Aşıq Ağaların poeziyası

 

 Seyfəddin Qəniyev: "Onun sevgisi ilk növbədə Vətənə olan məhəbbətdir"

 

Aşıq sənətinin dünyaya təqdiminin yeni bir mərhələsinin başlandığı dönəmdə bu sənəti ilk növbədə özümüzün dəyərləndirməyimiz vacibdir. Aşıq sənəti türkün bənzərsiz xarakterinin ifadəsidir. Tarixən Şirvanda bu sənətin xeyli daşıyıcısı olub, indi var. Professor Seyfəddin Qəniyev bildirir ki, ötən yüzilin 50-ci illərindən sonra Aşıq Mirzə Bilal sənətini yaşadan, onun ocağından sazın səsini yenidən aləmə car edən oğlu Aşıq Ağaların xüsusi xidmətləri olub. Ağlı söz kəsəndən evlərində həmişə saz səsi eşidib, nağıllara qulaq asıb, atasının ifasında eşitdiyi dastanlarla Tufarqanlı Abbas, Xəstə Qasım, Şirvanlı Qəhrəman Şah, Barıdday Soltan dünyasına qonaq getmiş aşiqlərin saf təmiz məhəbbətinin şahidi olub, qibtə edib o ülvi məhəbbətə. Həmin vaxtdan aşıqlıq sənətinə həmişəlik bağlanıb: "Aşıq Ağaların şəxsi arxivinin bir qismi bizdədir. Aşığın arxivində özünün yazdığı tərcümeyi-haldan oxuyuruq: "Mən, Aşıq Ağalar Mikayılov 1913-cü ildə Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşam... Uşaqlıqdan atam Aşıq Bilalın sənətinə maraq göstərdiyim üçün bir çox dastan-nağıl, şeir əzbərləmiş, saz çalmağı öyrənmişəm."

haribə illərində aşığın ailəsi Kürdəmir şəhərinə köçüb. Aşıq Ağalar cəbhəyə yollanıb. Müharibədə iki dəfə ağır yaralanıb, ikinci qrup əlil kimi geri dönüb. Bir çox döyüş orden medalları ilə təltif olunub. Aşıq Ağalar el məclislərinə 1946- ildən ayaq açıb. Həmin vaxtdan sənət dostları - Aşıq Əhməd, Aşıq Şakir, Aşıq Barat, Aşıq Pirməmməd, balabançılar - Əli Kərimov, İzzətalı Zülfüqarov, Həsrət Hüseynov ilə həm dövlət tədbirlərində iştirak edib. 3-cü Aşıqlar qurultayının nümayəndəsi olub. 1966- ildə Kürdəmirdən Bakıya köçüb, 1988-ci ildə vəfat edib. Yaradıcı aşığın şeirləri müxtəlif toplu mətbuat səhifələrində işıq üzü görüb. Haqqında professorlardan Ə.Cəfərzadə, R.Hüseynov, ziyalılardan T.Abdullayev, R.Fərəcov başqaları bəhs ediblər: "Şirvanda sözün-sazın tarixini heç kəs bilmir. Azərbaycan mədəniyyətinin saz-söz fenomeni tarixin təşəkkül çağlarına gedib çıxır. Bəlli olan budur ki, burada söz insanların ürəyində, qanındadır. Sözü sazı canında qanında gəzdirənlərdən biri Aşıq Ağalar Mikayılov idi. Aşıq Mirzə Bilalla eyni ocağın övladı olan bu sənətkarın sözə həssaslığı gendən gəlir. Vurğunluq qanında, canında idi. Tanrı aşiqliyi ona tale olaraq vermişdi. Aşıq Ağalar da taleyinin sənətkarı olaraq vəsf edirdi yurdu yurddakıları. Aşıq Ağaların sevgisi ilk növbədə vətən-yurd sevgisidir. Sənətkar vətəni tərənnüm etməkdən heç vaxt doymurdu. Azərbaycan aşıq şeiri obrazlarının sadəliyi ilə daim seçilib. Ancaq bu sadəliyin altında dünyanın ən səmimi həqiqətləri ifadə olunub. Türk dünya yaranandan təbiətin vurğunu olub. İnamlarında təbiəti, onun ağacını, suyunu, meyvəsini, vüqarlı dağlarını, heyvanlarını, gözəl quşlarını müqəddəsləşdirib. Türkün təbiətə vurğunluğu onun bütün tarixi boyu özünü aydın şəkildə büruzə verib. Bu, aşıq poeziyasında xüsusilə aydın şəkildə görünür. Aşıq Ağaların da poeziyası bu cəhətdən istisna deyil. Biz onun yurd sevgisində, Vətəni tərənnüm poeziyasında belə sadəliyin təbii obrazları ilə üzləşirik. Ulu ozanlar həmişə yurdu, onun var-dövlətini öymüşlər. Əski tariximizdən, inamlarımızdan bəllidir ki, ozan öygüsü bir poeziya hadisəsi olmaqdan daha üstün idi: ozan sözü müqəddəs sayılırdı onların söylədiyi, qopuzla ifa etdiyi şeirlər alqış-dualar idi. Aşıq Ağalar da ulu ozanların "nəvəsi" kimi öz tərənnümü ilə yurdun var-dövlətini "dualayır", sazında, sözündə, nəfəsində yaşayan müqəddəsliklə bu ululuğun daha da ucalmasına xidmət edir. Aşıq poeziyası janr-forma quruluşu etibarilə çox zəngindir. Şifahi ənənəyə söykənən bu poeziyada janr çox unikal hadisədir. Hər bir janr türkün poetik düşüncəsinin yaddaş özünəməxsusluğunun bir qatı, səviyyəsidir. Bu zənginlik, əlvanlıq uyğun olaraq türk lirik düşüncəsinin forma estetikasının zənginliyini ifadə edir".

Aşıq şeirinin məzmun-forma gözəlliyini nümayiş etdirən şeir növlərindən biri ustadnamədir: "Ustadnamə janr tipi etibarilə janrüstü hadisədir. Yəni konkret olaraq ustadnamə janrı yoxdur. Aşıq ustadnaməni qoşma üstündə , gəraylı üstündə , müxəmməs üstündə s. qoşa bilər. Bu baxımdan, ustadnamə aşıq şeirinin məzmun göstəricisinə görə üzvlənən növüdür. Burada şeirin janr əlamətinin əsasında onun məzmunu durur. Poetik məna təbiəti etibarilə ustadnamə nəsihət, öyüddür. Bunlarda dünyanın keşməkeşləri öz inikasını tapır. Ustadnamələr atalar sözlərinə bənzəyir. Atalar sözlərində uluların həyat təcrübəsi poetikləşdiyi kimi, ustadnamələrdə həyatın qanunauyğunluqları ifadə olunur. Hər hansı sənətkarın yaradıcılıq keyfiyyəti həm onun necə ustadnamələr qoşa bilməsi ilə müəyyənləşir. Çünki hər bir ustadnamədə onu yaradan sənətkarın poetik dünyabaxışı öz ifadəsini tapır. Sənətkar dünyanı necə görüb qavrayırsa, bu, ustadnamələrdə ifadə olunur. Demək, ustadnamə ilə həm onu yaradanın ağlına, kamalına, dünyagörüşünə qiymət verilir. Bu baxımdan Aşıq Ağalar dərin məzmunlu, gözəl formalı ustadnamələr yaradıb. Aşığın təbiətə belə vurğunluğu ötəri poetik yaşantılar olmayıb, onun poeziyasında bir sistem təşkil edir. O, təbiətin vurğunu olan aşiq kimi insanla təbiətin gözəlliyinin ilahi vəhdətini anlamış sənətkardır. Ona görə aşığın poeziyasında təbiətlə insanın ilahi vəhdətini, poetik-bədii obrazını, bəşəri-ilahi harmoniyasını müşahidə etmək mümkündür. Ənənə sənətkar üçün bütün hallarda üzərində boy atdığı bünövrədir. Ustad sənətkar öz ənənəsinin davamı olmaqla onu inkişaf etdirir. Aşıq Ağalar poeziyasında ənənə əsasında təşəkkül tapmış, ancaq yaradıcılıq fərdiliyini bütün göstəriciləri üzrə nümayiş etdirən sənət əsərlərilə qarşılaşırıq. "Görmədin" qoşması da belə incilərdən biridir. Bu şeirdə Aşıq Ağaların fərdi dünya duyumu, poetik "nəfəsinin" özünəməxsusluğu, istedadı, bədii zövqü, poetik ənənəyə münasibəti s. ifadəsini parlaq şəkildə tapıb.

Aşıq Ağalar "Görmədin" qoşmasında bir sənətkar olaraq tam "görünür".

S.Qəniyev onu da qeyd edir ki, Aşıq Ağalar şeirində satira Şirvan ədəbi mühiti üçün xarakterik haldır: "Bu mühitdə ta qədimlərdən satira yüksək səviyyədə olub. Ona görə şeirdə satirik ənənə açıq-aydın hiss olunur. Şirvan ədəbi mühitindəki satira regional özünəməxsusluğa malikdir. Belə ki, Şirvanda satira, həcv tarixən aktual olub, bölgənin ictimai həyatının tərkib hissəsi kimi çıxış edib. Yəni Şirvan satirası ictimai aktuallığı ilə fərqlənib. Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin satiralarını yada salaq. Bu satiralar konkret şəxslərə ünvanlanmaqla kəskin sosial səciyyə daşıyıb. Ona görə məsələn, Aşıq Ağaların "Nanəcib arvad" satirasını, sadəcə olaraq, hansısa nanəcib, yarıtmaz bir qadına ünvanlanmış şeir saymaq olmaz. Ümumiyyətlə, Aşıq Ağaların poeziyası janr baxımından əlvandır. Bu əlvanlığın iki qaynağı var. Birincisi, onun fəaliyyət göstərdiyi Şirvan aşıq mühitinin forma-janr baxımından zənginliyi, ikincisi Şirvan aşıq mühitinin bütün tarixi boyunca Şirvan yazılı ədəbi mühiti ilə qarşılıqlı əlaqədə olmasıdır. Bu baxımdan, Aşıq Ağalar son dərəcə gözəl məzmuna, forma ahənginə, poetik estetikaya malik qəzəllər yaradıb.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 7 noyabr.- S.14.