Türkologiyanın Yusif Akçurası və Əhmədbəy Ağaoğlusu

 

 Bu şəxslər milli şüurun oyanmasında mühüm xidmətlər göstəriblər

 

Türkçülüyün bir ideologiya, hər şeydən əvvəl milli-insani, bəşəri bir xilas kimi formalaşmasında əvəzsiz xidməti olan insanların daim xatırlanması gərəklidir. XIX yüzilin axırları, XX yüzilin əvvəllərində dünyadakı qovğaların daha da artdığı bir zamanda türkçülüyü bir xilas kimi ideologiyaya çevirən kişilər anladılar ki, uca türk millətinin xilası üçün başqa yol yoxdur. Türkçülüyün fədakar yolçularından biri də Yusif Akçuradır. Filologiya elmləri doktoru Aybəniz Kəngərlinin fikrincə, Akçura oğlu Yusifin (1876-1935) adı Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Ziya Göyalp, Məhəmmməd Əmin Rəsulzadə, M.Yurdaqul, Ənvər Paşa, Mustafa Kamal Atatürk kimi türk millətinin milli şüurunun oyanmasında, yüksəlməsində böyük rol oynamış nəhəng şəxsiyyətlərlə bir sırada dayanır. Artıq Y.Akçuranın - bu böyük tatar türkçüsü haqqında Azərbaycanda ciddi bilgi yaranmaqdadır: "Baxmayaraq ki, XIX yüzilin sonu, XX yüzilin əvvəllərində türk milli təfəkkürünün inkişaf yolunu, türklük hərəkatını, təşəkkül və təkamül yolunu izləyən araşdırmaçılar bu adın üzərində dönə-dönə dayanmaq məcburiyyətindədirlər. Y.Akçura təkcə "Türkçülüyün tarixi"ni yazan şəxsiyyət deyil, həm də bu tarixi yaradan, öz xidmətləri, çalışmaları ilə türkçülük hərəkatının tarixində mühüm yer tutan türk böyüklərindəndir. Milliyyətcə Kazan tatarı olsa da, onun xidmətləri bütün türk xalqları, Türk Dünyası ilə bağlıdır. Bu səbəbdən də Akçuranın irsi bütün Türk Dünyasında öyrənilməlidir".

O, daha sonra qeyd edir ki, Y.Akçura zəngin elmi-nəzəri, publisistik irs qoyub gedib. Akçuranın yaradıcılığı dünyanın müxtəlif ölkələrində yüz ildən artıqdır ki, diqqət mərkəzindədir: "Təəssüf ki, nə sovet dövründə, nə də müstəqillik illərində o, Azərbaycan araşdırmaçılarının maraq dairəsinə daxil ola bilməyib. İsmayıl Qaspıralıdan sonra təkcə Azərbaycanda, Rusiya türkləri arasında deyil, Türkiyə türkləri arasında, bütün Türk Dünyasında siyasi türkçülüyün yayılmasında Y.Akçuranın böyük rolu olub". Y.Akçura Krımdan Kazana köçmüş kübar tatar ailəsinə mənsub olub: "Ulu babalarından Knyaz Adaş rus çarı İvan Qroznının yaxın dostu olub. Akçuralar Simbirsk şəhərində və onun ətrafında olan bütün qumaş fabriklərinin sahibi idilər. Akçuranın əmisi qızı Zöhrə xanım İ.Qaspıralının həyat yoldaşı olub. O, tez-tez bu ailədə qonaq olar, İsmayıl bəylə söhbət edərmiş".

Y.Akçura İstanbulda Hərbiyyə məktəbində oxuyub. Dövlət çevrilişinə cəhddə bulunduğu üçün həbs olunub, hərbi tribunal tərəfindən haqqında ömürlük həbs cəzası hökmü çıxarılsa da, sonradan Osmanlı padşahının fərmanına əsasən cəzası sürgünlə əvəz edilib: "Bir müddət sonra Fransaya qaçan Y.Akçura Parisdə fəaliyyət göstərən "Gənc Türklər" təşkilatına üzv olur və "Siyasi elmlər" ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Osmanlı imperatorluğunun dövlət qurumlarının tarixinə dair "Bir təcrübə" adlı elmi iş yazır. Təhsilini başa vuran Akçura Rusiyanın Kazan şəhərinə gəlir, müəllimlik edir. Bu dövrdə onun Misirdə çap olunan "Şurayi-Ümmət" və "Türk" qəzetlərində imzasız xeyli məqaləsi işıq üzü görür. 1904-cü ildə "Türk" qəzetində silsilə şəklində nəşr olunan "Üç tərzi-siyasət" başlıqlı məqaləsi xüsusi əhəmiyyətə malikdir.

İkinci Məşrutiyyətin elanından sonra İstanbula qayıdan Yusif Akçura müəllimlik fəaliyyəti ilə məşğul olur, İstanbul Universitetində və Mülkiyyə məktəbində siyasi tarix fənnini tədris edir, türkçülük nəzəriyyəsinin ayrı-ayrı istiqamətlərini araşdırır. "Türk Dərnəyi" və "Türk Ocağı" təşkilatlarının qurucularından biri və məşhur "Türk Yurdu" jurnalının baş redaktoru olur. İlk Məclisin millət vəkili, müstəqillik qazanılandan sonra isə Türk Tarix Qurumunun üzvü seçilir. "Üç tərzi-siyasət"dən başqa "Şərq məsələsinə dair tarixçi-siyasi qeydlər" (1920), "Müasir Avropada siyasi və ictimai fikir cərəyanları" (1923), "Siyasət və iqtisad haqqında bir neçə xitab və məqalə", "Osmanlı imperatorluğunun dağılma dövrü" adlı əsərləri məlumdur. "Türk ili" adlı iri həcmli əsərində türkçülük hərəkatının qaynaqlarını və inkişafını geniş araşdırıb. Y.Akçura 1935-ci ildə ürək tutmasından vəfat edib".

Türkoloq-alim Əhməd Cəfəroğlu isə 20-ci yüzil Azərbaycan filoloji fikrinin tanınmış nümayəndələrindəndir. Araşdırmaçı Elşən Əbülhəsənli hesab edir ki, Əhməd Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, istərsə də Avropa və Amerikanın elmi dairələrində şəxsiyyəti tanınıb, ictimai-pedaqoji və elmi fəaliyyəti yüksək qiymətləndirilib: "Artıq 50-ci illərin sonlarından başlayaraq Ə.Cəfəroğlu haqqında meydana çıxan və nüfuzlu araşdırmaçıların qələminə məxsus yazılar onun dünya türkologiyasının inkişafındakı rolu və özünəməxsus mövqeyinin etiraf olunması demək idi. Azərbaycanda Ə.Cəfəroğlu ilə bağlı yazılar yalnız son illərdə mətbuat səhifələrində görünməyə başlayıb. Təbii ki, bu sahədə müəyyən iş görmüş Azərbaycan alimlərinin dairəsi o qədər də geniş deyil. 1990-cı ildə "Xəzər" dərgisi ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini dərc edib. Ancaq Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin mart ayında "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş iri həcmli məqaləsi oldu. Gərgin axtarışların məhsulu olan bu məqalədə Ə.Cəfəroğlunun ömür yolu barədə müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur".

Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu), əksər qaynaqların məlumatına əsasən, 1899-cu il aprelin 17-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncədə anadan olub: "1902-ci ildə atası İsmayıl vəfat edib, az sonra anası Gövhər xanım uşaqlarını götürüb Səmərqəndə köçüb. Ə.Cəfəroğlu 1905-1909-cu illərdə Səmərqənddə yaşayıb, ibtidai təhsilini də orada alıb. 1909-cu ildə ailə yenidən Gəncəyə qayıdır və elə həmin ildən Ə.Cəfəroğlu Gəncə gimnaziyasında təhsilini davam etdirir: "1916-cı ildə gimnaziyanı bitirən Ə.Cəfəroğlu Kiyevə yollanır və orada Ali Ticarət məktəbinə daxil olur. Ancaq bu məktəbin onun üçün uyğun olmadığını anladığı üçün, digər tərəfdən isə baş vermiş siyasi hadisələrin təsiri altında Ə.Cəfəroğlu təhsilini yarımçıq qoyub, 1917-ci ilin sonlarında doğma Gəncəyə qayıdır. Məlumdur ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası "İstiqlal bəyannaməsi"ni qəbul etmiş və Gəncə müvəqqəti olaraq paytaxt seçilmişdi. Gəncə Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin mərkəzinə çevrilmişdi. Bu tarixi hadisələrin şahidi və bilavasitə iştirakçısı olan Ə.Cəfəroğlu tərəddüd etmədən öz mövqeyini birdəfəlik müəyyənləşdirdi və istiqlal uğrunda silahlı mübarizəyə qoşuldu. Elə həmin il milli hökumətin dəvəti ilə Azərbaycana gəlmiş Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusuna könüllü yazılanlardan biri də Ə.Cəfəroğlu idi. O, orduda topçu onbaşısı vəzifəsini almış, bir sıra mühüm döyüşlərdə, o cümlədən, Bakının azad olunmasında iştirak etmişdi".

1919-cu ildə Milli hökumətin qərarı ilə Bakıda universitet açılır və Ə.Cəfəroğlu həmin universitetin tarix-ədəbiyyat fakültəsinin Şərq bölməsinə daxil olur: "Ancaq 1920-ci il aprelin 28-də bolşeviklər Bakıda hakimiyyəti ələ aldıqda, Ə.Cəfəroğlu Azərbaycanı tərk etmək məcburiyyətində qalır və Türkiyəyə gedərək İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirməyə başlayır. Qəzalə xanımın xatirələrinə görə, Ə.Cəfəroğlu Azərbaycanı tərk edərkən yeznəsi və bibisi oğlu Hacımirxəlilə əmlakını idarə etmək üçün vəkalətnamə verir. Ancaq tezliklə bolşeviklər tərəfindən sıxışdırılan Hacımirxəlil də ailəsi ilə birlikdə İrana, oradan da Türkiyəyə köçür. Ə.Cəfəroğlu daha Vətənə dönə bilmir və 1931-ci ildə Türkiyə vətəndaşlığını qəbul edir".

Ə.Cəfəroğlu 1924-cü ildə İstanbul Universitetini bitirir və bir müddət ilahiyyat fakültəsinin kitabxanasında, daha sonra Türkiyyat mərkəzində (asissent vəzifəsində) işləyir: "1925-ci ilin sonlarında Ə.Cəfəroğlu Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir, əvvəlcə Berlin, sonra isə Breslau Universitetində oxuyub əsaslı türkoloji təhsil alır. Berlin Universitetində oxuduğu bir semestr ərzində V.Banq-Kaup, A.Fon Le Koç, Vesterman, Breslau Universitetində oxuduğu beş semestr ərzində isə F.Gize, K.Brokelman, Diels, Şader kimi tanınmış alimlərin mühazirələrini dinləyir. 1929-cu il mayın 15-də Ə.Cəfəroğlu Breslau Universitetində məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi altında yazdığı "Gəncə dialektində 75 Azərbaycan bayatısının dil baxımından təhlili" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir və filologiya doktoru elmi dərəcəsi alır. 1929-cu ildə İstanbula qayıdan Ə.Cəfəroğlu bir vaxtlar tələbəsi olduğu İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türk dili tarixi kafedrasına dosent təyin olunur. 1936-cı ildə isə həmin kafedranın professoru olur. 1946-cı ildə Ə.Cəfəroğlu müəllimi M.F.Körpülüdən sonra həmin kafedranın müdiri seçilir və 1973-cü ilə qədər bu vəzifədə çalışır. 1966-1973-cü illərdə o, eyni zamanda Türkiyyat İnstitutuna da rəhbərlik edib. Ə.Cəfəroğlu həm də Türk Dil Qurumunun yaradıcılarından biri olmuşdu və ömrünün sonuna qədər həmin qurumun həqiqi üzvü idi. O, 50 ildən artıq müddətdə olduqca məhsuldar elmi-pedaqoji fəaliyyət göstərmiş və dünya türkologiyasının nüfuzlu və aparıcı simalarından birinə çevrilmişdi. Türkologiyanın demək olar, bütün sahələrinə aid sanballı araşdırmaları, elmi kadrların yetişməsindəki əvəzsiz xidmətləri ona beynəlxalq şöhrət qazandırmışdı. Bu istiqamətdə onun özünün də qeyd etdiyi kimi, ən mühüm nailiyyəti Birinci Beynəlxalq Türkoloji Konqresin təşkili və keçirilməsi idi. Alim uzun illər qəlbində daşıdığı bu istəyini yalnız 1973-cü ildə reallaşdıra bilmiş və onu həyatında ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirmişdi.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 6 noyabr.- S.14.