Türk Dünyasının Atatürkü

 

O, bütün türklərin sayğısına layiqdir...

 

Noyabrın 10-u çağdaş Türkiyənin qurucusu, ölməz Mustafa Kamal Atatürkün ölümündən 71 il ötdü. Dünənki əksər mətbuatı vərəqlədim, Atatürkə həsr olunmuş bir yazı tapmadım. Təbii, insanlıq tarixi üçün əvəzsiz şəxslərin ölüm gününün xüsusi törənlənməsi olmaz, çünki Atatürk kimi kişilər həmişəlik ürəklərdədir. Ancaq çağdaş dönəmdə dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Bu gün dünya nə olur-olsun, Atatürkü yenməyə çalışır. Əgər Türk xalqı Atatürkə yiyə durmasa, bu təhlükə gerçəkləşə bilər. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi. İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün gərək deyil, türk xalqının sabahı üçün gərəkdir.

Bir neçə il qabaq Bakıda açılmış "Atatürk Mavzoleyi Anıtqəbir Azərbaycanda" adlı sərgidən aldığım təəssüratı hələ də unuda bilmirəm. Sərgidə Türkiyə Respublikasının qurucusu Atatürkün cisminin həmişəlik uyuduğu Anıtqəbir kompleksinin geniş planlı təsviri tamaşaçıda bitkin təəssürat yaradırdı. Ankaranın ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını Türkiyənin sözün əsl mənasında yox olmaqdan qurtarmış böyük Atatürkə bir daha insani sayğı üstə kökləyir. Atatürk doğrudan da bütün türklərin sayğısına layiqdir. O, elə bir gərgin, çətin, təhlükəli dövrdə meydana atıldı ki, bütövlükdə Türkiyə məhv olmaq gerçəkliyilə üz-üzə idi. Məhz onun fitri sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperatorluğunun qalıqları üzərində Türkiyə Respublikası quruldu. Az bir vaxt ərzində Türkiyə dövlətini qurmaq, onun ideologiyasını müəyyənləşdirmək, dövləti daim ayaqda saxlamaq üçün perspektivlər fikirləşmək Atatürkün hünərli zəka sahibi olduğunu sübut etdi. Adətən belə cəhətlər çox az insanlara nəsib olur.

Bu gün Türkiyədə müxtəlif dairələrdə zaman-zaman Atatürkə olan hücumların artması müşahidə edilir. Onun həyatının, fəaliyyətinin müxtəlif məqamları məqsədli şəkildə müzakirə mövzusuna çevrilir. Atatürk kimi dahinin həyatını bu mənada təftiş etmək əslində Türkiyə dövlətçiliyini onun ideologiyasından və ordu üstünlüyündən məhrum etmək istəyi daşıyır. Ancaq Atatürk türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq. Müxtəlif ölkələrin dövlət başçılarının vaxtilə Atatürk barədə əsl gerçəkliyi ifadə etmələri onun şəxsiyyətinin zamanında bir daha etirafı anlamına gəlir. ABŞ prezidenti Kennedi Atatürkə sayğısını belə ifadə edir: "Çökmüş imperatorluqdan yeni Türkiyənin müstəqilliyini şərəfli şəkildə elan edən və o zamandan bəri qoruyan Atatürk türk xalqının qəhrəmanıdır. Atatürk XX yüzilin böyük insanlarından biri, tarixi uğurları ilə türk xalqına ilham verən liderliyi, müasir dünyanın uzaqgörən siyasətçisi və əsgəri lideri olaraq yüksək cəsarətilə indi də etiraf edilməkdədir". İngiltərənin baş naziri Çörçill isə Atatürk haqqında bunları etiraf edib: "Qəhrəman savaşla Türkiyəni qurtaran, savaşdan sonra da türk millətini yenidən dirildən Atatürkün ölümü yalnız yurdu üçün deyil, Avropa üçün də böyük itkidir". Adolf Hitlerin də Atatürk barədə fikirləri maraqlıdır: "Atatürkün şəxsində dahi bir sərkərdə, dövlət adamı və tarixi şəxsiyyət itirilib". Sovet rəhbərlərindən Kalinin: "O, türk millətinin müstəqilliyini davamlı şəkildə, yüksək məharətlə qurub, qoruyub, yeni milli inkişaf istiqaməti yaradıb". Fransızların fəxri Şarl de-Qol isə bunları deyib: "Türkiyə tarixi bu gün hər zamandan daha çox Qərb və Avropa tarixindən ayrılmaz haldadır. Bu yönü Atatürkün ardıcıl çalışmaları yaradıb". Təzad odur ki, bunu deyən Qərb heç o dövrdə də Atatürkü və onun yaratdığı Türkiyəni qəti sevmirdilər, sadəcə, Atatürkün qüdrəti onları bu etirafa məcbur etmişdi.

Anıtqəbirin yaradılması birdən-birə başa gəlməyib. 1938-ci il noyabrın 10-da vəfat edən Atatürk üçün hökumət tərəfindən yaradılan komissiya Anıtqəbir yerinin seçilməsi üçün təlimatlandırıldı. Komissiyanın çalışmalarından sonra səs çoxluğu ilə 906 saylı qərarla Ankaradakı Rassattəpədə Anıtqəbirin tikilməsinə qərar verildi. Həmin komissiya tərəfindən 1941-ci il martın 1-də Uluslararası müsabiqə elan edildi. Bu müsabiqəyə Türkiyə, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Fransa və Çexoslovakiyadan olmaqla 47 layihə təqdim edildi. Bu layihələrdən 3-ü komissiya tərəfindən mükafata layiq görüldü. Müsabiqənin şərtlərinə görə, birinci yeri seçmək haqqı Türkiyə hökumətinə verilmişdi. Milli xətti, mövzunu daha uyarlı şəkildə ifadə etməsi və layihənin seçilmiş əraziyə uyğunluğu baxımından türk memarlarından professor, doktor Emin Onat və Orhan Ardanın layihəsi əsasında Anıtqəbirin tikilməsinə qərar verildi. 1944-cü il sentyabrın 9-da Anıtqəbrin tikintisinə başlandı. İnşaat 4 pilləli olaraq 9 il çəkdi, 1953-cü ildə tamamlandı. 1953-cü il oktyabrın 10-da Atatürkün nəşi 15 il müddətində mühafizə edildiyi Etnoqrafiya Muzeyindən götürüldü. Böyük bir tədbir düzənləndi, Atatürk həmişəlik Anıtqəbirdə dəfn edildi.

Atatürkün nəşi mazoleyin əsas qatında torpağa tapşırılıb.

Məzar evinin ortasında qırmızı mərmər sənduqə mövcuddur. Sənduqənin çevrəsində bütün türk ellərindən, Quzey Kıbrıs Türk Cümhuriyyətindən və Azərbaycandan göndərilən torpaqların olduğu bürünc vazalar diqqəti cəlb edir.

Anıtqəbirdə çoxlu qüllələr var. Bunlardan Hürriyyət qülləsi, İstiqlal qülləsi, Mehmetcik qülləsi və başqalarını qeyd etmək olar. İstiqlal qülləsində içində Anıtqəbir kompleksi ilə bağlı fotolar nümayiş etdirilir. Mehmetcik qülləsində 60 nəfərlik kino zalı yerləşir. Burada Atatürklə bağlı sənədli filmlər göstərilir. Zəfər qülləsində isə Atatürkün nəşini daşıyan top arabası sərgilənir. Cümhuriyyət qülləsində Atatürkün heykəli və özünə məxsus iş masası nümayiş etdirilir. Bu qüllədə xüsusi olaraq Atatürkə məxsus kitablar nümayiş etdirilir. Gənclik Caddəsi: Nizamiyə girişindən Aslanlı yola olan məsafə 600 metr olub, təxminən 12 dəqiqəlik piyada yoludur. Aslanlı yola 26 pilləli geniş nərdivanlarla gedilir. 262 metr uzunluğundakı yol boyunca sağ və solda 12 ədəd aslan heykəli mövcuddur. Anıtqəbir kompleksində habelə Türkiyə Cümhuriyyətinin II prezidenti və Qərb Cəbhəsinin komandanı İsmət İnönünün simvolik büstü yerləşir.

Qısaca da olsa Mustafa Kamal Atatürkün (1881-1938) ömür yoluna nəzər salaq. 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulub. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşğul olmuş Əli Rza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evlənir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşayıb. Mustafa 7 yaşında atasını itirib. Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlayır. 1893-cü ildə hərbi məktəbə daxil olur, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına "Kamal"ı əlavə edir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi manevralarında iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla Tobruk və Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir. 1912-ci ilin martında Dərnə komendantı təyin olunur.

1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna gedir. 23 iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 Sentyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib tətbiqinə başlanmasını təmin edir.

Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatıb. "Sevr" müqaviləsilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə varlığını Atatürkün hünəriylə təsdiq etdi. 1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilir, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti qurulur. Türkiyə Cümhuriyyəti "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulur. Atatürk 1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilir. 1923-cü ildə Lətifə xanımla evlənir, bu evlilik 1925-ci ilədək davam edir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürür, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alır. Soyadı Qanununa görə 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilib. 10 noyabr 1938-ci ildə serroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat edib.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 11 noyabr.- S.14.