunmağımıza imkan verməz, həm böyük qırğınların törədilməsinə aparıb çıxarmaz, həm də uzunmüddətli mübarizənin qarşısını almış olar. Bununla ən az vaxtda ən az itki ilə son məqsədə nail olmaq məsələsini həll etmiş olarıq".

BDU-nun aspirantı Əhməd Sami El-Aydının da bu yöndə araşdırmaları var: "Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra xalqın qarşılaşdığı ən böyük problemlərdən biri Dağlıq Qarabağ məsələsidir. Azərbaycanın tarixi torpağı olan bu ərazi zaman-zaman düşmən işğalına məruz qalıb, ancaq hər dəfə xalqın iradəsi nəticəsində yadellilərin hücumu dəf edilib. Yalnız Sovet imperiyasının çöküşü ərəfəsində rus-erməni fitnəkarlarının əlilə bu qədim mədəniyyət mərkəzi işğal olunub. Ermənilər bu torpaqları işğal etməklə kifayətlənməyib, bölgədəki tarixi və mədəniyyət abidələrini yerlə-yeksən edib, bir milyondan artıq Azərbaycan türkünü yüzillər boyu yaşadığı tarixi torpağından didərgin salıblar.

Son illərdə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr fonunda dəhşətli faciələr yaşanıb. Bunların içərisində ötən yüzilin ən böyük faciələrdən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaşadığı müsibətin acı, kədərli mənzərəsini əks etdirməkdədir. Dağlıq Qarabağ müharibəsi başlayan gündən Azərbaycan yazıçıları bu problemə həssas münasibət göstərib, onun müxtəlif aspektlərinin işlənilməsinə çalışmışlar. Xüsusilə, bu mövzuda yaranan romanlar problemə yanaşma tərzinin özünəməxsusluğu, bədii ifadə imkanları, obraz və xarakter yaradılışı baxımından maraq doğurur. Son illərdə Qarabağ mövzusunda qələmə alınan əsərlər içərisində Sabir Əhmədlinin "Axirət sevdası", Ağarəhim Rəhimovun "Ovlaq keçidi", Elçin Mehrəliyevin "90-cı illər" və digər romanlar xüsusi yer tutur. Bir sıra maraqlı əsərlərin müəllifi olan A.Rəhimovun "Ovlaq keçidi" romanında Dağlıq Qarabağda cərəyan edən hadisələr fonunda problemin müəyyən aspektləri bədii ifadəsi tapıb. Yazıçının yalnız adı çəkilən romanında deyil, son illərdə müxtəlif janrlarda qələmə aldığı bütün əsərlərində müharibə mövzusu ya əsas problem kimi seçilib, ya da süjet xətlərinin birinin əsasında dayanıb. Bu məqama diqqət yetirən filologiya elmləri doktoru, professor Nizami Tağısoy qənaətlərini ümumiləşdirərək yazır: "Ağarəhim Rəhimovun yaradıcılığında müharibə mövzusu daha önəmli rol oynayır. Onun əsərlərində ön cəbhə, arxa cəbhə, əsir düşmüş torpaqlarımızın, insanlarımızın taleyi, mənəvi şikəstlik, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yara və digər məsələlərə bədii şəkildə yetirincə diqqət yetirilib".

Çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna öz yaradıcılığında ən çox yer verən yazıçılardan biri məhz A.Rəhimovdur. Onun "İkili dünyam", "Qoşa qanad" kimi romanlarında, bir sıra povest və hekayələrində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr geniş və hərtərəfli bədii ifadəsini tapıb. Yazıçının "Canavar balası" əsərinin əsasında çəkilmiş eyniadlı bədii filmin mövzusu da Dağlıq Qarabağ problemi ilə bağlıdır. Romanda təsvir olunan hadisələr, yaradılan obrazlar baş verən əhvalatların mahiyyətinin aşkarlanması baxımından səciyyəvidir. Romanın maraq doğuran cəhətlərindən biri burada Qarabağ müharibəsinin canlı, gerçək epik mənzərəsinin yaradılmasıdır. Müəllif canlı müşahidə, fakt və sənədlər əsasında, bir çox məqamlarda bədii təxəyyülün gücünə söykənərək Azərbaycan xalqının sürükləndiyi müharibə faciəsini bütün reallığı ilə canlandıra bilib".  

 

 

Elçin Qaliboğlu 

 

Xalq Cəbhəsi.- 2009.- 5 noyabr.- S.14.