"Ədəbiyyat mədəniyyətin
əhəmiyyətli bir
hissəsidir"
Məhərrəm Tanrıverən:
"Mən qlobalizmə
qarşıyam"
10 ildən çoxdur ki, Türkiyədən Azərbaycana
davamlı olaraq gəlib-gedən şair Məhərrəm
Tanrıverən burada
elmi araşdırma ilə məşğuldur.
İngilis dilindən türk dilinə tərcümə edilmiş
əsərlərin tipoloji
dil müqayisəsi ilə bağlı maraqlı araşdırma aparıb, Azərbaycanın
tarixini, mədəniyyətini
davamlı şəkildə
araşdırıb. Azərbaycana
ruhca yaxınlığı
səbəbindən bu
ölkəni özünə
doğma hesab edir: "Azərbaycanın
qədim, özünəməxsus
tarixini fəxarətlə
öyrəndim, qürur
duydum. Həmişə
Azərbaycanın adı
gələndə məni
təəccüb bürüyərdi
ki, bu, necə
ölkədir, görəsən?
Sovet dövründə
aramızda tikanlı məftillər vardı".
Gənclik dövründə
Azərbaycan ədəbiyyatından
bəzi örnəkləri
oxuduğunu deyən
M.Tanrıverən son
10-15 ildə ardıcıl
olaraq bu məmləkətlə tanış
olduğunu deyir: "Orta məktəb dövründə Nizami Gəncəvini, Məhəmməd
Füzulini, Nəsimini,
Sabiri tanıdım. Füzulini oxuyan zaman özümü Azərbaycanın bir parçası zənn etdim. Gördüm ki, ruh eyniliyimiz,
mədəniyyət oxşarlığımız
var. Azərbaycana çox bağlanmışam".
O, Türkiyəyə hər
dönüşündə Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının soraqlarını
apardığını bildirir:
"Azərbaycan Türkcəsində
olan gərəkli sözləri Türkiyədə
yazılarımda, şifahi
danışığımda işlədirəm, çünki
ortaq türkcənin yaranması, biri-birimizi anlamaq baxımından bu, çox gərəklidir. Həmişə
gözəl mədəniyyətlər
axtarışında olmuşam.
Azərbaycan mədəniyyətinin
daim haqqında danışılmasına gərək
var. Azərbaycanda qədim adət-ənənələrin sayğıyla
qorunması, ədəbi
ənənələrin davamlı
inkişaf etdirilməsi
təqdirəlayiqdir. Hər
hansı bir xalqın mədəniyyətinin
qədimliyi, zənginliyi
onun uzun yaşayacağı baxımından
gözəl bir əsasdır. Ədəbiyyat
mədəniyyətin əhəmiyyətli
bir hissəsidir. Türkiyə televiziyasında,
xüsusən də radiosunda hər gün Azərbaycan musiqisi dəfələrlə
səsləndirilir. Azərbaycanda
da Türkiyə musiqisinə sevgi böyükdür. Ancaq təəssüf ki, Türkiyədə Qərb
mədəniyyətinin təsiri
aşığı dərəcədədir.
Türk xalqı bütün təsirlərə
dov göstərməlidir".
M.Tanrıverən Türkiyənin bütün bölgələrini qarış-qarış gəzib: "Sivası, Ərzurumu gəzdikcə gördüm ki, bu yerlərin mədəniyyəti, folkloru eynilə Azərbaycan mədəniyyətinə oxşardır. Hələ Qarsı demirəm. Konya, Kayseri, Malatya, Hide, Orta və Doğu Anadolu (Güney Anadolunun böyük bir hissəsi) eynilə Azərbaycan mədəniyyətini, dilini yaşatmaqdadırlar. Xatırlayıram, anam deyərdi "bunu apar". İndi isə bu sözün qarşılığında "götürmək" sözü işlədilir". Türkiyə ədəbiyyatının mövcud durumundan danışan M.Tnarıverən yeni ədəbiyyat nümunələrinin yabançı istilahlarla - sözlərlə dolmasından narahatlığını bildirir: "Bu səbəbdən də bir ədəbiyyat adamı olaraq çağdaş Türkiyə ədəbiyyatını oxuyub anlamaqda çətinlik çəkirəm. Təəssüf ki, Qərb mədəniyyəti Türk mədəniyyətinə təsir edə bildi, əski mədəniyyətimizdən, tariximizdən, ədəbiyyatımızıdan uzaq düşmələr hiss olunur. Ural-Altay dilləri ayrı, Batı dilləri isə tamam ayrı bir dil qrupudur. Bunların arasında sintaktik-fonetik fərqlər var. Bu, həm də məna fərqidir. Bilmirəm bu gedişlə nə olacaq? Ümumtürk mədəniyyəti konqreslərində bu tipli məsələlər problem səviyyəsində qoyulmalıdır. Çağdaş Türkiyə ədəbiyyatının durumu bu baxımdan məni qane etmir. Neçə il əvvəl Ankarada idim; gördüm parkda oturan qadın uşağına "Maykl, qaçma, suya yıxılarsan"-deyir. Mən də uşağa dedim ki, sənin nə gözəl adın var, adın ingilisindir, ingilis dilini niyə bilmirsən? Uşaq türk balası idi, Maykl Ceksonun adını daşıyırdı. Bax, ədəbiyyat bu və başqa problemlərə toxunmalıdır. Ədəbiyyat insanın ruhunu, mədəniyyətini özündə daşıyır. Ancaq yaxşı cəhətdir ki, türkülərimizdə ana dilimiz özünün bütün gözəlliklərini qoruyub-saxlayıb."
M.Tanrıverən Türk Birliyinin, mədəniyyətinin qorunub inkişaf etdirilməsini indiki vaxtda çox gərəkli sayır: "Bu gün qloballaşmaya çağırışlar artıb. Qlobalist duyğuların millətləri məhv edəcəyi təhlükəsi var. Habelə qlobalizm əsl ədəbiyyata qarşıdır. Mən qlobalizmə qarşıyam. Fikirləşirəm ki, türk soyum, özüməməxsusluğum var; bundan niyə əl çəkməliyəm? Ancaq dünyaya qlobalizmi xilas kimi təqdim edən iri dövlətlər öz milli mənafelərinin qayğısına çox gözəl qalırlar, millətçiliklərini yeridirlər. Təəssüf ki, türklər arasında qlobalizmin zahiri görkəminə uyanlar var. Qlobalçı duyğular bu gün ədəbiyyatda, mədəniyyətdə - hər yerdə təsirini göstərir".
Çağdaş Türkiyə ədəbiyyatında tanınmış əski türk yazarlarının təsirinin az olduğunu deyən M.Tanrıverən qədim ənənələr üstə yeni ədəbiyyat nümunələrinin yaranmasında səngimələrdən narahatdır: "Qloballaşmanın təsirinin gündən-günə artdığı bir zamanda şeirdə, nəsrdə, teatr sənətində çağdaş dövrə uyğunlaşdırılmış ədəbiyyat yaranmaqdadır. Yeni-yeni ədəbi axınlar yaranır dünyada və bu, təbii olaraq Şərqə davamlı şəkildə təsir etməkdədir. "Qərb ədəbiyyatı" anlamı tədricən Şərqdə milli ədəbiyatı əvəz etməyə girişir. Türkiyədə yabançı ədəbiyyatın təsiri xüsusi duyulmaqdadır. Şərq ədəbiyyatının qədim ənənələri var və bu gün bu ənənənin yeni səviyyədə inkişaf etdirilməsi gərəkdir.
Ədəbiyyatların biri-birilə qarşılıqlı əlaqəsi var və bu əlaqənin bəşəri dəyəri ədəbi münasibətlərdə üzə çıxarılmalıdır. Yadımdadır ki, tələbəlik dövrümdə bizdə Füzulini tanımayanı, şeirlərini bilməyəni tələbə olaraq qəbul etmirdilər. Təəssüf ki, əvvəlki ciddi imzalar səviyyəsində yeniləri yaranmır. Azərbaycanda bu baxımdan ənənəvi qoruyuculuq görürəm".
M.Tanrıverən hesab edir ki, Azərbaycan zəngin milli-mənəvi sərvətləri ilə nəinki Türk Dünyası, habelə bəşər üçün daim öyrənilməli bir sahədir: "Zəngin ruhlu olmaq ölkənin ərazisinin böyük-kiçikliyi ilə deyil. Daha qədimlərə getdikcə görürük ki, Azərbaycan bütün türk xalqları içərisində mədəniyyətini daha çox qoruyub. Türkiyədə sənət çevrəsindəki yaradıcı adamlarla bu mövzuda çox söhbətlərim olub".
Habelə Türkiyə Türkləri də özlərinə məxsus şəkildə qədimliklərini qoruyub saxlaya biliblər. Türkülərin, şərqilərin çağımızadək gəlib çıxması, gözəl yaşaması, habelə Yunus Əmrə, Rumi kimi örnəklər zəngin yaradıcı ruhdan xəbər verir. Ancaq bu, bir gerçəkdir ki, ümumən biz türklər tarix boyunca çox özgələşmişik. M.Tanrıverən deyir ki, dil məntiqli olduğu kimi, ədəbiyyat da məntiqlidir: "Hesab edirəm ki, ilk növbədə ümumtürk, yəni ortaq türk dilinin yaradılması barədə düşünməliyik. Milli sənətin içərisinə ideologiya girməməlidir. Ancaq Türkiyə ədəbiyyatında qlobalçı duyğuların artmasından narahatam. Orxan Pamuk haqqında böyük sözlər işlətdilər. Şəxsən mən onun böyüklüyünü görmürəm. O, ideologiya ilə ortaya atılıb, "erməni soyqırımı"na isti münasibət bəslədiyi üçün Nobel mükafatı aldı. Soydaşlarımızın təsirə qapılmalarını qəbul edə bilmirəm. Belə ədəbiyyatlara sırf milli ölçülərdən yanaşılması daha doğru qənaətlərə gəlməyə əsas verir".
M.Tanrıverən bu gün Türkiyədə
Mustafa Kamal Atatürk prinsiplərinə xalq arasında ciddi və ardıcıl münasibət, sevgi olduğunu bildirir: "Şəxsən mən Atatürk prinsiplərinə
sıx bağlıyam.
Əgər bundan əl çəkəriksə,
qlobalçı duyğular
içimizə asanca girər. Qərb əlindən gələni
edir ki, bura öz baxışlarını
yeritsin. Atatürk türk millətinin milli adət-ənənələrinə,
ruhuna bağlı böyük bir əsgər və dövlət adamıdır.
Bu gün dünya siyasəti qlobalizm atmosferi içərisindədir.
Türkiyə siyasətindəki
son gəlişmələr təbii olaraq narahatlıq yaradır. Türk xalqının ideyası başqadır.
O, Qərb mədəniyyətinin,
ya da başqalarının
istədiyi mədəniyyəti,
təsiri daşımır.
Məsələn, erməni
məsələsinə münasibəti
xalq dəstəkləmir.
Xalq Atatürkçüdür.
Xalq Atatürkü heç zaman itirməz. Çünki Atatürk Türkiyə Cümhuriyyətin quran kişidir .
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 10 noyabr.- S.14.